Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cahangir Hacıyevin təcridxana həyatı haqda ilginc təfərrüatlar


Penitensiar Xidmətin sabiq rəisi deyib ki, varlı məmurların həbsi imkansız dustaqlar üçün toy-bayrama çevrilir...
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

İki gün əvvəl keçirilən prosesdə çıxış edən C.Hacıyevin vəkili Aqil Layicov irəli sürülən ittihamların əsassız olduğunu deyib və ədalətli qərar çıxarılmasını istəyib. C.Hacıyevin digər vəkili Fəxrəddin Mehdiyev çıxış üçün vaxt istəyib. Proses avqustun 29-da davam edəcək.

Qeyd edək ki, dövlət ittihamçısı Cahangir Hacıyevin əvvəlki cəzası ilə birlikdə qəti olaraq 17 il, sabiq deputat Dünyamin Xəlilovun isə əvvəlki cəzası ilə toplamaqla qəti olaraq 15 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror təqsirləndirilən şəxslərdən İsmayıl Hidayət-zadəyə isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.

Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

FikrÃÂt FÃÂrÃÂmÃÂzoÃÂlu ile ilgili görsel sonucu
Bu arada jurnalist Fikrət Fərəməzoğlu həbsxana gündəliyindən maraqlı məlumat paylaşıb. Modern.az-ın məlumatına görə, o, Cahangir Hacıyevin türmədə özünə xəsarət yetirmək istəməsindən yazıb: “3 avqust 2016-cı ildə məni Kürdəxanı təcridxanasına gətirəndən bir gün sonra (karantin müddəti) 3-cü korpusun 3-cü mərtəbəsinə, 69-cu kameraya yerləşdirdilər. Mən ora gəlməmişdən bir gün qabaq Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin qaldığı yeri dəyişmişdilər. Məhkəməsi bitdiyindən onu çoxnəfərlik kameraya aparmışdılar. Deyilənlərə görə, özü belə istəyib. Səbəbi aşağıda qeyd edilib.

Kamera yoldaşlarım, digər kameradan olanlar deyirdilər ki, Cahangir Hacıyev əvvəlcə təknəfərlik kamerada saxlanılıb. Sonradan onun yanına bir nəfər yerləşdirilib. Həmin şəxs də kasıb adam olub və onun qulluğunda dayanıb. İnsafən, Cahangir də ona pis baxmayıb. Lakin məhkəməsi bitdikdən sonra çoxnəfərlik kameraya keçirilib. Deyib ki, ikinəfərlik kamerada qalmaqdan bezib. 10 nəfərlik bir kameraya keçirilməsini istəyib, əks təqdirdə, özünə xəsarət yetirəcəyini söyləyib. Bundan ehtiyat edən istintaq təcridxanasının rəhbərliyi də onu 10 nəfərdən ibarət olan kameraya yerləşdirib.

Cahangir Hacñyev ile ilgili görsel sonucu
Beynəlxalq Bankın keçmiş prezidenti bütün korpusun istifadə edəcəyi adı ilə 3000 manat verib soyuducu alsa da, sonradan ora özündən başqa heç kimin ərzaq qoymasına icazə verməyib. Hətta buna görə mübahisə də yaranıb. Maraqlıdır ki, başqa korpusa getdikdən sonra da həmin soyuducudan istifadə etmək istəyib. Amma bu, mümkün olmayıb. İcazə verməyiblər. Bir müddət sonra isə mənim israrlı tələblərimdən sonra həmin soyuducu bütün dustaqların ixtiyarına verildi.

