Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bir deputat 1000 manat uzatdı ki, get, o biri deputatın keçəlindən öp”


Peşəkar kloun: “Varlı ailələrin uşaqları harınlığından qarşısına çıxanı dağıdır, qaraçı uşaqlar isə görməmişliyindən”

 

Əksər şənliklərdə onlarla qarşılaşırıq. “Şurunburun”, “Zır-zır”, “Ceqquş”, “Zırrama”, “Cır-Cır” və başqa adlar ilə uşaqların sevimlisidirlər onlar. Söhbət klounlardan (məzhəkəçi, əyləndirən) gedir.

 

“Zır-zır” adlı ilə sevilən həmin klounlardan biri - ömrünün 15 ilini bu peşəyə həsr edən Ceyhun Abbasov AYNA-nın qonağı olub.

 

- Bu istedadı özünüzdə nə zaman və necə kəşf etdiniz?

 

- Bir restoranda aşpaz işləyirdim. 9 illik məktəbi bitirib bu sənətlə məşğul olurdum. Aşpaz işləyəndə də hamı ilə deyib-gülürdüm. Mənə deyirdilər ki, “sən incəsənət adamısan, get Mədəniyyət və İncəsənət Universitetinə qəbul ol”. Doğrusu, istəyirdim orada oxuyum. Gedib sənəd verim. Mənə dedilər ki, 11 illiyi bitirmədiyim üçün, gərək öncə Mədəni Maarif Texnikumunu bitirib sonra universitetə sənəd verim. Mən də Mədəni Maarif Texnikumuna daxil oldum. Orada oxuya-oxuya aşpaz da işləyirdim. Bir gün mənə qrup yoldaşım dedi ki, ona kloun işləmək təklifi gəlib. Amma onlara bir nəfər də lazımdır. Və mənə birlikdə kloun işləmək təklifi etdi. Mən də düşünmədən razılıq verdim. Etiraf edim ki, təklifi qəbul edəndə kloun olaraq nə etməli olduğumu bilmirdim. Bəlkə də ona görə “Zır-zır” uğurlu alındı. Çünki heç kimi təkrarlamadım, özüm oldum. İndiki klounların çoxu məni təkrarlayır.

 

- İlk gün çox həyəcan vardı?

 

- Nəinki həyəcan. İlk dəfə özümü qrimdə görəndə qorxmuşdum. İnsan güzgüyə baxır, amma güzgüdə tam fərqli insanı görür. Bu, ilk dəfələrdə qəribə hislər yaradır. O qədər utanırdım ki... İlk dəfə kloun kimi getdiyim məclisdə utandığımdan stolun altına girmişdim. Amma sonradan öyrəşdim, bu sənəti sevdim və daha çox təklif almağa başladım.

- İlk vaxtlar kloun kimi nə qədər qonorar alırdınız?

 

- Biz prodakşınla işlədiyimiz üçün qiymətləri bilmirdik. 2004-cü ildə hər tədbirdən bizə faiz verilirdi. Əvvəllər 4 manat maaş alırdıq. Cibimizə də pul basırdılar. Amma sonra biz onlardan ayrılıb sərbəst işləməyə başladıq. Bu zaman artıq uğurlarımız lap çoxaldı.

 

- Deməli, klounlar tək məclis sahibindən aldıqları pulla kifayətlənmirlər, məclisdəkilərdən də pul qazanırlar. O zaman klounluğu gəlirli sahə saymaq olar?

 

- Mən 15 ildir bu sahədəyəm. Heç vaxt dilənçilik etməmişəm. Heç bir uşağa deməmişəm ki, get atana de mənə şirinlik versin. Yanımda gedənlərə də tapşırıram ki, məclisdə olan qonaqlardan pul istəməyin. Bu, sadəcə dilənçilikdir. Özləri istəyərlərsə, hörmət edərlər. Belə istəmək olmaz. Bütün həmkarlarımdan da xahiş edirəm ki, pul dilənməsinlər. Axı bu cür etmələri bizim sənəti hörmətdən salır. Bu gün hər şeydən bezənlər gəlib kloun işləyirlər.

