Odurağaran niyə Odrakəran oldu?
Bu adın bir yükü, tarixi, mənası, nəhayət, canlı bir yaddaşı var. Ata ODURAGARANda doğulub, övlad isə ODRAKƏRANda...
Hər bir başçı təyin olunanda ilk islahatlara inzibatı ərazini, yaxud adları dəyişməkdən başlayır. Bəlkə bir bulaq qazdırmaqdan, ağac əkməkdən, qaz, su, işıq çəkməkdən başlayasız?
Yardımlı yolunda hər il qəzalar olur, maşınlar dağlardan uçur. Cavan-cavan insanlarımız o dolanbac yollarda həyatlarını itirirlər. Gədəbəydə Yasamal yüksəkliyinə qalxan yolun qırağı troslanıb, Lerikə gedən yolun kənarlarına adda-budda sal daşlar atılıb, Yardımlı yolu isə qalıb Allah ümidinə. Kimin ayağı sürüşdü, qayanın dibinə gedir. Qışda-qarda uçanın heç ölü canın da çıxartmaq olmur. Yeri gəlmişkən, Yardımlıda elə bir kənd, elə bir ailə tapmazsan ki, bu yol faciələrindən "fayda” görməsin.
İnkişaf etməkdə olan Azərbaycanımıza dəmir baha gələr, ona gərək yox, beton dirəklər də basdırmayın - ona da xərciniz çıxar. Təşəbbüs göstərin; dağların daşlarını camaat özü yolun qırağına düzəcək. Zatən o yollar ata-babalarımızın öküz arabalarında daşıdığı qaya, çay daşlarıyla qurulub.
...Adı dəyişməklə saxta tarix yaratmaq olar, amma ənənəni dəyişmək mümkün deyil. Yəni bu gün də təşəbbüs olarsa, camaat o təhlükəsizlik daşlarını yenə ODURAĞARANADAN gətirəcək. Çünki oranın daşları fosforludur, uzaqdan pişik gözü kimi parlayır. Məhz buna görə o kəndin adı "ODUR AĞARAN” olub, ODRAKƏRAN yox.
Bu həm də Təbrizdən gəlib Şamaxıya gedən karvanın önündəki sarvanın yorğun səsidir. Odur Ağaran... Çatmışıq, bir az da dözün.