"Soruşsalar, necə adamdır? Deyərdim, pis adam deyil. Yaxşı adamdır? Çıxaq bir siqaret çəkək, brat!"
Sentyabrın 4-də tanınmış jurnalist, reportyor, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin doğum günü idi. Keçmiş ANS-çilər Vahid Mustafayevə sosial şəbəkələrdəki səhifələrindən təbrik ünvanlayıblar.
AYNA həmin təbriklərdən bir neçəsini təqdim edir.
Telejurnalist İradə İsak: "Vahid Mustafayev... Bu gün onun ad günüdür. Ona adımı, imzamı borcluyam. Onun kimi TVni bilən, quran çətin olar. Hamımız Vahid Naxışın şinelindən, Seyfulla müəllimin iclaslarından çıxdıq. Nəinki mənim, bu gün özünə telejurnalist deyib fəxr edən onlarla jurnalistin çiynində onun möhürü var.
Dalaşqandır dedilər, son dəqiqəyə qədər mənimlə "siz"lə danışdı. Əxlaqsızdır dedilər, bir dəfə hansısa işçisinə sataşdığını görmədim. Bəli, gözümün qabağında bir operatoru vurmuşdu. Amma adam layiq idi. Vahid müəllim haqlı idi. Bəlkə haqsız olduğu məqamlar da olub. Amma adam "vizyon"umuzu açdı. Çıxın qəlibinizdən dedi.
Novator idi, fərqli idi, cəsarətli idi, xarizmatik idi. Qurduğu ANS üçün ölümə gedərdik biz, işləmirdik ki, elə bilirdik, orada əsgər kimi vətənə xidmət edirik. O, bizə işimizi, vətənimizi sevməyi öyrətdi. Avropanı, Rusiyanı görməyi öyrətdi bizə. "Məsələyə fərqli tərəfdən baxın", - dedi.
Hə, sərt idi qaydaları, amma nizam-intizam vardı. Hər şey dedilər, o tökdü, mən yığdım. Və nə qədər xoşbəxtəm ki, mənim yolum ANSdən keçdi.
Çox yaşayın, Vahid müəllim. Üstümüzdə haqqınız var. Başqalarını bilmirəm, mən haqqı dana bilmərəm. Sizdən çox şey öyrəndim. Hər şey üçün təşəkkür edirəm! Başqasını bilmirəm, mən haqqı dana bilmərəm. Sizdən çox şey öyrəndim. Hər şey üçün təşəkkür edirəm!"
Jurnalist Orxan Məmmədli: "Bu gün Mustafayev Vahidin 51 yaşı olur. 3 şirkətində 9 il işləmişəm. Çox şey öyrənmişəm. Maraqlı, prinsipial, xarakterli, revmatizma kimi və adamı tanıyan adamdır.
Ötən həftə bir döyüşçü ilə qısa dialoqumuz oldu. Dedi ki, "Vahid qorxmurdu. Elə o birilər də. Amma Vahid başqa oğuldur. Mənə deyirdi," komandir, ən qaynar yerləri göstər... Kameranı götürüb məndən qabaqda gedirdi"".
- Qafar əminin danışdıqlarıyla mənim tanıdığım Vahid bir-birini tamamlayırdı...
Vahid Mustafayev güclü kommersantdır. Amma risk etmək, qorxunun üstünə getmək, yaxşı kadr çəkib xaricə satmaq məsələsi ilə bağlı deyildi. Xarakterdir. Ki, bu hissəsini Tibet münəccimləri danışsalar, daha yaxşı olardı.
Yumor mənim üçün ali məziyyət sayıldığından insanların bu keyfiyyətinə xüsusi diqqət yetirirəm. Qəribə yumoru var, Vahidin. Çox adam tuta bilməz. Heç vaxt qəşş eləyib getmərsən də. Bığın olsa altında, burnun yekədirsə, kölgəsində bir kısmat gülümsünərsən. Amma bilirsən ki, yumordur. Bir dəfə iclas idi. Dedi, hamınız tupoysuz. Əlimi qaldırdım, özüm də qalxdım ki, bir dəqiqə olar? Dedi, "tupoy deyilsən?" Dedim, yox. "Onda sən otur!"
