Qarşıdakı dekabr ayında Azərbaycan bələdiyyələrinin 15 yaşı tamam olur. Əksər bələdiyyələr ilk fəaliyyətlərinə zibil pulu yığmaqdan, ətrafı zibildən təmizləməkdən başlasalar da, qısa müddətdə bələdiyyələrin özləri zibilə düşdü. Bəziləri hakimiyyətlə, bəziləri yerli sakinlərlə üz-üzə qaldı. Ölkə üzrə onlarla bələdiyyə sədri və ya üzvü həbs edildi, bəziləri el-oba içərisində olan-qalan hörmətini də itirdi.
İlk illərdə bələdiyyələrə verilən bəzi səlahiyyətlər onların əlindən alındı. Bəzi xırda bələdiyyələrin çox sərbəstlik etdiyini görüb ötən bələdiyyə seçkisi ərəfəsində xırda bələdiyyələr ərazi vahidləri üzrə birləşdi.
...Yarandığı gündən bələdiyyə hökumətdən yeni səlahiyyətlər istəyir. Hökumət isə nəinki bələdiyyələrə yeni səlahiyyətlər vermir, onların olan-qalan səlahiyyətlərini də əlindən alır, yaxud da daha da məhdudlaşdırır. Hazırda icra hakimiyyətində yeni adda şöbənin fəaliyyəti (Ərazi idarəetmə və bələdiyyələrlə iş) bu qurumu həmin şöbənin bir əlavəsinə çevirib.
Bələdiyyə yeni səlahiyyətlər istəyir
Bəs özü necə, səlahiyyətlərini kiməsə vermək istəyirmi?
Bələdiyyə yeni səlahiyyət istəyir. Təbii ki, hökumət də maksimum səylə çalışır ki, həmin səlahiyyətləri özündə saxlasın. Təkcə torpaq məsələsini götürək. Ən çörəkli işlərdən biri olan torpaq alqı-satqısı hazırda o mərhələyə çatıb ki, heç bilmirsən, onu kimdən alıb, kimlə sənədləşdirəsən.
Bələdiyyə özü də səlahiyyətlərini kiminləsə paylaşmaq istəmir. Belə ki, ən azından böyük bələdiyyələrin nəzdində məhəllə komitələri, icmalar, xeyriyyə təşkilatları, digər birliklər yaranmalıdır. Yəni yerli özünüidarə odur ki, yuxarıdan aşağıya doğru insanlar əksər məsələlərdə öz talelərini özləri həll etsinlər. Təəssüf ki, belə birliklərin yaranmasına bələdiyyə rəhbərləri maraqlı olmur, ciddi-cəhdlə buna mane olurlar.
Bələdiyyələr nəinki belə birliklərə imkan vermir, heç öz üzvləri arasında kollektiv qərarlara şərait yaratmırlar. Elə Masallı təcrübəsində nümunə göstərsək, Qızılağac kəndində bələdiyyə sədrinin - Mina Quliyevanın ölçüyə-ülgüyə sığmayan qanunsuz əməlləri, digər bələdiyyə üzvlərini nəzərə almaması dəfələrlə qəzetimizdə işıqlandırılıb. “Qızılağac “mina”lardan təmizlənir?” adlı yazımızdakı bu suala isə deyəsən, yaxın günlərdə cavab veriləcək, yəni Mina xanım 10 illik bələdiyyə sədrliyi ilə vidalaşacaq.
Masallı şəhər bələdiyyəsinin 15 üzvündən 11-i hazırkı sədrə qarşı etiraza qalxdı, lakin buna əhəmiyyət verilmədi.
Bələdiyyələr niyə aşkarlıqdan qaçır?
Müvafiq qanunlara əsasən, bələdiyyələr vaxtaşırı, ən geci 6 aydan bir xalqa hesabat verməlidirlər. Lakin bu olmur. Əksəriyyətin də bəhanəsi odur ki, müvafiq iclas zalları yoxdur, bu qədər seçicini hara yığıb onlara hesabat verəsən. Unutmayaq ki, indi sosial səhifələrdən tutmuş bloq, sayt deyilən internet resursları var ki, bələdiyyələr qazandıqları və xərclədikləri haqqında burada məlumatları paylaşa bilərlər. Ən azından rayon üzrə bir bələdiyyə saytı yaradıla bilər ki, bütün bələdiyyələr öz məlumatlarını orada yerləşdirsinlər. Lakin bu heç kimə maraqlı deyil - nə icra hakimiyyətlərinə, nə də bələdiyyə sədrlərinə. Belə olsa xoruzun quyruğu tez görünər. Çünki bələdiyyələr ya işləri haqqında məlumat vermir, ya da elə məlumatlar verirlər ki, orada real mənzərə görünmür. Məsələn, yazırlar ki, 10 hektar torpaq icarəyə verilib. Kimə, hansı qiymətə, neçə illiyə? Bilinmir. Yaxud bildirirlər ki, kəndarası yola qum tökülüb. Neçə maşın tökülüb, hər maşın quma nə qədər pul verilib? Yardımlar kimlərə və nə qədər verilib?
