Onlar bilirdilər ki, hansısa bölgədən olmaları onlara heç bir üstünlük verməyəcək, hər kəs cəzasını çəkəcək
Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.
Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”
Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.
AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.
Azərbaycan hələ müstəqil olmamışdan da əvvəl millətin başbilənləri fikirləşirdilər: necə edək ki, dövlətin təməl köklərinə zərbə vuran korrupsiya adlanan bəlanın qarşısını alaq. “Ölkədə korrupsiya tüğyan edir”, - deyən müxalifətçilərdən başlayaraq, “Ölkəmizdə korrupsiya ilə uğurlu mübarizə aparılır”, - deyən YAP-çılara qədər, hamı gözəl başa düşür ki, bu, nəinki ümumilli, hətta ümumdünya miqyaslı bəladır və hələ heç bir dünya ölkəsində bunun qarşısını tam almaq mümkün olmayıb. Amma xeyli dərəcədə zəiflədilməsi nümunələri var.
Məsələn, qonşu Gürcüstanda Mixail Saakaşvili sərt qanunlar tətbiq etsə də, bu bəladan qurtulmağın xeyrini gürcü xalqına dadızdırdı. Saakaşvili bu mübarizədə ona görə qələbə qazandı ki, bu işi həyata keçirən korrupsiya ilə mübarizə komissiyasının üzvlərinin qollarında 50 min dollarlıq saatlar yox idi, onları iş binasının ofisində bahalı BMW-lər gözləmirdi və onlar gözəl başa düşürdülər ki, Gürcüstanın hansı bölgəsindən olsalar da, hətta Saakaşvilinin doğma kəndindən olsalar belə, bu, onlara heç bir üstünlük verməyəcək, kim rüşvət alıbsa, cəzasını çəkəcək.
Azərbaycanda da zaman-zaman korrupsiya ilə mübarizə sahəsində uğurlu və uğursuz addımlar olub. Amma bizdə, korrupsionerin kimliyini hamı bilsə də, adətən onun belə yaramaz işlə məşğul olduğu adam “vurulandan” sonra ortaya çıxır. Sən demə, filan nazir rüşvətxorun, korrupsionerin biri imiş. Maraqlıdır ki, təhlükəsizlik və vergi orqanları da bu adamın kimliyini, tutaq ki, 15 illik nazir olduğu dövrdə “bilmirlərmiş”. Elə onunla mübarizə aparanların sırasında da xeyli sayda korrupsionerin olması da hələ “bilinmir”. Onların da vaxtı var, gələndə hamı biləcək ki, bu yaramaz, o birindən daha yaramaz imiş...
Gürcüstanda olduğu kimi, hələlik korrupsiya ilə lazımi səviyyədə mübarizə apara bilməsək də, həftəsonu oxuduğum bir xəbər məndə bu mübarizənin Azərbaycanda da xeyli uğur qazana biləcəyi ümidini yaratdı. Biz, adətən yeni qanunlar, islahatlar üçün Avropanı, Qərbi nümunə götürürük. İndi isə özümüzü əziyyətə salmadan, eyni “şinel”dən çıxdığımız üçün, bizdən elə də uzaq olmayan Ukraynanı misal götürə bilərik.
Məlum oldu ki, Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya korrupsiya ilə mübarizə üçün yeni qanun layihəsi təqdim edəcək. Prezidentin Baş Ofisinin rəis müavini Ruslan Ryaboşapkanın dediyinə görə, bu qanuna əsasən, korrupsiya faktını üzə çıxaranlar, korrupsionerin fəaliyyəti nəticəsində dövlətə dəyən ziyanın 10%-i miqdarında mükafat alacaqlar. Təbii ki, anonimlik təmin olunmaqla və ya bu, pozularsa, dövlət həmin “xəbərçinin” (yaxşı mənada) korrupsioner tərəfindən təhlükəyə məruz qalması şərtində bütün müdafiəni təmin edəcək.
Əla variantdır! Biz də belə bir qanun qəbul edə bilərik. Axı niyə də etməyək?! Məgər son məqsəd korrupsiya ilə mübarizə deyilmi? Qoy həm korrupsioner cəzalandırılsın, həm də digər insanlar pul qazansınlar. Bilirəm, bəzilərimiz, xüsusən də mentalitet çəlləyinin üstünə çıxmağı sevənlər, deyəcəklər ki, “adam satmaq bizlik deyil, bu, kişiyə yaraşan iş deyil” və s. Cəfəngiyyatdır! Bəs xalqın pulunu cibinə qoymaq kişiyə yaraşandırmı?
Burada başqa şey təhlükəlidir. Təsəvvür edin ki, belə bir qanun bizdə olarsa, özgəsinin pulunu (gəlir mənbəyindən asılı olmayaraq) saymağı sevən insanlarımız üçün hansı imkanlar açılır. Sən neçə vaxtdır ki, həsrətlə baxdığın qara, yekə maşından düşən, səni adam yerinə qoymayaraq, salam belə, verməyən qonşunuzun bu pulları haradan qazandığı barədə balaca bir sübut tapan kimi, çatdırırsan lazım olan yerə. Oradan pul qazanmasan belə, o adamı lazımi orqanlar o qədər get-gələ salırlar ki, doğulduğuna peşman olur.
Elə hansısa elmi kəşfi patent alması nəticəsində və ya orta biznes ilə pul qazanan insanların da lazımi orqanlara düşmək şansı çox böyükdür. Məni bu millət barədə neqativ fikirləşməkdə ittiham edənlər 1937-ci il repressiyalarına dair kitablara bir daha baxsınlar. Beşillik plan kimi normadan artıq “vətən xaini” verməyi bizdən heç kim tələb eləmirdi axı. Heç mənim adaşım Mircəfər Bağırov da.
Amma bütün bunlar prosesin yan törəmələridir. Zamanla yoluna qoyulacaq. Ən azı korrupsionerlər əvvəlki kimi arxayın olmazlar və kiməsə arxalanmazlar. Bəlkə biz də başlayaq? Niyə ləngiyək ki?! Axı niyə?!