Cəmiyyətdə tibbi müayinə paketinə yeni təkliflərin sorağı gəlir
Nikahdan qabaq icbari tibbi müayinə, əvvəlki illərə baxdıqda indi daha çox diqqət ayrılan məsələyə çevrilib. Müşahidələr göstərir ki, əvvəllər müayinə üçün can atanlar az idisə, indi mediada, ölkədə dövrü icbari tibbi müayinələrin nəticələri barədə çıxan məlumatlar, toya hazırlaşan cütlükləri buna təşviq edir.
Cəmiyyətdə tibbi müayinə paketinə yeni təkliflərin sorağı da gəlir. Tibb mütəxəsisləri toyqabağı tibbi müayinədə (qan analizində) başqa xəstəliklərin də qeyd olunmasını zəruri hesab edirlər.
Həkim-nevroloq Mərziyyə Məmmədovanın fikrincə, sonuncu dəfə qan müayinəsində hepatitlərə görə yoxlanmanın aparılması nəzərdə tutulub ki, bu, çox vacib məsələdir: “Təklif edərdim ki, genetik müayinəyə də diqqət ayrılsın. Bunu konsultasiya formatında da etmək olar. Əslində, ailələr öz aralarında bəzi məsələri də həll edib, analiz aparmalıdırlar. Qohumluq evliliklərindən uzaq durmaq məsləhət görülür. Çünki bu məqam gələcəkdə doğulacaq uşaqların arasında xəstə olma ehtimalını artırır. Çox istəyərdik ki, toyqabağı tərəflərin, xüsusən bəylərin zərərli vərdişlərinin olub-olmaması da yoxlanılsın. Əsas da narkotestin keçirilməsi icbari tibbi müayinə paketinə əlavə olunsun. Bu, gələcək ailə birliyinin sığortalanmasıdır. Çünki bəzən qız tərəfi bəyin narkotik istifadəçisi olmasından toydan sonra xəbər tutur, bu da, sözsüz yeni ailənin gələcəkdə dağılması üçün zəmin yaradır”.
QİÇS-lə Mübarizə Mərkəzinin Qiymətləndirmə və monitorinq şöbəsinin rəhbəri Natiq Zülfüqarov isə deyib ki, toya hazırlaşanlar icbari tibbi müayinə olduqları üçün, Mərkəzə yalnız infeksiyaya yoluxmuşlar haqqında məlumt verilir: "Daha sonra biz lazım olan işləri görürük. Bizim ixtiyarımız yoxdur ki, həmin ailələr haqqında əlavə məlumatlar yayaq. Çünki bu anonimlik bütün hallarda qorunmalıdır. Bəzən ailə üzvləri də müraciət edən, yoluxmuş xəstə barədə xəbərsiz olur. Çünki anonimliyin qorunması müalicə prosesinə də müsbət təsirini göstərir. Amma toya hazırlaşan cütlüklərdən birində QİÇS xəstəliyi və ya İİV aşkarlanıbsa, onların ailə qurmaq məsələsi arxa plana keçir. Çünki xəstəliyin yoluxma yollarından ən birincisi cinsi yoldur ki, bu da son müayinə nəticələrində say çoxluğu ilə özünü göstərir. Gənc oğlanların təsadüfi cinsi əlaqə zamanı xəstəliyə yoluxması da əsas problemlərdəndir".
"Bu arada qeyd edək ki, 2017-2018-ci illər ərzində QİÇS-lə Mübarizə Mərkəzinin apardığı profilaktik tədbirlər nəticəsində İİV-ə yoluxma ilə körpələr doğulmayıb. Virus daşıyıcısı olan analar hamiləlik zamanı xüsusi nəzarətdə olublar, dərmanlarla müalicə sayəsində sağlam 60-a yaxın uşaq dünyaya gəlib”, - deyə N.Zülfüqarov bildirib.
"İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai Birliyinin rəhbəri Ziba Nəbiyevanın sözlərinə görə, təşkilat tərəfindən viruslu hepatitlərin profilaktikası və bu mövzuda maarifləndirmə layihəsi həyata keçirilib: “Biz layihənin nəticəsi olaraq Milli Məclisə təkliflər paketi təqdim etdik. Hazırda icbari müayinədə sifilis, QİÇS (İİV), talassemiya xəstəlikləri nəzərə alınır. Parlamentin Səhiyyə komitəsində təkliflər paketi müzakirə olundu. Hazırda Ailə Məcəlləsinə yeni əlavələrin olması haqqında fikirlər səsləndirilir, ictimai müzakirələr davam edir. Yəqin ki, məsələ həllini tapar”.
Toya hazırlaşan gənclərin psixoloji vəziyyəti təkcə həkimlər tərəfindən deyil, həm də boşamağa əli öyrəşən hakimlər, hüquq müdafiəçiləri tərəfindən də narahatlıq doğurur. “Hec kəs öz qatığına turş deməz” deyimi ilə yanaşsaq, qohum olacaq ailələr də gəlinin, bəyin tam sağlamlığına əmindirlər. Təəssüf ki, toydan sonra ailə münasibətlərində tərəflərdən birində ciddi psixoloji problemlər olduğu ortaya çıxır. Hətta boşanma iddiası qaldıran tərəflər bir-birinə “ruhi xəstə” adı qoymaqdan çəkinmirlər. Bir tərəfdən də Azərbaycanda hələ də ailə psixoloquna müraciət mədəniyyəti formalaşmayıb.
