Hərislik – nəfsani sifət olub, insanı ehtiyacı olmayan mal-dövləti yığmağa məcbur edər. Bu sifət dünya sevgisindən irəli gələn rəzil sifətlərdən biridir. Hər kim ona düçar olar – həlak və zəlil olar. Hər kim bu vadiyə düşər – artıq oradan xilas ola bilməz. Çünki həris insanın istəyi sona çatmaz və hədd tanımaz. Əgər daha çox dünya malını toplasa, yenə də az olduğunu düşünəcəkdir. Bu insan bilmir ki, bu xəstəlikdən necə xilas olsun.
Bəzən görürük ki, bir insan 80 il ömür sürmüşdür və övladı yoxdur. O qədər mal toplamaqla məşğul olmuşdur ki, evlənməyə belə fürsəti olmamışdır. Yaxşı bilir ki, ömrünə çox qalmayıbdır, ancaq yenə də mal toplamaqla məşğuldur.
Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman Adəm övladının qızıldan iki çayı olsa, yenə də üçüncünü istəyər. Daxilini heç bir şey doldurmaz, məgər torpaq”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Adəm övladı qocalar və iki şey onda cavan qalar və qüvvətlənər: biri hərislikdir, biri də uzun arzular”.
İmam Baqir (ə) buyurur: “Dünyaya həris olan ipəkqurdu kimidir. Hər nə qədər ətrafına dolanar, xilas olmaq yolu daha uzaq olar. Nəhayət qüssədən ölər”.
Bəs tamah nədir?
Tamah – insanların malından gözləntisi olmaqdır. Bu rəzil sifət də dünya sevgisindən irəli gəlir. Əmirəl-möminin (ə) buyurur: “Hər kimə istəsən ehsan et ki, onun əmiri olasan. Hər kimə istəsən tamah et ki, onun bəndəsi və əsiri olasan”.
Bir nəfər yolda iki uşağa rast gəlir ki, hər birinin əlində çörək var idi. Onların birinin çörəyinin üstündə bal var idi. O birisi ondan bal istəyir. Birincisi deyir: “Mənim itim ol, sənə bal verim”. Deyir: “Oldum”. Balın sahibi onun ağzına sim salır və o da dişləri ilə tutur. Sonra bal sahibinin ardınca qaçır və it kimi səslər çıxardır. Əgər ikinci uşaq öz çörəyinə qane olsaydı, it olmazdı.
Bəli, tamahkar mal əldə etsə də, özünü zəlil və həqir edər. O zaman ki, yoxsul dərviş zənginin qapısına gedir, deyir: “Eşitmişəm ki, Allah yolunda malını nəzir etmisən ki, dərvişlərə verəsən. Mən də dərvişəm”. Zəngin deyir: “Mən korlar üçün nəzir etmişəm, sən kor deyilsən”. Dərviş deyir: “Həqiqi kor mənəm ki, Allahın Kərim dərgahını qoyub, sənin kimisinin qapısında dilənçilik edirəm”. Bunu deyir və gedir.
Bəli, əslində tamahkar insan dünyaya kor olmuşdur və Allahı unutmuşdur. Bu insan başqalarına əl açmağı ar bilmir. Allahın Kərim dərgahını qoyub, insanlara pənah aparır. Bəli, bu insan kordur, çünki bu ayəni eşitməmişdir: “Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər”. (“Təlaq” 3).
Allah Təala bizləri bu rəzil sifətlərdən amanda saxlasın. (İslami saytlara istinadən)