Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xədim Qacarın darmadağın etdiyi şəhər - Tiflisdən reportaj - Eminquey yazır


Tez-tez müdirim Aqil Abbas məndən yazı istəyəndə deyirdim:
- Aqil müəllim, maraqlı yazılar üçün gəzmək lazımdır.
Aqil müəllim də axırda qayıtdı ki, səni Trabzona göndərirəm, get, gəz, yazılar yaz. Razılaşdım, amma sonra fikrimi dəyişdim. Gürcüstanı seçdim. Əslində tək getmək istəyirdim, biletimi də almışdım, amma sonra yad bir ölkəyə getdiyimi düşünüb, düşünüb qərar verdim ki, turla gedim. Elə bir tur seçdim ki, həm öz arzuma çatım, həm də Aqil müəllimin sözü yerə düşməsin. Tiflis-Batumi-Trabzon turuna bilet aldım. Bir gülləylə iki quş vurum da. Trabzona gedişimə əsas səbəb isə Lalə xanım oldu. Mənim ikinci anam. Onların dəstəyi sayəsində ürəkləndim.
Axşam saat 7-də Gənclikdəki Atatürk parkındayam. Avtobusumuzu tapdım. Sürücüdən başqa heç kim yox idi. Açığı avtobusu görüb dilxor olmuşdum. Nəsə rahat avtobusa oxşamırdı. Öyrənəndə ki, internet də olmayacaq, əllərimi başıma çırpdım. Axı tur rəhbərliyi belə deməmişdi. Məndən sonra gələn hamı dilxor olmuşdu. Tur bələdçilərinə yaxınlaşırdılar, narazılıq edirdilər. Nəhayət mən də imkan tapdım.
- Qardaş, bizə belə deməmişdilər axı. Avtovağzalın avtobusları bundan yaxşıdı.
- Sizə deyiblər axı...
- Deməyiblər...
Deməli, müxtəlif şirkətlər birləşib bir avtobus tutublar. Mövsümün sonudur deyə. Amma bələdçilər ümumidir. Dedim:
- Bax ha, mən jurnalistəm, yazı-pozu adamıyam.
- Harda işləyirsən?
- "Ədalət qəzetində.
Oğlan əllərini başına çırpıb "uydaa, mən getmirəm, qardaş" deyib zarafatlaşdı. "Sən bizi biabır edəcəksən yazı yazıb" deyib güldü.
Qısası geri yol yoxdur. Hərə öz yerini tutdu. Yanımda Batumiyə çatana qədər adını bilmədiyim qardaş oturub. Nəsə axır zamanlar pis vərdişim yaranıb. Bəzən tanış olduğum adamların adını da soruşmuram.
Düz sərhəddə qədər onunla münasibətimiz əla oldu. Yolboyu mənə getdiyi yerlərdən danışdı, xüsusilə də mindiyi rahat avtobuslardan.
Tur rəhbərləri gördü ki, artıq hamı yatışır, mikrofonu işə saldılar:
- Yola çıxmazdan əvvəl yatmamısız?


