Həvəslə toy şəkillərini göstərir, yadında saxlamaq istədiyi isə təkcə bər-bəzəkli gəlin donudur. Şəkillərdə də elə təkcə donuna baxır, bəyin olduğu yerlər isə şəklin qalan hissəsinə zərər vurmamaq üçün ehtiyatla kəsilib.
"Elə bilirdim evlənən kimi bütün problemlər bitəcək. Hardan biləydim ki, ata evindəki döyülmələr ər evindəkinin yanında heç nə olacaq?" - gənc qadın köks ötürür.
İnsan hekayələri silsiləsindən bu yazımın qəhrəmanı 28 yaşlı Aynurdur. O, məktəbi bitirən kimi ailə qurub. Deyir ki, evdə hər gün dava-dalaş olduğuna görə fikirləşib ki, evlənmək "yaxşı çıxış yolu ola bilər".
Bir yaxınının tanış etdiyi oğlanla görüşməyə başlayıb, iki ay sonra isə onu ailəsi ilə tanış edib, bir növ "elçilik olub".
Aynur deyir ki, həyat yoldaşı türkiyəli olduğu üçün ailəsi qarşı çıxıb, ancaq sonradan onun təkidi ilə razılaşıblar.
"Həm anam, həm atam əvvəlcə dedilər ki, bəs Türkiyə uzaqdır, olmaz. Valideynlərimin sözündən heç vaxt çıxmırdım, nə deyirdilərsə edirdim. Bu, yəqin ki, ilk dəfə idi ki, öz bildiyimi etmək istəyirdim, kaş ki, etməyəydim", - Aynur kirayə tutduğu yarıboş evə baxıb dərin nəfəs alır, - "yəqin nəsə oğlana öyrəşdilər ki, bir həftə sonra daha elə kəskin baxmırdılar və evlənməyimizə icazə verdilər. İki ay sonra, tanışlığımızdan cəmi dörd ay sonra toyumuz oldu, həm Bakıda, həm Türkiyədə", - əlavə edir.
Toyundan danışanda kədərlənir. Deyir "elə şey olarmı ki, bir adamın iki toyu ola, biri yaxşı, biri pis?" Birinci toyunu "cənnətə", ikinci toyunu isə "cəhənnəmə giriş" adlandırır.
"Birinci şapalaq"
Aynur həyat yoldaşının kirayə tutduğu evə - Türkiyədə bölgələrin birində kiçik kəndə köçüb orada yaşayırmış. İlk sarsıntını da elə evə girdiyi ilk gün alıb.
"Təzəcə evə girmişdik, nəsə xırda bir şeyin üstündə düz ağzımın üstünə bir şapalaq vurdu", - bir az susur, əlindəki kağızı bürüşdürüb sözünə davam edir - "Onun üzünü heç vaxt unutmaram, gözüm kəlləmə çıxmışdı. Elə bil mənim evləndiyim adamı aparıb yerinə başqa adam qoyublar. Dedim yəqin yol yorğunudur, əsəbidir, susdum. Sonra gördüm ki, onun əsl xasiyyəti elə bu imiş, Bakıdakı yalan imiş".
Bundan sonra Aynurun çətin günləri başlayır, günlərlə döyülür, təhqir edilir. Aynur deyir ki, ərinin valideynləri rəhmətə getdiyi, öz ailəsinin isə uzaqda olduğu üçün heç kimdən kömək görməyib.
"Ərimin nə ana-atası, nə də düz-əməlli qohumları var idi. Bir qardaşının ailəsi, bir də bir-iki başqa uzaq qohumu var idi. Xarici ölkədəsən və heç kimin yoxdur, kimə nə deyəsən? Qohum-qonşu gəlib nə edəcək ki? Bircə polisə gedə bilərdim, onda da ailəm dağılacaqdı axı. Çox çətin günlər idi. İndi olsa hər şeyi fərqli edərdim, özü də elə ilk gündən".
Nə Aynur, nə də əri kənddə işləyib, deyir, heç iş də yox idi. Kəndin demək olar ki, hamısı qoz-fındıq yığıb satır, onunla dolanırdılar. Aynurgil ilk günlər ərinin işlədiyi vaxt yığdığı pulların hesabına dolanıblar, pul tükəndikdən sonra isə məcbur olub fındıq yığmaq işinə keçiblər.
"Qardaşı ilə torpağı bir yerdə idi, gündə onunla dava edirdi, gəlib məni döyürdü. Sonralar bildim ki, qardaşı onu elə uşaq vaxtından döyüb, onda da bir növ travma olub. Yəqin məni də elə ona görə döyürmüş", - Aynur bir az susur, sonra su içib deyir: " görürsən, yenə əməllərinə don geyindirirəm".
