Hər obyektə görə ödənən aylıq 7 manatın sirləri
Son 3 günü medianın əsas gündəminə çevrilmiş “Relax” məsələsi əslində bu “yara”nın içində olan digər “yara”ları da üzə çıxartdı.
Bu obyekt inşa olunan vaxtdan yerli sakinlərin dərd-bəlasına çevrilib. Yaxınlıqdakı kəndə gediş-gəliş yolu bağlanıb. İnsanları traktorla sürüyüb ev-eşiklərindən didərgin salıblar. İndi hər gün millət vəkili İqbal Məmmədovun əməlləri ilə bağlı yeni heyrət doğuran məqamlar üzə çıxır.
Amma deyəcəyimiz bunlar. Məni heyrətləndirən “Relax” kimi bir istirahət mərkəzinin hər obyektə görə ayda 7 manat vergi ödəməsi olub. Görəsən, Vergilər Nazirliyi özündə çəsarət tapıb digər istirahət mərkəzlərinin də nə qədər vergi ödədiyini açıqlaya bilər? Ya kommersiya sirridir? Əyər sirdirsə, bəs niyə “Relax” sirrin açdı. Ya bütün istirahət mərkəzlərində vergi yığınları döyməlidirlər ki, onların ödədiyi vergilər bilinsin. Buna görə İqbal Məmmədov nə qədər günahkardırsa, vergi işçiləri də şübhəli əməllərinə görə o qədər günahkardır.
Aşağıda təqdim olunan yazıda bu mətləblərə nə qədər aydınlıq gətirilsə də, təəssüf ki, bu hörmətli iqtisadçılar da yıxılanı baltalamaqla məşğuldur.
Vüqar Bayramov: “Qiyməti kifayət qədər yüksək olan bir istirahət obyektinin ayda gülməli rəqəmlərlə ifadə olunan vergi ödənişləri ödəməsi gizli iqtisadiyyatın miqyasını göstərir”
“Rəsmi açıqlamadan bəlli olur ki, “Relax” bu ilin 7 ayında cəmi 972 manat vergi ödəyib. Bu, o deməkdir ki, 20 obyekti olan istirahət mərkəzində hər bir obyekt qeyd olunan müddətdə orta hesabla 48 manat 60 qəpik vergi ödənişi həyata keçirib. Və deməli, hər bir obyektin aylıq vergi ödənişi orta hesabla, hətta 7 manatdan da az olub”.
AYNA xəbər verir ki, bu barədə iqtisadçı-alim Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib. Bildirib ki, 14 hektar sahəsi olan istirahət mərkəzi üçün bu hər sotdan istifadə də 7 ayda cəmi 70 qəpik vergi ödənişi deməkdir.
“Bu, hər torpaq sotunun ayda cəmi 10 qəpik vergi ödənişi anlamına gəlir. Qiyməti kifayət qədər yüksək olan və nəinki mövsüm, hətta digər aylarda da sıxlıq müşahidə olunan bir istirahət obyektinin ayda belə gülməli rəqəmlərlə ifadə olunan vergi ödənişləri gizli iqtisadiyyatın miqyasını göstərən və əslində buna qarşı mübarizənin əhəmiyyətini bildirən faktlardandır”, - ekspert vurğulayıb.
Bayramovun əlavə edib ki, “Relax” az vergi ödəyən birinci şirkət deyil və sonuncu da olmayacaq: “Vergilər Nazirliyinin bu məsələdə prinsipal mövqeyi təqdirəlayiqdir. Birmənalı şəkildə, himayə olunan obyektlərdə vergi intizamının formalaşmasına ehtiyac var. Aydındır ki, qeyri-neft sektorunun inkişafının davamlılığı, məhz gizli iqtisadiyyata qarşı mübarizənin hansı səviyyədə səmərəli aparılmasından və təbii ki, real sektorda “himayəçiliyin” aradan qaldırmasından asılı olacaq”.
Millət vəkili Vahid Əhmədov araşdırmanın nəticəsini gözləməyi təklif edir: “Hazırda vergi müfəttişləri tərəfindən real rəqəmləri üzə çıxarmaq istiqamətində yoxlamalar gedir. Əgər istirahət mərkəzinin dövriyyəsi həqiqətən də yüksək səviyyədədirsə, əlbəttə ki, ödənilən vergilər çox aşağı səviyyədədir”.
“Digər tərəfdən, o da ola bilər ki, ödənişlərim vaxtında ödənilməməsi rəqəmlərin aşağı səviyyədə göstərilməsinə zəmin yaradıb. Amma onu deyə bilərəm ki, həmin istirahət mərkəzi kifayət qədər böyükdür və yüksək dövriyyəyə malikdir. Mən özüm də 3-4 il qabaq həmin istirahət mərkəzində olmuşam. Sadəcə araşdırmaq lazımdır ki, ödənilən vergilər nə üçün bu qədər aşağı əviyyədə göstərilib”, - deputat bildirib.
V.Əhmədovun sözlərinə görə, son zamanlar həm gizli iqtisadiyyatın aşkara çıxarılması, həm də vergilərin vaxtında ödənilməsi ilə bağlı ciddi işlər görülür: “Bu sahədə çox ciddi dəyişikliklər baş verib. Əlavə olaraq, sahibkarlara olan basqıların da azalmsaı müşahidə olunur. Buna baxmayaraq, vergi ödəyən sahibkarlar da başa düşməlidirlər ki, vergini vaxtında ödəmək lazımdır. Çünki nə qədər gizlətsələr də, vergi orqanları onu üzə çıxaracaqlar”.
Qeyd edək ki, avqustun 16-da Lerik rayonunda fəaliyyət göstərən “Relaks” istirahət və turizm mərkəzində insident baş verib. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) və Vergilər Nazirliyinin birgə rəsmi açıqlamasına əsasən, nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onlara qanuni fəaliyyətini həyata keçirlməsinə maneələr törədilib.
Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib. Hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməyib, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirib, bundan başqa Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər.
Həmin faktla bağlı cinayət işi başlanıb, təcrübəli polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb, eləcə də Baş Prokurorluğun, Vergilər və Daxili İşlər nazirliklərinin vəzifəli şəxsləri rayona ezam olunublar. İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onu da diqqətə çatdıraq ki, Mirhəmid Nərimanlı Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu, Orxan Nərimanlı isə deputatın qardaşı oğludur.
Müəllif: Mərahim Nəsib 20 Avqust 2019 12:30