Dünyada əhalinin şəhərlərə axışmasının qarşısını almaq üçün müxtəlif proqramlar tətbiq olunur. Çünki son onilliklərdə şəhərləşmə - əhalinin kütləvi şəkildə şəhərlərə köçməsi bir sıra fəsadlar yaratmağa başlayıb. BMT-nin məlumatına görə, bu gün bəşəriyyətin yarısı - 3.5 milyard insan şəhərlərdə yaşayır. 2030-cu ilə qədər dünya əhalisinin təxminən 60 faizi şəhərlərdə yaşayacaq. Qarşıdakı onilliklərdə qlobal urbanizasiyanın 95 faizi inkişaf etməkdə olan ölkələrin payına düşəcək.
Şəhərlərin ümumi sahəsi Yer kürəsinin quru ərazisinin yalnız 3 faizini təşkil etsə də, enerji istehlakının 60-80 faizi və karbon emissiyasının 75 faizi onların payına düşür. Sürətli urbanizasiya şirin su ehtiyatlarını, kanalizasiya sistemini, yaşayış mühitini və ictimai səhiyyəni təzyiq altında saxlayır.
Bakının cazibəsi, yoxsa ehtiyac?
Azərbaycan da ötən əsrin 90-cı illərindən etibarən əhalinin regionlardan Bakıya olan köçünü yaşayır. Bakı şəhərində qeydiyyatsız yaşamağa, işləməyə sovet dövründə qoyulan qadağa aradan qalxdıqdan sonra uzun illər boyu regionlarda işsizlik, gəlir, elektrik, qaz problemlərindən bezən əhali ya qonşu ölkələrə, ya da paytaxta axışıb. Bu proses indi də davam etməkdədir: gənclərin böyük hissəsi ya ali təhsil, ya da iş dalınca Bakı və Sumqayıta gəlir. Rayonlarda, xüsusilə kəndlərdə yaşayanların böyük əksəriyyəti yaşlılardır.
Maraqlıdır ki, Azərbaycanda gedən bu proses rəsmi statistikada demək olar ki, əksini tapmır. Belə ki, rəsmi statistikaya görə, 1989-1999-cu illərdə Bakı əhalisinin sayı 1794,9 milyondan 1788,9 milyona düşüb. Növbəti onillikdə isə bu rəqəm 2045,8 nəfərə qədər artıb. Bu isə rəsmi statistikanın, yumşaq desək, mötəbər olmadığını göstərir. Çünki 1993-94-cü illərdə təkcə işğal olunan rayonlardan Bakıya bir neçə yüz min məcburi köçkün gəlib. Bundan əlavə, əhalinin regionlardan Bakıya böyük köçü də məhz 90-cı illərin ikinci yarısında başlayıb.
Digər tərəfdən, 1979-cu il siyahıyaalmasında Bakıda 1533,2 milyon nəfərin yaşadığı qeydə alınıb. 1989-cu ilədək paytaxtda əhali artımının 261,7 min nəfər təşkil etdiyi halda, sonrakı onillikdə birdən-birə 6 min azalma ilə əvəzlənməsi qeyri-realdır. Rəsmi statistikaya əsasən 2009-cu ildə Sumqayıtda 309,5 min, ötən ilin əvvəlinə isə 341,2 min nəfər qeydə alınıb. Gəncə şəhərində yaşayanların sayı isə 313,2 min nəfərdən 332,6 min nəfərə çatıb. 2018-ci ilin 1 yanvarına Bakıdakı əhali sayının 2 milyon 45 min nəfər olduğu deyilir. Halbuki reallıqda paytaxtda yaşayanların azı 3 milyon nəfərdən aşağı olmadığı bildirilir.
Müstəqil ekspertlərə görə, statistikanın Azərbaycanda şəhərlərdə yaşayan əhalinin sayını reallıqdan az göstərməsi iqtisadi inkişafdakı regional disbalansı gizlətmək məqsədi daşıyır. Buna görə də styatistika insanları faktiki yaşadıqları deyil, qeydiyyatda olduqları ünvanın “sakini” kimi qeydə alır. Halbuki bu gün Bakıda, Sumqayıtda qeydiyyatda olmayıb, bu şəhərlərdə işləyən yüz minlərlə, bəlkə də milyonlarla insan var. Bu gün ölkə büdcəsinin gəlirlərinin 90 faizdən çoxu, ÜDM-in 80 faizindən yuxarısı Abşeron yarımadasının payına düşür.