 

- Ailəniz peşənizi dəstəkləyir?

 

- Əlbəttə. Həyat yoldaşım da mənim kimi deyib-gülən, şən insandır. Məni dəstəkləyir. Özü dərzidir. Hətta kastyumlarımı da özü tikib.

 

- Kənardan əyləncəli görünən bu peşə, əslində çətindir?

 

- Mənim üçün işim çox asandır. Amma işimə məsuliyyətlə yanaşıram. İşdən qorxdunsa, alınmayacaq. Amma işimi sevirəmsə, məsuliyyətlə yanaşıramsa, işi peşəkarcasına reallaşdırmaq mümkün olacaq. Mənim üçün hər toy adi bir səhnədir. İnsanların razı qalması mənim üçün enerji mənbəyidir. Hazırda istəyirəm ki, kloun tamaşı hazırlayım. Ssenari də hazırdır. Sadəcə zaman lazımdır o layihə üzərində işləyim.

- Klounlar məclislərdə insanlarıəyləndirməklə yanaşı, həm də ətrafdakıları ələ salırlar. Məsələn, keçəl kişilərə sataşır, onların başından öpüb, çırtma vururlar...

 

- Bu, bəzi qeyri-peşəkarların oyunlarıdır. Biz insanların şəxsiyyətinə heç nə deyə bilmərik. Buna haqqımız yoxdur. Bütün insanlara eyni cür baxmaq lazımdır. Ayrı-seçkilik etmək olmaz. Mənə də deyirlər ki, “get onun keçəlindən öp”. Deyirəm, keçəl olmağın nəyi pisdir? Əksinə, həmin insanların tərəfini tuturam. Çalışıram, məclisdə olan hər kəsin dilini tapım.

 

- Bəs məclisdə sizə sataşan olur?

 

- Əlbəttə. Təhqir edən də olur. Təpik atan kim, söyüş söyən kim, başımızdan pariki çıxaran kim. Sonra üzr istəyirlər, amma artıq gec olur. Bu yaxınlarda məclislərdən birində parikimi başımdan çıxardılar. Məclisi yarımçıq tərk etdim. Çox əsəbləşmişdim. Həmin insana bir cümlə dedim: “Parikimi çıxardın, ağlın artdı?” Bu sözdən sonra çıxıb getdim. Sonra eşitdim ki, üzr istəmək üçün məni axtarıblar. Bəzən insanlar klounların hərəkətlərindən qorxduqları üçün biz onlara yaxınlaşanda kobudluq edirlər, qovurlar. Mən onlarla elə davranıram ki, sonradan özləri bizə yaxınlaşıb, əylənirlər.

 

- Kloun fobiyası olan insanlarla rastlaşmısınız?

 

- O qədər! Təsəvvür edin, uşaqlardan çox valideynlərin klounlara qarşı fobiyaları var. Onlar kloundan qorxduqları üçün uşaqlarını bizdən aralı saxlayırlar. Elə uşaqlar da var ki, özləri kloundan qorxurlar. Amma mən həmin uşaqlarla oynayıb tez bir zamanda dostlaşıram. Hətta, uşaqların bu qorxularına qalib gəlmələrinə yardım etdiyim üçün valideynlər mənə təşəkkür də ediblər.

 

- Məclislərdə davanız düşüb?

