Göndərişimiz 5 günlük olsa da, dördüncü gün nahardan sonra şələ-şüləmizi yığıb, Bakıya qayıtmağa məcbur olduq
Ötən həftə “Relax” istirahət mərkəzində baş verənlərə həm aidiyyəti qurumların, həm də cəmiyyətin reaksiyası məni bir xeyli sevindirdi. Ancaq çox keçmədi ki, bu sevinc, necə deyərlər, qursağımda qaldı. İndi sevincimin də, məyusluğumun da səbəblərini izah edəcəm.
Belə ki, “Relax”da keçirilən yoxlamalar zamanı mən də ailəmlə birlikdə Nabranda yerləşən “Malibu” istirahət mərkəzində idik. Nəyə görə “Malibu”nu seçdiyimizə də aydınlıq gətirim. Həyat yoldaşım, güzəranları çıxardıqları “qara qızıl”ın rəngindən heç də seçilməyən neftçi babadır. Neftçilərin məvacibləri isə lüks şəhərlərdə və ya məkanlarda dincəlməyə imkan vermir. Ancaq müəyyən məbləğ müqabilində həmkarlar komitəsinin göndərdiyi istirahət mərkəzlərinə üz tuta bilirik. Elə bu dəfə də 4 nəfərə 300 manat ödəməklə “Malibu”ya 5 günlük istirahət üçün göndəriş almışdıq.
İndi də keçim əsas məsələyə. “Malibu”ya göndəriş alarkən istirahət mərkəzinin internetdə yayılmış fotolarına baxdıq və gördüklərimizdən o qədər xoşhal olduq ki, Nabrana, sanki uça-uça getdik. Ancaq çatanda qarşılaşdığımız ilk mənzərəə qarşısında “şok” vəziyyətə düşdük. “Malibu” tam “hazır” vəziyyətdə bizi gözləyirdi. İstirahət mərkəzinin həyətindəki qalaqlanmış zibillər, sınıb-dağılmış səkilər, qırıq oturacaqlar, həyətin sıradan çıxmış beton döşəməsi, sanki Nuh əyyamından qalmış bir məkan təsiri bağışlayırdı.
Bu “mənzərənin” qarşısında ayaqlarımız sözə baxmasa da, otaqlar yaxşı vəziyyətdə olar ümidi ilə administrator xanımın arxasınca düşüb, bizimçün ayrılmış məhəlləyə getdik. Məhəllə 4-də yerləşən 2-ci mənzilin açarlarını bizə təqdim edib, xoş istirahətlər arzuladılar.
Təəssüf ki, “Malibu”da heç nə xoş olmadı... Mənzilin qapısını açar-açmaz içəridən çox kəskin kif, nəmişlik qoxusu ətrafa yayıldı. Otaq, demək olar ki, suyun içində idi. Bəlli olurdu ki, bizdən öncə orada qalan ailə elə yenicə təhvil verib otağı. Heç bir dezinfeksiya işləri aparılmadan, sadəcə döşəməni yumaqla və nimdaş mələfələri dəyişməklə otağı bizə verdilər. Hələ bir qədər tez gəlmiş olsaydıq, saatlarla “təmizlik işlərinin” bitməsini gözləməliymişik. İndi də otaqdakı kəskin qoxunun getməsini gözləməyə məcbur olduq.
Sən demə, tavanda “barrikada” qurmuş hörümçəklər, həşəratlar da bizi “gözləyirmiş”. Orada qaldığımız müddət ərzində başımıza indicə hansısa həşarat düşəcək qorxusuyla, gözlərimiz tavana zillənmiş şəkildə dirigözlü “yatdıq”. Digər yandan da nəm döşəklər, “Nikolaydan qalma” mələfələr yatmağa mane olurdu.
Bu acınacaqlı mənzərə hamam otağının aqibətinin yanında “toya getməli” idi. Natəmiz vəziyyətdə olan hamamın divarlarının, su kranlarının sonuncu dəfə nə vaxt təmizləndiyini təxmin etmək çətin idi. Ona görə də özümüz təmizləyici alaraq hamamı dezinfeksiya etməyə məcbur qaldıq.
