Normalda 20-25 nəfər uşaq üçün nəzərdə tutulmuş qruplara 40-50 uşaq yerləşdirilir
Son zamanlar redaksiyamıza dövlət bağçalarındakı bir sıra problemlərlə bağlı şikayətlər daxil olur. Daha çox üzərində dayanılan problemlərdən biri odur ki, bağçalardakı qruplara həddindən artıq uşaq qəbul edilir.
Narazı valideynlərin sözlərinə görə, övladlarını bağçaya yazdırmaq üçün müdiriyyətə müraciət etdikləri zaman “Yer yoxdur, qrup dolub”, - cavabını eşidirlər. Bunun qarşılığında 200-300 manat verirlər və yerlər “boşalır”. Nəticədə-25 nəfər uşaq üçün nəzərdə tutulmuş qruplara 40-50 uşaq yerləşdirilir.
Nəticədə 20 uşaq üçün nəzərdə tutulan yemək rasionları 40 nəfər arasında bölünür. Tərbiyəçilər normadan iki artıq sayda uşağı öyrətmək məcburiyyətində qalırlar ki, bunun da zərbəsi yenə uşaqlara dəyir. Bir çarpayıda 2-3 uşağın yan-yana, üst-üstə yatırılması isə ayrı dərddir...
Problemlə bağlı “Babyhouse” körpələr evi-uşaq bağçasının tərbiyəçisi Səidə Məmmədovanın sözlərinə görə, bu cür hallar hər zaman olub və hazırda da davam edir: “Mən artıq uzun illərdir ki, bağçalarda tərbiyəçi olaraq çalışıram. Bu illər ərzində həm dövlət, həm də özəl bağçalarda işləmişəm və sizin dediyiniz halların dəfələrlə şahidi olmuşam. Bu hallar, adətən dövlət bağçalarında baş verir. Eynilə sizin qeyd etdiyiniz kimi, dövlət bağçalarının direktorları qrupda 20 nəfərin nəzərdə tutulmasına baxmayaraq, iki dəfə çox uşaq sayı olan qrup yaradır və bu, biz müəllimlər üçün həddindən artıq çətin olur”.
“Öncə müəllimlər fiziki olaraq uşaqlarla bacara bilmirlər. Uşaqlar yatmağa gedən ərəfədə belə, paltarlarını dəyişmək çətin olur. Bir uşağın paltarını dəyişənə qədər 10 uşaq bir-birinə qarışır. Səs-küydən insan dayana bilmir. Yemək yedirilərkən uşaqlara nəzarət etmək mümkün olmur. Mən hələ uşaqların təhsili mövzusuna toxunmuram. Çünki qrupda 50 uşaq varsa, orada təhsildən söz açmaq olmaz. Uşaqlar bağçaya kor-koranə gedir və heç bir savada yiyələnə bilmirlər”, - deyə tərbiyəçi bildirib.
S.Məmmədova deyib ki, dövlət bağçaları icra hakimiyyətlərinin tabeliyində olduğu üçün, müdirlərin belə özbaşınalıqlarının qarşısını da icra hakimiyyətləri almalıdır: “Ən azından, bir bağça yerinə iki bağça fəaliyyət göstərsə, bu sıxlq aradan qalxmış olar. Məsələn, hansısa ərazidə uşaq sayı həddindən artıqdır və həmin ərazidə cəmi bir bağça mövcuddur, təbii ki, bu zaman sıxlıq yaranacaq. Ancaq əgər həmin ərazidə bir neçə bağça fəaliyyət göstərsə, təbii olaraq bu sıxlıq aradan qalxmış olar”.
İxtisasca hüquqşünas, həm də valideyn olan Leyla Məmmədovajə açıqlamasında problemdən çıxış yolları barədə danışıb: “Bu problemin həlli üçün bir mexanizm yaradılmalıdır. Ən azından qanunlarımızdan istifadə edərək bu mexanizmi yarada bilərik. Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş da daxil olmaqla) uşaqlar qəbul edilirlər”.
Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisəsində hər bir qrupda uşaqların sayı onların yaşından asılı olaraq aşağıdakı kimi müəyyənləşdirilir:
1 yaşdan 2 yaşadək - 15 uşaq;
2 yaşdan 3 yaşadək - 15 uşaq;
3 yaşdan 4 yaşadək - 20 uşaq;
4 yaşdan 5 yaşadək - 20 uşaq;
5 yaşdan 6 yaşadək - 20 uşaq;
Müxtəlif yaşlı uşaqlar üçün qruplarda:
1 yaşdan 3 yaşadək - 10 uşaq;
3 yaşdan 6 yaşadək - 15 uşaq.
Hüquqşünas "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarının olduğunu xatırladıb: “Məktəbəqədər təhsil müəssisəsində gün rejimi normaları və qaydaları, uşaqların yaş dövrləri üzrə qruplara bölünməsi, hər bir yaş dövründə təhsilin məzmunu və istiqamətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məktəbəqədər təhsil müəssisəsində qruplar məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun komplektləşdirilir”.
“Məktəbəhazırlıq beş yaşlı uşaqlar üçün zəruridir. Məktəbəhazırlıq məktəbəqədər təhsil müəssisələrində, ümumi təhsil müəssisələrində, habelə ailədə həyata keçirilir. Məktəbəhazırlığın təşkili qaydası müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir. Bir uşağın, eyni zamanda, dövlət məktəbəqədər və ümumtəhsil müəssisələrində, habelə digər müəssisə və təşkilatlarda dövlət hesabına məktəbəhazırlıq təhsili almasına yol verilmir. Məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərməyən ərazilərdə valideynlərin istəyi ilə ailə tipli və ya icma əsaslı, yaxud qısamüddətli təlim qrupları yaradıla bilər. Ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər”, – deyə L.Məmmədova əlavə edib.