Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bəyaz Xanım”ın sonu: ölüm oyununun qalibləri – Tarixin sandığından


Bu gizli təşkilatın fəaliyyəti dünya kəşfiyyat tarixinə qızıl hərflərlə yazılıb. Deyilənə görə, onların keçirdiyi əməliyyatlar bu gün də özünə hörmət edən hər kəşfiyyat məktəbində nümunə kimi tədris olunur. Ötən yazımızda “Bəyaz xanım”ın təşəkkül tapmasından bəhs etmişdik. İndi isə təşkilatın fəaliyyətdə olan 38 vzvodundan birinin – İrson vzvodunun təcrübə və macəralarından; “Bəyaz Xanım”ın son akkordlarından bəhs etmək istəyirik...

1917-ci ilin avqustunda “Bəyaz Xanım” öz əməkdaşını - atletik bədən quruluşuna malik iyirmi beş yaşlı gənc fransız Edmon Amiablı Hollandiyaya atdı. O, keşiş olmaq arzusunda idi, amma almanlarla mübarizə yolunu seçdi. Edmonla söhbətdən sonra Landau oğlana əmr etdi ki, ingilis kəşfiyyatının heç əli çatmayan yerlərin birinə, alman kommunikasiya xətlərinin keçdiyi İrsona qayıtsın. Almanların hücuma hazırlaşdıqları barədə xəbəri alandan sonra həmin xətlər təşkilat üçün xüsusi maraq kəsb etməyə başlamışdı.
Amiabl “A.91” ləqəbini alıb, Şovenlə birgə, gələcək fəaliyyət rayonuna yollandı. Onlar almanların ciddi-cəhdlə qoruduğu sərhəddən və Fransanın işğal altında olan ərazisindən keçərək, İrsona – alman dəmir yolları şəbəkəsinin əsas qovşağına çatmalı idilər. Yaxınlıqda de-Merod qəsri yerləşirdi; alman ordularından birinin qərargahı orada idi və kayzer də öz qərargahını tez-tez orada qururdu. Odur ki, bu rayon almanlarla dolu idi.
Yol macərasız ötüşmədi; A.91 gülləbaran altında Şovendən ayrı düşdü və İrson ətrafında yerləşən doğma evlərinə çatdı. Fransa-Prussiya müharibəsinin veteranı olan atası ilə söhbətindən sonra kişi “Bəyaz Xanım”a üzv olmağa, İrsonda təşkilatın vzvodunu yaratmağa razılıq verdi. Beləliklə, Edmonun atası “Pyer” ləqəbini götürüb, özünə dəstə yığmağa başladı. Onun ürək qızdırdığı insanlardan biri keçmiş dəmiryolçu Feliks Latuş idi. Feliks arvadının və yeniyetmə bacılarının köməyilə İrson – Mazer dəmir yolu xəttində müşahidə məntəqəsi yaratdı və ingilis kəşfiyyatının çoxdankı arzusu reallaşdı. Həmin post 1917-ci ilin 23 sentyabrından etibarən fəaliyyət başladı və düz atəşkəs elan edilənədək, bircə alman qatarı belə o məntəqədən nəzarətsiz keçə bilmədi...
Pyer isə işə yeni-yeni agentlər cəlb etməklə məşğul idi. Birincisi, taxta zavodunun fəhləsi Kresilyon oldu; ora müxtəlif hərbi hissələrdən alman hərbçilər tez-tez gəlirdi. Kresilyon onların söhbətlərinə qulaq asa-asa, mühüm xəbərlər toplayır, mamaçalıq edən arvadı isə ətraf kəndləri dolaşaraq, informasiyanı “poçt yeşiklərinə” ötürürdü...
İrson vzvodunda hətta içdiyi anda görə həyatından keçən bir rabitəçi də vardı – Eqlangin Lefevr adlı qadın. O, ispan qripinə yoluxmasına, yüksək hərarətdən az qala huşunu itirəcəyinə baxmayaraq, bir qalaq informasiyanı rəhbərliyə vaxtında ötürmüş, ertəsi gün xəstəliyin şiddətindən ölmüşdü...
