"Coğrafiya insanın taleyidir” (Behzat Ç. serialından)
Ayxan Ayvaz
Mən təhsil səviyyəsinin yerlərdə süründüyü, qız uşaqlarının erkəndən ərə verildiyi torpaqda dünyaya göz açmışam. Orda qadınların fikir haqqı yoxdur. Həmişə kişilər danışar, kişilərin dediyi olar.
Yəqin bu mənzərə bizimkilər üçün elə də vahiməli görünmədi; çünki nə qədər sivil bir cəmiyyət olmaq üçün dəridən-qabıqdan çıxsaq da, yeri gələndə tapdalanan insan hüquqlarına orda-burda xırda-para reaksiya versək də, etiraf edək ki, tipik Şərq ölkəsiyik. Hamımız "qadın hüquqları” deyə hay-küy salarıq, kimsə bunun əleyhinə getsə, linç etməkdən çəkinmərik, ancaq reallıq daima başqa bir nəğməni səsləndirər bizim üçün.
Deyəcəklərim bəlkə sizin üçün də qəribə gələcək. Bilirəm, linç etməyi çox sevən ölkənin vətəndaşlarıyıq. İsa peyğəmbər demiş, sözü həmişə hərfi mənada başa düşüb fikir sahibini gülləboran etməkdən həzz alırıq. Lakin yenə də bir yola çıxdıqmı, gərək onu axıra qədər gedək.
Dediyim kimi, mən ənənəvi, mühafizəkar bir yerdə - Gürcüstanda doğulmuşam. Uşaq vaxtından atla, sonra da maşınla qaçırılan qadınlar görmüşəm. Erkən yaşda ərə verilən qızların sayını isə nə siz soruşun, nə də mən söyləyim.
Bakıdasınız deyə sizin təsəvvür etməyiniz bəlkə də çətin ola bilər. Hər halda, Bakı da mənə görə tam şəhərləşmiş, urbanizasiya təfəkkürü formalaşmış yer deyil. Əslində, əyalət təfəkkürünün hər gün rayon avtobusları ilə gəlib-getdiyi bir məkanda sizə anladacaqlarım elə də təəccüblü olmamalıdır. Amma yenə də mənzərəni bir az dəqiqləşdirək. Belə bir yer düşünün: ancaq kişilər danışır, kişilər qərar verir, kişilər haqlıdır... Qadın isə təkdir. Həmişə təkdir, o, elə hey susur, susur və öz taleyinə boyun əyir. Bu cür yerdə erkən yaşlı qız nə etsin?
Tutaq ki, o, 14 yaşındadır, amma daha tez yetişib. Öz bədənini yaşıdlarından daha tez duyur. Başqa yerlərə can atır, özünü ifadə etmək istəyir. Mütləq cinsi münasibət olmalı deyil ki. Ən azından onun da sevgi gölündən bir damla üzünə vurmaq haqqı var. Təbii ki, təsvir etdiyimiz yerdə bu mümkünsüzdür. Qız nəinki başqa yerlərə gedə bilməz, öz kəndində də oğlanla əl-ələ tutuşmaq bir yana qalsın, görüşə də bilməz. Niyə, bilirsiniz? Əlahəzrət cəmiyyət gözünü heç vaxt bu cür (qınından çıxıb qınını bəyənməyən və ənənədən qırağa çıxan) qızlardan qırağa qoymaz, hər gün onu pusar. Qız da, deyək ki, bu sərhədləri aşdı və yasaq zonalara daxil oldu. Vay! Onun adını çıxaracaqlar. Pozğun! Fahişə!
Mən hələ yazıda mədəni yazıram. Belə bir şeyin doğulduğum torpaqlar üçün necə dəhşətli olduğunu təsvir etməkdə acizəm. Və yəqin ki, Azərbaycanın bir çox bölgələrində də vəziyyət bu həddədir. Nə qədər gənc xanım bu səbəbdən intihar edib, özünü oda-közə vurub. Qaçanlar, xilas olmaq istəyənlər də təbii ki, var.
Və erkən nikah... Belə bir yerdə yeganə xilas - məhz erkən nikahdır. Təhsil yox. Savad yox. Dünyadan xəbərdar deyillər. Azad münasibət qətiyyən olmaz. Eləcə çay-kofe içib, necə deyərlər, bir-birinin gözlərindən doya bilməzlər. Heç nə olmaz.
Hər şey böyük bir "yox”dan ibarətdir. Çarə nədir o zaman? Dərhal o qızı ərə vermək; çünki o qızı ata-ana cəmiyyətdən ayrı cür xilas edə bilməz. Dediyim kimi, yaşadığımız toplum başqasını linç etməkdən həzz alır. Ata-ana el dili ilə desək, bir az "dingildəyən” qızını tez-bazar ərə verməklə onun yaxasına çökəcək dəhşətli ittihamlardan xilas edir.
Beləliklə, qız intiharın pəncəsindən də qurtulur, ona pozğun kimi baxılmasından da. Rahatca həyatını yaşayır. Yanında da üç-dörd uşaq. İstəyirsiniz, gedək bir-bir hamısından soruşaq. Necəsiniz? Yaxşısınız? Ailə həyatı necə gedir? Əksəriyyəti müsbət cavab verəcək.
O cür qızları cəmiyyət özü erkən nikaha itələyir. Başqa variant qoymur. Belədə, bu ölkədə erkən nikah yeganə çıxış yolu kimi qalır. Buna aiddiyyatı qurumlar ciddi nəzarət etmirsə, təhsil və dünyagörüş qısıtlı şəkildə verilirsə, çarəni cəmiyyətin özü tapır. Daha doğrusu, belə deyək: bu vəziyyətə, bu hala salınmış cəmiyyət öz-özünü birtəhər xilas etmək üçün çabalayır.
Qanun deyir ki, 16 yaşına çatmayan şəxslə cinsi əlaqə bütün hallarda cinayət məsuliyyəti yaradır. Tamam. Mən də razı. Bəs, 16 yaşından aşağı olan biri özünü 21 yaşındakı kimi hiss edirsə... o zaman nə olacaq? Çıxış yolu nədir? Kəndirlə evə bağlayaq?
Sərbəstlik verilsə, cəmiyyət onu linç edəcək. Təhsil də göz qabağında. Elina kimi qızı intihara aparanları gördük. O qız hələ paytaxtda idi. Kənd yerində olsa, nə olardı?
Bölgələrdə "qadın hüququ" söz birləşməsinin üzünə baxan yoxdur. Adını eşidənin qulağından bururlar.
Seksual razılıq yaşı konkret şəxsin qarşı tərəflə heç bir məhdudiyyət olmadan intim əlaqədə olmaq üçün müəyyən edilən yaş həddidir. Avropa ölkələrində bu yaş həddi 14-18 arasında dəyişir. Bizim kimi toplumlarda bu yaş həddinin bir önəmi yoxdur.
Elə bir mənzərə var ki, yalnız qız ərə getdiyi vaxt cinsi münasibətdə ola bilər. Vəssalam. İndi özünüz fikirləşin. Belə yerdə nə edəsən? Erkən nikaha razılaşmaqdan başqa çıxış yolu qalırmı?