Bir dəfə də bir qız hansısa rayonda tapılan qədim bayraqlardan reportaj hazırlamışdı. Üstündə farsca yazılar və ornamentlər vardı. Qız bir-ikisinin mənasını bilmədi. Vahid dedi ki, "utanmırsan? Tı je şiitka". "Şiitka" e, özü də? Şiəlik qızın nə aşığından, nə də topuğundan idi. Amma Vahid Naxış əhli-beytdən elə inamla moizələr oxudu ki, qız kövrəldi. Düşündüm ki, iclasdan çıxan kimi 7 rükət namaz qılıb, çerez dekalte başını bağlayacaq, inşallah!
Vahid müəllimə şef, boss, patron, Valya, Vako, əjdaha, əzrail, lısıy da deyirdilər. Amma hamısı kulisdə.
İclasları vampir sxodkalarını xatırladırdı. Adamın enerjisini alırdı. Özü demiş, tupoylara görə iclas uzanırdı. Şef də adamın ürəyini çəkib revmatizma yaradırdı. Amma öyrənirdin. Öyrədirdi. Yetişirdin. Yetişdirirdi. Həvəsi də vardıye ala!
Soruşsalar necə adamdır? Deyərdim, pis adam deyil. Yaxşı adamdır? Çıxaq bir siqaret çəkək, brat!
...Sən öl, camaat da asan camaat deyil. Vallah deyil, brat! Bir az üz göstər, çiyninə çıxarlar.
- Hə. Yeri gəlməmişkən, ilk dəfə gitara dınqıldatmağı Vahidin qəhvəyi və bahalı gitarasında öyrənmişəm. Hamı gedəndən sonra. Bakıfilmdə...
İşiniz avand olsun, Vahid müəllim. Bilirəm, çox adamın xatirəsində kobud insan kimi qalmısız. Bəlkə də həqiqətləri var. Amma bir həqiqət də var ki, sizdən uğura gedən yol yaxındır. 100 yaşayın!
Bir uğurum var, orada payınız var. Xatırladım ki, minnətdarlığımı bildirim.
Mı je sentyabristı!"
Qeyd edək ki, Vahid Mustafayev 4 sentyabr 1968-ci ildə Bakı şəhərində hərbçi ailəsində dünyaya gəlib. Gənc yaşlarından yaradıcılıq fəaliyyətinə qədəm qoyan Vahid Mustafayev 1988-ci ildə həm müxbir, həm də naşir kimi çalışmağa başlayır və rəsmi icazəsi olmadığı üçün Sovet dövründə “gizli nəşr” sayılan "RokOko" adlı dövri məcmuə dərc edib.
1991-ci ildə 23 yaşlı Vahid Mustafayev qardaşı Seyfulla Mustafayev və həmkarı Mir Şahin Ağayevlə birlikdə SSRİ-də ilk özəl müstəqil televiziya şirkəti yaradıb və sonradan çox şaxəli media qurumuna çevriləcək bu şirkətə "ANS" adını verib. 1992-ci ilin əvvəlində Vahid Mustafayev daha bir məşhur media şirkəti olan "ANS Press" İnformasiya Agentliyini yaradır və bu agentlik bütün dünyaya Azərbaycan həqiqətlərini çatdıraraq, o illərdə ölkənin düşdüyü informasiya blokadasının yarılmasında mühüm rol oynayıb.
1993-cü ildə 25 yaşlı Vahid Mustafayev daha bir yeniliyə imza ataraq, FM dalğalarda yayımlanan Qafqazda və Orta Asiyada ilk radio kanal açıb. Qarabağ döyüşləri zamanı şəhid olmuş böyük qardaşı, telereportyor, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını əbədiləşdirmək üçün o, yaratdığı FM radioya "ANS ÇM" adını verib.