Cenubxeeberleri.com 5 avqust 2019-ci il. Masallı. Babaser. 110 min manatlıq təqaüd qazanaraq Türkiyənin nüfuzlu Universitetində təhsil alan, bir neçə gün öncə qəfil dünyasını dəyişən İbrahim Abbasovun hüzr məclisində, atası, Bakı məscidlərindən birinin imamı Ədalət kişi ilə bu faciəni dərdləşirik:
- Elə səhər yeməyinə əyləşmək istəyirdim ki, telefonuma Türkiyədən zəng gəldi. Oğlum İbrahimin tələbə və otaq yoldaşı idi. Həyəcanla dedi ki, Ədalət əmi, İbrahim bərk xəstələnib, təcili Türkiyəyə gəl. Birtəhər bilet tapıb, axşam Ankaraya, oradan da İbrahimin təhsil aldığı Bilkənd universitetinə yollandım. Birbaşa xəstəxanaya gəldim. Bir qədər kənardan gördüm ki, ətraf tələbələrlə doludur. Məni görən kimi, sanki hərə bir tərəfdə gizlənməyə çalışırdı. Xəstəxanaya daxil olan kimi məni qarşılayan həkim böyük hüznlə “Başınız sağ olsun” deməyi ilə keçinməyim bir olub. Bir də 2 saatdan sonra ayılmışam.
Müəllifdən:- Hər bir ölüm faciədir, dərddir. Ancaq elə ölümlər də var ki... 21 yaşlı İbrahimin ölümü kimi. Nə qəzalarla, nə fəlakətlərlə müqayisəyə gəlmir. 21 il övlad böyüdəsən... Nəinki bir ailəyə, ən azından bir ölkəyə şöhrət gətirəcək istedadı bir anda itirəsən. Bu dərdə necə tablaşmaq olar?
“Elə bil başqa planetindən gəlmişdi”
Ədalət kişi ilə söhbətimiz davam edir:- Türkiyənin ən nüfuzlu Universitetlərində biri sayılan, 10 mindən artıq tələbəsi olan Ankaradakı Bilkənd universiteti bu hadisədən sanki şoka düşmüşdü. Rektordan tutmuş, prorektorlar, müəllimlər, tələbələr, ölkənin aparıcı teleşirkətlərı kimi ora toplaşmışdı. Rektorun sözləri hələ də qulağımdadır “İbrahim təkcə bir ailəyə yox, bütün türk dünyasına, bəlkə də bütün dünyaya misilsiz şöhrət gətirəcək hədsiz istedadlı bir gəncliyin nümunəsi idi. Sanki başqa bir planetdən gəlmişdi. Fitri istedada malik idi. Kəşflər, ixtiralar üçün yaranmış bir əfsanə idi.”
- “Nə bilim vallah, dillə deyiləsi mənzərə deyildi. Bütün universitet yas içində idi. Hərə bir xatirə söyləyirdi. Hadisədən 10 günə yaxın vaxt keçib, hələ də mənə yuxu kimi gəlir. Doğrudanmı, İbrahim daha yoxdur. Bu ölümü ilə bizi göylərdən yerə vurdu (ağlayır), hansı xəyallar qururduq, sentyabrın 15-dən ABŞ-da doktoranturada təhsilini davam etdirəcək idi. Nələr gözləyirdik, nələr oldu”
- Ədalət kişi o qədər çaşqın idi ki, nə yadına düşürdü, qırıq-qırıq ondan danışır, gah kövrəlir, gah xəyallanırdı.
Hələlik, İbrahimin 1 neçə misraya sığan, lakin hər sətri böyük uğurlarından soraq verən qələbələrindən, həyat yolundan danışaq.
Abbasovlar ailəsi Masallı rayonunun Babaser kəndindəndir. 1994-cü ildən öncə Bakı şəhərinə köçüblər. Ailənin 2 oğlu var. Böyük oğlu gömrük sistemində çalışır. İbrahim isə öncə Bakıdakı 173 saylı məktəbdə oxuyub. Daha sonra BDU-nun nəzddindəki “Gənc istedadlar” liseyində təhsilini davam etdirib. Burada təhsil aldığı müddətdə həmişə şəkli şərəf lövhəsində olub. Həmin liseyin Azərbaycan bölməsini 2016-ci ildə qızıl medalla bitirən yeganə şagird o olub. Medalın verilməsi bir qədər yubandığı üçün öncə Bakı Mühəndislər Universitetinə qəbul olunub. Sonra isə sənədlərini Türkiyənin Bilkənd Universitetinə göndərib. Həmin vaxta qədər Kipr. Orta Doğu unversteti və digər yerlərdən də təkliflər alsa da, qəbul etməmişdi.
