Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

27-ci komissar necə sağ qaldı? - "Anastas, bizi bu sirri açmağa məcbur etmə...”


Moderator.az ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının erməni kommunist, hiyləgər siyasətçi Anastas Mikoyan haqqında Türkiyə türkcəsində qələmə aldığı "Anastas Mikoyan: Bolşevik erməninin etirafları" kitabının Azərbaycan dilinə tərcüməsinin növbəti hissəsini təqdim edir. 


...Komisarlar 31 iyul 1918-ci il tarixdə istefa verdiklərini açıqladılar. Sosialist inqilabçılardan, menşeviklərdən və daşnaklardan ibarət “Sentrokaspi” hökuməti (Xəzər Hərbi Dəniz Donanmasının Mərkəzi Komitəsi) 1 avqust 1918-ci ildə quruldu. Bu hökumət ilk iş olaraq İranın Ənzəli limanındakı ingilis qüvvələrinin Bakıya gəlməsini təmin etdi. General Dunsterville komandirliyindəki ingilislər 1918-ci il avqustun 4-də Türkiyə ordusuna müqavimət göstərərək Bakıya gəldilər. Bundan sonra baş verənlər Qafqaz İslam Ordusunun 15 sentyabrda Bakıya girməsiylə, daşnakların hökmranlığına son qoyulması ilə davam etdi. 

“Sentrokaspi” administrasiyasının vaxtında həbs olunan və 26-lar olaraq anılan komissarlar bir qrup bolşeviklərin köməyi ilə həbsdən azad edildi. Bakı Xalq Komissarları Krasnovodsk həbsxanasına aparıldı və 20 sentyabr 1918-ci ildə Ağcaqumda güllələndilər. 27-ci komissar Mikoyan isə sağ qaldı. Sonralar bu, onun həyatının qaranlıq səhifələrindən biri kimi araşdırıldı. 

Mikoyan xatirələrində yazır ki, o, həbs olunan komissarları xilas etməyə çalışsa da, səyləri nəticəsiz qalıb. Əslində, Mikoyanın komissarları xilas etməklə bağlı səyləri onların gəmi ilə Bakıdan Həştərxana (ora bolşeviklərin əlində idi),  Krasnovodsk (indiki Türkmənbaşı) şəhərinə  göndərilməsi ilə nəticələndi. Burada isə onları ölüm gözləyirdi. 

Güllələnən 26 Bakı komissarı kimlər idi?

1. Baqdasar Avakyan - Bakı şəhərinin komendantı.
2. Məşədi Əzizbəyov - Bakı quberniyasının komissarı.
3. Tatevos Əmirov - kovaler dəstəsinin komandiri.
4. Arsen Əmiryan - "Bakı fəhləsi" qəzetinin redaktoru.
5. Meer Basin - hərbi-inqilab komitəsinin üzvü.
6. Eyjen Berq - matros.
7. Anatoli Boqdanov - xidmətçi.
8. Solomon Boqdanov - hərbi-inqilab komitəsinin üzvü.
9. Armenak Boryan - jurnalist.
10. Mir Həsən Vəzirov - torpaqbölmə üzrə xalq komissarı.
11. İvan Qabışev - briqada komissarı.
12. Prokofi Caparidze - Bakı fəhlə, kəndli, əsgər və matroslar şurasının sədri,
13. Yakov Zevin - əmək üzrə xalq komissarı.
14. Mark Korqanov - hərbi-inqilab komitəsinin üzvü.
15. Qriqori Korqanov - Bakı xalq komitəsinin hərbi-dəniz işləri üzrə komissarı.
16. Aram Kostandyan - ərzaq üzrə xalq komissarının müavini.
17. İvan Malıqin - Qafqaz ordusunun hərbi-inqilab komitəsinin sədri.
18. İrakli Metaksa - Şaumyanın şəxsi cangüdəni.
19. İsay Mişne - hərbi-inqilab komitəsinin işçisi.
20. İvan Nokolayşvili - Caparidzenin şəxsi cangüdəni.
21. Suren Osepyan - "Bakı şurasının xəbərləri" qəzetinin redaktoru.
22. Qriqori Petrov - Bakı şəhərinin mərkəzi hərbi hakimiyyətinin sədri, qırmızı dəstənin komandiri.
23. Vladimir Poluxin - hərbi-dəniz işləri üzrə komissar.
24. Fyodr Solntsev - hərbi işçi.
25. İvan Fioletov - xalq təsərrüfatı şurasının sədri.
26. Stepan Şaumyan - Qafqaz üzrə fövqəladə komissar, Bakı xalq komissarları şurasının sədri. 27-ci komissar isə Anastas Mikoyan olmalı idi. 

Gördüyümüz kimi, komissarların əksəriyyəti ermənilər idi. Onların arasında Mikoyanın olmaması sonralar araşdırmalara səbəb oldu. 1925-ci ildə Dzerjinski, Orjonikidze və Kirovun da üzv olduğu, Bakının "27-ci komissarının xilas edilməsi"nin araşdırılması məqsədilə bir komissiya yaradıldı. Lakin bundan əvvəlki məlumata görə, 23 yaşlı Mikoyan Bakıdakı bolşevik təşkilatına rəhbərlik edirdi. Bu təşkilat haqqında çox az məlumat var və Mikoyanın özü də öz xatirələrində bunların heç birini qeyd etməyib. 1919-cu ilin fevralında dostlarının ölümündən sonra Mikoyan Moskvaya qayıdıb, partiya və siyasi fəaliyyətini uğurla davam etdirib. "27-ci Bakı komissarı" olmasına rəğmən, Bakıdakı hadisələr ona heç bir təsir göstərməyib. Araşdırmalar da nəticə verməyib. 