Nəzarətçilər deyirdilər ki, ona İngiltərədən dərman və geyimlər gəlirmiş. Telefona çıxmasına həftədə iki dəfədən artıq icazə verilmirmiş. Deyilənlərə görə, rejim rəisinə dəfələrlə ayda 5000 manat pul müqabilində ona gündəlik telefona çıxmaq imkanı yaradılmasını təklif etsə də, rədd  cavabı alıb. Və bu məsələnin onlarlıq olmadığını diqqətinə çatdırıblar.  Deyilənlərə görə, 3-cü korpusda olan zaman heç kimə yardım etməyib. Hətta ona yardım üçün müraciət edənlərə kobud cavab verirmiş. Bir neçə dəfə mübahisə də yaranıbmış onunla dustaqlar arasında. “Boksda” (məhkəməyə aparılan zaman yoxlanış-baxış keçirilməsi və yola salınma və qarşılanma üçün nəzərdə tutulmuş xüsusi yer) dustaqlarla aralarında yaranan mübahisədən sonra nəzarətçilər onu tək aparıb-gətirirmişlər.  Danışırdılar ki, məhkəməyə “voronok”la (dustaqları daşımaq üçün QAZ-53 markalı maşın) deyil, həmin maşınları müşayiət edən “Prado” markalı avtomoibillə gedirmiş. Doğrusu, bu barədə eşitmişdim, amma rastlaşmamışdım.

Onu da deyirdilər ki, Cahangir Hacıyev 3-cü korpusdan çıxarılıb 4-cü korpusa yerləşdirildikdən sonra tamam dəyişmişdi. 10 nəfərlik kamerada qalan eks-bank rəhbəri təkcə öz kameralarının ehtiyaclarını deyil, həm də qaldığı korpusun (yalnız bir mərtəbəsi) bütün dustaqlarının da bir çox ehtiyaclarını üzərinə götürmüşdü. Məsələn, hər gün həmin mərtəbədəki hər bir dustağa “laryok”dan (market) bir qutu siqaret və hər kameraya iki gündən bir 250 qram çay və 1 kiloqram qənd onun hesabına verilirmiş.

Məhkəmə prosesləri tam bitdikdən sonra Cahangir Hacıyevi 13-cü zona göndərdilər. O, Penitensiar Xidmətin rəhbərliyi ilə 10-cu zona getmək üçün uzun müddət danışıq aparsa da, faydası olmamışdı".

SÃÂrdar CÃÂlaloÃÂlu ile ilgili görsel sonucu
Vaxtilə həbsxana həyatı yaşamış ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bu mövzu ilə bağlı maraqlı fikirlər demişdi. S.Cəlaloğlunun sözlərinə görə, varlı məmurun həbsi imkansız dustaqların həyatında yaxşılığa doğru dönüş yaradır.

Sitat: “Məsələnin bu tərəfi də var ki, həbs olunan məmur xəsis olanda pul xərcləmir. Humanist insan deyilsə, onun imkansız dustağa əl tutması da mümkün deyil. Məsələn, biz özümüz həbsdə olanda kameraları öz vəsaitimizlə təmir etdirmişdik. Kanalizasiya problemini, su, duş məsələlərini həll etdik”.

Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov isə deyib ki, varlı məmurların həbsi imkansız dustaqlar üçün toy-bayrama çevrilir: “Varlı, vaxtilə vəzifədə çalışmış şəxs həbsxanaya düşdüsə, başlayır özü üçün şərait yaratmağa. Oradakı sosial problemləri həll etməyə, özü ilə bərabər digər dustaqların da vəziyyətini yaxşılaşdırmağa. Amma belələri də var ki, xəsisliklərindən orada da qalmırlar. Ancaq özlərini düşünürlər. Ümumilikdə onlara münasibət pis olur, özlərini biabır edirlər”.

M.Zeynalovun sözlərinə görə, həbsxana şərtləri belə varlı-karlı arestantları əliaçıq olmağa məcbur edir: “Ora düşənlər anlayırlar ki, yaxın illərdə həmin divarlar onlara doğma olacaq. Ona görə də illərlə yığdıqlarının bir qismini xərcləyib özlərinə şərait qururlar. Tutaq ki, bir kameraya varlı-karlı bir məmur düşübsə, orada olan imkansız dustaqlar sevinirlər. 8-10 nəfərlik kamera həmin varlı məmur-arestantın hesabına kef edir, ətrafdakılar da yaxşı yaşayırlar. Belə deyək ki, qara dustaq da yaxşı yaşayır, dolanır. Sevinirlər ki, çıxarlarımızı verən gəldi”.

Penitensiar Xidmətin mətbuat xidmətinin də mövqeyini dərc etməyə hazırıq.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10