“Bir gün üçün planımız 100 manatdır, əgər bu məbləği verməsək, kəsirimiz maaşımızdan çıxılır”
Bakıda avtomobillərin parklanması ilə əlaqədar problemlər davam edir. Tez-tez qarşıya çıxan, əyinlərində hara tabe olduqları bilinməyən, xüsusi forma geyinmiş xidmətçilər küçələrin kənarlarını “inhisara” alır, maşınları istədikləri kimi park etdirir, bunun qarşılığında pul alırlar. Bəzi hallarda, parklanma ilə bağlı ödənilən pul qarşılığında hər hansı qəbz verməyən həmin “parkovşiklərlə” sürücülər arasında ciddi mübahisələr yaranır.
Məsələ ilə bağlı şikayət edən Anar adlı Bakı sakininin sözlərinə görə, “28 may” metrostansiyasının qarşısında avtomobilini park edib və həmin ərazidə duran şəxsə 1 manat pul ödəyib. Təxminən bir saat keçdikdən sonra ərazidən maşınını götürmək istəyərkən, başqa bir “parkovşik” ondan pul istəyib. Nəticədə mübahisə başlayıb.
Elə bu şikayətdən yola çıxaraq, sözügedən avtodayanacaqda müşahidələr apardıq. Ərazidə, xüsusən axşam saatlarında yaranan qarışıqlıq həm ictimai nəqliyyat, həm də şəxsi avtomobillər üçün real qəza şəraiti yaradır. Qanunsuz parklama və piyadaların hərəkəti də başqa təhlükədən xəbər verir.
Həmsöhbət olmağa çalışdığımız “uniformalılardan” biri nə adını çəkdi, nə kimə və hara işlədiyini dedi, nə də parklama qaydaları haqqında düz-əməlli cavab verdi: “Günümüzün çox hissəsini burada keçiririk. Ayda 300 manat maaş alırıq, səhər saat 8-dən axşam saat 9-a və ya 10-a qədər bu əraziyə nəzarət edirik. Hara tabe olduğumuz maraqlı deyil, əsas odur işimiz var”.
“Bəs avtomobil sahiblərindən pul ala bilirsinizmi” sualı ilə müsahibimizin dərdi açıldı: “Bizim elə ən böyük çətinliyimiz budur da. Maşın saxlayanlardan, çox vaxt pul ala bilmirik. Bir gün üçün planımız 100 manatdır, əgər bu məbləği verməsək, kəsirimiz maaşımızdan çıxılır”.
Dayanacağa nəzarət edən digər şəxslərlə (çoxu sərxoş vəziyyətdə idi) söhbət əsnasında da oxşar məlumatlar əldə etdik. Ümumi mənzərə ondan ibarətdir ki, əmək, işçi hüquqlarını bilməyən, qanunsuz işləyən və çarəsizlikdən özləri də qanunsuzluğa şərik olanların halı acınacaqlıdır.
Bəs onları kim çalışdırır, planı kim verir, topladıqları pulları kimə təhvil verir və kimdən əməkhaqqı alırlar? Bu sualın cavabını, elə bu sualla müraciət etdiyimiz Bakı Nəqliyyat Agentliyində (BNA) bilmirlərmiş.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayevin verdiyi açıqlamaya görə, həmin “parkovşiklərin” BNA ilə heç bir əlaqəsi yoxdur: “Biz dəfələrlə demişik, bir daha vurğulayırıq, ki həmin şəxslərlə hər hansı əlaqəmiz yoxdur. Şəhərin qeyd olunan hissəsindəki vəziyyətə gəlincə, xaotik vəziyyət bizi də ciddi narahat edir. Bu ərazidəki vəziyyət ilk növbədə ictimai nəqliyyat iştirakçıları, piyadalar üçün ciddi çətinliklər yaradır”.
Agentlik sözçüsü bu ərazi ilə bağlı layihə hazırlandığını deyib: “Həmin hissədə, düşünürük ki, müasir HUB (elektron şəbəkə) infrastrukturu yaradılmalıdır. Agentliyin qanunsuz parklanmaya qarşı tədbirləri isə davam edir. Dayanma, durma qaydalarına əməl etməyən sürücülər lazımi qaydada cərimələnirlər”.
Məlumat üçün deyək ki, ötən il ölkə rəhbəri Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana görə, BNA Bakı şəhərinin inzibati ərazisində parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etməlidir.
Bundan başqa, Daxili İşlər Nazirliyi (DİN) ilə birlikdə həmin xüsusi texniki vasitələrin Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunması təmin olunmalıdır.
Fərmana əsasən, dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılmalı (bundan sonra – təxliyə) və təxliyə xidmətinin həyata keçirilməsinə nəzarət edilməlidir.
Fərmanda o da qeyd olunur ki, nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə qaydası Maliyyə Nazirliyi ilə birlikdə hazırlanıb bir ay müddətində Prezidentə təqdim olunmalıdır.
Fərmanda nəzərdə tutulanların nə dərəcədə yerinə yetirildiyi isə maraq doğurur...
(Mənbə: ayna.az)