Yardımlıda Sevindik müəllimi “kasıb” rayonun “gözütox” başçısı adlandıranlar nə dərəcədə səmimidir?
Yuxarı sinifdə oxuyan nəvəm bir gün məndən soruşdu ki, ölkədə 80-dən artıq icra başçısı var. Saytlara baxıram, ya əksəriyyətini boğazdan yuxarı tərifləyirlər, ya da necə deyərlər, hamısını yıxıb “sürüyürlər”. Doğrudanmı ölkə üzrə bir neçə normal icra başçısı yoxdurmu, onun yaxşı işi da, nöqsanı da normal qarşılansın?
Bu suallar məndə də bir sıra suallar doğurdu. Doğrudanmı bütün icra başçılarını pis adamlardan seçib təyin edirlər? Yaxud, kimliyindən asılı olmayaraq icra başçısı vəzifəsinə təyinat alan şəxs qısa müddətdə pis adama çevrilir? Sualı daha konkret qoysaq “Yaxşı icra başçısı ilə, yaxşı insan arasında sərhədlər doğrudanmı keçilməzdir?”
Bu yazını hazırlayanda yaşım imkan verən illər məsafəsində xəyala qapıldım. Tanıdığım rəhbərlər və onlar haqqındakı yazıları xəyalımda canlandırdım. Sovet dönəmində mətbuatda indiki icra başçısı postunu idarə edən Raykomun 1-ci katibləri haqqında qəzetlərdə, demək olar ki, nə tənqid, nə tərif olardı. Yalnız bir neçə roman və povestdə raykom katibi obrazı yaradılmışdı. Təəssüf ki, müstəqillik adlanan dövrdə, İcra başçısı postu yaradılandan ədəbiyyatımızda hər hansı icra başçısını dolğun və həqiqi obrazını yaradan bir bədii əsərə rast gəlməmişəm.
Öz müşahidələrimdən bu qənaətə gəlmişəm ki, regionda ən asan iş icra başçısını tənqid etməkdir.
Birincisi, onların əksəriyyəti rəhbərlik etdiyi rayonda anadan olmayıb, yəni rayonda heç kimin qohumu deyil. İkincisi, onların əksəriyyəti öz alış-verişindədir və heç bu tənqidlərə əhəmiyyət vermirlər. Üçüncüsu. Icra başçısı rayonun həm “prezidenti”, həm “spigeri”, həm “Baş naziri”, həm “Ali məhkəmisi” ... olduğundan bunu normal sayırlar. Kimi icra başçılarını “kiçik padşahlar”, kimi “rayonun xanı”, kimi “kralı” adlandırır. Hətta belə bir lətifə də mövcuddur ki, birindən soruşurlar-kirpinin üstündə hansı hallarda oturmaq olar? Cavab da belə olur ki, kirpinin üstündə oturmaq üçün ya kirpi qırxılmalıdır, ya onun üstündən oturmaq istəyən şəxs arxasına dəmir qalxan bağlayır, ya da icra başçısı deyir: - otur.
Bütün hallarda icra başçıları haqqında “rayonu dağıdır”, “filan əməliyyatdan filan min qatladı”, “özü qalır müavinləri rayonu sökür” və sair ifadələr düz olub-olmamasından asılı olmayaraq bir çoxlarının canına yağ kimi yayılır
Ən çətini isə müstəqil qəzetlərdə icra başçısı haqqında nə isə müsbət yazmaqdır. Düzünə qalsa, bu uzun giriş də elə bununla bağlı idi.
Bütün bu suallara aydınlıq gətirmək üçün bir icra başçısı ilə üzbəüz söhbət edib, imkan daxilində onun portretini yaratmaq istədik. İlk xəyalıma gələn Yardımlı rayonunun icra başçısı Sevindik Hətəmov oldu. Bir il öncə görüşdüyümüzdən əmin idim ki, söhbətləşmək problem olmayacaq. Elə də oldu. Zəngləşdik. Görüşdük. Söhbətləşdik. Birinci söhbət texniki səbəblərdən çox qısa olsa da, 2-ci dəfə daha ətraflı söhbətləşə bildik.
