Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Hazırda tərcüməçi əməyi qul əməyinə bərabərdir”


“Bu ölkədə bir yaz-pozu adamının, ictimai-siyasi fəallıq göstərən bir vətəndaşın söykənə, istinad edə biləcəyi ən etibarlı dayaq da elə bu iqtidarın özüdür”
 
- Nadir bəy, icazənizlə birbaşa suallara keçmək istəyirəm. Uzun illərdir tərcüməçiliklə məşğul olursuz, Azərbaycanda tərcümə sahəsi nə qədər inkişaf edib?
 
- Mən ancaq onu deyə bilərəm ki, kəmiyyət artıb, çap olunan tərcümələrin sayı çoxalıb. Düzü, keyfiyyətdən xəbərim yoxdur. Çünki digərlərinin tərcümələrini oxumağa vaxtım qalmır. Peşəkarlığa üstünlük verildiyini müşahidə etmirəm, çünki belə olsaydı, məni "ən yaxşı tərcüməçi" hesab edən naşir mənimlə işləməkdən imtina etməz, ucuz işçi qüvvəsinə üstünlük verməzdi. Nəşriyyatların tərcüməçilərə ödədiyi qonorar çox azdır. Müəyyən istisnalar xaric, hazırda tərcüməçi əməyi qul əməyinə bərabərdir. Biz qarnımızı güclə doyurur, başqa heç nəyə vaxt və vəsait ayıra bilmirik. Bilmirəm, buna inkişaf demək olar, ya yox...

- Bunun səbəbini nədə görürsünüz?
 
- Çünki tərcümə olunan əsərlərin keyfiyyət göstəriciləri aşağı düşüb. Son zamanlar çoxlu "bulvar ədəbiyyatı" tərcümə olunur. Adını da qoyublar motivasiya, şəxsi inkişaf. Bu, o qədər də asan məsələ deyil. Mən bu haqda çox danışmış və yazmışam. Problemin həlli bütövlükdə cəmiyyətimizin inkişafı ilə əlaqəlidir. Ancaq ilk olaraq dövlətimizin müvafiq qurumları - mədəniyyətə, ədəbiyyata, sənətə cavabdeh olan nazirliklər, təşkilatlar bu istiqamətdə səmərəli, düzgün, səviyyəli iş aparmalıdırlar. Bizdə çox təəssüf ki, hər şeydə olduğu kimi, bu məsələdə də qohumçuluq, dostbazlıq, aşnabazlıq mühüm rol oynayır ki, bu da ümumi keyfiyyətə ciddi ziyan vurur.
 
- Bəs, hansı əsərləri tərcümə etmək lazımdır?
 
- Təbii ki, insanların zövqünü, intellektini inkişaf etdirən, onlara faydalı olan, dünya çapında özünü təsdiqləmiş müəlliflərin əsərlərini. Yoxsa hansısa fırıldaqçıların, pul üçün insanları aldadan, onlarda yanlış təsəvvürlər formalaşdıran şarlatanların deyil.
 
- Kimdir o şarlatanlar?
 
- Bu yaxınlarda Ekhart Tolle adlı amerikalı yazıçının kitabını tərcümə elədim. Kitabın adı, təxminən belə idi: "İndiki anın gücü". Deyl Karnegi, Oşo kimi müəlliflər də insanlara, əsasən də gənclərə ilk baxışda cəlbedici görünsələr də, əslində yanlış şeyləri təbliğ edirlər. Məsələn, Ekhart Tolle yazır ki, gələcək və keçmiş haqqında qətiyyən düşünmək lazım deyil. Mənə görə bu, absurddur.
 
- Neçə ildir tərcümə sahəsi ilə məşğulsunuz?
 
- Tərcüməyə mütaliə edə-edə başlamışam. Azərbaycan dilində olan bütün kitabları oxuyub bitirdikdən sonra, rus dilində kitablar oxumağa başladım. Əsgərlikdən yeni gəlmişdim, 20 yaşım var idi və hələ ali məktəbə qəbul olmamışdım. Rus dili biliyim də zəif olduğu üçün oxuduqlarımı anlamaqda çətinlik çəkirdim, ona görə də yazmağa və tərcümə etməyə başladım. Ali məktəbə qəbul olandan sonra isə müəllimlərin tapşırığı ilə rusdilli ədəbiyyat nümunələrini tərcümə etməyə başladım. Sonralar isə bu mənim işimə çevrildi. Qısa fasilələri nəzərə almasaq, təxminən 20 ildir ki, bu işlə məşğulam.
 