Türkiyə təcrübəsi: 50, 100 min lirə, 300 baş boğaz qoyun
Qeyd edək ki, kəndlərin boşalması problemini yaşayan ölkələr əhalini geri - şəhərdən kəndə köçməyə həvəsləndirmək üçün bir sıra həvəsləndiric proqramlar həyata keçirirlər. Belə ölkələrdən biri də qonşu Türkiyədir. 2017-ci ildən Türkiyə Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi tərəfindən “Gənc çiftçi” proqramının icrasına başlanıb. Böyük şəhərlərdən kənddəki torpağına qayıdıb, kənd təsərrüfatının hər hansı sahəsi (heyvandarlıq, əkinçilik, quşçuluq, arıçılıq, baramaçılıq və sair) üzrə istehsal layihəsi ilə çıxış edən şəxslərə 30 min lirə, bu ildən isə 50 min lirə dövlət qrantı verilir. Proqrama yalnız 18-41 yaş arası Türkiyə vətəndaşları müraciət edə bilərlər.
“300 qoyun” proqramı isə 2018-ci ildən tətbiq olunmağa başlayıb. Müraciət edənlərin tərtib etdikləri biznes-plan bəyənilərsə, onlara qrant kimi 300 baş boğaz qoyun verilir, qoyunların sığortalanması dövlət hesabına həyata keçirilir, veterinar və yem dəstəyi zəruri olarsa, təqdim edilir. Bu şəxslər həmçinin dövlətdən minimum əmək haqqı miqdarında maaş da alırlar. Proqrama qoşulanlara yeganə şərt verilən qoyunları 3 il müddətində satmamaqdır.
Türkiyədə həmçinin ayrı-ayrı bölgələrə yönəlik proqramlar tətbiq olunur. Bu ildən tətbiq olunan bir proqram kənd təsərrüfatı, heyvandarlıq, meşəçilik, qida və su məhsulları sahələrində təhsil alan peşə kolleci və universitet məzunlarına 100 min lirə qrantın verilməsini nəzərdə tutur. Pilot qaydada 4 illiyə həyata keçiriləcək layihə uğur qazanacağı təqdirdə davam etdiriləcək. Proqram hələlik yalnız Amasya, Düzce, İzmir və Mardin bölgələrində reallaşdırılır. Proqramda iştirak üçün əsas şərt layihələrin əhali sayı 20 min nəfərdən aşağı olan yerlərdə həyata keçirilməsidir.
Türkiyə rəsmi qurumlarının məlumatına görə, bu kimi proqramların icrasına başlanan 2017-ci ildən 2019-cu ilədək 300 mindən çox insanın şəhərlərdən kəndə qayıtmasına nail olunub.
Azərbaycanda isə 2004-cü ildən bəri bölgələrdə işsizliyin azaldılması, iqtisadi inkişafın təmin edilməsi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair 3 proqram icra olunub, 4-cünün icrasına başlanıb. Rəsmi məlumatlara görə, bu proqramlar çərçivəsində regionlarda həyata keçirilən layihələrə 200 milyard manat vəsait sərf olunub. Son illərdə regionlarda sənaye məhəllələri, parkları, aqroparkların yaradılması prosesi həyata keçirilir. Eyni zamanda dövlət kənd təsərrüfatında inkişafı sürətləndirmək üçün prioritet seçilmiş bitkilərin əkini və məhsuluna, toxum, gübrə, yanacaq, texnika, cins heyvan təminatına, barama, arı yetişdirənlərə subsidiyalar ayırır. Aqrar sahəyə tətbiq edilən dövlət dəstəyi mexanizmlərindən yararlanmaq istəyənlərə hər hansı yaş məhdudiyyəti tətbiq olunmur. Lakin bu dəstək mexanizmləri ümumilikdə aqrar sahənin inkişafına yönəlmiş olub, bilavasitə əhalinin şəhərlərdən kəndə qayıdışını stimullaşdırmaq məqsədli deyil.
Bölgələrin problemləri necə həll edilsin?
Nicat Nəsirli: “İlk növbədə kənddən şəhərə axını dayandırmaq lazımdır”
Kənd təsərrüfatı üzrə mütəxəssis Nicat Nəsirlinin “Yeni Müsavat”a dediyinə görə, hazırda urbanizasiya bütün ölkələrin ən ciddi sosial-iqtisadi problemidir: “Bizdə də təsəssüf ki, uzun illərdir bu proses gedir. Fikrimizcə, prosesin ən qorxulu təsiri özünü regionlarda əmək bazarının zəifləməsində göstərir. Uzun illər əmək vərdişləri kənd təsərrüfatında formalaşmış insanların, ixtisaslı mütəxəssislərin, xüsusən gənclərin şəhərə axını regionlarda ixtisaslı kadrların çatışmaması problemini ortaya çıxarır”.