Pyer yavaş-yavaş vzvodundakı adamların sayını 50 nəfərə çatdırmışdı. 1918-ci ilin fevralında İrson vzvodundan mərkəzə mühüm bir xəbər gəldi – almanlar böyük hücumlarını məhz İrsondan başlayacaqlar...
İrson vzvodu müharibənin axırınadək ara vermədən çalışsa da, almanlar onun heyətindən bircə nəfəri belə həbs edə bilmədilər...
“Bəyaz Mələyin” agentlərindən fərqli olaraq, sərhədyanı agenturanın nümayəndələri gördükləri işin müqabilində pul alırdılar. Kəşfiyyat əməliyyatlarında müxtəlif tip insanlardan istifadə etməli olurdular. Onların arasında qaçaqmalçı ata-oğul Tilmanlar da vardı. Tilmanlar Maas çayı ilə qaçaqmal daşıyanda, “Bəyaz Xanım”ın informasiyalarını da mənzil başına çatdırmağı unutmurdu. Bundan başqa, sərhəddən keçməkdə böyük səriştəsi olan qaçaqmalçılardan ibarət xüsusi bir dəstə də vardı. Güclü, zirək, cəsur, tapança və bıçaqlarla silahlanmış bu adamlar alman gözətçilərin və xəfiyyələrin başağrısı idi. Qaçaqmalçılar da, brakonyerlər də hələ dinclik zamanlarından sərhədin hər qarışına bələd idilər. Müharibə zamanı bazarları qismən kasad olduğundan, qaçqınları sərhəddən ötürmək, cəbhədəki əsgərlərin məktublarını mənzil başına çatdırmaq, kəşfiyyat məlumatlarını o taya keçirmək zərurəti yarananda, təbii ki, onlar da işə girişmişdilər. Lakin bu adamların hər biri ölkəsindən çox, dəstəsinə sadiq idi. Bununla belə, onların da arasından iki çox qiymətli agent tapmaq mümkün oldu – Şarl Villekens və Leopold Tuleni. Onlar kəşfiyyatçıları tikanlı məftillərinə elektrik cərəyanı buraxılmış nahiyələrdən, az qala alman patrulların gözü qabağında keçirirdilər.
Rabitənin təkmilləşdirilməsi üzərində çalışan Deve və Şoven isə bu zaman, sərhədin o üzünə ayrıca telefon xəttinin çəkilməsi üzərində baş çatladırdı. Hollandiyaya telefon xəttini əvvəlcə yerin altı ilə çəkmək istəyirdilər. Sərhəd yaxınlığındakı nahiyələrdə uzun axtarışlardan sonra Qasselt rayonunda telefonçuların yerləşə biləcəyi bir ev tapdılar. Lakin xəttin sərhəd qurğularının altından çəkilməsilə bağlı maneələri aradan qaldırmaq mümkün olmadı. Uğur qazanmaq üçün göstərdikləri çarəsiz cəhdlərin birində “Bəyaz Xanım”ın agentlərindən birini elektrik cərəyanı vurdu. Və beləliklə, bu istiqamətdə göstərilən səylərdən tamam vaz keçməli oldular.
Lakin Şoven bu arzusundan əl çəkmək fikrində deyildi; onun beynində indi də başqa plan cücərirdi. Bu plan induksiya prinsipinə əsaslanırdı: yerin altından çəkilən telefon xətti ilə aparılan danışıqları həmin xətlə paralel gedən digər naqillə tutmaq mümkün idi. Bu məqsədlə çay qırağında yer də tapdılar. Almanların sayıqlığını qismən itirdiyi Maasa İngiltərədən lazımi avadanlıq gətirildi. Amma onlar xətti haradan çəkəcəklərini götür-qoy edincə, atəşkəs sazişi imzalandı...