Danışan bələdçi Vüsaldı.
- Oyunumuz var. İki dəqiqə ərzində sual verəcəyik, "hə, yox, bəli, xeyr" deyə cavab verməməlisiz. Qalibə hədiyyəmiz var. Qaliblər Batumidə yaxta gəzintisinə verəcəyi 15 laridən azad olacaq.
Bələdçilər bu oyunda verilən suallar sayəsində həm bizi tanıdılar, həm də bizi bir-birimizə tanıtdılar. Mənim adımı da "jurnalist" qoydular.
Kürdəmirdə dayandıq. Çay içdik. Ağcaqanadlar da bizim qanımızı. Adını bilmədiyim oturacaq yoldaşım qaşına-qaşına qalmışdı. Qırxdan çox adamın içində bircə mən və Həsən adlı oğlan tək gəlmişdi. Qalan hamı ailəsi ilə, bacısı, qardaşı, dostu ilə. Hətta yenicə evlənmiş cütlük də var idi.
Yol və sərhədd qeydi:
Biz sərhəddə çatanda gecə saat dörd olardı. Sakitlik idi. Avtobus ayrıca, adamlar ayrıca keçməlidir yoxlanışdan. Sürücümüz Zöhrab dayı belə dedi. Veş-vüşümüzü götürüb daxil olduq məntəqəyə. Sıra mənə çatdı. Yaxınlaşdım. Şüşənin arxasındakı oğlana pasportumu təqdim elədim. İçimdə qəribə həyəcan var idi. Oğlan bir pasporta baxdı, bir də mənə. Dedi ki, sən də kameraya bax. Baxdım, möhürü pasporta vurdu.
Bizimlə gələn İranlı qadını və özbəkləri isə saxlamışdılar. Sənəd-sünədlərində problem yaranmışdı.
Veşlərimizi də yoxlanışdan keçirəndən sonra uzun, dar bir keçidə daxil olduq. Gürcüstan sərhəddinə az qalıb. Həyəcan mənimlə birgə yürüyür. Məntəqəyə çatar-çatmaz itlər hürüşməyə başladı. Mənə demişdilər də burda itlər çoxdur. Gürcülərdə isə proses bizimkindən də qısa oldu. Vəsiqəmi aldı, möhürünü vurdu, keçdik. Və mən ilk dəfə Azərbaycandan kənara addım atırdım. Bu hissləri izah etmək çətindir. Çox xoşbəxt idim. Bir az sonra gürcücə danışan insanları görüb şükür elədim ki, tək gəlməmişəm. Yanımda özümüzkülər var.
İranlı qadın da, özbəklər də gəldi.
Tur bələdçiləri tapşırdılar ki, Gürcüstana keçən kimi pul çevirənlər yaxınlaşacaq sizə. Nəbadə yaxın durasınız. Biz sizə lazım bildiyimiz yerdə deyəcəyik, düşüb pullarınızı lariyə çevirərsiniz.
Səhər saat 7:00
Pullarımızı lariyə çevirmək üçün valyuta məntəqəsində dayandıq. Məntəqə yolun düz kənarındadır. İtlər Tiflisin girişində gəlib-gedən maşınları qarşılayırlar. Özü də elə-belə yox. İki it xüsusən canfəşanlıq edir. Biri gedən, biri də gələn maşınları gözləyir. Yanlarından keçən kimi arxasınca qaçıb hürürlər, sonra yenə geri qayıdırlar.
Yoldaşlardan biri dedi:
- Bu itlər deyəsən ölümlərini axtarırlar.



Pullarımızı lariyə çevirdik. Yavaş-yavaş şəhərə daxil oluruq.
Eşitdiyimə görə "tifli su", yəni isti su anlamına gəlir şəhərin adı. Rəvayətə görə, Gürcüstan dövlətinin banilərindən biri I Vaxtanq Qorqasali bir gün bu yerlərdə qırqovul ovuna çıxıb. Kralın təlim keçmiş şahini dərhal oxla yaralanmış quşun başının üstünü alıb və bir-biri ilə çarpışarkən hər iki quş yaxınlıqdakı qaynar bulağa düşərək həlak olub. Yerin altından qaynayaraq çıxan çoxsaylı termal bulaqlar hökmdarda elə güclü təəssürat oyadıb ki, o, meşəni qıraraq burada şəhər salmaq əmrini verib


Köhnə şəhər (gürcülər Abanotubani deyirlər, yəni gürcücə "abano” "hamam”, "ubani” "rayon” deməkdir) hamam bölgəsidir. Kükürdlü və termal sular orada üstünlük təşkil edir. Kükürd hamamlarının suyunun müalicəvi əhəmiyyəti var, deyirlər. Yenə də rəvayətə görə, Ağa Məhəmməd Xan Qacar 1795-ci ildə Tiflisi işğal edəndə ona bu hamamlarda çimərsə, "kişiliyi” bərpa olunacaq deyirlər (Qacar 6 yaşında xədim edilmişdi). Lakin kükürd hamamının nəticəsini görməyən Qacar hikkəsindən bütün şəhəri darmadağın edir.


