Rəngkarlıq deyərkən, ağlımıza ilk gələn kətan üzərində gözəlcə həkk edilmiş rənglər olur. Bu, əsrlər boyunca insanların diqqətini çəkən ən yayğın sənət formalarından biri olmuşdur. Rəngkarlıq vasitəsilə bütün dünyada rəssamlar öz düşüncələrini, ideyalarını və duyğularını çox estetik biçimdə ifadə ediblər. Bu sənətin 2 ölçülü vizual dili formalar, xətlər, rənglər, tonlar və teksturalardan təşkil olunan elementlərdən ibarətdir. Bütün bu elementlər isə düz bir səthdə həcm, yer, hərəkət və işıq effektləri yaratmaq üçün bir araya gətirilirlər. Sənət əsərləri yaradılarkən, müxtəlif metodlardan istifadə edilir, bu metodlara misal kimi tempera, freska, yağlı boya, akril, akvarel və digər boyalar, mürəkkəb, quaş və sairəni göstərmək olar.
Bundan əlavə, rəsm divar, molbert, pano, miniatür, əlyazma, litoqrafiya, ekran və ya panorama kimi müxtəlif formalarda öz əksini tapa bilər. İllər boyunca rəngkarlıq sənəti inkişaf edib və ilk sənət ənənələrindəki mahiyyətindən uzaqlaşaraq çoxlu dəyişikliklərə uğrayıb. Faktiki olaraq intibah dövründə bir çox rəssamlar öz sahələrinin peşəkarı olublar, bununla belə, onların əsərləri mübahisə mövzusu da olub. Bəli, bu sənət əsərləri mükəmməl və diqqətəlayiqdir, ancaq çox adamın bilmədiyi başqa şeylər də vardır ki, bunlar yüz illər boyunca sual doğurublar. Sizə bütün zamanların 10 ən məşhur tablosu və onlarla bağlı nadir faktları təqdim edirik.
1. "Mona Lisa" - Leonardo Da Vinçi
Bütün zamanların ən gözəl qadınlarından sayılan Mona Lisa ilə hamımız tanışıq. İnsanlar çox zaman onun gülümsəməsinə “mükəmməl təbəssüm” və ya ” Mona Lisa təbəssümü” deyirlər, sadəcə bir rəssam deyil, bir ixtiraçı, elm adamı və həkim olan Leonardo Da Vinçinin mükəmməl bir şəkildə yansıtdığı bir təbəssümdür. Ancaq bu yağlı boya əsərinin şöhrəti həmişə mübahisə mövzusu olmuşdur: “Nə üçün onun qaşları yoxdur?” “Da Vinçi ilə necə münasibəti var idi?” Bəzilərinə görə, o, Da Vinçinin qadın versiyasıdır, başqaları isə onun Lisa Gerardini olduğu iddia edirlər. Belə ki, araşdırmaya görə, Mona Lisa həqiqətən Florentin ailəsinin bir üzvü, zəngin ipək tacirinin həyat yoldaşı və iki ovlad anası olan Lisa Gerardidir. Onun qaşlarına gəlincə, Da Vinçi portreti yekunlaşdırmayıb, çünki o mükəmməl bir mükəmməlliyətçi idi.
2. “The Last Supper” (Sonuncu şam yeməyi) - Leonardo Da Vinçi
Leonardo Da Vinçinin on beşinci əsrə aid başqa bir şah əsəri “İncil”dəki hekayətdən təsirlənərək çəkdiyi “Sonuncu şam yeməyi”dir. Bu sənət əsəri Milan hersoqu Ludovico Sforza tərəfindən sifarişlə yaradılmışdı. Hersoq xüsusi olaraq apostolların (İsanın həvariləri) və İsanın bu məxsusi dini səhnədəki “Sonuncu şam yeməyi” əsərində öz əksini tapmasını istəmişdi və Da Vinçi sifarişi yerinə yetirmişdi. Orjinal divar rəsmi Milandakı “Santa Mariya delle Grazie” monastrında, yemək salonunun divarındadır. İlk əvvəl rəsmə İsanın ayaqları da daxil idi, lakin 1952-ci ildə rəsmin yerləşdiyi məkanda təmir işləri apararkən inşaatçılar divar rəsminin alt mərkəzinə doğru olan hissəni kəsiblər, bunun nəticəsində rəsmdə İsanın ayaqları kəsilmişdir.
3. “The Creation of Adam” (Adəmin yaradılışı) – Mikelanjelo
Mikelanjelo tərəfindən boyanan Sikstin məbədinin freska tavanında “Adəmin Yaradılışı” adlı pano sərgilənir. Bu əsərdə Tanrının ilk insana həyat verməsi təsvir olunub. Əsərdə iki dominant qəhrəman var: Tanrı və insan; bundan başqa, Tanrının ətrafında uşaq və bir neçə qadın fiquru görünür. Rəsm barədəki şərhlərdən birinə görə, Tanrının yanında bu şərəfli yeri alan bakirə Məryəm Ana, uşaq isə İsa Məsihdir. Ümumilikdə, “Adəmin Yaradılışı” təməl olaraq Məsihin gələcəkdə zühur edəcəyilə əlaqədardır, o, Adəm günah batdıqdan sonra insanı allahla barışdırmaq üçün gələcəkdi.
