Moderator.az ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının erməni kommunist, hiyləgər siyasətçi Anastas Mikoyan haqqında Türkiyə türkcəsində qələmə aldığı "Anastas Mikoyan: Bolşevik erməninin etirafları" kitabının Azərbaycan dilinə tərcüməsinin növbəti hissəsini təqdim edir.
Əvvəlini buradan oxuya bilərsiniz: https://www.moderator.az/news/283831.html?fbclid=IwAR16lGpVs99qrAhBAekBq_bGEzbD_lAPtI7E8JYKo9x6B02xtGBavOT7xqI
27-ci komissar niyə sağ qaldı?
Xatirələrindən də göründüyü kimi, Mikoyan Bakıya xüsusi təlimatla gəlmişdi. Bolşevik partiyasının üzvü olsa da, erməni milli mücadiləsi üçün gəldiyini xatirələrində də yazır.
Mikoyan Bakıya hansı vəzifələrin öhdəsindən gəlmək üçün gəlmişdi? Daha sonra görüləcəkdi ki, o, tez-tez Şaumyanla görüşür, hətta ona ağıl da verirdi. Bakıya gəlişi barədə Mikoyan xatirələrində belə yazırdı: “Axşam saatlarında yenidən partiyanın Bakı komitəsinə getdim və bu dəfə Şaumyanı tapdım. Səfərimin məqsədi barədə danışdıqdan sonra, Şaverdyandan gətirdiyim zərfi ona verdim”.
Şaumyana verdiyi vizit kartının arxasında o, bunları yazmışdı: "Hörmətli Stepan! Bu notu sizə təqdim edəcək Anastas Mikoyan bizə yeni qoşulmuş sosial demokratdır və kifayət qədər hazırlıqlıdır, çox istedadlı insandır, daşnaklarla döyüşmək üçün onu sizə göndərirəm. Buradakı vəziyyəti sizə izah edəcək.
Sənin müşavirin".
Buradakı “daşnaklarla mübarizə aparmaq” ifadəsi məcazi məna daşıyırdı. Şaumyan Mikoyanı neftçilərlə işləməyə təlimatlandıranda əsas məqsəd üzə çıxdı. Əlbəttə, Mikoyan təkcə neft mədənlərində təbliğat aparmadı. Xatirələrin sonrakı hissələrində Şaumyanın xüsusi tapşırıqla neft mədənlərində işləməsi barədə yazır və bunun xüsusi məqsədlə edildiyini söyləyir. Buradan aydın olur ki, Mikoyan Bakı nefti ilə bağlı xüsusi tapşırıqla Bakıya göndərilib.
Bakı neft mədənlərinin müsadirə edilməsi təklifini də o vermişdi. Bakıda neft sənayesinin milliləşdirilməsi məsələsi ortaya çıxdı. 1918-ci ilin fevralından başlayaraq bu məsələ təkrarlandı və müzakirə mövzusuna çevrildi. Bəzi yüksək vəzifəli məmurlar Sovet Rusiyasının yalnız neft hasilatını ələ keçirməklə xilas ola biləcəyini söyləyərək narahatlıqlarını ifadə edirdilər: bunlar texniki heyət, neft mədənlərinin rəhbərliyi və b. idi. Bakıdan göndərilən yanacağın miqdarı Rusiyadakı Sovet hakimiyyətinin taleyini həll edə bilərdi. Şaumyan bu məsələ ilə bağlı dəfələrlə Leninlə məsləhətləşdi. Lenin dərhal müsadirə qərarında Şaumyanı dəstəklədi. Xalq Komissarları Şurasının qərarı qəbul edildi.
Bolşeviklər Qafqazda ikinci dəfə hakimiyyətə gəldikləri zaman daha əvvəl bəhsi keçən "Türkiyə Ermənistanı" ilə əlaqədar siyasətində taktiki dəyişikliklər etdilər. 1918-ci il təcrübəsinin səhv olduğunu deyən bəzi Qafqaz kommunistləri 1920-ci ildə yeni geosiyasi mühitin reallıqlarına uyğun danışdılar. Onlara qarşı olan erməni millətçiləri gerçək vəziyyəti qəbul etmək istəmir, “Türkiyə Ermənistanı”nın müstəqilliyini rədd etməyi "Türk zalımların və cəlladlarının” yanında olmaq kimi dəyərləndirirdilər.
Bakıda fövqəladə komissar Şaumyanın başçılığı ilə erməni-bolşevik koalisiyası yaradıldı və Mikoyan da həmin komitəyə daxil edildi. Bakıya yeni gələn bir gəncin bu koalisiyada iştirak etməsi şübhə doğururdu. Beləliklə, Şaumyan, Mikoyan, Amiryan, Korqanov və Daşnaksütyun partiyasının digər nümayəndələri buranı da “Böyük Ermənistan”ın bir hissəsinə çevirmək siyasətini bolşevik bayrağı altında yürüdürdülər. Əvvəlcə Bakıda nizamlı bir erməni ordusu yaratmaq üçün fəaliyyətə keçdilər. Şaumyan Qafqaz cəbhəsindən təxris edilmiş və ya qaçmış rus əsgərlərinin silahlarını alaraq Bakıda erməniləri silahlandırırdı. O bilirdi ki, güclü hərbi hissə olmadan Bakını tam nəzarətə götürmək mümkün olmayacaq. Eyni zamanda, türklərin silahlanmasına hər üsulla əngəl olmağa çalışırdı. Beləliklə, 1918-ci il mart soyqırımından əvvəl bolşeviklər tez bir zamanda erməniləri silahlandırmışdılar. Əsas hərbi heyətə Qriqori Korqanov rəhbərlik edirdi. Əvvəllər o, Qafqaz Ordu Şurasının rəhbəri olmuşdu. Mikoyan da Avakyan və Stamboltsyan ilə birlikdə həmin qrupda yer almışdılar.
