Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Anası ölmüş Avropa - Mehman Cavadoğlu yazır



Türkiyə müxalifəti ölkəyə sığınmış 3,5 milyon Suriyalı qaçqının geri göndərilməsini tələb edir. Yeni söhbət deyil, CHP və İyi partiya yetkililəri bu məsələni hər fürsətdə qaldırırlar. Hərçənd, özləri də yaxşı bilirlər ki, indiki durumda belə bir addımın atılması nəinki siyasi gerçəkliyə uyğun deyil, üstəlik, humanizm prinsipləri baxımından da yolverilməzdir.
Avropa Birliyi Türkiyənin halına yandığından yox, daha çox öz dərdindən qaçqınlarla bağlı Türkiyəyə böyük məbləğdə maddi yardım göstərir. Çünki indiki durumda Türkiyə həmin qaçqınların Avropaya doluşmasının qarşısını kəsən yeganə "sərhəd hasarı”dır – son illər dəbə minmiş ifadəylə desək. Ancaq maddi təzminatın miqdarından asılı olmayaraq milyonlarla qaçqın kütləsi hətta ən inkişaf etmiş bir ölkə üçün də çox ağır yükdür.
Məsələ xeyli ciddi şəkil aldığı üçün Suriya Türkmən Cəbhəsinin lideri Abdulkərim Ağa həmin partiyaları hədəfə götürən bəyanatla çıxıb edib və bildirib ki, sizin Suriyalı qaçqınlar adlandırdıqlarınızın tən yarısı türkmən əsilli Suriyalılardır. Abdulkərim ağa daha sonra deyib ki, Hələb və Şam min illik türk şəhərləridir və Osmanlı dövlətinin qurucusu Osman bəyin atası (yəqin, babası demək istəyib –red.) vaxtilə Anadoluya məhz Suriyadan keçmişdi. CHP və İyi partiya təmsilçilərinin məsələyə münasibətini "faşizan yanaşma” adlandıran türkmən lider deyib: "Onsuz da Suriyada müharibə qurtaranda bir nəfər də olsun Suriyalını burda saxlaya bilməzsiniz. Hamısı geri dönər”.
Problem də elə bunda, müharibənin üfüqlərdə işartısı da görünməyən sonunun nə vaxt çatacağındadır. Çünki kövrək demokratik sabitliyin əldə olunduğu Tunisi və bir neçə il çəkən dava-mərəkənin diktator dəyişikliyi ilə sonuclandığı Misiri çıxmaq şərtilə tarixə "Ərəb baharı” kimi romantik bir adla düşmüş siyasi prosesin digər subyektlərinin heç olmasa nisbi dinclik dövrünə nə vaxt qədəm qoyacaqları heç Allahın özünə də məlum deyil.
Həmin ərəb ölkələrindən fəqrli olaraq Suriya qovğasının bu qədər uzanmasının çox sayda xarici və daxili səbəbləri var. Xarici səbəblər əsasən ondan qaynaqlanır ki, bu ölkəni özününkü sayan çox "dostu” var və bu "dostlar” onu gözündən uzağa buraxmaq istəmir. ABŞ-ın məqsədi artıq çoxdan "özəlləşdərdiyi” ərəb dünyasısını "yad ünsürlərdən” birdəfəlik təmizləməkdir. Rusiya üçünsə o, kommunizmin yadigarı kimi əziz və vazkeçilməzdir. Özünü bütün dünya şiələrinin hamisi və qəyyumu sayan İran "əzabkeş şiə qardaşlarının” taleyindən narahatdır. Baxmayaraq ki, ölkə əslində, süni ölkəsidir və yenə də baxmayaraq ki, vaxtilə İran üləmaları suriyalı ələvi və druzları nəinki şiəlikdən uzaq, ümumiyyətlə, islamdan çıxmış bir qövm elan eləmişdilər. İsrail və Türkiyə öz milli təhlükəsizliyindən əndişəlidir. Hərçənd, R. T. Ərdoğanın ürəyində "keçmiş Osmanlı yurdu” – deyə bir nostalji də olmamış olmaz.
Daxili səbəblərə gəlincə, kürdlər fürsətdən yararlanmaq, sünnilər vaxtilə karikatür kommunist Hafiz Əsədin öldürdüyü yüz minlərlə günahsız həmməzhəblərinin intiqamını almaq, şiələrsə həmin intiqamdan yayınmaq naminə bu davanı ölüm-dirim savaşına çeviriblər.