“Bəyaz Xanım”ın ingilis rezidenturası ilə yazışmalarında elementar şifrləmədən istifadə olunurdu. Şəhərlər və müşahidə məntəqələri rəqəmlərlə işarələnir, mətni yazmaq üçünsə “Müqəddəs Atamız” duasından istifadə olunurdu; mətndəki hər hərf iki rəqəmlə işarə edilirdi (biri sözün mətndəki, digəri isə, hərfin hecadakı yerini göstərirdi). “Müqəddəs Atamız” duasında əlifbanın cəmi beş hərfi çatmırdı; onların nömrələrini əzbərləməli olurdular. Şifrləmə üçün şəxsiyyət vəsiqəsinin arxa tərəfindəki izahlardan da istifadə edirdilər. Belə vəsiqələri almanların tapşırığına əsasən, hamı yanında gəzdirməli idi. Beləliklə, şifr agentin həmişə yanında olurdu... Bəzən şifri o qədər mürəkkəbləşdirirdilər ki, onları açarsız çözmək mümkün olmurdu.
“Bəyaz Xanım” öz fəaliyyətini durmadan genişləndirirdi. Atılan hər yeni addımla, təhlükəsizliyi təmin etmək də çətinləşirdi. Təşkilat yalnız özəklərin bir-birindən xəbərsiz olmaları prinsipinə sadiq qaldığından ifşadan qoruna bilirdi. Qərargah fəaliyyətin genişləndirilməsinə yönələn təklifləri tez-tez müzakirə edir və bunu heç vaxt fəaliyyətdə olan dəstələrə tapşırmırdı. Bu məqsədlə xüsusi “qanadlı dəstə” yaradılmışdı; yeni vzvodun təşkili yalnız həmin dəstəyə həvalə edilirdi.
Beləliklə, “Bəyaz Xanım” genişlənə-genişlənə, Turnedən Lill və Due nahiyələrinə - işğal altında olan Fransanın şimal əyalətlərinə; Arlondan Lüksemburq hersoqluğuna keçdi – orada, Trir-Lüksemburq dəmir yolu xəttində də müşahidə postu yaradılmışdı. Bu post başqaları ilə bir yerdə, alman cəbhəsinin arxasında – Keruendən düz dəniz sahilinə kimi – qatarların hərəkəti ilə əlaqədar tam mənzərəni mərkəzə çatdırmağa qadir idi.
Uğursuz əməliyyatlardan tamam qaçmaq da mümkün deyildi. 1918-ci ilin qışında öz məlumatlarını madam Gesselsin rəhbərlik etdiyi katibliyə indicə çatdırmış iki agenti evdən çıxarkən alman xəfiyyələri ələ keçirdilər. Xəfiyyələr evə girəndə, orada məlumatlar üzərində işləyən daha iki agenti – Kollar soyadlı qardaşları və xeyli silah da tapmışdılar. Onların hamısı həbs olundu. Gessels özünü əsl qəhrəman kimi aparırdı və kimsəni ələ vermədi; üstəlik, ilk iki tutulanı da xilas edə bildi – dedi ki, onlardan biri sevgilisi, ikincisi isə, sevgilisinin dostudur və guya Kollar qardaşlarına kirayə otaq verib, nə iş gördükləri barədə heç bir məlumatı olmayıb.
1918-ci il iyul ayının 2-də Lui və Antuan Kollar və madam Gessels ölüm cəzasına məhkum olundular, bu iş üzrə həbs edilmiş başqa bir neçə nəfəri isə müxtəlif müddətlərə katorqaya göndərdilər. Kollar qardaşları Lyejin Şartrez məhbəsində iyulun 18-də güllələndi. Müharibədən sonra ingilis və Belçika hökumətləri onları ölümlərindən sonra mükafatlara layiq gördü. Madam Gesselsin ölüm hökmü ömürlük katorqa ilə əvəz edildi. Amma o, cəzasını cəmi üç ay – Almaniyanın təslim olmasınadək çəkdi.
Daha bir nümunə. On səkkiz yaşlı iki qız – Mari-Terez Kollar və İrena Basten həbs edilmiş atalarını əvəz etmək üçün təşkilata gəldilər. Onlar “Bəyaz Xanım”ın kuryeri oldular və ifşa olunmuş Virton təşkilatının sağ qalan üzvləri ilə əlaqəni bərpa etdilər. Qızların hər ikisi almanların gizli polisi tərəfindən həbs olundu və həbsxanada bir neçə həftə qalaraq, dəlil-sübutun azlığı ucbatından azadlığa buraxıldı.
