Filologiya üzrə fəlsəfə doktoru Firudin QurbansoyKulis.az -a verdiyi müsahibəsində İsa Hüseynov və onun Nəsimiyə həsr olunmuş “Məhşər” romanı haqqında sərt fikirlər səsləndirib. O deyib: “Məhşər” romanı həddindən artıq zəif əsərdir. Orda Nəsimi obrazı yoxdur. Çünki İsa Hüseynov Nəsimi şeirini anlayacaq səviyyədə deyildi.” Firudin müəllimin söylədikləri haqqında tanınmış yazarların fikirlərini öyrəndik. Cavabları təqdim edirik.
Səfər Alışarlı
- Firudin Qurbansoyun dediklərində müəyyən həqiqət ola bilər. "Məhşər" romanı yazılanda bizdə dini bilmək lazım deyildi, marksizmi-leninizmi bilmək tələb olunurdu. Ancaq rəhmətlik İsa Hüseynov vicdanlı bir vətəndaş, istedadlı bir yazıçı olduğu üçün inanıram ki, əlindən gələn hər şeyi o film üçün eləyib. Film alınmayıb. Bugünkü tamaşaçının gözü ilə baxanda, əlbəttə, orada çox qüsurlar görmək olar. Zamanında isə müəyyən estetik və tarixi effekt yarada bilmişdi.
Məti Osmanoğlu
- Roman yenicə nəşr olunanda bir tarixçi İsa Hüseynovun üstünə düşmüşdü ki, müəllif tarixi faktları təhrif edib. İsa Hüseynovun cavabından fikir yadımda qalıb ki, siz romanla tarixi monoqrafiyanı qarışdırırsınız, mən dissertasiya deyil, roman yazmışam.
“Azərbaycan” jurnalında nəşr olunmuş elə həmin cavabda İsa Hüseynov tarixi də mükəmməl bildiyini, mənbələrdən xəbərdar olduğunu nümayiş etdirmişdi...
Universitetdə ədəbiyyat tarixi müəllimimiz dad-aman eləyirdi ki, İsa Hüseynov Nəsimini filoloji baxımdan düzgün şərh etməyib. Halbuki roman müəllifinin belə bir borcu yoxdur. O, özünün dərk etdiyi və oxucuya təqdim etmək istədiyi Nəsiminin obrazını yaradıb. Təəssüf ki, indi də başqa bir ədəbiyyat tarixçisi və münəccim dostumuz eyni mövqeyi nümayiş etdirir.
Ancaq çox sadə bir həqiqət var: hər bir bədii əsər müəllifin uydurması, onun yaradıcılıq təxəyyülünün məhsuludur. Uydurmada tarix, filologiya, din, nücum kimi elmlərin ehkamlarını axtarmaq istər-istəməz adamları başqa səmtə, qaranlıq istiqamətə yönəldir. Ona görə də bədii mətnə bu cür yanaşmadan çəkinmək lazımdır.
Mənim məsləhətim budur ki, bədii mətnə məhz bədii mətn, uydurma kimi yanaşsınlar. Əgər belə yanaşa bilməsələr, bu cür polemikalardan həmişə İsa Hüseynov qalib çıxacaq. Ən azından, öz opponentlərini çaşdırdığına görə.
Mehman Qaraxanoğlu
- Həddən ziyadə yanlış fikirlərdir. Birincisi, İsa Muğanna “Məhşər”lə beynimizdə oturuşmuş tarixi roman mifini dağıtdı. Müəlliflə qəhrəman arasındakı “uzaq” məsafələri götürdü, haradasa obrazla “eyniləşdi”. Totalitar rejimdə onun bu cür addımı heyrətamiz idi. Nəsimi obrazı məhz bu cür olmalı idi. Ən azından, romanın ezoterik notlara köklənmiş dili fikrimizi təsdiqləyir. Nəsimi bir şairdir, qəhrəman deyildir! Avtoritar rejimin onu qəhrəman kimi təqdim etməsi “başadüşülən”dir; hə, baxın, bir şərqli mütəfəkkir Allahı necə inkar edir, “tabu”laşmış gələnəklərə və İslam dininə qarşı necə qəhrəmancasına dirəniş göstərir! Az qala Nəsimini ateist eləmişdik. İsa Muğanna bu düşüncəni alt-üst etdi. Görünür, Firudin bəy özünə məlum olan və artıq “arxetipləşmiş” tarixi roman qəhrəmanını burada görmədiyindən bu cür düşünür.
