“Ünvanlı yardım” məsələsi son illərin ən çox dartışılan mövzularındandır. “Ünvanlı yardım” adı ilə heç nədən pul qazanmaq çoxlarının marağındadır. Bu işdən yarıyan, bir neçə mülk, maşın, hədsiz sərvət əldə edənlər də kifayət qədərdir. Kasıb ola-ola kasıblığını sübut edə bilməyən, ehtiyac içərisində çabalayanlar da az deyil. Son vaxtlar Səlim Müslümov cənabları Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nazir təyin olunandan sonra vəziyyət bir az düzəlsə də, bu gün də “ünvanlı yardıma” gedən yol elə də “hamar” deyil. Şikayətçilərin dediyinə inansaq, əvvəllər veriləcək ünvanlı yardımın 6 ayını olduqca açıq-aşkar alırdılarsa, indi bunu bir az xəlvəti edirlər.
Narazılıq edənlərə, bir az inadkarlıq göstərənlərə isə ən azı 3 ayın pulunu bu başdan ödəmək təklif olunur.
Bu sahədə redaksiyaya cənub rayonlarından xeyli şikayət məktubu daxil olur. Şikayətlər, əsasən, eyni xarakterli olduğu üçün hələlik bu sahədə qeydlərimizi ümumi şəkildə təqdim edirik.
“Ünvanlı yardım” mütəxəssisləri narazıları zərərsizləşdirmək üçün maraqlı formalardan istifadə edirlər.
1. Vətəndaşı xeyli get-gələ salır, sənədi qəbul etmir, həmin şəxs şikayət edəndə isə deyirlər ki, o, heç bizə sənəd verməyib.
2. “Ünvanlı yardım” almaq istəyən ciddi və ardıcıl şəkildə şikayətə başlayanda isə rayonlardakı ƏSMM-çilər bütün “cəbhə” boyu hərəkətə gəlir. Gecə-gündüz şikayətçinin evinə hacılardan, ağsaqqalardan, yaxın qohumlardan, hətta qadın minnətçilərdən ibarət “desant” göndərib, belələrini zərərsizləşdirirlər.
3. Müxtəlif səviyyəli vədlər verilir, onun nəinki özü, digər yaxınları da “ünvanlı yardıma” qonaq edilir.
4. “Ünvanlı yardım” almaq istəyənlər üçün xüsusi bəhanələr təqdim edilir. Məsələn, müraciətçinin son bir ilinin qazancları barədə arayış tələb olunmalıdır. Yəni, müraciətçi bir neçə ay işləsə belə, bu ona ünvanlı yardım vermək üçün yetərlidir. Amma ƏSMM-çilər bunlardan son 12 ayın hər bir ayı üçün əmək haqqı ilə bağlı arayış tələb edir.
5. Müraciətçilərlə 50-50-yə razılaşanlar üçün hər cür şərait yaradılır. Maşını varsa, yazırlar maşını yoxdur, əmək qabiliyyətlidirsə, yazırlar hərbidədir, torpağın sənədini də arzu etdikləri formada sənədləşdirirlər.
6. Ünvanlı yardım istəyənin 1 yaşa qədər uşağı varsa, ona əlavə 45 manat verilməlidir. Çox vaxt bu gizlədilir.
7. Sənədin qəbul olunması üçün 4 forma var. (1. Ərizə nümunəsi. 2. Əmlak və gəlirlər haqqında məlumat. 3. Müfəttiş tərəfindən doldurulan “forma 3” adlı sənəd. 4.Sənədlər qəbul edildikdən sonra 10 gün müddətinə müraciətin yerində yoxlanılmasına aid akt hazırlanır. Hansı ki, bu akt vətəndaşın iştirakı ilə tərtib edilir və bir surəti vətəndaşa verilir.)
