Bu gün Nobel mükafatçısı Nəcib Məhfuzun anım günüdür. Kulis.az yazıçının “Güllələnən xəyallar” hekayəsini təqdim edir.
Qatar gələnə yaxın "Zaqaziq" stansiyasında canlanma başlanırdı. Səfərə çıxanlar, gələnləri qarşılayanlar, ən çox da gündəlik ruzisini buradan çıxarmağa çalışanlar hər səhər sanki hardansa peyda olurdular. Hamıdan qabaq da siqaret satan oğlanlar, ən tez də Cahşa gələrdi. Allahdan aşağı; onun bütün ümidi, gümanı bu stansiyaya gələn, buradan keçən sərnişinlərə qalmışdı. Qatar gələnə qədər perrondakı adamlara göz qoyar, siqaret satmağa müştəri axtarardı. Elə siqaret satan başqa oğlanlar da stansiyadakı hər kəsi başdan-ayağa gözdən keçirər, siqaret istəyəni vağzalda qazandıqları xüsusi təcrübə ilə müəyyənləşdirər və ətrafında dolanardılar. Bu yeniyetmələrin öz aralarında yazılmamış qanunları vardı; biri o birinin müştərisinə yaxınlaşmazdı. Bütün bunlar hələ hazırlıq mərhələsi idi, əsl ticarət qatar gələndə qızışırdı. Qatar stansiyada dayanan kimi hər kəs hərəkətə keçir, çörək pulu üçün gələn uşaqlar sanki nəfəs dərmədən, bu fürsəti əldən verməməyə çalışardılar. Bu müddətdə sanki zaman da axarını dəyişir, daha sürətlə axıb keçir və hər kəs də bu axara yetişmək üçün yarışardı. Xırda gözləri parıldayan Cahşa müştəri tapmaq üçün yorulmadan perron boyunca o tərəf-bu tərəfə qaçırdı. Doğrudur, bu iş onun dolanışığı üçün vacib idi, amma soruşan olsa, işinə də, özünə də nifrət etdiyini söylər, sonra da çarəsiz boynunu büküb üzünə baxar, heç olmasa, bu səmimiyyəti müqabilində ondan bir qutu siqaret almağını umardı. Təkcə Cahşa yox, bu işlə dolanmaqçün çırpınan cavanların hamısı sizə yəqin ki, elə həmin cavabı verər, bu həyata məhkum olduqlarını deyərdilər… Cahşa üçün ən böyük xoşbəxtlik varlı-karlı bir ağanın sürücüsü olmaq idi. Onda səliqəli geyinər, varlıların yediyindən yeyərdi… Sürdüyü avtomobilə göz bəbəyi kimi baxar, ağasını gəzdirər, istirahətə, bahalı restoranlara aparar, ağanın kölgəsində adam kimi yaşayardı… Bu xəyallar Cahşanın bitib-tükənməyən sıxıntılarını, bircə qutu siqaret sata bilmək üçün onun-bunun qabağına qaçdığı, cilddən-cildə, rəngdən-rəngə düşdüyü gündəlik həyatını unutmaq üçün ən xoş təsəllisi, yeganə ümid qapısı idi. Cahşanın bu cür xəyallarla yaşamasının mühüm bir səbəbi vardı. – Qurr! O da Qurr kimi olmaq istəyirdi. Varlı bir iş adamının sürücüsüydü Qurr. Başqa bir varlının evində xidmətçi işləyən Nəbəviyyə adlı qızla görüşürdü. Bu görüşlərin birində Qurrun sevinc və həyəcanla əllərini ovuşduraraq Nəbəviyyəyə "Bu yaxında sənə nişan üzüyü gətirəcəyəm", - dediyini Cahşa da eşitmişdi. Qız da işvəli bir əda ilə guya açılmış örpəyini bağlamaq istəyirmiş kimi onun ucunu bir az da qaldırmış və oğlanı özünə məftun eləmək üçün zeytun yağıyla parıldatdığı qara saçlarını göstərmişdi.