Müxtəlif istintaqlarda işlərin gedişi barədə Deve ilə Şoven həbsxanada olan iki fransız agentindən – Fokeno və Krezendən məlumat alırdılar; onlar bayırla etibarlı əlaqə yarada bilmişdilər. Bu iki nəfər hər dindirmə barədə, içində müfəssəl məlumatlar olan təxminən əlliyədək şifrlənmiş məktubu həbsxanadan azadlığa göndərə bilmişdilər. Beləliklə, Deve və Şoven həbslərin səbəbini, məxfi polisin hansı məlumatları əldə etdiyini öyrənə bilirdi. Bu, “Bəyaz Xanım”a imkan verirdi ki, təşkilatı qorumaq üçün zəruri olan ehtiyat tədbirlərini vaxtında həyata keçirsin.
Odur ki, Fokeno və Krezen Sen-Leonar məhbəsindən qaçmağı planlaşdıranda, ingilis kəşfiyyatı əvvəlcə bu plana qarşı çıxdı. Çünki əvvəla, həbsxanadakı etibarlı mənbəni itirmiş olacaqdı (onların ikisi də bayırdansa, məhbəsdə daha faydalı idilər!); ikincisi, qaçış uğursuz olsaydı, “Bəyaz Xanım” zərbə altında qalacaqdı; bu təşkilat isə o vaxtlar Belçika və Fransadan gələn kəşfiyyat məlumatlarının ən azı 75 faizini təmin edirdi.
Lakin “Bəyaz Xanım”ın rəhbərliyi məhbəsdə olanların qaçışında israr etdi. Deve və Şoven qaçış əməliyyatının təşkilinə şəxsən girişdilər. Polyak millətindən olan nəzarətçinin köməyilə Fokeno və Krezen kameralardan çıxıb, mələfələrdən hördükləri kəndirlərlə çardaqdan həbsxana divarları üzərinə enə bildilər, ordan da, küçədə gözləyən Deve ilə Şovenin yanına çıxdılar. Qaçqınlar təcili olaraq, etibarlı bir yerdə gizlədildi. Həbsxanada həyəcan siqnalı yalnız bir saatdan sonra – gözətçilər divardan sallanmış ağ mələfəni görəndə verildi.
Fokeno və Krezen sığınacaqlarında üç ay qaldılar. Onların fikri-zikri Fransaya gedib Müqavimət hərəkatına qoşularaq, cəbhədə döyüşmək idi. Sərhəddən keçiş 1918-ci il iyul ayının 5-nə təyin edilmişdi. Lüteran rahib libası geymiş Fokeno şəhəryanı tramvayda sərhədə tərəf gedirdi ki, gizli polisin xəfiyyəsi onu gördü; işlərin pis olduğuna anlayan Fokeno özünü tramvaydan gedə-gedə atıb, yarğana yuvarlanaraq, zülmətdə gizləndi. O, yenidən Lyejə qayıtmalı oldu. Krezeni isə sərhədin yüz metrliyində tutdular. Dindirmə zamanı o, özünü başqa adla təqdim etdi, amma sərhəddən keçmək istədiyini gizlətmədi. Bu cinayətin cəzası həbsxana idi. Xoşbəxtlikdən onu yenə Sen-Leonar məhbəsinə yox, başqasına apardılar. Krezen müharibənin sonunadək həbsdə qaldı...
1918-ci ilin yanvarında həm Lyejdəki Belçika polisinin, həm də “Bəyaz Xanım”ın əks-kəşfiyyat rəisi Nejan qəflətən həbs edildi. Lakin həbsxanadan yazdığı məktubda o, xəbər verdi ki, təşkilat üçün heç bir təhlükə yoxdur və onu tamam başqa işlə əlaqədar tutublar. Nejan hərbi əsirlərin qaçışını təşkil edən bir xanıma kömək göstərmişdi. Qadını həbsə atdılar, Nejan isə “etibarını itirmiş bir element kimi” Almaniyaya sürgün olundu. Nejanı itirmək “Bəyaz Xanım” üçün ağır zərbə idi...