Bütün bu sadaladıqlarım hələ sonradan görəçəklərim qarşısında çox “xırda” problemlər imiş. Sən demə, bizi qarşıda daha böyük həngamə gözləyirmiş.
Gördüklərimiz qarşısında elə vəziyyətə düşmüşdük ki, naharın vaxtını belə, ötürürdük. Vaxtın bitməsinə az qaldığından çamadanlarımızı könülsüz şəkildə otaqdakı sınıq-salxaq divanın üzərinə qoyub yeməkxanaya getdik. Evdən çıxarkən səhər yeməyi yemədiyimizə görə uşaqlar bərk acmışdı. Açıq havada quraşdırılmış köşklərin (“besedka”) birində əyləşib ofisiantı səslədik. Üst-başından cin hürkən bir cavan uşaq bizə yaxınlaşdı, administratorun verdiyi yemək talonunu ona təqdim edib, nahar gözlədik. Kaş ki, gözləməz olaydıq...
Ofisiantın sinidə stola gətirdiyi yeməkləri görən kimi iştahımız küsdü. Birinci növ yemək adı ilə süfrəyə təqdim edilən toyuq şorbası sarı su, iki xırda kartof dilimi və bir-iki göyərti qırığından ibarət idi. Şorbanın içində toyuq əti tapmaq üçün isə arxeoloji qazıntılar belə, fayda verməzdi.
Birinci yeməyi beləcə kənara itələyib, ikincini gözlədik. İkinci birincidən də iştahküsdürücü idi. Ümidimiz qaldı süfrədəki pendirlə çörəyə, o da az idi, 4 nəfər üçün cəmi 3 dilim pendir qoyulmuşdu.
Adətən, bəyənmədiyimiz xörəklərə “xəstəxana yeməyi” deyirik. Ancaq “Malibu”da olduğumuz müddətdə süfrəyə təqdim edilən yeməklər xəstəxana yeməkləri ilə müqayisə edilməz dərəcədə keyfiyyətsiz idi. Yeməklər çox keyfiyyətsiz ətdən və yağdan bişirilirdi, mağazalarda 2-3 manat civarında satılan, mənşəyi məlum olmayan toyuq budları alaçiy formada süfrəyə gətirilirdi. Bu, azmış kimi, bir budu didib ya hazır paraşokdan hazırlanmış kartof püresinin, ya yarmanın, ya da ən ucuz qiymətə satılan vermeşilin üzərində iki nəfərə verirdilər.
Qaragünlü neftçi ailələri qarınlarını ancaq süfrədəki 3-4 dilim pomidor-xiyarla doydurmağa məcbur qalırdılar. Pomidor-xiyar da palçıq içində olurdu, ya yuyub, ya da salfetlə sildikdən sonra “nuş edirdik”. Hə, bir də şam yeməyində verilən qarpızla pendir də dadımıza çatırdı, o da çox az olduğundan, yəni adama bir dilim qarpız düşdüyündən otaqlarımıza yarı ac-yarı tox getməyə məcbur olurduq.
Düzdür, “Malibu”da öz pulumuzla əlavə yemək almaq mümkün idi. Ancaq qiymətlər “əl yandırdığından” heç kim əlavə sifariş vermirdi.
Yadıma düşmüşkən, bir məqamı da qeyd edim ki, istirahət mərkəzində ayrıca koteclər də var, ancaq sonradan öyrəndik ki, o koteclərdə qalmaq üçün adminstratoru əvvəlcədən “görmək” lazım imiş. Həm də koteclər heç də otaqlardan fərqlənmirdi. Vəziyyət hər yerdə eyni idi.