“Kassıb” rayonun “gözütox” başçısı
Yardımlı rayonunu çoxları kasıb, hətta “ac” rayon sayır. Çünki burada heç nə olmayanda çoxlu problemlər olur. Bura təyin olunan rəhbərlər sırasında da qəribə seçimlər olub. Sovet hökumətinin ən bərkgedən vaxtında, cəmi 2-3 rayona qadın rəhbər təyin ediləndə onun biri Yardımlının payına düşmüşdü. Bir müddət, daha doğrusu, müstəqilliyimizin ilk illərində Yardımlı o qədər zəif rayona çevrilmişdi ki, bura heç kim rəhbər gəlmək istəmirdi. Nəhayət, təxminən 10 il öncə Süleyman Mikayılov Yardımlıya rəhbər təyin edildi. Sanki Yardımlıda inqilab baş verdi, burada az qala 50 ildə görülməyən işlər 1 ildə görüldü. Sonra qısa müddətə Qəzənfər Ağayev burada 9 aylıq başçılıq təcrübəsi keçdi. Sonrakı 6 il isə Yardımlı Xəzər Aslanovun zülmü altında inlədi. Bəlkə də onun saysız sitəmləri, kobudluqları olmasaydı, yardımlılar indiki başçısı Sevindik müəllimi belə çox istəməzdi.
Sevindik müəllim bu vəzifəyə “göydən” düşməyib. Bir sıra rəhbər vəzifələrdə işləyib, sahibkarlıq edib, millət vəkili olub, işğal altında olan Laçın rayonunun sakini çoxlu kimi çoxlu acılar yaşayıb.
Düzünə qalsa, Yardımlı da bir çox ənənəvi, az qala ölkəmizdə normaya çevrilən nöqsanlardan xali deyil. Lakin bu rayonun indiki rəhbəri hədsiz səmimiliyi, qayğıkeşliyi, xeyirxahlığı, insanpərvərliyi ilə hamıda olmasa da əksər yardımlılarda özgə və olduqca xoş təəssüratlar yaradıb. Hətta vəziyyət o həddə çatıb ki, Yardımlının icra başçısından azacıq tənqid gedən kimi müxtəlif formada etirazlarla qarşılaşırıq – ağsaqqalı, ziyalısı bizə zəng edib, məktub yazıb incikliyin bildirir ki, Sevindik müəllimi başqalarına qatmayın.
Niyə ona “Sevindik” adı qoyulub?
Sevindik müəllimlə görüşə biz xüsusi suallar hazırlamamışdıq. Öncə necə gəldi, haradan gəldi söhbət edirdik. İlk sualı isə səfərdə məni müşayiət edən 15 yaşlı Elcan verdi:- Niyə adınızı Sevindik qoyublar?
Gözləmədiyimiz halda bu sual Sevindik müəllimi bir az kövrəltdi. Sən demə, onun 3 bacısı var, 2 qardaşı isə dünyasını vaxtsız dəyişib. Məhz 2 qardaş itkisindən sonra 3 bacıya bir qardaşın dünyaya gəlməsi hamını sevindirib və bunun ifadəsi kimi onun adını “Sevindik” qoyublar.
İkinci sual isə bizdən gəldi: - Bu iki il yarımda hansı arzularınızı, planlarınızı reallaşdıra bilmədiniz?
Sevindik Hətəmov: - Bu dağlıq rayonda çoxlu problemləri olan insanlar var. Yardıma ehtiyacı olanlar da xeyli çoxdur. Heyf ki, onların hamısına yardımçı ola bilmirik. Ötən söhbətimdə də demişdim ki, mənə ən çox xoş gələn iş, insanları sevindirməkdir. Heyf ki, hamını sevindirmək mümkünsüzdür.
Bəs burada ən çox nələri öz uğurunuz sayırsınız?
- Ən böyük uğur onu hesab edirəm ki, insanların əksəriyyətinin inamını qazana bilmişik. Yardımlının uzun illər ən böyük problemi bərbad yollar olub. Elə kəndlər var idi ki, ora 1-2 saata güclə getmək olurdu. Bu gün isə 20-30 dəqiqəyə Yardımlının hər hansı kəndinə getmək olar. Yaxın vaxtlarda Cəlilabadla, eləcə də Lerikin yaxıb kəndləri ilə Yardımlını birləşdirən yollar da tamamlanacaq.