Bütün diktatorlar kimi Bəşər Əsəd üçün də başında durduğu ölkə Vətən kimi yox, hakimiyyət obyekti kimi əzizdir. Bu gün yuxarıdakı güclərdən hansı onun bu ehtirasını təmin eləmək gücündə olsa, tərəddüd etmədən onun çətiri altına girməyə hazırdır. İstər bu çətirin rəngi qırmızı olsun, istər yaşıl, istərsə də çəhrayı – ondan ötrü fərq etməz. Atasının oğludur, axı.
Bir sözlə, sonu gürünməyən bir qovğa.
Suriya böhranı fonunda yaranmış ən maraqlı kombinasiya Rusiya-Türkiyə-İran formatı çərçivəsində baş verən gəlişmələr oldu. Əlbəttə, təəccüblənməyin yeri yoxdur, çünki siyasət ta əzəldən sürprizlərlə dolu bir peşə olub.
Tərəflərin bir-birindən kəskin şəkildə fərqlənən maraqları səbəbindən çoxları üçün gözlənilməz olan bu format Suriya məsələsinin tam həlli kimi bir missiyanın öhdəsindən gələ bilməzdi. Heç onlar da qarşılarına belə bir məqsəd qoymamışdılar. Məqsəd, sadəcə olaraq, hər üç tərəfin ortaq maraqlarına cavab verən məqamların, əsasən cari məqamların tapılması və razılaşdırılmasından ibarət idi. Bu hər üçünə sərf edirdi, çünki heç biri situasiyanın mütləq sahibi deyildi. Elə Suriya böhranın bir özəlliyi də odur ki, burda mütləq söz sahibi olan konkret güc mərkəzi yoxdur.
Tarixin, demək olar ki, bütün dönəmlərində bu üç ölkənin, xüsusilə Rusiya ilə Türkiyənin bir-birləriylə bitmək bilməyən düşmənçiliyisə həmin formatın başqa bir özəlliyidir. Doğrudur, vaxtilə ümumi strateji maraqlar qısa zaman kəsiyində Atatürklə Lenini də müttəfiqə çevirmişdi. Ancaq indi ortada belə ümumi strateji maraqlar yoxdur.
Əslində, Rusiya ilə Türkiyənin yaxın bir strateji müttəfiqə çevrilməsi günümüzün çox maraqlı siyasi düzəni olardı. Bu ölkələri düşməndən dosta çevirəsi xeyli ortaq məqamlar var ki, onlardan da ən mühümü təxminən bərabər sosial-iqtisadi inkişaf səviyyəsidir. Üstəlik, yaxın qonşuluq. Avropanın XX əsrin ikinci yarısından sonra əldə etdiyi təcrübə göstərdi ki, yaxın qonşularla da dost olmaq mümkündür.
Bu baxımdan Ərdoğanın Rusiyaya yönəlik jestləri xeyli cazibədar görünə bilər. Amma Rusiyaya etibarlı bir müttəfiq kimi bel bağlamaq çox riskli seçimdir. Putinin bugünkü Türkiyə sevgisinin kökündə təkcə əməkdaşlıq sferasını genişləndirmək maraqları dayanmır, Türkiyə onu daha çox bir NATO üzvü kimi iştahlandırır. Keçmiş Sovet müttəfiqləri topa-topa NATO-ya qoşulduqları bir vaxtda qurumun "stajlı”, həm də Şərq cinahının əsas fiquru olan bir ölkəsini öz ağuşuna almaq böyük uduş olardı. Bu hipotetik versiya gerçəkləşsə, yəni Türkiyə NATO-dan uzaqlaşsa işin sonrası Türkiyə üçün çox qəliz olar. Çünki Şimal qonşusu daha onunla bərabər tərəf kimi yox, Rusiyanın öz "müttəfiqləriylə” çoxəsrlik davranış ənənələrinə uyğun olaraq diqtəylə danışmağa başlayacaq.
Bu gün Türkiyə-Şimali Atlantika bloku münasibətləri çox da hamar deyil. Müttəfiqləri hər fürsətdə bu üzvülüyü Türkiyənin başına qaxınc eləməkdən, onu ordan uzaqlaşdırmaqla hədələməkdən yorulmurlar. Ancaq Türkiyənin NATO üzvülüyünün Qərbə Ankaranın özündən daha çox lazım olduğunu nəzərə alsaq, bu cür demarşlar adamda, sadəcə, xox gəlmək təəssüratı oyadır.
