- Birtəhər yeriyirəm, çəlikdən tuta-tuta. Amma yeməyimi bişirirlər. Dərmanlarımı alırlar. Ayağım da 7 yerdən sınıb. O qadınlar olmasa, hərlənə bilmərəm. Üçünü də çox istəyirəm. Həmişə də zarafatla deyirəm ki, gündüzlər qulluğumdadırlar, amma heyf, ərləri qoymur gecə də yanımda qalsınlar.
Bunu deyib, qəşş edir Yura dayı. 97 yaşı var Yuri Vladimiroviç Yermakovun. Deyir, nəinki özü, babasının babası da bakılıdır. 1923-cü ildə Bakının Lebedinski küçəsində anadan olub. Babaları neftçi olub. Atası isə sıradan bir məmur.
(Əvvəli https://lent.az/news/324135)
Müharibə başlayanda, 1941-ci ilin iyunun 22-də, Yuranın 18 yaşı hələ tamam olmamışdı. Düz bir ay bir gündən sonra əsgər yaşına çatacaqdı. Amma bununla belə, müharibə xəbərini eşidən kimi üz tutur Voroşilov (indiki Səbayel) rayon hərbi komissarlığına. Amma orda deyirlər ki, gözlə, bir aydan sonra gələrsən.
- Qəribə hisslər yaşayırdım həmin anlar. Bilirsən, uşaq vaxtı hərbi təyyarəçi olmağı arzulayırdım. Amma 7-ci sinif təhsilim vardı. Fikirləşirdim ki, bu təhsillə mən ali hərbi məktəbə daxil ola bilməyəcəm. İndi müharibə başlamışdı. Təsəvvür edin, sovet şəhərləri bombalanır. Mənim doğma Bakımı belə təhlükə gözləyirdi. Amma mən müharibəni uşaqlıq arzuma çatmaq üçün bir vasitə kimi görürdüm, haradasa buna görə sevincliydim də.
Düz bir aydan sonra Yura yenidən hərbi komissarlığın qapısını döyür. Yaş kağızına baxıb deyirlər ki, get, sabah gəl. 18 yaşın sabah tamam olur. Amma gənc Yermakov israr edir. Gəncin təkidini görən komissar onu tibbi yoxlanışa göndərir. Müxtəlif həkimlərin yoxlanışından “sağlamdır” qeydiylə çıxan Yura oftalmoloqda ilişir. Məlum olur ki, Yuranın sağ gözündə ciddi qüsur var və o, təyyarə idarə edə bilməz.
- Mən dəli olmaq vəziyyətinə gəlib çıxmışdım. Necə axı olmaz? Axı bir gözüm salamatdı. Həkimlər sağlamlıq haqda arayışa imza atmadılar. Pilot ola bilməzsən, amma başqa qoşun növlərinə yararlısan, dedilər. Belə olan halda mən yenə göylərlə, səmayla bağlı qoşun növündə xidmət etmək niyyətində olduğumu bildirdim, yenə dedilər ki, olmaz. Evdə otura bilmirdim. Hər gün Levitanın müharibə xəbərlərini dinlədikcə, ümumiyyətlə, özümə yer tapammırdım. Faşistlər artıq Moskvanın həndəvərindəydilər. Qafqaza qədər gəlib çıxmışdılar. Nəhayət, oktyabr ayında yenidən komissarlığa gəldim. Elə bil dil-ağızların bağlamışdılar. Dedilər, səni desant hissəsinə yazırıq. Uçmağa qanadım yox idi.
Xidmətə Tuapse şəhəri yaxınlığında 80-ci ordu tərkibindəki desant batalyonunda başlayır. Özü də avtomatçı kimi.
- Hə, bu avtomatçı ifadəsi sizə qəribə gəlməsin. O vaxt bir batalyonda çox az adamın avtomatı vardı. Böyük əksəriyyətində tüfəng idi. Almanlarda isə əksinə. Mən həmişə demişəm, bir sıra müsbət işlərinə baxmayaraq, sovet quruluşu qədər pis, mənasız, insan haqqını pozan quruluş yox idi. İnsanları ətçəkən maşına göndərirdilər sanki.
Bizim batalyon Tuapse yaxınlığında yerləşən Kurkino kəndi ətrafında mövqe tutmuşdu. Sonradan bildim ki, Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədov da Tuapse yaxınlığında döyüşüb, komandirini xilas edərkən həlak olub. Mən elə Kurkino yaxınlığında yaralandım. Çiynimdən. Qəlpə dəymişdi. Məni Suxumiyə hərbi hospitala göndərdilər. Allahın işinə bax, yaram sağalana yaxın yatalağa yoluxdum. Beləcə, müalicə uzandı.
***
1943-cü ilin əvvəlində Yuri Yermakovu Bakıya göndərirlər. Keşlədə yerləşən 147 saylı hərbi hissəyə.