Reallıqda belə sənədlər doldurulsa da, ya tarix qoyulmur, ya da müraciətçiyə verilmir. Müraciətçi günlərlə, bəzən aylarla bu idarəyə gəlib-gedir, lakin ona ünvanlı yardım veriləcəyi, ya verilməyəcəyi haqqında dəqiq cavab ala bilmir. Halbuki ən geci 10 gün müddətində müraciətçiyə rəsmi cavab verilməlidir.
8. Rayonlardakı ƏSMM rəhbərləri alış-veriş əməliyyatında əsasən iştirak etmir. Və kiçik dairələrdə etiraf edirlər ki, alış-veriş sübuta yetirilsə, uzağı işçilərdən birini vəzifədən qovacaq. Onun yerinə adam götürməklə daha irəli düşəcək.
Bu gün ünvanlı yardım məsələsində çox az şey dəyişib. Dəllallar, cibində 20-30 plastik gəzdirənlər yenə meydan sulayır.
Yaxın keçmişi xatırlayaq. 2 il öncə ölkədə müvəqqəti “təmizlik siyasəti” oyunu aparılanda ünvanlı yardım “ustalarının” yuxusu ərşə çəkilmişdi. Təhlükə onu gözləyən şəxslərin bu böyründən girib, o biri böyründən çıxsa da, onlar xeyli aşağılayıcı addımlar da atırdılar.
Bəziləri nəinki rayondan, hətta ölkədən qaçmaq barədə düşünürdü. Lakin tezliklə “sular duruldu”, yenə də müxtəlif saxtakarlıqlara əl atılmaqla ünvanlı yardım bazarı genişləndirildi.
.
İndi ailədə ehtiyac meyarı 100 manatdır. Yəni ailədə 5 nəfər varsa ona 500 manatlıq ünvanlı yardım nəzərdə tutulur. Ailənin digər qazancları çıxılmaq şərti ilə yerdə qalan məbləğ ödənilir. Lakin burada iş inspektorun insafına qalır - vətəndaş “dil” tapa bilirsə, ayda 200-300, əksinə olanda isə 80-100 manatı ünvanlı yardım əldə edir.
Payıbəlli torpaq da bu işdə baş bəlasına çevrilir. Belə ki, payıbəlli torpağın həcmindən asılı olmayaraq 18 yaşdan yuxarı hər əmək qabiliyyətli şəxs üçün hər aya ümumi məbləğdən 105 manat çıxılır. Sual yaranır - 0,10 ha payıbəlli torpağı olan şəxs doğrudanmı, hər ay 105 manat olmaqla bir ildə 1260 manat qazana bilərmi?
Vətəndaşın vergi VOÖN-i, payıbəlli torpağa Sığorta Şəhadətnaməsi və digər sənədlər üçün də belə süni problemlər yaradılır.
Kasıb , kimsəsiz adamların məlumatsızlığından istifadə edib onları kifayət qədər incidirlər.
ƏSMM nazirliyinin saytında ünvanlı sosial yardım alanlar haqqında məlumat qoyulsa da, burada həmin şəxsin ailə tərkibi, gəlirləri və əmlakı barədə heç bir məlumat olmur və ünvanlı yardım verənlər də bu boşluqla lazımınca “oynayırlar”.
Təsadüfi deyil ki, bu sahədən bezənlərin bəzisi ƏSMM-ə yeni ad da tapıb – “Haram pulların məskəni”
Burada kadr işində də əndrabadi hallar baş verir. Belə ki, bəzi kəndlərdə aylarla sosial işçi vəzifəsi boş qalır, digər kəndlərdə isə qanunsuz olaraq ana balanı, bala ananı bu vəzifədə əvəz edir. Qanunçuluğa görə isə əlil və pensiyaçılar sosial işçi vəzifəsinə təyin oluna bilməzlər
Bəzi şikayətçilər meydandan qaçmasa yaxın saylarımızda bu barədə daha detallı yazılarla tanış olacaqsınız.
“