Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Avropa İttifaqı ilə saziş imzalamalı, ya yox - ALVERDƏ İLİŞMİŞİK


Növbəti danışıqlar sentyabr ayında başlamalıdır və Azərbaycan tərəfi öz maraqlarına uyğun olmayana qədər müqaviləni imzalamayacaq
 
Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasındakı danışıqlar artıq uzun zamandır davam edir. Bütün bu gözləntilərə rəğmən, “tərəflər razılaşmaya bu dəqiqə imza atacaq”, - deyirik, ancaq hələ də imza atma mərasimi baş tutmur.
 
Müxtəlif diplomatik mənbələrə görə, Aİ ilə Azərbaycan arasında üç əsas istiqamətdə danışıqlar aparılıb: siyasi, sektoral və ticarət. Siyasi və sektoral sahələrdə tərəflər bütün məsələləri həll edə bilib. Hətta Avropa mənbələrinə görə, Azərbaycan tərəfi Qarabağ münaqişəsi ilə bağlı olan məsələdə maksimum şəkildə məqsədinə nail ola bilib.
 
Lakin qalır ticarət sahəsi. Brüsseldəki diplomatik mənbələrə istinadən euroactiv.com nəşrinin verdiyi məlumata görə, müqavilələrin imzalanmasında əngəl olan ticarət mövzusundakı fikir ayrılığıdır. Mənbədə qeyd olunur ki, Yunker Komissiyası (Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker - red.), Bakının müqavilə layihəsinin ticari hissəsində irəliləməsi şərti ilə, iki ay ərzində Azərbaycanla yeni ticari və siyasi saziş barədə danışıqların başa çatacağına ümid edir.
 
2019-cu ilin aprelində Elmar Məmmədyarovla Brüsseldə danışıqlardan sonra Aİ Xarici İşlər naziri Federika Moqerini, tərəflər arasındakı danışıqların "son, həlledici mərhələyə" girdiyini söylədi. Ancaq indi diplomatik mənbələr euroactiv.com-a bildiriblər ki, danışıqlardakı problemlər göründüyündən daha çətindir.
 
“Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv deyil və Brüsselin qeyd etdiyi kimi, ÜTT-yə daxil olmaq üçün ciddi ambisiyaları yoxdur. Bildirilir ki, bu maneə sazişin ticarət hissəsinin əlaqələndirilməsini ciddi şəkildə çətinləşdirir. Azərbaycan yeni ticarət və siyasi saziş imzalamaqda maraqlıdır, lakin buna görə ödəniş etmək istəmir”, - deyə mənbə qeyd edir.
 
Növbəti danışıqlar sentyabr ayında başlamalıdır və Azərbaycan tərəfi öz maraqlarına uyğun olmayana qədər müqaviləni imzalamayacaq. Üstəlik burda qeyd etmək lazımdır ki, danışıqlar zamanla əldə edilmiş bütün razılaşmaları tamamilə ləğv edən "yeni səhifə" ilə müzakirələrə başlana bilər. Ekspertlərin qeyd etdikləri kimi, Aİ-nin yeni rəhbərliyi İttifaqın daxili və xarici siyasətini qətiyyətlə dəyişdirmək niyyətindədir – yeni siyasət indikindən daha aktiv və aqressiv olacaq.
 
Vəziyyəti AYNA-ya şərh edən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, Azərbaycan ilə Aİ arasında sazişlərin imzalanmasının özünəməxsus xüsusiyyətləri var: “Azərbaycan və Belarus Avropa İttifaqı ilə saziş imzalamayıb. Belarusun imzalamaması Rusiya ilə siyasi-iqtisadi əlaqələrindən dolayıdır. Azərbaycan da bunun Rusiya ilə münasibətlərində gərginləşməyə səbəb ola biləcəyini başa düşür”.
“İndi tərəflər Avropa İttifaqı ilə Rusiya arasındakı rəqabəti alt-üst edən və heç bir halda Azərbaycanın daxili işlərinə qarışmaq imkanı verməyən sazişlərin asanlaşdırılmış variantı barədə razılığa gələ bilmir: “Yerdə yalnız Avropa İttifaqına enerji qaynaqları təklif edə biləcəyimiz ticari məsələ qalır ki, bu zaman da avropalılar bütün bazarımızı ələ keçirəcəklər. Bu isə, ölkə rəhbərliyinə lazım deyil”, - deyə siyasi şərhçi vurğulayıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10