Bütün bunlar yoxdur. Hərə xəlvətdə “qəhrəmanlıq” edir.
Hazırda bələdiyyə seçkiləri ilə bağlı Masallı şəhər və Ərkivan qəsəbə bələdiyyəsində tərpəniş hiss edilir.
Məlum olduğu kimi, Masallı şəhər bələdiyyəsinə ötən seçkilərdən Azər Baxşiyev rəhbərlik edir. Rayon ictimaiyyəti içərisində hər hansı fəallığı və özünəməxsus müsbət keyfiyyətləri ilə fərqlənməyən Azər müəllimin bu vəzifədə bərqərar olmasını uşaqlı-böyüklü hazırkı millət vəkili Nəriman Əliyevin xidməti kimi başa düşürlər. (Hansı ki, Nəriman müəllimin fəaliyyətində də irad tutulası xeyli məqamlar var və növbəti seçkilərdə onun hansı uğurlardan hesabat verəcəyi sual altındadır. Hətta onun yerinə növbəti, daha ciddi namizədin hazırlaşdığı barədə də söhbətlər dolaşır. Biz yaxın saylarımızda bu məqamlara aydınlıq gətirməyə çalışacağıq.) Azər Baxşıyevin bu dövrdə yaddaqalan hər hansı işini xatırlamaq çox çətindir. O nəinki seçiciləri ilə, heç bələdiyyə üzvləri ilə dil tapmaq gücündə deyildi. Təsəvvür edin, rayonun ən ucqar - Güllütəpə, Tüklə kəndlərindəki bələdiyyələr donor təşkilatlardan bəzi layihələr uda bilib. (Ümumilikdə, təkcə Masallıda 10-a yaxın bələdiyyə belə layihələr udub-ancaq hər cür potensialı olan Masallı şəhər bələdiyyəsindən başqa)
Bu yaxınlarda baş tutacaq seçkilərdə Azər Baxşiyev komanda ilə gedə bilmir. Belə ki, şəhər bələdiyyəsi üçün nəzərdə tutulan komanda tam heyətdə icra hakimiyyətinin nəzarətində olan komandadır. Düzdür, Azər Baxşiyevin də adı həmin komandada üzv kimi var. Lakin ona ciddi rəqib də tapılıb. Bu Əbülfəz Nuriyevdur.
Əvvəllər seçki vaxtı bəzi arzuolnmz namizədləri zərəsizləşdirərdilər. İndi isə işi elə “bələkdə” həll edirlər. Yəni, yuxusunda bələdiyyə sədrliyi görənləri ya təzyiq yolu ilə, ya da sənədlərini saxtalaşdırmaqla, elə qeydəalma prosesində “əridirlər”.
Bütün hallarda isə MSK bu prosesdən əməlli-başlı qazanır. Belə məlum olub ki, heç kimin maraq göstərmədiyi bələdiyyə seçkiləri üçün 1 milyon manatlıq plakatlar çap edilib.
Bunu araşdıran jurnalist Zamin Hacı yazır ki, Azərbaycanda 125 seçki dairəsi var. 1 milyon seçki təşviqatı plakatını bu dairələr arasında bölsək, hər dairənin qismətinə 8 minə yaxın plakat düşür. 8 min A2 formatlı plakatı dairə ərazisinə yapışdırsaq, həmin dairədə bir salamat divar qalmaz, bəlkə adamları tutub belinə də plakat yapışdırarlar, hələ artıq qalar.
Nəhayət, adamlardan söz düşmüşkən, bu il bələdiyyə üzvlüyünə 20 minə yaxın adam seçilməlidir, Allah qoymasa. Hər bələdiyyə üzvünə 50 plakat düşür. O cümlədən, Azərbaycanda seçici sayı 5 milyon 50 min nəfərdir. Orta hesabla, yenə hər 5 adama 1 plakat düşür. Bu xərci tualet kağızına sərf edib bələdiyyələrə hədiyyə versəydilər, daha məzmunlu olardı.
... 3 həftədən sonra bələdiyyə seçkiləridir. Bələdiyyə sədri və üzvlüyü üçün pulunu əsirgəməyənlər olsa da, təəssüf ki, bəzi yerlərdə bələdiyyə üzv bir yana, heç sədrlik üçün kadr tapılmır.
Bəxtiyar