Ekspert bildirir ki, bu məsələ uzun illərdir diqqət mərkəzindədir: “Ard-arda qəbul edilən regionların sosial-iqtisadi inkişafı proqramlarının əsas hədəfi bölgələrdə məşğulluq səviyyəsinin yüksəldilməsidir. İndiyə qədər bir sıra sahələr üzrə mühüm proqramlar qəbul edilib, son illər regionlarda istehsal-emal sahələri açılıb ki, xüsusən gənc yaşda olan sakinlər özlərinə daimi iş yerləri tapıblar. Amma problem aktuallığında qalmaqdadır”.
N.Nəsirlinin fikrincə, hazırda ilk növbədə kənddən şəhərə axının qarşısını almağa yönəlmiş tədbirlər həyata keçirilməlidir:“Fikrimizcə, bölgələrdə gənclər arasında peşəyönümlü təhsilin qurulmasına böyük ehtiyac var. Bu gün regionlarda vacib peşə sahələri üzrə kadrlara ciddi ehtiyac var. Aqrar sektor üzrə baytar, zootexnik, aqronom kimi ixtisaslı kadrlar çatışmır. Ən əsası, təsərrüfatlarda satılmayan məhsullar itkiyə gedir, təkrar emalın qurulması vacibdir. Bu mənada qida texnoloqları regionlarda yox səviyyədədir”.
Natiq Cəfərli: “İkinci milyonluq şəhər yaradılmalıdır”
İqtisadçı-ekspert Natiq Cəfərli isə deyir ki, rəsmi statistikaya əsasən Azərbaycanda urbanizasiya təhlükəli həddə deyil:“Azərbaycan hələ ki urbanizasiya problemini tam yaşamayıb. Rəsmi rəqəmlərə görə, bu gün ölkə əhalisinin 42 faizi kənd yerlərində yaşayır. İnkişaf etmiş ölkələrdə kənd əhalisinin sayı 10-12 faiz təşkil edir. Məsələ burasındadır ki, Azərbaycanda urbanizasiya dünya təcrübəsindən bir xeyli fərqli gedir. Yəni bütün ölkə ərazisindən insanlar yalnız bir istiqamətə - Bakı və Sumqayıtın yerləşdiyi Abşeron yarımadasına axışır. Çünki iqtisadi fürsətlər bu ərazidə cəmləşib. Qeyri-rəsmi məlumatlara görə, əhalinin az qala 40 faizə yaxını bu yarımadada məskunlaşıb ki, bu da Azərbaycanda regionların inkişafına mane olan əsas amillərdən biridir. Türkiyədə bunun qarşısını almaq üçün regionlarda iqtisadi fürsətləri genişləndirdilər. Hər bir ildə - vilayətdə universitetlər açıldı, hər bölgə bir sahə üzrə ixtisaslaşdırıldı. Bu isə yeni iş yerlərinin yaranmasına, yerli əhalinin qazanc yerləri əldə etməsinə səbəb oldu”.
İqtisadçının fikrincə, Azərbaycanda regionlardan Bakıya axının qarşısını almaq, insanların öz bölgələrinə dönüşünü stimullaşdırmaq üçün ikinci çoxmilyonlu şəhərin yaradılmasına ehtiyac var: “Bu, istənilən bir şəhər ola bilər - Gəncə, Lənkəran, Mingəçevir və sair. İkinci milyonluq şəhər ətraf bölgələrin inkişafı üçün lokomotiv rolunu oynaya bilər. Bunun üçün Bakıdan universitetlərin, mərkəzi icra hakimiyyəti orqanlarının bir hissəsini həmin şəhərə köçürmək lazımdır. Məsələn, Kənd Təsərrüfat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi kimi qurumlar köçürülə bilər. Bununla biz urbanizasiyanın normal, planlı şəkildə gedişinə şərait yarada bilərik. Əks halda, proses bir istiqamətli - Bakı istiqamətli getməklə, getdikcə daha qarşısıalınmaz xarakter alacaq”.
Dünya SAKİT,
“Yeni Müsavat”