4. “Starry Night” (Ulduzlu gecə) - Vinsent Van Qoq
Yəqin ki, siz “Vinsent Van Qoq” adlı mahnını eşitmisiniz, mahnıda məşhur “Starry Night” (“Ulduzlu gecə”) əsəri təsvir olunur. Bu əsər 1889-cu ildə kətan üzərində yağlı boya ilə işlənmişdir. Van Qoq bu rəsmi “Saint Remy de Provence” xəstəxanasında ruhi xəstəliyinə görə yerləşdirildiyi vaxt çəkmişdir. Bu əsər onun pəncərəsindəki göy üzünün gecə görüntüsüdür, əslində isə o, bu rəsmi gündüz vaxtı çəkmişdir, görə bilsin ki, gündüzlər həmin gecə necə görünürmüş.
5. “The Scream” (“Fəryad”) – Edvard Munk
Edvard Munkun ən məşhur əsəri olan “The Scream” (“Fəryad”) texniki cəhətdən beş versiyada boyanmışdır. Bu rəsm Simvolizm cərəyanı üçün açar rolu oynamış və həmçinin XX əsrin əvvəllərində Ekspressionizm cərəyanı üçün önəmli bir ilham mənbəyi olmuşdur. Həmçinin Leonarda Da Vinçinin Mona Lisasından sonra bu əsər Qərb incəsənət tarixində ən ikonik insan fiquru sayılır. Əsərdə Munkun niyyəti qışqıran fiqurun bu təbii aləmə bağlı olduğunu göstərməkdi. Munkun 1892-ci il 22 yanvar tarixində Nays şəhərində yazdığı gündəliyində bu səhnə üçün ilham mənbəyinin necə yarandığına dair bir hissə var: “Mən yol boyunca iki dostumla gəzirdim - Günəş batdı -mən melanxolik duyğulara qapıldım - birdən səma qan qırmızısına boyandı. Mən dayanıb barmaqlılara tərəf əyildim, birdən halsızlaşdığımı hiss elədim – alovlu səma sanki qan kimi şəhərin üzərini örtmüşdü. Dostlarım getdi, mən narahat vəziyyətdə titrəyərək orada qaldım - təbiətin içindən sonsuz fəryad, göz yaşı hiss edirdim”.
Körpüdəki fiqur Munkun özünün simvolu ola bilər. Təbiətin ağlamasını qulaqlarınla deyil, qəlbinlə hiss eləmək... Bu hiss vizual baxımdan bundan gözəl ötürülə bilərdimi?
6. “The Persistence of Memory” (Yaddaşın inadkarlığı) - Salvador Dali
Salvador Dalinin 1931-ci ildə çəkdiyi sürreal rəsm əsəri. Digər rəsm əsərlərində olduğu kimi bu əsərin də rəssamın öz baxışından fərqlənən müxtəlif şərhləri vardır. Tanınmış tənqidçi Doun Ades əsəri Albert Eynşteynin nisbilik nəzəriyyəsinə bir işarə kimi şərh edib. Dalidən bunun doğru olub-olmadığını soruşduqda isə o, olduqca etinasızcasına bunun Günəş istisində əriyən klamember pendirinin sürreal görüntüsü olduğunu deyib. Lakin ekspertlərin dediyinə görə, “Yaddaşın inadkarlığı” əsəri onu elmi mərhələyə aparan Naqasaki və Hiroşima atom bombardmanından əvvəlki, həyatının Freyd dönəmindəki işlərindən biridir. Dali bu əsər vasitəsi ilə hər nə ifadə etmək istəyirdisə, bu açıqlamanı özü ilə birlikdə məzara aparıb. Qəribə bir şəkildə hər birimiz bunu özümüz istədiyimiz kimi şərh edə bilərik və bunlar doğru ola bilər. Kim bilir, bəlkə Dalinin nəzərdə tutduğu da bu olub.
7. “The Girl With The Pearl Earring” (“Mirvari sırğalı qız”) - Yohannes Vermeer
Vermeerin bu məşhur sənət əsəri “Holland Mona Liza” sı və ya ”Şimal Mona Liza”sı kimi də tanınır. Əvvəldə əsər “Türbanlı Qız” adlandırıldı və XX əsrin ikinci yarısında bu ad hazırkı adla dəyişdirildi. Əsərdəki gözəl qız Vermeerin böyük qızı Mariya olduğuna inanılır, qızın, atasının bu portreti yaratdığı zaman təxminən on iki və ya on üç yaşı vardı. “Mirvari Sırğalı Qız” Vermeerin yaratdığı qırxdan çox qadın obrazından biridir və beleliklə, aydın olur ki, o qadınların cəmiyyətdə sosial mədəni rol almalarında maraqlı idi.