"Azərbaycan qadını təkdir"
Aynurun fikrincə, "özünə qarşı pis əməlləri ört-basdır etmək etmək elə Azərbaycan qadınının qanında var". Şikayətlənir ki, onu başqa cür tərbiyə etsəydilər, öz hüquqlarını qorumağı öyrətsəydilər, bu qədər şey yaşamazdı. Buna görə isə ailəsini bağışlaya bilmir.
"Azərbaycan qadını həmişə təkdir. Öz evində də təksən, ər evində də, işində də, hər yerdə. Öz evimdə də döyülürdüm, ərdə olanda da bizimkilərə döyülməyim haqda nəsə deyirdimsə, anam soruşurdu ki, neynəmisən? Nəyə görə döyür? Yəni, səhvin qarşı tərəfdə olmaq ehtimalı heç yoxdur. Onlar üçün bir qayda var, sən həmişə səhvsən".
Evliliyin səkkizinci ayında Aynur hamilə olduğunu öyrənir, buna əri də sevinsə də, bu sevinc çox çəkmir. Xoş xəbərin beşinci günündən döyülmələr yavaş-yavaş başlayır. İki aylıq hamilə olarkən o qədər döyülür ki, hamiləliyi sonlandırmaq qərarı alır. Deyir ki, övladının əziyyətlə öldürüləcəyindən qorxaraq ani qərar verib, daha sonra isə peşman olub.
Cümləsini bitirməmiş ağlayır, hönkürtüsünü saxlaya bilmir. Ani ağladığı kimi ani də dayanır. Özünü cəmləyib danışmağa davam edir.
Bir il evli qaldıqdan sonra ərinin xasiyyətinin daha da kəskinləşdiyindən, döyülmələr ölümcül olduğü üçün evdən necə qaçmağından danışır:
"Məni evdən bayıra çıxmağa qoymurdu, qapını açarla bağlayıb gedirdi. Orda kənd evləri də elədir ki, yaxında adam yoxdur, qışqırsan heç kim eşitməz. Telefonumda da kontur saxlamırdı ki, bidən kiməsə zəng edib deyərəm.
Bir gün necəsə oldu, qapını bağlamadı, elə əynimdə nə var idisə, onunla qaçdım polisə. Polis məni görən kimi başa düşdü, üzüm-gözüm göy içində, ayağımda ev şəpiti. Azərbaycana qayıtmağı təklif etdi, dedim axı pasportum, hər şeyim evdə qalıb. Dedilər, istəsəniz biz kömək edərik, razılaşdım. Nə ərimi məhkəməyə verməyi, nə də onu həbs etməyi təklif etmədilər. Mən də qorxdum ki, desəm, sonra mənə kömək etməzlər.
Azərbaycana qayıdanda da öz ailəmin evində qalırdım. Daha məni döymürdülər. Bilmirəm, yazıqları gəlmişdi, ya qorxurdular, amma mənəvi şiddət davam edirdi. Yenə günahkar mən çıxarılırdım".
"Anamın təkidi ilə barışdım"
Aynur ailəsinin evinə qayıtdıqdan iki ay sonra əri Azərbaycana gəlib və ailəsi ilə danışıb. Deyir ki, gəlib dizlərinə qapanıb, ağlayıb-yalvarıb ki, məni bağışla, bir də belə etməyəcəm. Danışdıqca qəzəblə boşluğa baxır, baxışlarını gah divara, gah yerə zilləyir.
Özü ilk başlarda inanmasa da ərinin səmimiliyinə onu anası inandırıb. İki gün sonra isə birlikdə Türkiyəyə qayıdıblar. "Cəmi iki gün bəs elədi ki, üz-gözümün o halını unudum" - Aynur danışdıqca barmaqlarını şaqqıldadır, sonra dərindən nəfəs alaraq susur.
Dediyinə görə, Türkiyəyə qayıdandan sonra əri onu xəstəxanalıq olanadək döyüb. Hər dəfə vuranda "evdən qaçmaq nədir, sənə göstərəcəm" deyib. Aynura xəstəxanada kəllə-beyin travması, çoxsaylı əzik diaqnozu qoyublar, amma polisə şikayət etməyib.
"Qorxunun bir həddi var, başa düşürsünüz, ən üst həddi, mən o həddə idim, məni öldürəcəyinə inanmışdım. Nə bir söz deyirdim, nə də etiraz edirdim, desəydi çıx özünü as, bəlkə də asardım".
