Bu gün şair Aqşin Yeniseyin doğum günüdür.Kulis.az “Səni deyirlər” rubrikasından sualları şairə ünvanlayıb. Müsahibəni təqdim edirik.
- Deyirlər, Aqşinin səhhəti ilə bağlı məlum problemlərindən sonra şeirləri əvvəlkinə görə zəiflədi.
- Doğrudur, açığı, çoxdandır ki, şeir yazmıram, allahın verdiyi istedad tükənən imiş demək ki. Şair kimi tükəndiyimi elan edirəm. Səsi batandan sonra Akif İslamzadənin ucadan susması gücənib oxumasından daha gözəl görünmürmü?
- Elədir, şair... Amma çoxu bunu etiraf etməkdən boyun qaçırır. Bu etirafı etmək ağır deyil ki?
- Yox, şeir yazmamaq, ya da onu yaza bilməmək məndə xoş bir nostalji hissi oyadır. Mənim heç vaxt şeir yazmaq deyə bir dərdim olmayıb, həm də indi nə vaxtsa yazmayacağam ümidsizliyim də yoxdur. Bir də gördün Gete kimi yetmiş yaşımda girişdim sevgi şeirlərinə. Yaradıcılıq axı təkcə şeir yazmaqdan ibarət deyil. Məsələn, Tibetə gedib "Ölülər kitabı" haqqında kitab yazsam bəyəm axmaq iş görmüş olaram?
- Deyəsən, xəstəlik həm də həyat tərzinizə təsir elədi. Sanki bir az müdrikləşdiniz. Əvvəlki çılğınlığınız getdi...
- Ciddi müəlliflərin hamısının həyatında qədim miflər kimi bir ölüb-dirilmə var. Sən yeraltı dünyanı ziyarət edib gəlməsən mif ola bilməzsən, qəhrəman ola bilməzsən. Ölüm qorxusunu yenməsən həyat həmişə sənə qorxulu gələcək. Əlbəttə, bu cür dərin psixoloji travmalardan sonra əvvəlki həyata davam etmək mümkünsüzləşir. Ölüb-dirilən adamın keçmişi olmur. Özümdən başqa sağ qalacağıma heç kim inanmırdı, bu, bilirsiniz necə maraqlı, dəhşətli demirəm, təklənmədir, nə sən kimisə dəvət edə bilirsən, nə kimsə sənə qoşulmaq istəyir. Bəlkə də, mənim indi şeir yazmamağımın səbəbi əsl təkliyin nə olduğunu gözümlə görməyimdir. Şair tənhalığı deyilən özünüaldatma gözümdən düşdü. Amma özündən tənha düzəldənlərə də gülmürəm. Orijinalı olmayanda, onun "çakmasını" yaratmağa məhkumuq.
- Şeirlərinizdə Tanrı var, yazılarınızda yoxdu. Bu parodoksu necə izah edərsiniz?
- Tanrı anlayışı dilin yalnız dini-mistik qatında fövqəltəbii personajdır. Dilin elmi qatında tanrı psixoloji məfhumdur. Kulturologiyada tanrı kəlməsinə həyatın deyil, mədənəniyyətin başlanğıcı kimi baxırlar. Tanrı deyən kimi ağlımıza bizi qır qazanına basan zəhmli bir kişidən başqa kimsənin gəlməməsi cahilliyimizdir. Mən tanrı kəlməsindən şeirin musiqisini texniki danqıltıdan xilas etmək üçün istifadə edirəm, eləcə də "ruh", "xəyal", "yuxu", “tale” kimi kəlmələri. Halbuki bunların hamısı insan beyninin əməlləridir. Amma sənətin ixtiyarı var ki, yuxuya paralel dünya kimi baxsın. Kaliforniya Universitetində neyrofizioloji professoru olan Benjamin Libet adlı professor tibbi təcrübələrlə sübut etdi ki, eqo, idarə, tale kimi anlayışlar beynin elektrik neyronlarına göstərdiyi reaksiyalardır. Yəni beynimizdən başqa bir tanrı yoxdur.
- Aqşin, özünüzü ateist elan eləməyiniz bəzən oxuculara qəribə gəlir. Sanki bəzi dindarların acığına istehza edirmiş kimi gəlir adama.
