Ekspert: “Əgər rəhbərlik əməkhaqqı ödəməmək qarşılığında işə fasilə verməyə razı olsa belə, işçilər özləri etiraz edəcəklər ki, biz işləmək istəyirik”
Son günlər havaların kəskin isti keçməsi fonunda, açıq hava altında fəhlələrin işlədilməsi halları müşahidə olunur. Paytaxtın müxtəlif ərazilərində yol çəkilişlərində, binaların tikintisində sözügedən mənzərənin şahidi oluruq.
Bəzi tikinti işlərində işçilərin fasiləsiz olaraq çalışdırılması, günün ən isti saatlarında belə, işə fasilə verilməməsi problemi yenidən qabartmaq və müvafiq qurumların diqqətini cəlb etmək zərurəti yaradır. AYNA məsələnin ciddiliyini nəzərə alaraq, problem barədə məlumatlandırmaq, həmçinin bu istiqamətdə hansı tədbirlər görüldüyünü öyrənmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Nazirlikdən isə sorğumuza ənənəvi, şablon cavab verildi. Belə ki:
“Havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda, açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.
Həmçinin, Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) işçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsinin, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılmasının qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən olduğunu diqqətə çatdırır.
Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. Məcəlləyə 2-ci əlavəyə görə, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır. Həmçinin tikinti işləri görülərkən küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma, 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, 6 baldan artıq olduqda taxta-şalban, işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılır.
Dənizdə işləyərkən küləyin gücü 3 baldan artıq olduqda qaynaq tikişinin şaquli və tavan vəziyyətində qoyulduğu bütün növ qaynaq, 4 baldan artıq olduqda ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə, daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işləri, qaynaq tikişinin aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri, estakada tikən kranla quraşdırma və dəniz neft-mədən qurğularının sökülməsi işləri dayandırılmalıdır.
Qeyd olunan əlavədə, həmçinin dənizdə işləyərkən küləyin gücü 5 baldan artıq olduqda ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə, kopyor vasitəsilə dayaqlar vurulması, daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi), traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi, estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işlərinin dayandırılması nəzərdə tutulur.
Küləyin gücü 6 baldan artıq olduqda daimi dəniz özüllərində istismar edilən quyularda işlər, daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işləri dayandırılır. Əgər küləyin gücü 8 baldan çoxdursa, bu zaman qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işlər, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işlər dayandırılmalıdır. Küləyin gücü 10 baldan artıq olduqda isə quyunun yuyulması işlərindən başqa buruqda bütün işlərin dayandırılması nəzərdə tutulur.
Belə hallarda işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir. Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir”.
Məsələ barədə AYNA-ya şərh verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovun sözlərinə görə, havanın temperaturu +41 dərəcəni keçdikdə iş dayandırılmalıdır: “Yəni o yerdə ki hava temperaturunu süni şəkildə tənzimləmək mümkün deyil. Məsələn, hər hansı bir otaqda, sexdə işliyirsinizsə, orada kondisioner varsa, çöldə +50 dərəcə isti olsa belə, iş dayandırılmır. Yox əgər iş açıq hava şəraitindədirsə, havanın temperaturunu dəyişmək mümkün deyilsə, o zaman iş mütləq dayandırılmalıdır”.
“Amma elə işlər var ki, onu dayandırmaq mümkün deyil. Bu zaman işə götürən əlavə tədbirlər görməlidir. Məsələn, yol çəkilişi və ya hər hansısa bir işdir ki, orda fasilə vermək mümkün deyil. Belə olan halda, zontlar quraşdırılmalıdır. Tez-tez fasilələr verməli, işçilər sərinləşdirici içkilərlə təmin etməlidir. Başlarına geymək üçün şlyapa verilməlidir. İşəgötürən bunları etməlidir ki, işçiləri gün, yaxud isti vurmasın. Çünki hər iki halda ağır nəticələr ortaya çıxa bilər”, - deyə S.Məmmədov bildirib.
O, təəssüf hissi ilə qeyd edib ki, hazırda işəgötürənlərin çoxu bu qaydalara əməl etmir: “İnsanlar havanın qızmar vaxtında açıq havada işləyirlər. Bu, qanun pozuntusudur. Hazırda da Dövlət Əmək Müfəttişliyinin yoxlama aparmaq hüququ yoxdur. Çünki sahibkarlıq subyektlərini yoxlamaları dayandırılıb. Hətta, yoxlamaq hüquqları olsa belə, imkan edib hər yeri yoxlamaq mümkün deyil”.
Ekspert burada məsələnin işəgötürənin vicdanına qaldığını deyib: “İşəgötürən işçisinə qul kimi baxmalı deyil. Heç +41 dərəcəni də gözləməli deyil. Görürsə ki, işçisi üçün açıq havada işləmək çətindir, ya işi dayandırmalı, ya da əlavə tədbirlər görməlidir. Fasilələr verməlidir, iş müddətini qısaltmalıdır. Xüsusi geyimlər verməlidir. Sərinləşdirici içkilərlə təmin etməlidir”.
“Lakin əksər hallarda bunun əksini görürük. İşçilər də haqlarını tələb etməkdən çəkinirlər, çünki işdən qovula bilərlər. Məsələn, götürək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini. Yol çəkilişi zamanı işçilər açıq havada işləyirlər. Əgər rəhbərlik onlara desə ki, “fasilə edin, amma qarşılığında sizə maaş verməyəcəyik”, işçilər özləri dava salacaqlar ki, “biz işləmək istəyirik”. Əslində bu, işəgötürənin iradəsindən asılı olan bir məsələdir. Çünki iş dayanan zaman ya işçiyə pul verilmir, ya da uzaqbaşı işçinin boş dayanmasına görə az pul verilir. Bunda isə işçinin özü də maraqlı olmur”, - S.Məmmədov vurğulayıb.
Milli Məclisin üzvü, hüquqşünas deputat Fazil Mustafa da AYNA-ya açıqlamasında bildirib ki, əksər hallarda əmək qanunvericiliyinin tələbləri pozulur: “Havanın temperaturu yayda həddindən artıq isti, qışda isə çox soyuq olduğu vaxtlarda açıq hava altında çalışılan iş yerlərində işlər dayandırmalıdır. Təbii ki, bunlar hamısı əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənməlidir. Lakin təəssüf ki, problemin bəzi hallarda həllini tapmadığını görürük. Buna qarşı ciddi tədbirlər görülməlidir”.