Aynur deyir ki, Türkiyəyə qayıdandan iki ay sonra ikinci dəfə hamilə olduğunu öyrənir, amma bu dəfə ərinə demir. Qorxur ki, bu dəfə də uşaqdan imtina etməli olacaq. Ərinə uşağı 2 ay sonra - o, xarici ölkələrin birinə işləməyə gedəndə telefonla deyir.
"Bir gün dedi ki, xarici ölkədə iş var, orda bir şirkət Türkiyədən fəhlələri aparıb iş verir, bir illik gedir. Bilmədim necə edim ki, sevincim görünməsin. Ac qalacaqdım, susuz qalacaqdım, amma daha döyülməyəcəkdim. Gedəndən sonra da inanmırdım, iki həftə qorxuyla yaşadım ki, birdən burda olar, məni izləyər, ya da nə bilim, qayıdar.
Sonra əmin oldum ki, gedib; bir az rahatlaşdım. Uşaq xəbərini verdim, nə yaxşı, nə də pis reaksiya verdi, heç nə demədi. Evə çox az pul göndərirdi, dolana bilmirdim. Oğlum anadan olandan sonra onu telefonla atasına göstərdim, uşağın üzünə baxmadı. Bəlkə də buna görə fikirləşdim ki, artıq boşanmağın vaxtıdır. Evin kirayəsini verə bilmədim, əşyaları satıb Azərbaycana qayıtdım. Nə o məni axtardı, nə də mən onu".
"Uşağı qaçıracam"
Azərbaycana qayıdandan sonra Aynur ailəsinin yanına qayıtmayıb. O, kirayə ev tutaraq körpə oğlu ilə birgə yaşayıb. Deyir, ilk başlarda çətin idi, amma yaxşı qonşuları var idi, - müsahibə boyunca ilk dəfə üzündə təbəssüm olur:
"Qonşuluqda bir qadın var idi, mənə hər şeydə kömək edirdi. Nəyim çatışmırdısa tez gətirirdi. Bir mağazada işə düzəldim, işə gedəndə uşağı o qonşuya qoyurdum, maaşı alanda azdan-çoxdan pul verirdim. Maaşım da çox deyildi, aydan-aya güclə çatırdı. Əsas odur ki, nə ərimin yanına, nə də ata-anamın yanına qayıtmamalıydım".
Lakin uşağın xərcləri çox olduğundan çox keçmir ki, Aynur ailəsinin evinə qayıtmalı olur. Bu dəfə ona heç nə demirlər, yaxşı qarşılanır, nəvə isə çox sevilir. Aynur boşanmaq üçün məhkəməyə müraciət edir, amma sənədlər üç ölkədən - Azərbaycan, Türkiyə və kişinin yaşadığı ölkə - keçdiyi üçün proses illərlə uzanır.
İki il sonra Aynur bir gün anasının telefonundan zəng etmək istəyəndə görür ki, anası onun keçmiş ərinə uşağın şəkillərini göndərib, onun barəsində hər şeyi yazıb. Anasından soruşanda isə deyib ki, "istəyirəm barışasınız, uşağın atasıdır".
Bundan sonra Aynura təhdid mesajları gəlir, keçmiş əri yazır ki, "Bakıdayam, gəlib uşağı qaçıracam". Buna görə uşağı üç gün nə məktəbə göndərir, nə də həyətə gəzməyə çıxarır, sonda isə polisə gedir.
"Evimizin yanındakı polisə getdim, Türkiyədə xəstəxanada mənə verilən bütün sənədləri göstərim ki, bu adam vəhşidir, məni döyüb, kəllə-beyin travması almışam. Mesajları göstərim ki, uşağımı qaçırmaq istəyir. Məni sakitləşdirməyə çalışdılar ki, iki addımlıqdayıq, görsən sizə gəlir, bizə xəbər edin, tədbir görək. Sonra ərimin qohumlarına zəng edib öyrəndim ki, yalan deyirmiş, Türkiyədə imiş. Bundan sonra sakitləşdim".
Bir müddət sonra Aynur iş tapır və yenidən başqa evə köçmək qərarına gəlir.
İndi o, oğlu ilə birgə həmin evdə yaşayır, valideynləri isə başqa ölkəyə köçüb. 9 yaşlı övladı nə atasını görüb, nə də onunla danışıb.
Aynur deyir ki, indi döyülən qadınlar haqda nəsə eşidəndə öz yaşadıqlarını xatırlayır, amma daha heç kimə boyun əymir, bütün yaşadıqlarını silib yeni həyata başlamaq istəyir.
*Aynur - qəhrəmanın adı təhlükəsizlik məsələsinə görə öz xahişi ilə dəyişdirilib. (BBC NEWS)