- Kiminsə inancına müxalif olmaq kimi sərsəm bir fikrim yoxdur. Öz anam da dinin əmrləri ilə yaşayan adamdır və biz bir damın altında yaşayırıq. Sadəcə, bu gün artıq düşünən, yaradan dünya beyinin möcüzələrinə inanır. Təkcə gen mühəndisliyinin təcrübələrini oxumaq kifayətdir ki, dinin həyat haqqında ibtidai mülahizələrdən başqa bir şey olmadığını görəsən. Məsələn, bu gün elm aləmi transhumanizm ideyasını bölüşür, yəni insanın genlərinə müdaxilə etməklə əcəl anlayışını aradan qaldırmağa, Gilqamışın axtardığı və tapmadığı ölümsüzlüyü tibbi müdaxilə yoluyla insana bəxş etməyə çalışır. Yaxın yüz ildə insanlar 150 il yaşaya biləcəklər. 150 il yaşayan insanlar üçün bizim inanclar, əxlaq qaydaları, ailə dəyərləri lazımsız bir şey olacaq. Bədənlərdə süni ürəklər, böyrəklər, ciyərlər işləyəcək. Həm də bütün bunlar bizim dünyaya tək tanrı anlayışı bəxş edən İsrail torpaqlarında baş verir. Bizi vaxtilə qatı dindar edən yəhudilər özləri indi bizi qatı ateist olmağa vadar edirlər.
- Yazılarınızda azad düşüncənin tərəfdarısız. Həyatda necə? Şərqli damarınız varmı?
- Yalnız yemək məsələsində mühafizəkaram, başqa xalqların mətbəxi gözümün düşmənidir. Ərəblər İber yarımadasına çıxanda Qərbin Şərqdən öyrənəcəyi çox şey vardı, çünki kilsə qədim Roma və yunan mədəniyyətini unutdurmuşdu, Avropa "Qaranlıq çağı"nı yaşayırdı. Bu gün Şərqin islam hissəsi özünün "Qaranlıq çağı"nı yaşayır və Qərbdən öyrənəsi çox şeyi var. Artıq biz Qərb mədəniyyətinin mühasirəsində yaşayırıq. Bizdən Şərqdə olan Yaponiya, Cənubi Koreya kimi ölkələr artıq çoxdan "qərbləşiblər". Bu gün bütün islam dünyasında insanlar tez öldükləri üçün təqaüd yaşının aşağı salınması uğrunda öz hökumətləri ilə cəngə çıxırlar, Yaponiyada, Cənubi Koreyada isə insanlar hökumətə etiraz edirlər ki, təqaüd yaşını səksənə qaldırın, biz yetmiş yaşında təqaüdə çıxıb 15-20 il evdə nə iş görəcəyik? Şərqli damarım ancaq odur ki, el-obanın xeyir-şərindən qalmaq olmaz.
- Deyirlər, pul xərcləməkdə mərdsiniz.
- Mərd deməzdim. Amma olan yerdə xərcləməkdən zövq alıram. Rasselin "Tənbəlliyin vəsfi" adlı bir yazısı var. Orada deyir ki, yığıb üstündə oturan Paşadansa, çapıb-talayıb xərcləyən Koroğlu ümumi rifaha daha çox fayda verir. Rassel müharibələrə səbəb kimi xərclənməyən, yığılan pulları göstərir. Veber də Qərbdə kapitalizmin uğurunu protestantların xeyirxahlıq inancına bağlayırdı. Protestant xeyirxahlıq etmək üçün çox işləməlidir ki, çox pul qazansın. Təəssüf ki, bu düşüncə biz müsəlmanlarda yoxdur. Qəpiyi-qəpiyin üstünə qoyaraq, ya da tarixi proseslərin gedişindən asılı olaraq təsadüfən milyoner olan adam xeyirxah ola bilməz.
- Həm də deyirlər ki, dostlarınıza şəbədə qoşmağı da sevirsiniz...
- Mən on altı yaşımda evdən çıxıb bir daha geri qayıtmamışam. Həmişə dost, düşmən içində yaşamışam. Meksikalı "paçuko" kimi həyatı öz yaralarımdam öyrənmişəm. Yumor hissi məndə köməksizliyin travmasıdır. Heç vaxt arxam olmayıb.
- Belə bir fikir var ki, şairlər Don Juan olur. Sizin də haqqınızda vaxtilə bu səpkili dedi-qodular gəzirdi. Nə dərəcədə real idilər?
- Boş söhbətlərdir. Sadəcə, cavan olanda yaşadığım evlər bardaq olurdu. Kirayə pulu olmayan, içkinin, siqaretin dadına daha rahat baxmağa həvəsli, özlərini daha dərin, yaradıcı mövzuların mühitində görmək istəyən gənclər bizim evə yığışırdılar. Eşidib-bilən də elə bilirdi, çal-çağır allahı Dionisin Asiya turnesi başlayıb və gəlib bizim evdə qalır.
- Muğamla barışa bildiniz?