Psixoloq Fərqanə Mehmanqızının şərhinə əsasən, cütlüklərin tək tibbi deyil, psixoloji diaqnostikası da vacibdir: "Çünki bizə müraciət edənlərin çoxu boşanmadan sonra psixoloji durumu pisləşən insanlardır. Ailədaxili münaqişələrdə, boşanmalarda psixoloji travmalar uşaqlara da mənfi təsir edir".
Həmsöhbət olduğumuz seksopatoloq-androloq Xudaverdi ƏIiyev, toya hazırlaşan gənc oğlanların hər hansı həkimə müraciəti ilə qarşılaşmadığını deyib. “Cinsi cəhətdən sağlamlıq vacib məsələdir. Bəzən ailə qurulandan sonra valideynlər uşaq olmama səbəbini qadında görürlər. Hətta boşanmaya gedən yolda kişinin problemi gizli qalır. İndi gənc oğlanlar cinsi münasibətlərində də savadsız, kortəbii, qeyri-sağlam əlaqələrə üstünıük verirlər, nəticədə də infeksion xəstəliklərə yoluxma gələcəkdə həm qadın, həm də doğulacaq uşaq üçün təhlükə yaradır. Təəssüf ki, ölkədə cinsi tərbiyə və seksual mədəniyyət yox dərəcəsindədir. İcbari tibbi müayinələrlə yanaşı, bu məsələlərin də hansısa formada həlli tapılmalıdır”.
B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutundan verilən məlumata görə, 2015-ci ildən Azərbaycanda nikahdan qabaq müayinələrin aparılması könüllü idisə, indi cütlüklər icbari qaydada nikahdan qabaq müayinə olunur: "Ən əsas problemlərdən biri Azərbaycanda qohum evliliklərinə üstünlük verilməsidir ki, bunun da nəticəsində qan xəstəliklərinin, xüsusilə talassemiya xəstəliyinin artma halları baş verir. Azərbaycan talassemiya xəstəliyinin çox yayıldığı ölkələr arsında ön sıralardadır. Nikahdan qabaq bu proqramın həyat keçirilməsində məqsəd həmin xəstəliyin cütlüklərdə əvvəlcədən aşkarlanmasıdır. Hazırda ölkədə bir milyondan çox talassemiya daşıyıcısı var. Daşıyıcı praktik cəhətdən sağlam insandır. Yəni müayinə olunmayacağı təqdirdə onda bu daşıyıcılığın olması bilinmir. Lakin iki talasemiya daşıyıcısı olan insan evlənərsə, o zaman həmin şəxslərin övladlarının xəstə doğulması ehtimalı yüksək olur”.
"Bu günədək 600 mindən çox insan müayinədən keçib ki, onlardan da 20 min nəfərinin daşıyıcı olduğu aşkarlanıb. 225 cütlüyün hər ikisində talassemiya daşıyıcılığının olduğu aşkarlanıb. Həmin cütlüklər də hamiləliyin 12 və 18-ci həftələrində bizə müraciət edirlər və molekulyar genetik müayinə aparılır. Daha sonra qadından dölyanı maye götürülür və uşağın genotipi müəyyən olunur k, uşaq xəstədir ya yox. İndiyədək aparılan müayinələrdə 30 uşağın sağlam olduğu, 30 uşaqda xəstəlik, 69 uşaqda daşıyıcılığın olduğu aşkarlanıb. Keçən ay 14 min 303 nəfər müayinə olunub ki, onların 4 min 141-nin talassemiya daşıyıcısı, 61-nin siflis, 15 nəfərinin isə QİÇS olduğu öyrənilib. Həmin şəxslər təkrar dəvət olunaraq müayinə olunur və məsləhət verilir ki, ailə qurduqdan sonra hansı qaydalara əməl etmələri lazımdır”, - deyə qurumdan bildirilib.
İnstitutun professoru Mireldar Babayev qeyd edib ki, tibbi müayinələrin nəticələri hadir hallarda yeni ailələrin qurulmasına mane olur: “İndi gənclər xəstəlik səbəbindən ayrılmaqdansa, bir-birinə dəstək olmalıdırlar. Qan müayinə nəticələrinin anonimliyi doğru addımdır, çünki bəzi xəstəliklərin sağalma şansı var, burada sadəcə müalicəyə tabe olmaq gərəkdir”.
Məlumat üçün deyək ki, ölkə rəhbəri 17 oktyabr 2014-cü il tarixində “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunu və 15 dekabr 2014-ci ildə bu qanunun tətbiqi barədə müvafiq Fərmanı imzalayıb. Fərmana əsasən, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblər 2015-ci il iyunun 1-dən qüvvəyə minir.
Fərmanın icrası ilə bağlı, Nazirlər Kabineti 28 aprel tarixində müvafiq qərar verib. Qərara uyqun olaraq sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklə, xüsusən diyar xəstəliyi olan tallasemiya və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin Siyahısı”, “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası” və “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması” təsdiq edilib