Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Xanım, burada rus dilini yox, Azərbaycan dilini bilməyəni işə götürürlər”



Bu dəfəki gedişimin adı başqa oldu. Xalq şairinin qızı kimi gəldim Vətənə. Deyim ki, ömrümdə heç nə dəyişmədi yenə. Mən heç vaxt adı özümdən ayırmamışam. Ada yox, özümə baxmışam.

 

Gəldiyim günün səhəri atamı Mərkəzi Klinikaya yerləşdirdilər. Mehriban xanımın göstərişi ilə yüksək səviyyədə müayinə etdilər. Özünü yaxşı hiss edirdi, hərdən kövrəldiyini də görürdüm. Hələ Prezidentə təşəkkür, tibb bacılarına şeir də yazdı. Düzdür, şeiri bəyənməsə də, tibb bacısı məqamında pis alınmamışdı. Özü yaza bilmədi, o dedi, Nərgiz yazdı. Nərgiz də şeiri çərçivəyə saldırıb verdi tıbb bacılarına, onlar da qoydular qeydiyyat otağındakı masanın üstünə. Gələn də, gedən də görürdü.

 

Vaxtımın 14 günü klinikayla ev arasında qaldı. Hələ həmin klinikanin stomatoloji şöbəsinə də gedib-gələsi oldum. Mən hələ bir ölkənin mərkəzi ilə özü arasında bu boyda fərq görməmişdim. Həm dilindən, həm də özündən uzaq. Şəhərin mərkəzində kafedən çox elə kafe var. Hamısı da rus dilində. Ofisiantları da gözəl, yaraşıqlı gənclər. Soruşuram ki, niyə axı sifarişi rusun dilində götürürsünüz, öz dilimizdə yox? Biri bilirsiniz, mənə nə dedi? Dedi, “xanım, burada rus dilini yox, Azərbaycan dilini bilməyəni işə götürürlər”. Heç nə demədim.

 

O, rus dilində ağız dolusu danışan adamlara baxıb, özüm özümə dedim, görəsən, bu 13 ildə dilimdən, özümdən uzaq yerlərdə mən dilimi, özümü buna görəmi qorudum? Nə bilim vallah.

 

Mən bura təzə gələndə işləyə bilmirdim, çünki dili bimirdim. Dövlət hesabına kurslara göndərirdilər məni. Öyrəndiyim alman diliylə eşitdiyim alman dili arasındakı fərq məni çox incitdi. Tirolluların özünə məxsus ləhçələri var. Dilimlə qulağım yola getmirdi. Onları yola gətirmək üçün xeyli vaxt lazım oldu mənə. Sən demə, dil qulaq məsələsidir.

 

O vaxtlar paralel olaraq mənə iş də axtarırdılar. Dili yaxşı bilmirdim deyə, işləməyə qorxurdum. Mənə iş tapmaqda kömək edən qadın görəndə ki, mən neçə dil bilirəm, elə təəccüblə, həm də qibtəylə baxdı ki, sevindim. Fikirləşdim ki, indi bir yaxşı iş tapıb verəcək mənə. Dedi, “Bu dilləri bilməyin çox gözəldir, amma sən alman dilini yaxşı bilməlisən, ona görə bir neçə yerdə təmizlik işi var, gedib birində işləyərsən. Ünsiyyətin çoxalar, dili də daha yaxşı öyrənə bilərsən”. Heç nə demədim.

Atamın müalicəsi bitən gün klinikadan heç evə getmədi, dedi, “buradan gedirik düz kəndə”. Axşamçağı çatdıq Buynuza. Dünyamın hər yerindən görünən, dilimə, özümə yaxın kəndimizə. Qalan günlərim də elə orada keçdi. Kəndin girəcəyindəki qəsrə oxşar evlər olmasa, kəndimiz elə həmin kənd deyil. Mən görməyəli qəbiristanlığı böyüyüb. Alqı satqı çoxalıb, iki evdən biri həyətinin yarısını kirayələşdirib. İstirahət mərkəzləri çoxalıb,maşallah olsun hamısı da “ailəvi”. Amma əsas odur ki, kəndimizin nə işığı dəyişib, nə də dili...

 

“Ağırı, yüngülü yerbəyer eylər,

Bu dünya özü bir daş tərəzidir.

Ariflər gözündə, haqq divanında,

Hörmət tərəzisi, baş tərəzidir.” (Musa Yaqub)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10