- Bu yaxınlarda türk-millətçi ideoloqu Ziya Göyalpın "Hars və mədəniyyət" kitabından bir şeylər oxudum və muğamla konfliktimin kökü daha da uzaqlara gedib çıxdı. Göyalp qan qohumluğuna əsaslanan mədəni ünsürləri "hars" adlandırır və yazır ki, türk harsı çox qədimdən Çin mədəniyyətindən qurtularaq İran mədəniyyətinin təsirinə girdi. İndi isə Avropa mədəniyyətindən təsirlənir. Ziya əfəndi harsın milli, mədəniyyətin beynəlmiləl fenomen olduğunu söyləyir. Əgər mədəniyyət harsı məhv edərsə, millət yox olar. Azərbaycan xalqı ona görə öz məişətini, öz harsını dünya mədəniyyətinə qarşı qalxan kimi “kullanır”, müstəqillik qazanan kimi öz harsının məbədlərini, “şadlıq saraylarını” ucaltdı. Bizdə toy, aşıq musiqisi harsdır, qandan gəlir, muğam isə mədəniyyətdir. Mən bu mənada muğama müqavimət göstərirəm, bir millət olaraq yox olmamaq üçün. Tar sazı yensə biz milli kimliyimizi itirəcəyik. Bu, çox dərin söhbətdir, daha geniş yazım olacaq.
- Sizi sevən çoxlu qadınlar olub deyirlər. Doğurdan da elədir?
- Xəbərim olmayıb, başım şeir yazmağa qarışmışdı.
- Feministlərlə necə dolanırsınız?
- "Hanı o "eski" feministlər" deməkdən özümü güclə saxlayıram. Feminizm mənə görə, dişi kommunizdir. Bu mövzuda "Baldırıaçıqların gücü" adlı bir yazı da yazmışdım. Klassik feministlər daha ictimai məsələlərin peşində idilər. Məsələn, 1792-1793-cü illərdə Böyük inqilabın “Baldırı açıqlar” deyilən üsyankar fransız qadınları qiymətlərin bahalılığına etiraz edərək Parisdə dükanlara, mağazalara cumub məhsullara özləri qiymətlər qoymuşdular. Yaxud Yelizavet Dmitriyev, Adelgeyd Popp, Klara Zetkin kimi feminist-kommunist, Emili Devison kimi sufrajist qadınlar səs vermə haqqı uğrunda döyüşürdülər. İndikilər filosof Müşfiq Şükürovu söyürlər ki, niyə statusunuzda "evlənmək" əvəzinə "ərə getmək" yazmısınız? Bu günün feministlərinin çoxu dişi "yanıq kərəmlərdir", yerdə qalanlar da ər sarıdan yarımayanlardır. Bizdə feminizm birinci növbədə dini burjuvaya qarşı çıxmalıdır. Amma bax gör bu müsahibənin altında nə qədər feminist xanım mənə ateist, içki düşkünü olduğumu xatırladıb lənətləyəcək.
- Çoxu sizi həyatda patriarxal kişi kimi tanıyır. Səmimi etiraf edin: oğlunuzu çox sevirsiniz, qızınızı?
- Hər ikisini. Bunun nəzəri və ümumi söhbətlərə bir o qədər dəxli yox idi, madam ki, soruşdunuz cavab verdim.
- Son verilən Xalq şairi adları ilə bağı ilk oxuyandan hansı hissləri keçirdiniz?
- Mən onda Milan Kunderanın “Gülməyin və unutmağın kitabı”nı oxuyurdum. Başı sovet müstəmləkəçiliyindən bəlalar çəkən bu çex yazıçısı xalqına deyirdi ki, müstəmləkə illərinə gülün və unudun. Biz gülməyinə gülürük, amma coğrafi baxımdan Çexiya qədər şanslı deyilik. İstəsək belə rusları bu tezliklə unuda bilmərik, amma gec-tez unutmaq lazımdır. Fəxri adlara gəlincə, belə adlar bütün dünyada var. Sadəcə, bizim hökumət sənət adamları üçün yeni fəxri adlar fikirləşməlidir. Ramiz Rövşən Azərbaycanın sovet əsarətindən çıxması üçün can qoyub, qələmin süngüyə çevirib, indi həmin sovetin fəxri adı ilə mükafatlandırılır. Hanı məntiq?
- Sizə belə bir fəxri ad verilsə qəbul edərdiniz?
- Bəlkə də, qorxumdan qəbul edərdim. “Xalq şairi” adına görə bir şiş kababdan belə məhrum olmaq istəməzdim. Özümdən cırtqoz qəhrəman düzəltməyə heç həvəsim yoxdur.
- Deyirlər, tərcümə etdiyiniz Salman Rüşdinin “Gecəyarısı uşaqları” romanını nəşriyyat çap etməyib.
- Mənə kitabı türkcədən çevirməyi sifariş vermişdilər. Sonra ingilis və rus variantlarına baxdılar, türkcədən tərcümə onlara uyğun gəlmədi, ortada anlaşılmazlıq yarandı. Və kitab təxirə düşdü.
- Deyəsən, Ankarada çox darıxırsınız...
- Elçin Səlcuq həmişə deyirdi ki, adamı öldürən əbədi ayrılıqlar deyil, müvəqqəti ayrılıqlardı…