Azərbaycanın ucqar dağ rayonlarında yeni yollar salınır, mövcud yolların müasir səviyyəyə çatdırılması istiqamətində işlər görülür.
APA TV-nin cənub bürosunun məlumatına görə, uzunluğu 21 km olan Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə yolu da diqqətdən kənar qalmayıb.
Lerikin mərkəzinə çıxışı təmin edən bu yolun asfaltlanmış hissəsi Zərdəbərə kəndində bitir. Bu kənddən 3 km uzaqda yerləşən iki ucqar dağ kəndi - Sorsçay və Kekonuya gedən yol isə yaxşı şəraitdə deyil. Ümumilikdə bu iki kənddə təxminən 1000 nəfərə yaxın əhali yaşayır və onlar yenidən qurulmuş yola çatana kimi müəyyən çətinliklərlə rastlaşır.
Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən hər iki kənddə qış mövsümü artıq bu aydan başlayır. Soyuq aylarda bu kəndlərin yolları tam yararsız vəziyyətə düşür. Onları müasir yol infrastrukturundan isə cəmi 3 kilometr məsafə ayırır. Kənd sakinlərinin sözlərinə görə, yaşadıqları torpaqlar əkin-biçinə, xüsusən taxılçılıqla məşğul olmaqdan ötrü çox yararlı olsa da, bu imtiyazdan istifadə edə bilmirlər: “Biz 9 ay qış görürük. Yol probleminə görə indidən ərzağımızı, yemək-içməyimizi alıb yığırıq. Bu dəqiqə bizim torpaqlarımız boş qalıb. Kombaynın gəlməsi üçün bizim yolumuz yoxdur. Bu torpağı əkib becərmək üçün heç cür imkan yoxdur. Əllə əkib becərmək çətin məsələdir. Yolumuz olsa, kombayn rahat gəlsə, əkib becərərik.Heç bir şeyə ehtiyacımız olmaz”.
Kənd sakinləri yeni abadlaşdırılmış yolun Kəkonu və Sorsçaya gedən hissəsinin də asfaltlanmasını və rayon mərkəzi ilə, qonşu rayonlarla nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasını istəyir. Hər iki ucqar dağ kəndində qaz və telefon xətti olmasa da, burada yaşayanların əsas arzusu ilk növbədə yol problemlərinin həll edilməsidir. Sözügedən kəndlərdə məktəb olmadığından, məsələnin həlli burada böyüyən uşaqların ətraf kəndlərin məktəblərinə gedərkən yaşadıqları problemləri də aradan qaldıracaq. “Aidiyyəti qurumlar bizə köməklik göstərsin, bizim yolu davam eləsinlər. Biz də, körpə uşaqlarımız da, böyüklərimiz də əziyyət çəkməsin”.
Problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin də münasibətini öyrəndik. Qurumun mətbuat katibi Anar Nəcəfli məsələdən xəbərdar olduqlarını bildirdi. Onun sözlərinə görə, yolların təmir-bərpa işləri mərhələli şəkildə həyata keçirilir. Təmirə ehtiyacı olan yollar siyahıya alınıb və tədbirlər planına salınıb. Növbəti mərhələdə həmin kəndlərin də yolları abadlaşdırılacaq