 

- Dava yox, amma mübahisəmiz çox düşüb. Bir dəfə stolda əyləşənlərin uşaqlarına şar paylayırdım. O biri stoldan bir uşaq gəldi, 10-11 yaşı olardı. Məndən şar istədi. Dedim, səbr elə gəlirəm indi sizin stola. Məni söydü. Çox pərt oldum. Stolda ağsaqqal kişilərin qarşısında bir uşaq məni söymüşdü. Uşağın qolundan tutub dartdım ki, gedək valideyninin yanına. Bu vaxt digər uşaqlar onun o biri qolundan dartdılar. Uşağın qolu cızılmışdı. Bir az keçmədi, uşağın atası gəlib məni musiqiçilərin yanında vurdu. Əynimi dəyişdim, gedib həmin kişiyə dedim ki, “oğlunun qədrini bilirsənsə, birinci ona tərbiyə ver, dur gedək ağsaqqalların yanına, onlar sübut eləsinlər ki, oğlun tərbiyəsizlik edib”. Aydın oldu ki, uşaq atasına yalan danışıb. Kişi həqiqəti öyrənəndən sonra məndən üzr istəyib, oğlunu götürüb, məclisdən getdi.

 

- İndiki uşaqlar da fərqlidir, davranışları dəyişib...

 

- Bu işdə uşaqlarla bağlı bir şeyi kəşf etdim. Sakit və ağıllı uşaqlar çoxdur. Amma iki çeşiddə uşaqlar var ki, onların xasiyyəti mənim üçün eynidir. Biri varlı uşaqlarıdır, biri qaraçı uşaqları. Biri harınlığından, digəri isə görməmişliyindən dağıdır. Hətta, qaraçı uşaqları başa salanda anlayıb, sakitləşirlər. Varlı uşaqları isə yox. Klounlara təpik atan uşaqlar da az deyil. Qaraçı uşaqlarını vuranda söyüş söyürlər, varlı uşaqları isə keyfləri istədiyi üçün söyüş söyürlər.

- Məclislərdə qadın ilə kişi klounlara fərq qoyurlar?

 

- Bəli, qadın kloun olanda onlara diqqət daha çox olur. Məsələn, məndən soruşublar ki, “qadınsan, yoxsa kişi?” Qrimliyəm deyə ayırd edə bilmirlər. Yoxlamaq üçün qız demişəm, 20 manat veriblər. Kişiyəm demişəm, 2 manat veriblər. Kloun qadınlara sataşanlar daha çox olur.

 

- Heç olub ki, sizə pul verərək kiməsə sataşmağınızı istəsinlər?

 

- Sənətimə hörmət edib pulu cibimə basıblarsa, götürmüşəm. Amma pulu əllərində tutub mənə nəsə etməyi əmr ediblərsə, şərt qoyublarsa, etməmişəm. Pula ehtiyacım olan zamanlar da olub. Amma yenə də mənliyimi pula satmamışam. Bir yaşlı millət vəkili mənə 1000 manat uzadıb dedi ki, “get o biri yaşlı millət vəkilinin keçəl başından öp”. Razı olmadım. Biri 100 dolları qələm kimi büküb mənə deyib ki, “50 qram arağı iç, sənə verim”. Mən dindaram. Nə araq içmək?! 100 manat pul təklif edib ki, eynəyimi, parikimi çıxarım. Razı olmamışam. Ofisiantlar mənim rədd etdiyimi görəndə şoka düşürlər. Deyirlər, “burada nə var ki?!” Deyirəm, yox. Elə pul qazanmazlar. Onsuz Allah mənə halal pulu yetirir.

 

- Bir az öncə dediniz ki, toya getmirsiniz. Niyə?

 

- Toylara gedirdim. Sonra bildim ki, restoran rəhbərliyi toy sahibindən 150 manat alır, mənə 30 manat verir. Ondan sonra imtina etdim. Normalda 50 manata məclislərə gedirəm.

 

- Yaxın gələcəkdə planlarınız nədir?

 

- Dediyim kimi, tamaşa üzərində işləyirəm. Rusiyaya gedib, orada işləmək istəyirəm. Səbəb isə orada kloun sənətinə başqa münasibətin olmasıdır. Orada insanlar bu sənətə hörmət edirlər. Qərarımı yaxın zamanlarda verəcəyəm.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10