Hamamlar Tiflisin "Müsəlman məhəlləsi” yaxud da "Meydan” kimi tanınan bölgəsində, "Heydər Əliyev parkı”nın yanında yerləşir, Azərbaycan səfirliyi də oradan təxminən 5 dəqiqəlik məsafədədir. Amma nədənsə bizimkilər gözümə dəymədi. Gəlməzdən öncə düşünürdüm ki, yəqin bu parkda bizimkilər çox olar. Bəlkə də biz səhər çatmışdıq deyə hələ heç kim yuxudan ayılmamışdı.
Gürcüstanın bir qism şəhərlərinin adını qazısan, altından biz çıxarıq. Bakı-Tbilisi- Ceyhan xəttinin üzərindəyik də. Köhnə-qədimliklə müasirliyi sintez edib gürcülər. Həmişə sevdiyim bircə şey olub - şəhərin içindən çay keçsin. Gürcülərin bəxti gətirib ki, bizim Kür çayı onların paytaxtının içindən keçir. Şəhərə elə gözəl mənzərə bəxş edib ki, adam saatlarla çayın kənarındaca donub qalmaq istəyir. Qırmızı damları olan evlər, daşla döşənilmiş yollar, çoxlu kilsələr, monastrlar, addımbaşı hostellər, otellər...
Sanki yapışdırılmış taxta eyvanları olan gözəl və qədim binalar diqqəti cəlb edir. Sən demə, bu eyvanlar həqiqətən də sonralar sakinlərin təşəbbüsü ilə tikililərə əlavə edilib. Bir çoxlarının yüz-iki yüz, bəzilərinin isə hətta üç yüz il yaşı olan bu evlər əvvəllər eyvansız olub. Köhnə Tbilisi dağlıq ərazidə yerləşir və buradakı binaların çoxu təpələrin yamaclarında, bəziləri isə sərt qayalıqlarda inşa edilib. Evlər arasındakı dar küçələrin bəziləri nəzərəçarpacaq dərəcədə meyillidir. Çayın üzərindəki körpülərin tarixi qədimdir. Sanki şəhərin mərkəzində deyil, təbii qoruqdasan. Hava xoşdur. Bələdçimiz bizə Tiflisin ən məşhur yerləri haqqında məlumat verir. Gözlərimiz şəhərin gözəlliyinə ilişib qalıb. Köhnəşəhərlə yeni şəhəri birləşdirən müasir dizaynı olan körpü Kür çayının üstündən keçir. Stalin gürcü olmasaydı görəsən necə olardı? Axı onun dövründə Tiflisə göstərilən qayğı daha çox olub.
Bir də buranın bu qədər inkişaf etməsini Saakaşviliylə əlaqələndirirlər. Saakaşvili höküməti salınan yeni yollar və tikilən binalar ilə fəxr edirdi. O, yeni obyektlərin açılış mərasimində iştirak etməyi xoşlayırdı. Saakaşvili bir sıra memarlıq yeniliklərinin təşəbbüskarı olmuşdu. Tbilisi, Batumi və Gürcüstanın digər şəhərlərində bu cür "inqilabi" memarlıq siyasəti heç də hamının ürəyincə deyildi. Tbilisinin tarixi hissəsində Kür çayı üzərindən qurulmuş müasir görünüşlü "Sülh" körpüsü də çoxlu sayda sakinlərin tənqid və etirazına səbəb olmuşdu.
Burada qarşımıza çıxan benzindoldurma məntəqələrinin çoxusu SOCAR-ındır. Bizim neftimizlə şellənirlər.
Buralardakı monastrlar, kilsələr şəhər əhalisinin dinə çox bağlı olduğunu göstərir. Bunu həm də şəhərdəki dilənçilərin çoxluğundan hiss elədim. Bu dilənçilər sırf dindarların verdikləri pulların hesabına dolanır. Mənsə, dilənçilərə deyəcək bircə söz bilirəm - Qamar coba!
Batumidə balaca bir uşaq çıxacaq qarşıma. Uşaq o qədər şirin olacaq ki, özümü tuta bilməyəcəm. Dillərini də bilmirəm. Uşaq nə bilsin ki, mən "A bucu bucu" deyəndə nə demək istəyəcəm?! Uşağı qoxlayacam, amma uşaq qoxusu hiss eləməyəcəm. Bir az çaxır qoxusu gələcək uşaqdan. Biruzə vermədən uşağı anasına qaytarıb dəstəmizə qoşulacam.
Gürcüstanın anası deyilən "Kartlis Deda" heykəli görünür. Onların Narikala, bizim Narınqala dediyimiz kilsənin yanında yerləşir. Bir əlində şərab, bir əlində qılınc olan bu qadın heykəlini yadıma salıb uşaqdan gələn çaxır qoxusunu çözəcəm.