Bilkənd bu vaxta qədər heç bir tələbəyə olmayan qədər ona təqaüd təyin edib
Ədalət kişinin dediyinə görə, İbrahimin müəllimləri danışıb ki, bu vaxta qədər Bilkənd Universiteti bir çox istedadların təhsil xərclərini 50-70 faiz qarşılayıb. Lakin İbrahimin hədsiz istedadlı olduğunu görüb, nəinki ki, onun burada oxuyacağı bütün illərdə təhsil xərclərini, hətta hər ili 2 min dollar olmaqla yataqxana xərcini də öz üzərinə götürdü. İbrahim üçün təhsil aldığı müddətdə ümumilikdə 110 min manatlıq təqaüd təyin edilmişdi.
2013. İbrahimin nəhs ildə qazandıqları
2013-cü il İbrahim üçün çox uğurlu olub. 15 yaşında öncə, “Sabahın alimləri” Beynəlxalq müsabiqəsinin qızıl medalına, daha sonra Ətraf Mühitin Mühafizəsi Beynəlxalq olimpiadasının baş mükafatına layiq görülüb. 4-cu kursa hazırlaşan İbrahim Abbasov universitetin "Yüksək Şərəf” (High Honor) titullu tələbəsi olub.
Hər gün cəmi 2 saat yatıb, həyatını İxtiralar və kəşflərə həsr edən tələbə
Ədalət kişi söhbətə davam edir:- Heç bir qüsuru yox idi. Ona yeganə iradımız bu idi “Heç olmasa gün ərzində 3-4 saat yat”. Tələbə dostları deyir ki, gün ərzində cəmi 2 saat yatırdı. Fikri-zikri ixtira və kəşflərdə idi. Bəziləri qınayırdı ki, bunlar sənlik deyil, akademiklərin, elmlər doktorunun işidir. Yox, bacararam, deyib, girişirdi layihəyə. Və uğur əldə edirdi. Elə bilirdim, cəmi 2 kəşfi var, Sonra bəlli oldu ki, onların sayı 9 imiş. Bəzisi dünyaya səs salacaq kəşflər idi. Müəyyən səbəblərə görə detalları açıqlamıram. Hər gün 3 saat həmin məktəbdəki ABŞ-dan gələn ixtiraçının, 3 saat İtaliyadan gələn ixtiraçının yanında çalışır. Bəzən saatlarla digər əlaçı dostlarına yardımçı olurdu. Bunun üçün yuxu yox idi. Yuxusuzluq da onu məhv etdi. Beyni, ürəyi bu yükə dözmədi.
Futbolu da sevirdi
“Neftçi” və “Qarabağ” hər beynəlxalq görüşü udanda dostlarına qonaqlıq verirdi.
Qəşəng gitara çalırdı, öz-özünə öyrənmişdi. Dostları onun çaldığı gitaranın sədaları altında bir balaca klip də hazırlayıblar. Şeir də yazırdı arabir. Futbola çox bağlı idi. Elə ölümündən bir gün öncə “Neftçi”nin qələbəsinə görə bütün dostlarına qonaqlıq vermişdi. El-obaya çox bağlı idi. Təzə ev tiksək də, köhnəni sökməyə qoymurdu. Kənd-kəsəklə bağlı o qədər ideyaları var idi ki. İbrahim dinlə nəfəs alırdı. Hələ 5 yaşından namaz qılırdı. (Xatırlayaq ki, o, tanınmış din xadimi Şeyx Qüdrətin qardaşının nəticəsi idi). Türkiyədən əşyaları gətirəndə də diqqəti ən çox onun daim özü ilə gəzdirdiyi 2 səccadə və 7 möhür idi.
Ölümü elə qəfil oldu ki
Demək səhərçağı təxminən saat 7-də səsi xırıldamağa, ağzından köpük gəlməyə başlayıb. 5-7 dəqiqə arası Ankaranın təcili yardım maşınları köməyə gəlsə də, onu xilas etmək mümkün olmayıb. Vəfat etdiyi gün istirahət günlərinə düşdüyü üçün sənədləşmə işində ciddi problemlər yaranıb. Şeyx Allahşükür Paşazadənin səfirliyə, digər əlaqədar təşkilatlara zənglərindən sonra iş yoluna düşüb. İbrahim Abbasov iyulun 30-da Babaser kəndindən dəfn edilib.
Ədalət kişi onu da qeyd etdi ki, ölkənin hər yerindən onun tələbə dostları, valideynləri bu hüzrə gəlir. Nədənsə rayon rəsmiləri belə istedadlı gəncin ölümünə biganə oldu. İbrahimin ölüm xəbər Türkiyə televiziyalarının manjet xəbər olsa da, bizdə ancaq Xəzər tv buna bir az diqqət ayırdı. Siz də sağ olun ki, belə qəmli günümüzdə bizi aradınız.
Allah belə müsibəti heç kimə qismət etməsin!
Hazırladı Zahir ƏMƏNOV