Bolşeviklərin Bakıda formalaşdırdığı ordunun ermənilərdən təşkil olunması sovet tarixçiləri tərəfindən də etiraf edilmişdi. Onlardan biri də Y.Ratqauzerdir. Müəllif göstərirdi ki, sovetin formalaşdırdığı Qızıl Ordu əks-inqilabi burjua və mülk sahiblərinin qiyamının qarşısını ala biləcək gücə malik deyildi. Buna görə sovetlər şəhərdə məskunlaşmış daşnak hərbi hissələrindən yararlandılar. Bolşevik Mikoyan xatirələrində şəhərin müsəlmanlardan təmizlənməsinə öz töhfəsini verəcəyini yazırdı. Bakıda Daşnaksütyun partiyasına və Erməni Milli Şurasına bağlı yaxşı silahlanmış hərbi hissələr var idi. Onlara keçmiş Rusiya ordusundan çox sayda silah miras qalmışdı. Eyni zamanda, kifayət qədər pulu olan Ermənistan Milli Şurası təxris olunmuş rus əsgərlərindən silah alırdı. Erməni daşnak hərbi hissələri yaxşı təhsil almış və türklərə qarşı dərin nifrət hissi ilə tərbiyə olunmuşlar. Mart soyqırımı ərəfəsində baş qərargah rəisi Daşnaksütyun Partiyasının üzvü olan erməni general Zaven Avetisov olan Qızıl Ordunun 80%-i erməni idi.
Anastas Mikoyan xatirələrində yazır ki, “bu qiyamın başlamasından bir həftə əvvəl bütün təbliğatlarını dayandırıb, işçilərin yığıncaqlarına getməyib və bütünlüklə silahlı qüvvələrin təsis edilməsi, silahlandırılması məsələsinə diqqət yetirib". Halbuki 1917-ci ildən bolşevik partiyasının üzvü olan A.Baranovun xatirələrinə görə, Anastas Mikoyan mart ayında Bakı qalasının qapısında təşkil olunmuş hərbi əməliyyata rəhbərlik edib, hətta ayağından yaralanıb. Bu da onu göstərir ki, Mikoyan Azərbaycan türklərinə qarşı mart soyqırımında şəxsən iştirak edib.
Stepan Şaumyan Bakını Rusiya ilə birləşdirmək üçün bir plan hazırlamışdı. Bu plandan da Mikoyanın xəbəri vardı. Bu plan mart ayında həyata keçirilməli idi. Plana görə, Bakıdan şimala qədər bütün torpaqlar türk-müsəlmanlardan təmizlənəcəkdi. Mikoyan bu planın çətin olacağını Şaumyana bildirmişdi. Şaumyana görə, cənubi Qafqaz müxtəlif xalqların yaşadığı yer olduğundan, bu bölgənin Rusiyadan ayrılmasının nəticələri çox pis fəsadlara yol aça bilər. Bakı və Azərbaycanın şimal hissəsi Rusiyaya birləşdirilməliydi. Bununla yanaşı, özünü milliyyətçilik anlayışından tamamilə təcrid edə bilmədiyi görülür. Ənənəvi erməni millətçiliyi Şaumyanda da mövcud idi. Belə ki, cənubi Qafqazdakı millətlərin muxtariyyət və ya müstəqillik fikirlərini sərt şəkildə tənqid edib. Bu bölgələrin idarəetmə üsulu müzakirə edilərkən, erməni xalqının və Osmanlı İmperiyasındakı erməni azlıqlarının taleyini görməməzlikdən gəlməyib, “onlar əgər Rusiya ilə birləşəməyə qərar verərlərsə, Ermənistanla birləşməlidirlər” söyləyib. Hətta gələcəkdə mümkün olacaq təqdirdə, Bakı da Ermənistana bağlanacaqdı. Şaumyanın yürütdüyü bu siyasəti III briqadanın siyasi komissarı təyin edilən Mikoyan da davam etdirmişdi.