- Sabunçu vağzalında eşelondan düşəndə sevincimdən uçurdum. Axı anamı, bacımı görəcəm. Vağzaldan evimizə necə çatdım xatırlamıram. O vaxt biz indiki Kukla Teatrı ilə üzbəüz binada yaşayırdıq. Binanın qabağında qonşularımız qarşıladı. Qucaqlaşıb, görüşdük. Amma nəsə bikef idilər. Mən cəld ikinci mərtəbəyə qalxdım. Anama, bacılarıma hədiyyə də almışdım. Həmin hədiyyələri onlara verməyə tələsirdim. Qapını döydüm. Bacım Zinaida açdı qapını. Dərhal qoynuma atıldı. Biz bir-birimizə elə möhkəm sarılmışdıq ki, elə fikirləşirdim bir-birimizi buraxsaq, həmişəlik itirəcəyik. Anamı soruşdum. Zinaida yenə məni qucaqlayıb, hönkür-hönkür ağladı. “Anamız artıq yoxdur” - dedi. Bəs bacım? Zina bircə onu deyə bildi: “Onu yatalaq apardı”. Donub yerimdə qalmışdım. İl yarım ayrı düş, qayıdanda iki əzizinin artıq həyatda olmadığını öyrən.
***
Bir həftə dincələndən sonra Yuri Keşlədəki hərbi hissəyə yollanır. Bu hərbi hissə hərbi təyyarələrin, əsasən də qırıcıların əsaslı təmiriylə məşğul idi və məxfi zavod sayılırdı. Sən demə, Yurinin saatsaz olduğu barədə onun iş kitabçasında xüsusi qeydlər varmış. Bu zavoda isə dəqiq mexanizmlərin biliciləri gərək idi.
Yura dayı deyir ki, cəbhədə vurulmuş, aerodromlarda xarab olmuş qırıcı təyyarələr xüsusi mühafizəylə Keşlə dəmir yol stansiyasına gətirilir, sonra da zavodun həyətinə ötürülürdü. Təyyarələr təmir edildikdən sonra onların pilotlarına təhvil verilirdi.
- Bir dəfə bizim zavoda iki dəfə Sovet ittifaqı Qəhrəmanı Dmitri Qlinkanın vurulmuş təyyarəsi gətirildi. Təsəvvür edin, həmin təyyarə vurulanadək 50 alman
“Messerşmidt”ini məhv etmişdi. Qlinkanın təyyarəsini qısa müddətdə təmir edib, uçuşa hazırladıq. O uçub cəbhəyə yollanmalıydı. Havaya qalxdı, amma tez uçub getmədi. Səmada elə tryüklər göstərdi ki, sanki bizə minnətdarlıq edirmiş kimi. Daha sonra səmada yoxa çıxdı. Həmin vaxt ona qibtə etdim. Bəlkə də paxıllıq. Axı mən də təyyarəçi ola bilərdim (Kövrəlir).
***
Qələbə xəbərini Yermakov Bakıda eşidir. Elə o məşhur səsgücləndiricilərdən. Müharibə arxada qalmışdı. Dinc həyata başlamağın vaxtıydı.
- İnanırsan, cavan oğlan, bilmirdim nə işlə məşğul olam. Yenə uşaqlığım tutmuşdu. Dəcəlliyim yəni. Təsəvvür elə, dünyanı silkələyən müharibəni gör və sənin hələ 22 yaşın var. İki əzizini itirmisən. Bu yaşa rəğmən çox şeylər gördüm, çox. Bir əsrə yetəcək qədər. İnan, yenə avaraçılıqdan qalmırdım. Bütün günü dostlarımla bulvarda, çayxanalarda. Futbol oynayırdıq, boksla məşğul olurduq. Yelkənli qayıqda dənizə çıxırdıq, həvəskar foto şəkillər çəkirdik.
Bu arada bir haşiyəyə çıxaq ki, Yura dayı yelkənli qayıq yarışmalarında bir neçə dəfə Bakı çempionu olub. Boks üzrə isə birinci dərəcəli idman ustasıdır, Bakı çempionudur. Üzgüçülük üzrə də idman dərəcəsi var. “Dəniz mənim hobbimdi” - deyir.
- 90 yaşıma qədər elə bir gün olmurdu ki, dənizə baş vurmayım. Yay, qış fərq etməz. 3 il buna qədər isə hər səhər qaçırdım. İndi görürəm, mümkün deyil. Bacarmıram (Kövrəlir)
İdman, əyləncə bir yana, amma işləmək də lazım idi. Yura çox uzağa getmir. Elə işlədiyi artelə qayıdır; saatsazlığa. Eyni zamanda, maraqlı bir hobbisi də varmış. “Azərbaycan gəncləri” qəzetiylə əməkdaşlıq edirmiş; ayda bir, ya iki dəfə ora fotoreportajlar hazırlayırmış.
...Günlərin biri günü axşam evdə şam edərkən ona qəfil zəng gəlir. Jora adlı dostu onu elə bir yerə çağırırdı ki...