Son illər hər tərəfdən təklənmiş Putin üçün Türkiyə bir nəfəslik rolunu oynayır. Bu oyunda onun ən böyük kozırı gün-gündən çökən iqtisadiyyatının fonunda silah bazarındakı mövqeyini qoruyub saxlaya bilməsidir. Silah biznesininsə bir özəlliyi də odur ki, orda həmişə siyasi maraqlar itisadi maraqların önündə dayanır. Belə bir məqamda S-400 kimi müasir bir silah kompleksinin bir NATO üzvünə sata bilməsi Putinin şəksiz uğurudur. Bir daha təkrar edək ki, Türkiyənin NATO üzvü olması onun Putin üçün dəyərini birə beş qaldırır. Çünki bu cür sıx əməkdaşlıq dolayısıyla NATO-ya meydan oxumaqdır. Sabah, Allah eləməmiş, Türkiyə NATO-dan çıxsa onun Putin üçün dəyəri də xeyli azalacaq.
Belə mürəkkəb şəraitdə Ərdoğanın çox riskli gedişləri xeyli suallar yaradır. Ümumiyyətlə, acığa düşüb addım atmaq onun siyasi portretinin əsas cizgilərindən biridir. Bunun bir sübutu da elə həmin S-400-lə bağlı gəlişmələr oldu. Sövdələşmələrin ilkin çağında, çox güman ki, onun özü də həmin kompleksin nə vaxtsa Türkiyə ərazisinə gətiriləcəyinə inanmırdı. Amma getdikcə proses inkişaf etdi, fasiləsiz söz atışmasıyla dərinləşdi və qarşısıalınmaz mərhələyə qədəm qoydu. Bir sözlə, cin şüşədən çıxdı. Düzdür, söz davasında Ərdoğan mahir siyasətçidir, amma siyasətçilərin öz sözlərini tutmamaq kimi bir lüks də var, yəni, deyilən sözü ustalıqla danmağı bacarmaq da natiqlik sənətinin predmetidir.
İnsafən, Tramp da etiraf elədi ki, bu məsələdə Türkiyəyə "Patriot”lar satmaqdan imtina eləyən əvvəlki ABŞ adminstrasiyası günahkardır. Amma Ərdoğanın özünün də sevinclə qarşıladığı bu etiraf hələ ki, heç nəyi dəyişməyib. Nəticədə kuryez bir vəziyyət yaranıb. Milyardlarla dəyəri olan raket kompleksi Türkiyəyə gətirilsə də anbarlara yığılaraq qapısından yekə bir kilid asılıb. Onun nə vaxtsa işlək vəziyyətə gətiriləcəyi çox ciddi sual altındadır. Hələ bir müddət əvvəl bu raketlərin başqa ölkələrdə quraşdırılacağı barədə mətbuatda daha fantastik versiyalar səslənirdi. Yaxşı alver olardı.
Üstəlik, F-35 qırıcı təyyarələriylə bağlı başqa milyardlıq bir müqavilə də ABŞ-da ilişib qaldı. Daha buna nəinki Türkiyə, yalan olmasın, heç Səudiyyə Ərəbistanı da tab gətirməzdi.
Bu da sözə aşırı aludə olan müdrik siyasətçinin yüz ölçüb bir biçmədən atdığı addımların sonu.
Ərdoğan konkret ideologiyaya bağlı bir siyasətyçi olduğu üçün bəzən siyasi tənliklərin həllində kobud səhvlər buraxır. Onun ideoloji ritorikası öz bakirələyini çoxdan itirsə də, bu cür ritorikaya həddən ziyadə aludə olan daxili ictimai rəyi əlində saxlamaq üçün daha arsenalında bundan təsirli başqa bir resurs da qalmayıb.
İndi bu itkilərin yerli istehsal olan hərbi helikopterlər vasitəsi ilə doldurulacağıyla bağlı ortaya atılan iddialar da yumşaq desək, gülüş doğurur. Çünki Türkiyənin helikopter sənayesi bizim hər şeyi xaricdən gətirilib quraşdırılan avtomobil sənayesi kimi bir şeydir. Bir ölkə ki, mühərrik istehsal edə bilmir, o ölkədə aviasiya və ya avtomobil sənayesinin mövcudluğundan danışmaq... nə bilim nədir.
P.S. Suriyalı qaçqınların yerlli əhali arasında ən çox qıcıq doğuran cəhətlərindən biri onların davranışlarıdır. Türk toplumu yarısı etnik, hamısı din qardaşları olan, özləriylə təxminən eyni mentalitetə, eyni sosial-mədəni yaşayış ukladına malik bir icmanın davranışlarını sinirə bilmir. Anası ölsün Avropanın.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10