"Dövlət tərəfindən düzgün istiqamət verilməsi gənclərin gələcəkdə üzləşə biləcəkləri risklərin azaldılmasına köməklik edir”
Hollandiyada gənclərlə bağlı maraqlı layihə həyata keçirilir. Belə ki, bələdiyyə nümayəndələri 18 yaşı tamam olan gənclərlə əlaqə saxlayır, onları gələcəkdə düzgün seçim etmələri üçün maarifləndirirlər. Həmçinin gənclərə öz hüquqlarını başa salır, yarana biləcək hər hansı çətinlik zamanı necə davranacaqlarını, haradan yardım ala biləcəklərini izah edirlər.
Maraqlıdır, bu üsul gənclərə nə kimi faydalar verir? Avropada tətbiq olunan bu təcrübə Azərbaycanda da tətbiq oluna bilərmi? Sosioloq Əhməd Mansurov AYNA-nın əməkdaşının bu suallarına aydınlıq gətirib.
Əhməd Mansurov bildirib ki, dövlətin vətəndaşları haqqında maraqlanması və onları hər hansısa sahələrə istiqamətləndirməsi təqdirəlayiq haldır: “Bunun, xüsusilə gənclərə və yeniyetmələrə şamil olunması alqışa layiqdir. Çünki 18 yaşını bitirən gənclərdə fizioloji və emossional təfəkkürün inkişafı baş verir. Gənclər ətrafı qavramağa meylli olurlar. Bu baxımdan dövlət tərəfindən düzgün istiqamət verilməsi gənclərin gələcəkdə üzləşə biləcəkləri risklərin azaldılmasına köməklik edir”.
Sosioloqun fikrincə, dövlətin belə addımı, həmçinin gənclər üçün bərabər imkanların yaradılmasına da köməklik göstərir: “Elə gənclər var ki, öz hüquqları barədə daha tez məlumatlı olurlar. Bu üsulla isə məhdud resurslar arasında olan və ya çox məlumatlı olmayan gənclərə köməklik edirlər. Həmçinin gənclərin sosiallaşmasına yardımçı olurlar”.
“Maarifləndirmə gənclər siyasətinin düzgün aparılmasıdır və hüquqların hamıya əlçatan olmasıdır. Gənclər bu zaman anlayırlar ki, dövlətinə güvənə, mövcud resurslardan yararlana bilərlər. Bu cür imkanlar fiziki məhdudiyyətləri olan gənclərə də özlərini cəmiyyətdə tapmaları üçün daha çox kömək olacaq. Bu, çox yaxşı təcrübədir”, - deyə sosioloq əlavə edib.
Ə.Mansurov onu da qeyd edib ki, Azərbaycanda da gənclər evi fəaliyyət göstərir: “Gənclərimiz “Gənclər evi”nin yaratdıqları imkanlardan istifadə edib, maariflənə bilərlər. Gənclər “Gənclər evi”ndən öz hüquqları barədə məlumat əldə edə bilərlər”.
“Amma “Gənclər evi” regionlarda da çox olmalıdır ki, gənclər daha çox dəstək ala bilsinlər, maariflənsinlər, istifadə etsinlər”, - deyə müsahibimiz vurğulayıb.