1918-ci ilin payızında daha bir uğursuzluq baş verdi. Qaçaqmalçı Tilman tutuldu. Onun yanında həm də, “Bəyaz Xanım”ın poçtu vardı. Gizli polis o vaxta qədər bu qədər casus məlumatını küll halında heç görməmişdi. Alman xəfiyyələri işğal etdikləri ərazidə çox usta bir kəşfiyyat şəbəkəsinin fəaliyyət göstərdiyini yalnız indi anlamışdılar.
İngilis kəşfiyyatı Tilmanın ələ keçməsindən elə həmin gün xəbər tutdu. Sərhəddəki ehtiyat keçid məntəqəsindən “Bəyaz Xanım” üçün təlimat göndərildi. Lakin Deve və Şoven öz agentlərini “poçt yeşiyinin” fəaliyyət göstərdiyi, ələ keçmiş bağlamanın göndərildiyi Qasseltdən vaxtında çıxara bilmədi. İki gündən sonra “Bəyaz Xanım”ın Qasseltdəki bütün agentləri – yeddi kişi, bir qadın - həbs edildi.
İndi Deve və Şoven möhkəm tələsirdi. Qasseltlə “Bəyaz Xanım”ın baş qərargahdakı katibliyi arasında cəmi bir rabitə zənciri vardı – Belçika polisinin müfəttişi Sürlemon. Onu 24 saat ərsində, bir gəminin anbarında Hollandiyaya çıxardılar. Ertəsi gün polis Sürlemonun evinə doldu. Lakin onun arvadı ilə qızı “Bəyaz Xanım”dakı fəaliyyətindən və indi harada olduğundan bixəbər idi... Beləliklə, zəncir qırıldı. Almaniya polisi “Bəyaz Xanım”ın başqa qurumlarına çıxa bilmədi və təşkilat müharibənin sonunadək uğurla fəaliyyət göstərdi.
Tilmanla Qasseltdə həbs edilənləri barışıq xilas etdi – onların hamısını azadlığa buraxdılar. Barışıqdan sonra “Bəyaz Xanım”ın diqqətli və mütəşəkkil rəhbərləri Henri Landauya öz fəaliyyətləri barədə müfəssəl hesabat təqdim etdilər. Hesabatda belə maraqlı rəqəmlər vardı: müşahidə məntəqələrinin sayı - 51 ədəd; məlumatların çapı üzrə katibliyin əməkdaşı – 12 nəfər; təşkilat üzvlərinin sayı – 1018 nəfər; həbs olunanların sayı – 45 nəfər; ölüm cəzası alanların sayı – 5 nəfər; güllələnənlərin sayı - 2 nəfər olub. Belə nəhəng bir təşkilat üçün bu itkilər minimal idi...
İngilis kəşfiyyatına məlumatlar yalnız “Bəyaz Xanım”dan gəlirdi. Onun fəaliyyəti bütün Belçikaya, Fransanın işğal olunmuş ərazilərinə və Lüksemburqa yayılmışdı. Almanların arxasında olan strateji dəmiryolu xətlərinin hamısı təşkilatın nəzarəti altında idi. “Bəyaz Xanım”ın parlaq nailiyyətləri müharibədən sonra layiqli qiymətini aldı. Onun bütün üzvləri İngiltərənin, Fransanın və Belçikanın ən yüksək mükafatlarına layiq görüldülər. Müharibənin lap axırlarında “Britaniya müşahidə korpusu” adı alan “Bəyaz Xanım”ın nizamnaməsi ingilis hərbi hakimiyyəti tərəfindən qeyd-şərtsiz qəbul edildi. Onun üzvləri olan Fransa təbəələrini hərbi qulluqçular sırasına yazdılar.
Təəssüf ki, Henri Landau bu problemi belçikalıların necə həll etdiyi barədə heç nə yazmır. Amma başqa mənbələrdən alınan məlumatlara əsasən, Belçika hökuməti də təşkilat üzvlərinə eyni münasibəti göstərmişdi...
Odur ki, axırda hamı razı qaldı! Və “Bəyaz Xanım”ın kabusu bu əfsanəyə inananları xəyal qırıqlığına uğratmadı: Almaniyada 1918-ci ilin noyabr inqilabı kayzer II Vilhelmi devirdi və Qogentsollernlər sülaləsi tarixin arxivinə gömüldü...





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10