Hər dəfə bu mənzərəni təsəvvüründə canlandıran Cahşanın ürəyindən qara qanlar axır, qəlbində baş qaldıran qısqanclıq onu boğur, əldən salırdı… Axı, o da da Nəbəviyyəni sevirdi… Hər dəfə qızın qara gözlərinə baxanda ürəyinə od düşür, həyəcandan özünü itirir, əl-ayağı titrəyirdi… Cahşa qızı gözdən qoymur, fürsət düşən kimi ona yaxınlaşırdı. Günlərin birində isə o da elə Qurr kimi qızın qulağına əyilib "Yaxında üzüklə gələcəyəm", - demişdi. Nəbəviyyə qaşlarını çatmış, onu başdan-ayağa süzərək, "Ala bilirsən, get özünə bir cüt ayaqqabı al", - demiş və dönüb getmişdi. Bu cavabdan sonra Cahşa dəvə dabanına bənzəyən yöndəmsiz ayaqlarına, kirli paltarına və tozlu şapkasına göz gəzdirmiş, belə qənaətə gəlmişdi ki, bütün bu uğursuzluqlarının səbəbi elə bu görkəmidir. Amma nə olur-olsun, Cahşa ümidsizliyə düşən adam deyildi. Xəyallarını həqiqətə çevirmək üçün çırpınır, yollar axtarır, əlinə bir şey keçirə bilməsə də, ümidini itirmirdi.
O axşam da həmişəki kimi "Zaqaziq" stansiyasına hamıdan qabaq gəlmişdi. Uzaqdan qatarın dumanı göründü. Bir azdan qatarın fit səsi eşidildi və vaqonlar göründü. Stansiyaya çatan qatar böyük bir uğultu qoparıb dayandı. Cahşa vaqonlara tərəf qaçdı. Vaqonların girişində silahlı əsgər görüb xoflandı. Deyəsən, bu gün siqaret satmağa müştəri tapa bilməyəcəkdi; sərnişinlərin hamısı hərbi əsirlərdi… Cahşa yerindəcə donub qaldı… Gözlərindən kədər yağan sərnişinlər isə həsrət dolu baxışlarla perronda dayanmış Cahşaya, onun əlindəki siqaret qutularına baxırdılar. Stansiyadakılar öz aralarında pıçıldaşırdılar ki, əsir düşmüş İtaliya əsgərləridir, onları əsir düşərgəsinə aparırlar.
Cahşa donub qalmışdı… Gözlərini əsirlərin rəngini itirmiş, bomboz sifətindən çəkə bilmirdi. Birdən içində qəribə bir duyğunun baş qaldırdığını hiss etdi; onların halına acıdı və ürəyindən keçdi ki, əlindəki bütün siqaretləri bu yazıqlara paylasın. Amma onun bu mərhəmət duyğusu uzun sürmədi və o yenidən dönüb bir az əvvəlki oğlan oldu... Əvvəla, əlindəki siqaretləri açıb bircə-bircə paylasaydı belə, bu əsirlərin heç yarısına da çatmazdı, ikincisi də öz arzularına və sevdiyi qıza qovuşmaq üçün siqareti satmalı idi - başqa yolu yoxdu... Nə olur-olsun, bu fədakarlıq - vaqonun pəncərəsindən boylanan bu zavallıların əsl səfalət tablosu kimi görünən solğun çöhrələrini bircə siqaretlə sevindirmək belə Cahşa üçün imkansızdı. Əsirlərsə acgözlüklə onun əlində tutduğu siqaret qutularına baxırdılar. Özünü ələ aldı, sifətinə əsəbi ifadə verdi və mərhəmətsiz, ikrah dolu baxışlarla onlara göz gəzdirməyə başladı… Bir anlığa nə düşündüsə, arxasına dönərək perronun kənarına tərəf yönəldi. Elə bu zaman arxadan kiminsə yunan ləhcəsi ilə ərəb dilində "siqaret" dediyini eşitdi.
Cahşa dönüb çaşqın və tərəddüd dolu baxışlarla gözünü ondan çəkməyən əsirə baxdı və baş barmağı ilə işarət barmağını bir-birinə sürtərək siqaretin pulsuz olmadığını xatırlatdı. Bədəninin az qala yarısını vaqonun pəncərəsindən bayıra çıxarmış əsir ehtiyatla sağa-sola boylandı və əynindəki əsgər kitelini çıxarıb yelləyərək, "Mənim pulum budur", - deyə Cahşaya səsləndi.