8. “The Night Watch” (“Gecə Növbəsi”) - Rembrandt Van Rijn
Rembrandtın “The Night Watch”ı (“Gecə Növbəsi”) (Onun alternativ adları daha uzun və daha dəqiqdir) yalnız 600-dən çox əsəri əhatə edən bir karyeranın vurğusu kimi deyil, həm də Hollandiyanın Barokko dövrünün ən böyük portreti olaraq təqdir edilir. Rəsm üç cəhətinə görə məşhurdur: böyük ölçülərinə görə (363sm x 437sm), işıq və kölgənin dramatik inikasına və ənənəvi durğun hərbi qrupun tabloda hərəkətinin sezilməsinə görə. Əsər 1642-ci ildə Holland Qızıl Əsrinin zirvəsində tamamlanıb. Bu əsər komandir Frans Banning Kok (qara geyinmiş, qırmızı lentli) və onun leytenantı Villem van Ruytenburx (sarı geyinmiş) tərəfindən idarə olunan adsız bir rotanı təsvir edir. Günəş işığının və kölgənin effektiv istifadəsi ilə Rembrandt izdiham arasında ən mühüm üç qəhrəmana diqqət çəkir: mərkəzdəki iki cənab (rəsm orijinal adını onlardan alıb) və ortadakı sol arxa planda bir ölü toyuğu aparan qadın. Onların arxasında isə rotanın simvolları mühafizəçi Jan Visşher Kornelissen tərəfindən aparılır. Fiqurlar az qala real olçülərdədir. Rembrant arxa fonda təbii görüntü yaradaraq əsas simvolları daşıyan qadın təsviri və tüfəngin ənənəvi emblemini sərgiləyir. Burada qadın özü uğur simvoludur. Onun qarşısındakı adam palıd yarpağı taxılmış dəbilqə geyinmişdir, bu da o zamanki tüfəngin ənənəvi motivi sayılır. Ölü toyuq məğlub bir rəqibi təmsil etmək deməkdir. Sarı rəng isə əksərən qələbə ilə əlaqələndirilir.
9. “Guernica” (“Gernika”) - Pablo Pikasso
Pablo Pikassonun 1937-ci ildə məşhur “Gernika” əsəri ispan vətəndaş müharibəsi zamanı (1936-1939) Faşist təyyarələri tərəfindən bombalanan şəhərin adından götürülüb. Ancaq Pikasso bilavasitə bombalanmanın şahidi olmamışdı, bu rəsmin ilham mənbəyi Cənubi Afrikalı ingilis jurnalist Corc Steer tərəfindən “The Times” üçün yazılmış bir yazıydı. Bu əsərdən sonra Gernika haqqında çox az bilinən faktlar tədricən dünyada tanınmağa başladı.
10. “American Gothic” (“Amerikan Qotiki”) – Qrant Vuud
“Amerikan Qotiki” əsəri yalnız ABŞ-da deyil, həmçinin dünya miqyasında tanınan əsərdir. Bu əsər 1930-cu ildə amerikalı rəssam Qrant Vuudun ABŞ-ın ucqar bir kəndinin mükəmməlliyini göstərən bir rəsmidir. İnsanlar əsərdəki portretləri ər-arvad kimi şərh edirlər, ancaq əslində əsərdə ata və qızı təsvir olunub. Rəsmdəki qız Vuudn bacısı Nandır, lakin əvvəldə rəssam qızın yerində anasının olacağını qərarlaşdırmışdı. Ancaq anası irəliləyən yaşına görə, uzun müddət ayaq üstə dayana bilməyəcəkdi, buna görə də onun yerinə anasının önlük və sancağını taxan qızı dayanmalı oldu. Rəsmdəki kişi Vuudun atası, yaxud qardaşı deyil: o, rəssamın altmış iki yaşlı diş həkimidir. Rəssam əsərlə bağlı bu qeyri-müəyyən cümlələri söyləyib: “Bu rəsmin içində satira var, bu, həyatın istənilən reallığında olan satiradır. Bunlar həyatım boyunca tanıdığım insanlardı. Mən onları dürüst xarakterizə etmək istədim - onları olduqları kimi, yəni real həyatda olduqlarından fərqli şəkildə”.
Bu əsərlərin hansı əsrdə yaradıldığı və bizim hansı əsrdə yaşamağımıza baxmayaraq, bu faktdır ki, onların qiymətsiz xəzinə olduğunu inkar edə bilmərik. Bu rəsmlər müasir incəsənətin ilham mənbəyi olmuş və hər yerdə sənətçilər üçün motivasiya rolu oynamışdır. Müasir rəsm əsərlərini tez-tez evlərdə, otellərdə, və gözəl salonlarında görmək olar. Biz canlı, parlaq rənglərdən ibarət kətana baxdığımız zaman yüz illər boyunca yaranmış olan incəsənət tarixi haqqında da düşünməliyik.