Zaqafqaziya Müvəqqəti Hökümətinin başçısı Feodor Funtikova gəlincə, o, vəzifəsindən azad edilərək həbs olundu. Bakı komissarı sui-qəsdi ilə bağlı ittihamları qəbul etmədi və  məsuliyyətdən yayınmaq üçün ingilislərin bütün məsuliyyətlərinə görə məsuliyyət daşıdı. Ancaq 1926-cı ildə yenidən həbs edildi və 26 komissarın qətlində günahkar bilindi. 5 may 1926-cı ildə edama məhkum edildi və edam olundu.

Baş verənlər həqiqətənmi beləydi? İndi bunu heç kim bilmir. Bu məsələ çox sirrlidir. Mikoyanın həyatının qaranlıq səhifələrindən biri də budur. Komissarların məzarları 2009-cu ildə Bakının mərkəzindən köçürülərkən məzarda 26 deyil, sadəcə 23 kişinin cəsədi tapıldı. Bu da qaranlıq və sirrli məqamlardan biriydi. Öldürülən üç nəfərin meyitləri haradaydı? Mikoyan xatirələrində 1937-38-ci  illərdə bir söhbət əsnasında Stalinin ona söylədiklərini xatırladır: “26 Bakı komissarının necə güllələndiyi və sadəcə birinin – Mikoyanın necə sağ qaldığı tarix qaranlıqdır və fikirləri qarışdırır. Və sən, Anastas, bizi bu sirri açmağa məcbur etmə...” Bu, Stalin tərəfindən təhdid idimi?
Stalin Mikoyanın o dövrdə hansı işlər gördüyünü bilirdi və bəlkə də komissarları ölümə tərk edərək özünü xilas etmişdi. Stalinə də, əslində belə adamlar lazım idi. İstədiyi an onu həbs etdirmək qorxusu ilə yaşayan adamlar...
 
Bakı qırğınının baş verdiyi günlərdə - 1918-ci ilin martında bolşeviklərin qələbəsinə Mikoyan da töhfə verdi. Demək olar ki, Bakı Kommunasının sonuna az qalmışdı. Sentyabrın ortalarında nizamlı Qafqaz İslam Ordusu Müsavat qüvvələrinin köməyi ilə Bakını ələ keçirdi. Bakıda yaşanan qorxunc qırğınların günahkarı sayılan Mikoyan həbs olunan məhbusların arasından çıxarılıb, qayıqla Bakıdan qaçmağı bacardı. 

Erməni tarixçi Hranuş Harratyan bu məsələ barədə yazır: "Sonradan - 1925-ci ildə məsələni araşdırmaq üçün yaradılan komissiya (Komissiya üzvləri  Dzerjinski, Ordjonikidze, Kirov idi) “27-ci komissarın qurtuluşu”nu aşadıracaqdı.  Bundan öncə verilən məlumatlara görə, 23 yaşlı Mikoyan Bakıda yeraltı bolşevik dəstəsi qurmuşdu. Bununla bağlı məlumatlar azdır, lakin kiçik işlərdən böyük məsələlər meydana çıxır”. 

O illərdəki kəşfiyyat fəaliyyətini araşdıran Kolpakidiyə görə, Mikoyan Bakıda olan gənc Lavrenti Beriyaya müstəqil Azərbaycan, Müsavat hökuməti üçün bir kəşfiyyat xidməti yaratmağı tapşırmışdı. Beriya Mikoyanın agenti idi. Bu da Mikoyanın həyatının qaranlıq səhifələrindən biridir.

... Beriyanın hansı işlər gördüyü və Müsavatla necə işlədiyi bilinmir. Maraqlıdır ki, Beriya müsəlman hökuməti üçün işlədiyi illərin yeganə şahidini öldürmüşdü. 1953-cü ildə Beriyanın həbsindən sonra  onun 1923-cü ilə aid tərcümeyi-halında özü bunları yazmışdı: “1919-cu ildə Azərbaycandakı “Hümmət” təşkilatına kəşfiyyat xidmətinə girdim, yoldaş Musəvi ilə işlədim. Təxminən, 1920-ci ilin martına qədər yoldaş Musəvinin sui-qəsd nəticəsində öldürülməsindən sonra əks-kəşfiyyatdan imtina etdim. Qısa müddət sonra Bakı Gömrük İdarəsində işləməyə başladım”.

Bu xatirələr ortaya çıxmamışdan əvvəl bu məlumatı, yəni Beriya-“Müsavat” əlaqələrini yalnız bir nəfər bilirdi. O da Mikoyan idi. Lakin o, bu barədə danışmağa heç vaxt ehtiyac duymayıb. Bu barədə onun xatirələrində də məlumat yoxdur.

Daha sonra Beriya Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi, kəşfiyyat şefi Bağırovun müavini vəzifəsinə təyin edildi. 1921-ci ildə Azərbaycanın kommunist partiyası və kəşfiyyat strukturları Beriyanı vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə tənqid etdilər və barəsində istintaq açdılar. Amma Mikoyan fəaliyyətə başladı, o, məsuliyyətdən qurtuldu. NKVD-nin rəisi Dzerjinski, BMT-nin Təcili Yardım Komissiyasının xüsusi nümayəndəsi Yakov Berjozini bunları söyləmişdi: "Stalin zəng edib dedi ki, “Mikoyan “Beriya üçün zəmanət verirəm” dedi, ona qarşı sərt tədbir görülməməsini rica etdi”. 

Ardı var...





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10