“Malibu”nu meşədən xırda bir arx ayırır ki, arxın içini zir-zibillə doldurublar. Arxın ən sonunda isə xırda balıqlar var. Yemədiyimiz yeməkləri aparıb balıqlara tökürdük ki, bir işə yarasın. Ən maraqlısı isə o idi ki, balıqlar belə, atdıqlarımıza yaxın durmurdular...
Digər bir məsələni də qeyd edim. İstirahət mərkəzində çalışan işçilərin, aşpazların, xidmətçilərin heç biri xüsusi geyimdə deyildi. Üst-başlarından da bilinirdi ki, kasıb insanlardır, çox az məvacibə işləməyə məcburdurlar. Ona görə də bütün işləri, sadəcə “yola verirlər”.
Ot basmış futbol meydançası, iylənmiş su hovuzları, sınıq-salxaq bilyard, tennis, oyun meydançaları ilə yaddaşımızda “dərin iz” buraxan “Malibu”nun iki “daimi sakinin”dən də söz açmasam, günah olar. İri başlı, ağızlıqsız, xaltasız insanlar arasında dolaşan iki qotur köpəyi deyirəm. Hansı ki, hər an təhlükə mənbəyidir: həm görkəmlərindən bilinir ki, itlər xəstədir, həm də hər an istənilən şəxsə hücum etmək qorxusu var. İşçilər isə bunu çox adi hal kimi qarşılayırlar.
Bəlkə də düşünəcəksiniz ki, o qədər insan arasında, nə əcəb bir nəfər belə, bu acınacaqlı vəziyyətə etiraz etmirdi? Əlbəttə ki, etiraz edirdik, ancaq kim idi bizim şikayətimizi nəzərə alan. Hər dəfə şikayət edəndə, bildirirdilər ki, məkan sentyabr ayından təmirə dayandırılacaq. Ancaq bəziləri deyirdilər ki, hər il insanların başını eyni yalanla qatırlar.
Və elə bu arada, xanımı ilə dincəlməyə gəlmiş bir cavan oğlan öz etirazını çox kəskin şəkildə bildirdi. Qaldığı bir gecənin pulunu ödəmədən məkanı tərk etmək istədi və administratordan şəxsiyyət vəsiqəsini tələb etdi. Nəticə isə heç də ürəkaçan olmadı - “Malibu”nun, azı on nəfər işçisi oğlanı “eşşək sudan gələnə qədər” döydülər. Nə özünü oğlanın üzərinə sipər kimi çəkmiş həyat yoldaşına, nə də haraya gəlmiş insanlara məhəl qoydular. Sonda da oğlanı əraziyə çağırılmış polislərə təhvil verdilər.
“Malibu”ya 5 günlük qalmaq üçün ödəniş etsək də, dördüncü gün nahardan sonra şələ-şüləmizi yığıb, Bakıya qayıtmağa, daha doğrusu, başımızı götürüb qaçmağa məcbur olduq. Necə deyərlər, "gözü çıxmış qardaşımızdan" ibrət aldıq.
Adətən istirahət mərkəzlərində dincəlib, əsəbləri sakitləşdirib, kökəlib geri qayıdarlar. Bizdə isə tam əksi oldu. İnsanların mal yerinə qoyulduğu “Malibu”da həm xeyli çəki itirdik, həm də əsəblərimiz korlandı.
Ümid edirik ki, yazdıqlarımızdan sonra həm qaragünlü neftçilərə “Malibu” və onun kimi bərbad məkanlara göndəriş verən, həm də istirahət mərkəzlərindəki vəziyyətə nəzarət edən aidiyyəti şəxslərin vicdanları, əgər varsa, oyanacaq. Və eynən “Relax”dakı kimi, “Malibu” və ona bənzər digər məkanlarla bağlı da lazımi ölçü götürüləcək.
P.S. Qeyd etdiyim döyülmə faktı barədə redaksiyamız adından Daxili İşlər Nazirliyinə sorğu göndərəcək və hadisəni törədənlərin cəzalandırılıb-cəzalandırılmadıqlarını araşdıracağıq.