Cahşa bu təklif qarşısında bir anlıq çaşıb qaldı, amma sarı düyməli, boz rəngli kitelə gözü düşdüyü üçün ürəyi həyəcanla çırpınmağa başladı. Ancaq o, çoxlarının düşündüyü qədər də sadəlövh və axmaq deyildi. Bu kiteli əsirdən su qiymətinə almağa qərar verdi. Elə bunun üçün də özünü bu təklif qarşısında laqeyd göstərməyə başladı, yəni o qədər də ehtiyacım yoxdur. Sonra da bir qutu siqareti yuxarı qaldırıb əsirə göstərdi, yəni bir qutuya bir kitel. Əsgərin alnı qırışdı və dedi:
- Bu cür kitel üçün cəmi bir qutu? On qutu ver…
Cahşa başını bulayaraq razı olmadığını bildirdi və geri çəkildi. Əsirin onun toruna düşdüyünü və istədiyi qiymətə razı olacağını bildiyi üçün dönüb getdi. Əsgər arxasınca səsləndi:
- Yaxşı doqquz, ya da səkkiz qutu ver...
Cahşa inadla başını yellədi, yəni "yox". Əsgər bu dəfə də:
- Onda yeddi olsun, - dedi.
Cahşa yenə başını yellədi. Əsir onu geri qaytarmaq üçün altıya, sonra isə beşə qədər endi.
Cahşa hələ də başını yelləyirdi. Sonra da gedib perronun kənarındakı skamyada oturdu.
Hövsələdən çıxmış əsgər hələ də onu çağırırdı:
- Yaxşı, dördə də razıyam.
Cahşa dördə də razı olmadı, üstəlik də etirazını bildirmək üçün damağına bir siqaret qoyub yandırdı və özündən razı halda tüstünü havaya üfürməyə başladı.
Bu mənzərəni görən, bayaqdan bəri əsəbləri tarıma çəkilmiş əsgərin artıq səbri tükəndi. Həmin anda onun bu dünyada siqaret çəkməkdən başqa heç bir istəyi yoxdu, daha doğrusu, siqaretdən savayı ağlına bir şey gəlmirdi… Elə çarəsiz haldaydı ki, dörddən sonra "üç" demədi, birbaşa ikiyə düşdü. Cahşa isə tələsmirdi, yəqin ki, istəsə, onu birə də endirə bilərdi, amma endirmədi, iki qutuya razılaşdı və əsgər də bayaqdan əlində yellədiyi kitelini uzadaraq:
- Gətir, - dedi.
Cahşa oturduğu yerdən qalxıb qatara yaxınlaşdı və kiteli alıb, əsgərə iki qutu siqaret verdi. Qürur hissi ilə əlindəki kitelə baxan Cahşanın dodaqlarına zəfər təbəssümü qondu. Qayıdıb bir az əvvəl oturduğu skamyanın yanına gəldi, əlindəki siqaret qutularını oturacağın üzərinə qoyub, kiteli geyindi. Kitel Cahşanın əyninə böyükdü, amma bu, onun üçün dərd deyildi, ən əsası o idi ki, bu cür geyimi vardı!.. Sevincindən nə edəcəyini bilmirdi… Siqaret qutularını götürüb stansiyada o baş-bu başa gəzməyə, müştəri haraylamağa başladı. Ürəyindən bircə istək keçirdi: "kaş, al örpəkli Nəbəviyyə məni bu geyimdə görəydi… O zaman məndən uzaq durmaz və yuxarıdan aşağı baxmazdı…" Sonra da ürəyində Qurra meydan oxumağa başladı: "Artıq bundan sonra sən də mənim yanımda lovğalana bilməzsən!.." Ancaq bir məsələ də vardı; axı, Qurr təkcə pencək deyil, kostyum geyinirdi, onunsa təkcə kiteli vardı, bəs, şalvarı haradan tapacaqdı?.. Bir az düşündü və ağlına nə gəldisə, qatarın pəncərəsindən boylanan əsirlərə mənalı-mənalı baxmağa başladı. İçində yeni arzular baş qaldırmışdı, deyəsən, kitelin şalvarını da elə indi, burada ələ keçirməyə qərar vermişdi. Vaqonlara yaxınlaşıb:
- Siqaret!.. Siqaret!.. Pulu olmayanlar üçün bir qutu bir şalvara! Bir şalvara bir qutu! - deyə qışqırmağa başladı.
