Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bir günlük müharibə”: Azərbaycanın itkisi ABŞ-dan çox olub - Səbuhi Sədəf yazır


İkinci dünya müharibəsinə, yarızarafatla “bir gün davam edən müharibə” də deyirlər. 1939-cu il sentyabrın 1-i başlayan bu müharibə 1945-ci il sentyabrın 2-ə kimi davam etmişdi.

Tarixə ən qanlı müharibə kimi düşmüşdü, çox böyük miqyas alaraq, demək olar ki, bütün dövlətləri əhatə etdi.

Kifayət qədər sərt başlamışdı. Almanlar qısa zamanda Polşanı viran qoymuşdular. Ruslar isə 1940-cı ildə Estoniya, Latviya və Litvanı da işğal etdilər. 1940-cı ilin aprel və may aylarında almanlar qəflətən Norveçi, Danimarkanı və Niderlandı tutmuşdular və Belçikaya hücuma başladılar. 1940-cı ilin iyunun 13-də almanlar artıq Parisdəydilər. Yeri gəlmişkən, fransızlar Eyfel qülləsinin liftini xarab etdiyindən Hitler onun başına çıxa bilməmişdi.

1940-cı ilin iyununda Hitler Vermaxt rəhbərliyinə artıq SSRİ-yə qarşı hücum planı hazırlamaq tapşırığı verdi. “Barbarossa” adını almış plan, 1940-cı il dekabrın 18-də təsdiq edildi.

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etdi. SSRİ-nin Böyük Vətən müharibəsi başlandı və Hitlerin, faşist Almaniyasının sonunu da məhz SSRİ-yə hücum gətirdi. Sonradan ABŞ və Britaniya ilə koalisiya yaradan SSRİ Berlini ələ keçirərək faşizm üzərində qələbəyə nail olmuşdu.

Biz 2-ci dünya müharibəsinin hansı xronologiya ilə başlayıb davam etməsi barədə qeydlər yazmaqdan uzağıq. Əslində, buna ehtiyac da yoxdu. Amma bəşər tarixinin ən dəhşətli və dağıdıcı müharibəsi barədə bəzi məqamları xatırladaq.

Bu müharibədə hərbi əməliyyatların əhatə etdiyi ərazi Birinci Dünya Müharibəsindəkindən 5,5 dəfə çox idi. Müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyon ABŞ dolları olmuşdu. Onların 1 trilyon 117 milyardını sırf hərbi xərclər təşkil etmişdi. Müharibə zamanı 60 milyondan çox adam həlak olmuşdu. Ondan 27 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın və s. payına düşmüşdü. İkinci dünya müharibəsinin ən başlıca yekunlarından biri faşizmin ictimai-siyasi sistem kimi yer üzündən silinməsidir.

Bu müharibəyə 100 milyondan çox adamın birbaşa əldə silah cəlb olunduğu bildirilir.

Müharibədə Yaponiya Çinə içinə taun birələri doldurulmuş bombalar atıb. Bu bomba nəticəsində epidemiya baş qaldırır və Çində 500 min insan həlak olur. Yaponların öldürdüyü çinlilərin sayı müharibə vaxtı öldürülən yəhudilərdən daha çox idi.

Təsəvvür edin, Avropada 1923-cü ildə doğulan kişilərin səksən faizi İkinci Dünya Müharibəsi illərində həlak olub.

Almanlar Polşaya hücuma keçəndə Vizna şəhərini 720 polyak qoruyurdu. Onlar 42 min əsgər, 650 top və 350 tankdan ibarət 19-cu alman ordusuna qarşı 3 gün tab gətirmişdilər.

Müharibə zamanı 3 il ərzində 1 100 000 yəhudi uşaq öldürülmüşdü. Polşalı həkim Egen Lazovski və onun köməkçisi Holokost vaxtı 8000 yəhudini xilas edə bilmişdi. Onlar Rozvadov şəhərinə gələn alman əsgərlərinə şəhərdə tif epidemiyasının olduğunu bildirmişdilər, 1941-ci ilin oktyabr ayında Rumıniya ordusu nasist Almaniyasının nəzarəti ilə Odessada 50 min yəhudini qətlə yetirib. Bu hadisə tarixdə “Odessa yəhudilərinin qətli” termini ilə həkk edilib.

Hitler Moskvanı ələ keçirmək, şəhər əhlini qətlə yetirmək və yerində süni su anbarı inşa etməyi planlaşdırırdı.

Rusların Stalinqrad döyüşü vaxtı öldürdükləri almanların sayı amerikalıların ikinci dünya müharibəsində öldürdüyü almanların sayından çoxdur.

İkinci dünya müharibəsində 2 milyon alman qadını Qızıl Ordu əsgərləri tərəfindən zorlanıb. Onların yaşı 13-70 arası olub.

1941-ci ildə SSRİ-də 33 milyon ton neft istehsal olunmuşdu. Bunun 23,6 milyon tonu Bakının payına düşürdü. O cümlədən aviasiya benzininin 88 faizi cəbhəyə Bakıdan göndərilirdi.

650 mindən çox azərbaycanlı sovetlərin Böyük Vətən Müharibəsi adlandırdığı mübarizəyə qoşulmuşdu. Onlardan 11000 nəfəri qadın idi. Təxminən 350 min azərbaycanlı cəbhədən geri qayıtmadı. Maraqlısı odur ki, İkinci Dünya Müharibəsinin ən fəal iştirakçılarından olan ABŞ-ın bu müharibədəki itkisi Azərbaycan xalqının itkisindən az idi.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10