- Bu illər ərzində ən tanınmış tərcüməçilərdən biri olmağı bacarmısınız. Bəs bu sahədə ən böyük uğurunuz nədən ibarət olub?
 
- Dostoyevskinin "Karamazov qardaşları", Tomas Vulfun "Evinə bax, mələk", Drayzerin "Arzular trilogiyası", Kortasarın "Xana-xana oyunu”, Bulqakovun "Ağ qvardiya", Şedrinin "Qolovlyovolu ağalar", Hamsunun "Aclıq", Saramaqonun "Korluq", Markesin "Yüz illik yalqızlıq", Nabokovun "Lolita", Freydin "Yuxuların yozumu" əsərlərini uğurlarım sayıram. Adlarını sadaladığım kitablar dünya ədəbiyyatının ən mürəkkəb, ən gözəl, ən oxunaqlı və ən səviyyəli əsərləri sırasında yer alır və Azərbaycan oxucularının sosial-mənəvi, mədəni-intelektual inkişafı, ədəbi zövqünün formalaşması üçün hərtərfli faydalı olduqlarını düşünürəm. Mükafatım isə cüzi zəhmət haqları olub. Ki, o da ac qalmamağa biraz kömək edib.
 
- Yaradıcı fəaliyyətinizə ən çox nələr mane ola bilər?
 
- Hər bir insanın müxtəlif cür problemi ola bilər və bu, ona öz işində, yaradıcılığında maneçilik törədə bilər. Maddi problemlər istisna olmaqla, demək olar ki, mənim elə bir ciddi problemim yoxdur. Onu da qeyd edim ki, zəhmətimlə qazancım arasında böyük təzadlar var. Çünki çox işləyib az qazanıram. Nəticə etibari ilə də sağlamlığıma ziyan vururam. Tərcüməni azaltmaq, iri həcmli bədii əsərlər yazmaq istəyirəm, lakin buna imkanım çatmır. Qazancımı təmin edən tərcüməçilik öz əsərlərimi yaratmağa mane olur. Çünki tərcüməyə, az da olsa pul verən var, yazdığım əsərlərə isə stimul verən alıcı qüvvəsi, bazar dəyəri yoxdur. SSRİ dövründə dövlət yazıçılara, qələmi sınaqdan çıxmış adamlara şərait yaradır, dəstək verirdi. İndi isə bunlar yoxdur. Bəzi yazıçılarımız həvəslə romanlar yazır, hətta Türkiyədə, Rusiyada hansısa vəsait hesabına çap etdirirlər. Amma bundan heç bir gəlir əldə etmirlər, sadəcə kiçik şöhrət qazanırlar. Mən o yazarları anlamıram. Yazmaq üçün stimul olmalıdır. Bilməlisən ki, kimsə səni oxuyur, qiymət verir, kitabına pul ayırır. Yoxsa bütün bunların nə mənası var?
 
- Çox zaman sosial şəbəkələrdə gileyli paylaşımlar edirsiniz. Sizi narazı salan nədir?
 
- Daha etmirəm, daha doğrusu, etməməyə çalışıram. Çünki o qədər də əhəmiyyəti olmur. Mən ən çox kütlədən, insanlardan narazıyam. Mənsub olduğum millətin, xalqın ümumi səviyyəsi məni qane etmir. İnsanların cahilliyi, nadanlığı əsəblərimə toxunur. Hərdən düşünürəm ki, belə olmamalıdır. Düşünən, ədalətli insanlarımız çox azdır. Savadsızlıq, məlumatsızlıq, dayazlıq təkcə qara kütlənin yox, passionarların, ziyalıların da bəlasına çevrilib. Bəzən içimdə tək qalmaq qorxusu yaranır. Görürəm ki, mənim kimi düşünən bir nəfər belə yoxdur, ya da düşüncələrini ifadə etməyə cürəti çatan...
 
- Bu problemlərin aradan qalxması üçün nəsə etmisiniz?
 