Mən turla gəldiyim üçün Tiflislə ötəri tanış oldum. Amma mənə bəxş elədiyi vizual ab-hava videolardan gördüyümdən də gözəl oldu. İnsanlar Tiflisin turistikliyindən gen-bol istifadə ediblər. Heç işləməklərinə ehtiyac yoxdur. Burada adamlar var ki, evində, otağında yatmadığı çarpayısını da kirayəyə verir. Bir də ən əsası, burada rus dilində yazılara çox nadir rast gəlmək olur.
Gürcüstanda kazinoların fəaliyyətinə icazə verilib. Özü də Tiflisin düz mərkəzində fəaliyyət göstərirlər və hər addımbaşı rastımıza çıxırlar. Və ən maraqlısı – Gürcüstanda marixuana çəkmək, satmaq qadağan deyil. Bu sərbəstlikdə bizim qarşımıza bir nəfər də olsun "hallı” adam çıxmadı.
Hələ ki Gürcüstanla bağlı təəssüratlarım gözəl olsa da, gürcülərlə bağlı elə elə bir təəssüratım yoxdur. Bu gördüklərim cəmi-cümü 1 saatlıq Tiflis gəzintisinin təəssüratlarıdır. Növbəti dayancağımız Batumi olacaq. Batumiyə isə hələ beş saatlıq yol var. Gah yatırıq, gah oyanıb hansısa mahnıya oynayırıq, şənlənirik.
Zestaponidə səhər yeməyi


Üç il əvvəl yarımçıq qalmış arzum idi buraları görmək. Batumiyə çatmamış Zestaponi deyilən qəsəbədə səhər yeməyinə dayandıq. İki dilim pendir, bir yumurta, bir stəkan çay, bir az da çörək götürdüm. 4 lari də pul verdim. Kafedən çıxanda hamı şikayətlənirdi qiymətlərdən. Tur rəhbəri dedi ki, səhər saatları olduğu üçün yol qırağı açıq olan yeganə kafe buradır. Mənim jurnalist olduğumu bilirdilər. Narazılıq olan kimi "jurnalist, yaz ha bunları" deyib gülürdülər.
Gürcülərlə bağlı ilk təəssüratım bu kafedə yarandı – soyuq millətdirlər. Qarşıda isə hələ nə qədər vaxt var, görək necə olur?!
Özbək yoldaşlarımız da var idi. Onlarınsa qiymət heç veclərinə də deyildi. Özləri ilə ev üsulu çəkilmə çaxır gətirmişdilər və hamını qonaq edirdilər. Boğazımızı üç qurtum çaxırla yandırdıq, avtobusa doluşduq…
ardı var…





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10