İkincisi, İsa Muğannanın Nəsimi şeirini anlamaq səviyyəsində olmamasını dilə gətirmək absurd bir fikirdir. Niyə? Hər bir şairin öz fəzası olur; ilk şeirindən son şeirinəcən həmin fəzada “rəqs” edir. Nəsimi o nadir sənətkarlardandır ki, nəhayətsiz fərdi fəzası ola-ola bütün başqa şairlərin fəzasına da rahat daxil olub çıxa bilir. Eynən İsa Muğanna kimi. Nəsimi şeirini yalnız İsa kimi düşünənlər anlaya bilərdi. O, Nəsimi şeirinə ruhən qovuşmuşdu.
Üçüncüsü isə hələ də insanlarımız dini fiziksəl bir güc, qüdrət kimi anlayır, nazil olan kitabı da adamın gözünə təpirlər. Qardaş, kitab faktdır, amma sən onu ruh faktı kimi qəbul etməlisən. “Quran”ımız fiziksəl oxu kitabı deyildir, Ruh oxusu üçündür. Qəzzali demişkən, dini intuitiv anlamaq gərək! İndi sual verirəm: Dinimizi, kitabımızı İsa Muğanna kimi özünəməxsus intuisiya ilə oxuyub dərk edən ikinci bir yazarımız varmı?!
İlqar Fəhmi
- Firudin müəllim Nəsimi yaradıcılığıyla yaxından tanış olan, araşdıran alimdi. Bu il də hürufilik simvolikasıyla bağlı çox dəyərli kitabı çıxıb. O ki qaldı, İsa Hüseynova və o filmə, hər halda Sovet dövründə onsuz da ondan artıq nəsə etmək mümkün deyildi. Nəsimi mütləq feodal zülmünə, islam ehkamına zidd gedən bir adam kimi təqdim olunmalıydı ki, əsərə və filmə yaşıl işıq yanaydı. Yadımdadı, o vaxt “Məşhər” romanının annotasiyasında yazılmışdı ki, bu roman islam dini əleyhinə yazılmış əsərdi. Və təbii ki, Nəsimi də bu əsərdə islamın düşməni kimi təqdim edilməliydi ki, Sovet ideologiyasının tələblərinə uyğun olsun. Əgər bugünkü müstəqilliyimiz şəraitində olsaydı, əlbəttə ki, film də, əsər də tamam başqa cür ərsəyə gələrdi.
İradə Musayeva
- Bir çox fikirləri qəbul etsəm də, bu hissə Firudun bəyin klassik və müasir ədəbiyyatı və bu ədəbiyyatlar arasındakı əlaqəni, münasibəti analitik təhlillə dəyərləndirmə meyarına şübhə oyatdı. İsa Hüseynov sufizmi də, hürufiliyi də, islamı və xristianlığı da bilirdi. Onun “İdeal” romanındakı dini bütün dinlərin fövqündə olan bir etiqad, Allaha daha yaxın bir ruhun elmi idi. Bəşəri bir yanaşma var o əsərdə.
Azərbaycan ədəbiyyatında Nəsimini dərindən anlayacaq tək-tük yazıçılardan biri elə İsa Hüseynov idi. Lakin özünün də etiraf etdiyi kimi, “Məşhər”ə qədər və “Məşhər”dən sonrakı İsa Hüseynov - İsa Muğanna ayrılığı vardı ki, bu fərq mövzuya yenidən baxmaq zərurəti yaradırdı. Yəni İsa Muğanna Nəsimi haqqında daha fərqli bədii əsər yaza bilərdi, nəinki İsa Hüseynov. Problem oradadır ki, Qurbansoy əsərin və filmin zəif nöqtələrini və ya İ.Hüseynovun o zamankı yanaşmasını tənqid etmir. Deyir ki, İsa dini qətiyyən bilmirdi və “İdeal” romanı qarışıq əsərdir və s. Əslində yazıçının “İdeal”dan sonrakı yaradıcılığını hələ anlamayanlar çoxdur. Onun ölüm, şüur və beyin enerjisi və s. məsələlər haqqındakı 20 il əvvəlki qənaətini 2011-ci ildə dünya şöhrətli fizik Robert Lanza kəşf kimi təkrarladı.