- Gücün çatan qədər etməyə çalışıram. Mən hələ gənclik illərimdən fəal olmuşam. Heç vaxt ictimai proseslərdən kənarda qalmamışam. Bu gün də qalmıram. Diqqət yetirsəz, görərsiz ki, yazı-pozu adamlarının içində ictima-siyasi proseslərə fəal reaksiya verən bir neçə adamdan biriyəm. Bəzən bunu mənə, hətta irad tuturlar. Buna görə məndən qorxan, çəkinənlər də var. Mən əlimdə olan vasitələrlə hər zaman bir sıra məsələlərlə bağlı fikirlərimi bildirmişəm və hesab edirəm ki, fikirlərimin təsiri də olur. Doğrudur, bu məni o qədər də qane etmir, az öncə dediyim kimi, sanki dediklərim daşa dəyir. Ancaq üstündən bir müddət keçəndən sonra görürəm ki, yazdığım, söylədiyim fikirlər başqasının nitqində daha "cəlbedici" formada təzahür edib. İdeyalarımın, fikirlərimin, sözün həqiqi mənasında oğurlandığını görürəm. Hesab edirəm ki, sosial şəbəkələrdə təkbaşına böyük maarifçilik işləri aparıram. Mən ən fəal tərcüməçiyəm və bunu tam məsuliyyətimlə deyirəm. Azərbaycanda ikinci belə adam yoxdur.
- Siyasi proseslər demişkən, bir ara siyasətlə də məşğul olmusunuz. Hətta deputatlığa namizədliyinizi də vermişdiniz. Niyə seçilmədiniz?
 
- Son 30 ildə daim siyasətlə maraqlanmışam, bu gün də maraqlanıram. Bəli, vaxt olub, iş elə gətirib ki, partiya üzvü, sədr müavini olmuşam, deputatlığa namizədliyimi də vermişəm. Bunların hamısı mənə həm də həyat təcrübəsi qazandırıb. Çoxlarının bilmədiyi, ağlıllarına belə, gəlməyən məsələlərdən agah olmuşam. Seçilmədiyimə gəldikdə isə sadəcə, xalqımız səs vermədi. Onların bir qismi başqa şeyə, bir qismi də, ümumiyyətlə, heç nəyə səs vermədi.
 
- Əvvəllər mövcud hakimiyyəti sərt tənqid edənlərdən biri idiniz. İndi isə düşüncələrinizdə dəyişiklik hiss olunur. Buna səbəb nədir?
 
- Mən 2000-ci ildə AXCP-nin, radikal müxalifətin sıralarını tərk elədim. Qərara gəldim ki, mövcud müxalifətdən və iqtidardan fərqli, müstəqil bir xətt yürüdüm. Xalqımızın gücünə arxalanaraq özümə həmfikirlər də tapmaq istədim. Bizim hakimiyyətin rüşvətxorluğunu, qohumbazlığını, korrupsiyasını, ədalətsizliyini, bürokratik əngəllərini, müxalifətimizin isə gözünü xaricə dikməsini, ordan təlimatlar almasını, tərkibinin keyfiyyətini, düşük romantikasını, satqınlığını, xəyanətkarlığını həzm edə bilmirdim. Ancaq bir müddətdən sonra gördüm ki, cəmiyyətin ictimai-siyasi baxımından fəal insanları məhz bu iki düşərgə arasında bölüşdürüblər. Təkbaşına isə yeni cəbhə yaratmaq mümkün deyil. Bunun üçün güclü maliyyə dəstəyin olmalıdır.
 
- Bəs, maliyyəni hardan almaq olar?
 
- Mənbələr bəllidir: Xaricdən və daxildən. Müxalifət xaricdən alır, hakimiyyət də daxili resurslardan götürür. Geriyə iki yol qalır, ya siyasətdən, ümumiyyətlə əl çəkib, qara kütləyə qoşulmalısan, ya da hakimiyyətlə müxalifət arasında seçim etməlisən. Qara kütləyə qoşulmaq üçün gərək "qara" doğulasan, müxalfətlə hakimiyyət arasında seçim etmək üçün isə məcburən özünə nisbətən daha yaxın olana meyl etməlisən. Eyni zamanda bunu da hiss etdim ki, iqtidar özü də özündən tam razı deyil, başa düşürlər ki, belə davam etməməlidir və edə bilməz. Son zamanlar müəyyən işlər görülməsinə olan cəhdlər də buna əsas verir. Düşündüm ki, bu işlərə dəstək vermək, onlara qarşı çıxmaqdan daha faydalı ola bilər. Eyni zamanda, bu ölkədə bir yaz-pozu adamının, ictimai-siyasi fəallıq göstərən bir vətəndaşın söykənə, istinad edə biləcəyi ən etibarlı dayaq da elə bu iqtidarın özüdür. Əlbəttə, hakimiyyət də yekcins deyil. Onun da tərkibində müxtəlif qüvvələr və şəxslər var. Ancaq mən yenə də müəyyən mütərəqqi meyllər hiss edirəm. Dünyanın tempini nəzərə alanda, az-çox analiz edəndə görürsən ki, bu ölkədə bizim iqtidarın apardığı siyasətin alternativi yoxdur. Ən yaxşısını hələ ki, onlar bacarır.
http://ayna.az/news/1979





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10