II dünya müharibəsi başlandıqdan bir neçə ay sonra Almaniyanın daxili işlər naziri Vilhelm Frik Adolf Hitlerlə məsləhətləşmələrdən sonra Vermaxt qoşunlarının şəxsi heyəti üçün səhra fahişəxanalarının yaradılması ilə bağlı əmr imzalayıb.
Məqsəd alman döyüşçülərinin intim problemlərini həll etməklə yanaşı, həm də onları zöhrəvi xəstəliklərdən qorumaq, təsadüfi cinsi əlaqələrdən yayındırmaq və zorlama hallarına yol verməmək olub.
Bütün müharibə dövründə 500-dən artıq səhra fahişəxanası fəaliyyət göstərib.
İlk illərdə fahişəxanalar üç kateqoriyaya bölünüb, əsgərlər, serjantlar və zabitlər üçün ayrı-ayrı “müəssisələr” fəaliyyət göstərib. Sonralar bu reqlament aradan götürülüb.
Hər alman döyüşçüsünə ayda dörd dəfə intim problemini həll etməyə icazə verilib. Düşmən texnikasını, yaxud bir canlı qüvvəni məhv edən və ya döyüş zamanı xüsusi qəhrəmanlıq göstərənlər isə ay ərzində mükafat qaydasında daha bir dəfə səhra fahişəxanasını ziyarət etmək şansı qazanıb.
Fahişəxanaya giriş üçün alman döyüşçülərinə xüsusi talon verilib. Yalnız bu talon təqdim olunduqdan sonra onları içəri buraxıblar. Bu məsələ ciddi nəzarət altında saxlanılıb. Talonda qeydlər aparıldıqdan sonra onun yarısı kəsilərək döyüşçüyə qaytarılıb. Döyüşçü onu iki ay müddətində özündə saxlayıb. Əgər bu müddət ərzində döyüşçüdə hər hansı bir xəstəlik aşkar olunubsa, məhz bu talon vasitəsi ilə xəstəliyiə kim tərəfindən yoluxmasını aşkar etmək mümkün olub.
İntim xidmətlərinə görə hər bir fahişəyə bir görüş üçün 3 reyxsmarka pul ödənilib. Ödəniş yerində həyata keçirilib. Sonradan isə həmin pul Vermaxt tərəfindən ziyarət sayına görə döyüşçülərə ödənilib.
Səhra fahişəxanalarının rəhbərləri ciddi qaydada həkimlərdən ibarət olublar. İntim xidmət göstərən qadınlar hər gün tibbi yoxlamadan keçib. Zərurət yarandığı halda onlar müayinə və müalicə üçün xəstəxana və hospitallara göndəriliblər.
Hər “bordel”də 20, maksimum 30 qadın xidmət göstərib. Onlar xüsusi güzəştlərə malik olublar.
Sanitar-gigiyenik qaydalara ciddi nəzarət olunsa da, bəzi fahişəxanalarda yataq dəstləri 10 görüşdən bir dəyişdirilib, qadınlar isə Vermaxt döyüşçülərini “ruhlandırmaq” üçün hər görüşdə alt paltarlarını təzə də olmasa, təmizləri ilə yeniləyiblər.
Görüş müddəti bir saat müəyyənləşib. Bu müddət ərzində döyüşçü istədiyi və fiziki imkanı çatdığı qədər intim tələbatını ödəmək ixtiyarında olub. Və elə cinsi əlaqə sayına görə də onlara pulsuz rezin qoruyucular verilib.
Səhra fahişəxanalarında almanların əlamətdar bayram günlərində qadınlar “istirahətə” gələnlər üçün xüsusi şou da hazırlayıblar.
Fahişəxanalarda müəyyən olunmuş qaydaları pozan döyüşçüləri 10 sutkalıq cəza gözləyib. O, cümlədən döyüşçülərin istəklərini (kobud seksdən başqa) yerinə yetirməyən qadınlar da bütün güzəştlərdən məhrum olunublar.
Səhra fahişəxanalarına qadınlar əsasən könüllü cəlb olunublar. Sonralar bura əsir düşərgələrində olan qadınlar da gətirilib.
Bəzən belə hallar da olub ki, Vermaxt döyüşçüsü fahişəxanada cinsi əlaqədə olduğu qadınla sonradan evlənib.
Səhra fahişəxanaların fəaliyyəti rəsmi struktur kimi Vermaxt rəhbərliyinə göndərilən arayışlarda da öz əksini tapıb. Arxiv sənədlərində Vermaxtın quru qoşunlarının qərərgah rəisi, general-polkovnik Frans Qalderin rəhbərliyə göndərdiyi məxfi məktubda bu sətirlər öz əksini tapıb:
“Məlumat üçün aşağıdakıları bildirirəm:
1. Tanklar üçün yeni mühərriklərə ehtiyac var.
2. Yeni əsir düşərgələrinin yaradılması üçün əlavə vəsaitin ayrılması zərurəti yaranıb.
3. Səhra fahişəxanalarının fəaliyyəti məqbul sayılsa da, onlar say etibarı ilə Vermaxt döyüşçülərinin tələbatını tam ödəməyə qadir deyillər...”
Vermaxt fahişəxanaları həmçinin almanların işğal etdiyi SSRİ ərazilərində də fəaliyyət göstərib. Rus qadınları da bu “bordel”lərdə işə cəlb olunub.
Bu haqda məlumatlı olan Lavrenti Beriya fahişəxanalardan kəşfiyyat məqsədi ilə istifadə etməyə nail olub. Belə ki, o, alman dilini mükəmməl bilən rus qadınlarını həmin fahişəxanalara cəlb edib. Həmin qadınlar “öz hesablarına” alman zabitlərinə həm də alkoqollu içkilər təklif ediblər. Bu əməliyyat yalnız yüksəkçinli zabitlərlə keçirilib. Fahişəxana münasibətlərini sonradan adi həyatda davam etdirməyə nail olan qadınlar bir çox informasiyaların əldə edilməsinə də nail olublar.