Murad Köhnəqala
- Əvvəla, onu deməliyəm ki, Nəsiminin bizə məlum olan, daha doğrusu, Nəsimi adına sırınan şeirlərin hamısı ona məxsus deyil. Şərq ədəbiyyatında belə bir ənənə olub, şagirdlər ustad bildiyi şairin imzası ilə şeirlər yazıb. Xüsusən, ustadın ölümündən sonra onun xatirəsini bu yolla əbədiləşdirmək bir ənənəyə çevrilmişdi. Bu mənada, Nəsiminin xalis öz qələmindən çıxan şeirlərinin çox az bir qismi çağımıza gəlib çatıb. Çünki edam olunduqdan sonra onun şeirlərini əzbərdən deməyə qadağa qoyulub, yazılı külliyyatı isə məhv edilib. Şifahi formada yaddaşlarda qalan, yaxud sonradan kağıza köçürülmüş, hardasa, əlliyə yaxın şeirindən Nəsiminin ruhu, tərzi həmən seçilir. Nəsimi şeirlərinin ən fərqli cəhətlərindən biri də türkdilli klassik ədəbiyyata soxulmuş ərəb-fars tərkiblərindən imtina etməsidir. Təkcə bu xüsusiyyətilə onun xalis şeirlərini digərlərindən ayırd etmək mümkündür. Nəsimi islamı olduğu kimi qəbul etsəydi onu nə üçün edam edirdilər ki? Yəni Nəsimi, Firudin və onun düşüncəsində olanların dediyi kimi, dindar olmayıb. “Ənəlhaqq!” ideyasını, yəni, haqq göylərdə yox, insanın öz daxilindədi, düşüncəsini yayan adam səmavi din konsepsiyasını rədd edir. Ona görə Nəsimi ideologiyasından xəbərsiz olanlar onun yaradıcılığını öz düşüncələrinə uyğun qatıb-qarışdıraraq bulandırıblar. Tutaq ki, Nəsimidən yüz il sonra yaşamış “Nəsimi” təxəllüsü ilə şeirlər yazan bir şair dünya baxışı etibarilə hansısa imam aşiqi olub onun vəsfinə şeirlər qoşa bilərdi.
Firudin Qurbansoy kimi ruhlarla danışan, cin aləmindən xəbər gətirən bir adam, əlbəttə, Nəsiminin rasional fəlsəfəsini anlaya bilməz. Belələri Nəsimi kimi əfsanələşmiş mövzuları inhisara alıb özünü onun yeganə bilicisi kimi göstərmək üçün şairin ətrafına cindən, şeytandan, ruhdan, imamdan irreal hasar çəkərək ətrafdakıları hürkütmək istəyir.
Qaldı ki, İsa Hüseynov “Məhşər”i yazarkən geniş ictimayətə açıq olmayan arxivlərə baş vurmuş, Nəsimi və onun ətrafında baş verən hadisələrlə bağlı zəngin material toplamışdı. Yadımdadı, yazıçı bir müsahibəsində demişdi ki, hələ sovet dövründə Nəiminin “Cavidannamə”sini orjinaldan əldə etmək üçün Heydər Əliyev ona şəxsən şərait yaratmışdı.
Aqşin Yenisey
- Haradasa haqlıdır. “Məhşər”in mətni sufi-irfan mətnləri ilə səsləşmir. Daha modern bir dillə yazılmış əsərdir. Amma ola bilsin ki, İsa Hüseynovun məqsədi oxucunu Nəsiminin və Teymurləngin zamanına aparan magik-mistik roman yazmaq deyil, onları oxucunun zamanına gətirən tarixi roman yazmaq olub. Necə ki, Bulqakov “Master və Marqarita”da bizi İsanın zamanına aparır, Umberto Eko isə “Qızılgülün adı” romanında yazdığı zamanı bizə gətirir.