18 yaşım olanda bizim ailədə "ərə getmək" mövzusu müzakirə olunmurdu. O yaşıma qədər evimizdə bunun söhbətini belə eşitməmişdim. Bizim ailədə prioritet mövzu təhsil idi - yaxşı oxumaq, ali təhsil almaq.
Müharibədə hər şeyimizi itirmişdik, öz ölkəmizdə məcburi köçkünə çevrilmişdik, yataqxanada yaşayırdıq. Amma bunlar heç biri bizim yaxşı oxumağımıza mane ola bilmədi. Beynimiz sevgi, ər, məişət mövzular ilə yüklənmirdi. "O yaşda sevgi nədir, ər nədir?". Anam "mənim övladlarım təhsilsiz ola bilməz" deyirdi.
Uzun illər həyatını təhsilə həsr edən müəllim atam Rusiyada işləyirdi - biz təhsil ala bilək deyə. Çünki, nə olur olsun qızlarım, bəli, məhz qızlarım təhsil almalıdır düşüncəsindəydi. Qız uşağı mütləq ali təhsilli olmalıdır, gələcəyi qaranlıq olmasın deyə. Mən jurnalist olmağı arzulayırdım. Aparıcı olub efirə cıxacaqdım.
Cəmiyyətdə qadın olaraq öz yerimi tutacaqdım. Sübut edəcəkdim ki, "qaçqın" da bu ölkənin bərabər hüquqlu vətəndaşıdır. Cəmiyyətdə savadı, işi, peşəsilə yer tuta bilər. "Qaçqın"ın "buynuzu" olmur.
Oxuduğum şəhər məktəblərində "qaçqın" deyə məni barmaqla göstərib kinayə ilə uzaq duranlar illər sonra "biz səninlə eyni sinifdə, eyni məktəbdə oxumuşuq. Səni efirdən izləyirik və fəxr edirik" deyəndə anladım ki, məqsədimə çatmağı bacarmışam. Bu məqsəd məni birinci kursda oxuyarkən, 18 yaşımdan işləməyə sövq etmişdi. Sonra ikinci ali təhsil almaq məqsədimi də reallaşdırdım. Artıq 28 yaşına çatmışdım. Amma yenə də bizim ailədə "ərə get, hamı ailə qurdu, uşaq dünyaya gətirdi, sən qaldın" basqısı yox idi. "Seçim sənindi qızım. Məcburiyyət yoxdu" tövsiyəsi vardı. Baxmayaraq ki, mən ailənin böyük övladı idim. Məndən sonra iki qız, bir oğlan vardı. "Evin böyüyüsən, ailə qur digərlərinə yol açılsın" klassik basqısı da olmadı mənim ailəmdə. Mənə seçim azadlığı verildi. Nəticədə məndən balaca baclarım ailə qurdular. Təbii ki, yalnız ali təhsil aldıqdan sonra. Bacımın biri həkim, biri ingilis dili müəllimidir.
Bu gün artıq 38 yaşım var. İndi də üzərimdə "Evdə qalmısan, çox gecdi, bizi tanıyanlar nə deyər, heç olmasa ailə qur, bir uşağın olsun" psixoloji basqısı yoxdu. Valideynlərimin mənimlə bağlı narahatqlıqları var təbii. Ailə qurmağımı, övlad sahibi olmağımı arzulayırlar. Bu, bir valideyn kimi onların haqqıdır bəlkə də. Bu arzularını reallaşdırmadığım üçün bəzən özümü günahkar sayıram onların qarşısında. Amma həm də onlara minnətdaram. Bir insan olaraq mənə həyatımı öz qərarlarımla yaşamaq haqqı verdikləri üçün, daxilən nə qədər narahat olsalar belə seçimlərimə hörmət edib, bunu bir basqı kimi dilə gətirmədiklərinə görə, həyatımın "dirijoru" yox, bütün qərarlarımda, yanlışımda, düzümdə, uğurumda, uğursuzluğumda varlıqlarını hiss etdiyim dəstəkçi olduqlarına görə.
Qızların 18 yaşında ərə getməsi hələ xoşbəxtlik demək deyil. Onlara seçim haqqı verin. İntihar həddinə çatdıracaq ağır yüklə bədbəxt etməyin! Qızlar bilirsiz nə vaxt bədbəxt olur? Onlara əşya kimi baxanda. Onlar sizin aruzlarınızı reallaşdırmaq üçün idarə olunan robotlar deyil. Unutmayın - qızınız sizin arzularınızı reallaşdırmaq üçün yox, öz xəyallarının arxasınca getmək üçün yaşamlıdır!
Bir gənc qız öləndə min arzu ölür! Arzuların qatili olmayın!