Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mülkiyyət hüququ: Biz 3 min il gecikmişik


“Bəşəriyyətin 3 min ilə keçdiyi yolu daha tez keçmək məcburiyyətindəyik”

 

İqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında mülkiyyət hüququ barədə maraqlı paylaşım edib. AYNA ekspertin fikirlərini təqdim edir:

 

“Tarixdə bir çox dəyişikliklər, bir çox hüquqların təsisi, dövlət quruluşlarının yaranması, hətta idarəetmə formalarının dəyişməsi mülkiyyət hüququnun qorunması uğrunda mübarizədən doğub. Mülkiyyətin toxunulmazlığı uğrunda mübarizə monarxik quruluşları dağıdıb, zəiflədib, seçki hüququnun yaranmasının əsasını qoyub.

Məşhur Karfagen şəhərinin əsası bizim eradan əvvəl 815-825-ci illərdə qoyulub. Əfsanəyə görə, Tirdən - qardaşının əlindən qaçan şahzadə Didona, indiki Tunis sahillərinə gəlir, yerli qəbilə başçısından torpaq almaq istəyir, o da deyir ki, öküz dərisi örtən qədər sənə torpaq sataram. Didona dərini çox nazik lent şəklində kəsir və çox böyük bir ərazini işarələyir. Qəbilə başçısı sözünü tutur, Didonanın mülkiyyət hüququnu tanıyır və beləliklə də Karfagen şəhəri yaranır.

 

Sonra şəhər çox böyüyür, iki klan - aqrarlar və ticarətçilər elitası yaranır. Aqrarlar Afrikanın dərinliklərinə enib daha çox torpaq tutmağı, tacirlər isə sahil zolaqlarında hegamon olub dünya ilə ticarət etməyi təklif edirdilər. Məsələni seçki həll etdi - şəhər əhalisi hər dəfə salahiyyət müddəti cəmi 1 il olan canişin seçməyə, həmin məmur da şəhər elitasından seçilmiş Məclislə birgə Karfageni idarə etməyə başladı. Məclisə seçilmək hüququnu isə mülkiyyəti olanlar qazandılar, çünki itirməyə nəyisə olanlar qərar verəndə daha məsuliyyətli olurdular.

 

Beləliklə, bizim eradan əvvəl yaşayanlar belə, mülkiyyət hüququnun və seçkinin nə qədər vacib olduğunu anlamışdılar.

 

1215-ci ildə imzalanmış, bütün sonrakı konstitusiyaların anası rolunu oynamış “Magna Carta” da mülkiyyət uğrunda mübarizədən doğdu, mülkiyyət hüququnun qorunması isə seçkili orqanların formalaşmasının yolunu açdı. Burjua inqilabları, sistem dəyişiklikləri, yeni idarəetmə formalarının yaranması, Respublikaların təsisi - hamısı mülkiyyət hüququ mübarizəsinin nəticəsi idi və seçkili orqanların yaranması ilə yekunlaşdı.

 

21-ci əsr Azərbaycanında isə nə mülkiyyət hüququ var, nə milli, hakimiyyətdən müstəqil burjuaziya formalaşıb, nə də seçki institutu yaranıb. Ona görə də öncə mülkiyyət məsələsi həll edilməli, toxunulmazlıq zirehinə bürünməli, iqtisadi (maliyyə) amnistiya tətbiq edilməli, milli burjuaziyanın yaranması baş verməlidir ki, paralel olaraq da seçki institutlaşmış və oturuşmuş dəyərə çevrilsin.

 

Bu, uzun, amma dayanıqlı yoldur, sadəcə məmləkətin buna zamanı qalmayıb, indi məsuliyyətli siyasi iradə lazımdır ki, bu yolu, bəşəriyyətin 3000 ilə keçdiyi yolu daha tez keçək. Bunun üçün tərsdən getməliyik, ilk seçki institutunu bərqərar etməliyik ki, həm iqtisadi (maliyyə) amnistiya baş versin, həm milli burjuaziya yaransın, həm də paralel olaraq seçkili orqanlar möhkəmlənərək üzünü xalqın və dövlətin problemlərinə çevirsin”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10