Şaumyan və Mikoyan arasındakı əməkdaşlıq Azərbaycanda müstəqillik uğrunda mübarizənin aparıldığı dönəmdə də davam etdi. Xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdə Şaumyan Mikoyan və Amiryanın dəstəyi ilə Müsavat partiyası üzvlərinə qarşı fəaliyyətlərini artırdı. Mayın 24-də Şaumyan Rusiya Sovet Federativ Respublikası Xalq Komissarları Sovetinə göndərdiyi məktubda türklərin şimali İranı ələ keçirmək və Bakıya yürüş etmək məqsədini ifadə edirdi. Şaumyan 22 mayda Stalinə, "Yelizavetpol (Musavatlar) bəyləri bizə qarşı yeni bir yürüşə başladılar. Dünən Hacıqabul bölgəsində Bakıya gedən yolu qoruyan qruplarımızla süvarilər arasında qarşıdurma oldu. Kömək üçün təcili olaraq əsgər və silah göndərin” - şəklində bir teleqraf göndərdi. Sovet Rusiyası Bakı Sovetinə, xüsusilə hərbi sahədə lazımi kömək göstərirsə də, bu, Şaumyanı razı salmırdı. Bu mənada o, Türk Ordusunun hücumunun qarşısını almaq və müsavatçıların Gəncədən çıxarılması üçün hazırladığı planları sovetlərə təqdim etdi. Lakin Şaumyan düşünürdü ki, Cənubi Qafqaz üç vilayətə bölünməlidir: 1. Qərbi Qafqaz - Kutayisi, Batumi vilayətləri və Tiflis əyalətinin bir hissəsi. 2. Şərqi Qafqaz - Yeravan vilayəti, Tiflis vilayətinin bir hissəsi, Qars və Yelizavetpol vilayətləri. 3. Bakı vilayəti - Yelizavetpol əyalətinin bir bölümü və Dağıstan vilayəti.
O zaman Gəncəyə edilən hücum bir nəticə vermədi. Şaumyan Moskvaya göndərdiyi bir teleqrafda, “Biz Bakıdakı vətəndaş müharibəsindən sonra çox kiçik bir qüvvə ilə birbaşa Gəncəyə getsəydik, daha yaxşı olardı", - deyə yazdı. Stalin yardımın 1918-ci il 10 iyun tarixində Bakıya göndərildiyini, Şaumyan isə Sığırlıdan sonra Kürdəmirin də ələ keçirildiyini bildirdi. Bakı sovetinin Şaumyanın əmriylə 12 iyunda Gəncəyə qarşı təşkil etdiyi hücum nəticəsində Azərbaycan Cümhuriyyətinin varlığı ciddi təhlükə altına düşdü. 4 iyun 1918-ci il tarixli Batumi müqaviləsinin 4-cü maddəsinə əsasən, Osmanlı imperiyasının təcili köməyi sayəsində bu təhlükənin qarşısını almaq mümkün oldu. Bütöv Azərbaycan və türk qüvvələri Göyçay yaxınlığında 27 iyun - 1 iyul tarixləri arasında davam edən mübarizədən sonra Bakı Sovetinin əsgərlərini məğlub edərək onların Gəncəyə yürüşünü əngəllədilər. Nuri Paşanın əks hücumu ilə Qızıl Ordunun Göyçayda məğlubiyyəti Şaumyan, Mikoyan və Amiryanın hədəflərini boşa çıxardı.
Bundan əlavə, Bakıda uzun müddət davam edən münaqişə vəziyyəti daha da ağırlaşdırdı. Rusiyadan istədiyi hərbi yardımlar Həştərxandan gələn 170 nəfərlik süvari və Moskvanın əmri ilə Ukraynadan göndərilən Petrovun komandanlığı altındakı 780 nəfərlik piyada dəstəsi və bir neçə topdan ibarət idi. Göndərilən yardım çox az idi və təcili olaraq başqa bir dəstəyə ehtiyac vardı. İki seçim ön planda idi. Onlardan biri polkovnik Biçeraxov, digəri Dunsterville tabeliyindəki ingilis əsgərləri idi. Bolşeviklər ingilislərə güvənmirdilər. Xüsusilə Şaumyan Bakının ingilislərin əlinə keçməsindənsə, başqa bir müvəqqəti qüvvə tərəfindən idarə edilməsini tərcih edirdi. Sonda Bakı HKS Biçeraxovun köməyini qəbul etdi.
Ancaq o, Bakını müdafiə etmək əvəzinə, şəhərin 60 km cənubundakı bir bölgəyə çəkilərək həm Bakının siyasi mühitindən uzaqlaşmaq, həm də olduğu yerdən Türk ordusuna basqınlar etməyə başlamışdı. Biçeraxov uğursuzluğa uğradı və qoşunlarını cəbhədən çəkərək şimala doğru yönəldi. Bütün bunlar baş verərkən ruslar Azərbaycanın Osmanlı qoşunları tərəfindən işğal olunduğunu, əslində Azərbaycan müstəqillik məsələsini heç düşünmədiyini, özünü Osmanlı imperiyasının bir hissəsi olaraq qəbul etdiyini iddia edirdilər. Bakı Soveti, Şaumyanın ingilis Osmanlı dövlətinin Azərbaycan, Gürcüstan və Ermənistanla ayrı-ayrılıqda imzaladığı Batumi Sazişi ermənilərə görə, "Ermənistanın böyük bir hissəsinin Türk yeniçərilərinin ayaqları altında əzilməsi” anlamına gəlirdi.
Ardı var...