Bu sözləri bir neçə dəfə təkrarladı. Birdən ağlına gəldi ki, əsirlər onun nə dediyini anlamırlar, ona görə də başqa bir üsul düşündü; gah əynindəki kiteli göstərməyə, gah da siqaret qutusunu başının üstündə yelləməyə başladı. Çox keçmədi ki, onun bu fəndi öz səmərəsini verdi və əsgərlərdən biri kitelini çıxarıb ona tərəf uzatdı. Cahşa əsgərə yaxınlaşdı, əli ilə şalvarını göstərdi, yəni kiteli yox, şalvarı istəyir. Əsgər çiyinlərini çəkdi, yəni ona da etiraz eləmir, sonra da şalvarını soyunmağa başladı. Beləcə, alış-veriş baş tutmuş oldu. Şalvarı alan Cahşa az qala sevincindən uçurdu... Əvvəlki yerinə qayıdıb şalvarı da geyindi. Bu geyimdə o lap İtaliya əsgərinə oxşayırdı! Görəsən, geyimində, üst-başında bir nöqsan vardımı? Kaş, əsirlərin şapkaları da olaydı… Ancaq ayaqqabıları vardı!..
Cahşa siqaret qutularını götürüb yenidən qatara tərəf yüyürdü:
- Siqaret, bir cüt ayaqqabıya bir qutu!.. Bir cüt ayaqqabıya bir qutu!... - deyə qışqırdı.
Yenə də əl-qol işarəsi ilə istəyini başa salmaq istədi. Ancaq o, müştəri tapanadək qatar fit çaldı və silahlı mühafizəçilər vaqonların qapılarında öz yerlərini tutdular. Qatar uzun bir fit verdi və bacasından qalxan qara tüstü buludu stansiyanın üstünə çökdü… Uğultu ilə yerindən tərpənən qatar sanki, Cahşanın arzularını da özü ilə aparır, onu bu stansiyada ayaqyalın qoyurdu… Onun gözlərində kədərlə qəzəb bir-birinə qarışmışdı. Vaqonlar Cahşanın yanından ağır-ağır ötüb keçir, o isə dayandığı yerdə donub qalmışdı…
Birdən mühafizəçilərdən biri əsgər geyimli Cahşanı gördü, üzü qəzəbdən titrədi və Cahşaya əvvəlcə ingiliscə, sonra isə italyanca qışqırdı:
- Ey, əsir, tez min!.. Tez ol, qatara min!
Cahşa əsgərin nə dediyini başa düşmədi və əlini yelləyərək stansiyanın kənarına doğru addımlamağa başladı. Əsgər isə dayanmadan qışqırırdı:
- Qatara min, əsir! Son dəfə xəbərdarlıq edirəm, qatara min!
Cahşa onu məsxərəyə qoymaq üçün dodaqlarını büzdü, dönüb yoluna davam etdi. Mühafizəçi əsgər sol əlini yelləyərək onu hədələdi və qatara minməsini istədi. Ancaq Cahşanın ona məhəl qoymadığını görüb tüfəngini çiynindən aşırdı və atəş açdı. Güllənin səsi qulaqlarda əks-səda doğurdu. Oğlan səndələyib üzü üstə yıxıldı… Siqaret qutuları ətrafa səpələndi… Bir azdan qatar gözdən itmiş, stansiyanın üstünə çökmüş tüstüsü dağılıb getmişdi. Cahşanın cansız bədəni isə elə yıxıldığı yerdəcə buza dönmüşdü...
Ərəb dilindən tərcümə edən: Mahir Həmidov/artkaspi.az