Bizim əlavə - İllərdir ki, yardımlılar icra başçılarından o qədər biganəlik, bəzən kobudluq görüblər ki, indi bir-iki xoş münasibət belə başçını özünü onlara sevdirməsinə kömək edir. Sevindik müəllim isə bu sahədə yardımlıların qəlbinə girə bilib. Belə ki, Sevindik müəllimin qəbul günü yoxdur. O hər gün, hər vaxt, az qala harada gəldi şikayətçiləri dinləyir və maksimum dərəcədə problemlərini həll edir. Elə bizimlə görüşən gün onun qəbul günü olmasa da səhər saat 10-a qədər artıq 10-15 şikayətçini qəbul etmişdi.
...Yardımlıda olarkən bir maraqlı fikirlə də qarşılaşdıq. Biri zarafatla bildirdi ki, əvvəllər icra başçısının qazandıqlarını sayırdılar ki, onun nə qədər pulu olar? İndi az qala gündə 2-3 hüzr məclisinə gedən, hüzr sahibinə ən azı 100 manat yardım edən icra başçısının yas xərclərini hesablayırlar ki, başçı hər ay hüzrlərə xərclədiyi 10 min manatı haradan gətirir? (Burada deyirlər ki, cəhənnəm də bir daş var, götürən də peşmandır, qoyan da).
Sevindik Hətəmov: - Burada insanlara iş yeri təşkil etmək çətindir. Elə olub ki, ehtiyacı olan ailəyə 2 inək almışam, özünə təsərrüfat qursun. Sonra eşitmişəm ki, həmin inəkləri satıb.
...Sevindik müəllimlə 2-ci görüşümüz bir neçə saat çəkdi. Sevindik müəllimin uşaqlıq, gənclik dövründən tutmuş, 30 ildən artıq məktəb direktoru işləmiş atası ilə xatirələrədək çox məqamlara toxunduq. Sevindik müəllim oğlunun və qızının 630-640 balla ali məktəbə qəbul olunmasını qürurla xatırladı. Atasının zəhmindən, Laçında çox hörmətli bir insan olmasından, hətta millət vəkili seçilən zaman atasının hörmətinin ona xeyli dəstək olmasından söz açdı, tələbəlik illərindəki kasıbçılıqdan maraqlı misallar gətirdi.
Qəlbən çox saf, ürəkyanan olan bu dağ rayonunun Yardımlı sakinləri onun sadəliyindən, səmimiliyindən çox razıdırlar. Onun el adamı olmağı təkcə bütün hüzr məclislərinə gedib sakinlərə yardım etməklə bitmir. O. Evi yanan. Maşını qəzaya düşənə, ağır xəstə olana, hətta Bakıda müalicə olunana, orada qəfil problemlə üzləşən yardımlılara da yardımçı olur.
Yardımlı əkinə yararlı torpağı az olan, eləcə də ciddi susuzluq problemi olan rayondur. Burada hazırda 5-6 artezian quyusu var, yaxın vaxtlarda isə bu quyulara daha 26 artezian quyusu əlavəe ediləcək ki, bu da onlarla kəndin susuzluq probleminin həlli deməkdir. Burada turizmlə bağlı böyük perspektivləri var. Təəssüf ki, bu faydalı işə qəribə səbəblərdən mane olanlar da az deyil.
Sevindik Hətəmov: - Nəyə inairsiniz and içim, heç kimin bir manatında da gözüm yoxdur. Nə vəd etmişəmsə, icra etmişəm. Prembel kəndindəki görüşdə sakinlərə yol çəkməyi söz verdim. Nə qədər çətin olsa da, kənardan heç bir kömək almadan o yolu çəkdirdim. Burada yaxşı adamlar çoxdur. lakin 6 mərtəbəli, avropalı standartlarına uyqun otel tikənə mane olanlar da var.
Sevindik müəllim kifayət qədər humanist və səbirli adamdır. Lakin bəzən onun da səbrini daşdıranlar olub. Bir nəfər onun səbrini o qədər daşdırıb ki, hətta onu həbs etdirir. Lakin ürəyi ilə bacarmayıb, cəriməsini də özü ödəməklə qısa müddətdə onu həbsdən azad etdirir.
Zahir