Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zülfüqar Rüfətoğlu: “Mircəfər Bağırovun o məsələyə görə babamla arası dəymişdi” – Müsahibə



Müsahibimiz Londonda yaşayan jurnalist, şair, tərcüməçi, 1995-ci ildən BBC-in Azərbaycan xidmətində çalışan Zülfüqar Rüfətoğludur.

- Zülfüqar müəllim, mükəmməl dil bilgiləriniz var. Uzun illərdir Londonda yaşayırsız. Amma sizinlə söhbətlərimizdə aksentlə danışdığınızı, yaxud əcnəbi söz işlətdiyinizi görməmişəm. Dilə hörmətdən irəli gəlir, ya peşə vərdişidir? 

- Dilə hörmətdir ilk növbədə. İkincisi, dillə işlədiyimdən peşəkar vərdişlərlə bağlıdır. Sözlə məşğul olan adamlar da dilə hörmət etməsələr dil sıradan çıxar.

- Adətən azərbaycanlılar əcnəbi dildə ləhcəsiz danışır, sövet dönəmində də doğma dilindən çox rus dilini önəmsəyirdi. Amma qonşularımızda məsələ başqa cürdür. 

- Bunun tarixi kökləri də, dil baxımından fonetik kökləri də var. Bizim dilimizdə ermənilərdə və gürcülərdə olduğu kimi boğaz səsləri, tələffüzü gərginlik tələb edən səslər yoxdur. Azərbaycan dili neytral dildir. Gərginliyi olmayan dildir. Ləhcəsizliyin səbəbi budur. İkinci səbəb Azərbaycanın coğrafi mövqeyi ilə bağlıdır. Yəni tarix boyu keçid burdan olub. Biz də, Strabon demiş, müharibə sevən xalq olmadığımız üçün çalışmışıq onların dilində danışaq.

- Bunu hardasa əziklik kimi qəbul etmək olar?

- Əziklik deməzdim. Bir növ coğrafi mövqeyimiz bunu tələb edib, sağ qalmalıydıq, yəni strateji yanaşırdıq. Türklə türkcə, farsla farsca, rusla rusca danışmalıydıq. Bunu sevməyə bilərəm, amma qəbul etməyə məcburam. Sovet vaxtında isə rus dili karyera diliydi. O vaxtdan qalan elita evində indi də rusca danışır. Ancaq indi elitanın özü də məcburdur Azərbaycan dilində danışmağa. Dili öyrənin, bu dildə mütaliə edin. Amma evdə niyə rusca danışmalısız axı? Sovet dövründən belə xoşagəlməz fikir formalaşıb ki, elita məhz rus dilində danışanlardır. Azərbaycan dilində danışanlar kəndçidir, aşağı təbəqədir. İndiyədək də bu, davam edir. Təhlükəli şeydir. Bizdə rusca danışanların faizi təhlükəli deyil hələ. Amma Malta kimi balaca xalq ikiyə bölünüb. İngiliscə danışanlara və yerli – Malta dilində danışanlara. İngiliscə danışanlara başqa millət kimi baxırlar. Yuxarı təbəqə də yerli dildə danışanlara çoban kimi baxır.

- Bu problem ərəb ölkələrində də var. Fransız dili bəzi ərəb ölkələrində dominantadır.

- Var. Amma ərəb dilinin mövqeyi bizim dilin mövqeyindən möhkəmdir. İngilis, ərəb, rus, türk dilinə təhlükə yoxdur.

- Müasir ingilis dili necə inkişaf edir? Orda hər il lüğətə yeni sözlər salınır. Bu mənada dillərimizi müqayisə etsək necə bir mənzərə alınar?

- İngilis dili böyük dil dəyirmanıdır. Bütün dilləri üyüdə bilir. Lazım olsa, sözləri öz tələffüz formasına salır, dövriyyəyə baxır. Yenə də deyirəm, danışanların say etibarilə dilimiz az saylı dillərdən sayılır. Bunu deyəndə, bəzi həmkarlarımın xoşuna gəlmir, amma mənə görə ən böyük təhlükə Türkiyə türkcəsindən gəlir. Bəlkə də Türkiyə türkcəsi uyğun ifadə deyil. Ona görə İstanbul türkcəsi sözünü çox istifadə edirəm. Türkiyədə dil islahatından sonra çox sayda qondarma sözlər düzəldilib. Fars, ərəb sözləri sıradan çıxarılıb. Orda çox eybəcərliklər baş verib. Ərəb sözünü çıxarıb yerinə fransız sözü salıblar. Bu işlə məşğul olan milliyətcə erməni idi. Məhz bu sözlərin dlimizə girməsini təhlükəli sayıram. Anadolu türkcəsini türklər öz dili sayır, bu dildən gələn sözləri təhlükə saymıram. İstanbul qəzetlərində elə sözlər var ki, qəbul etmirəm. Məsələn, “olağanüstü”, yaxud “altyapı” sözləri kimi.

- Dilə misalçün, “altyapı” sözünün girməsinin nə təhlükəsi var?

- Söhbət təkcə bu sözdən getmir. Onun üstünə “üstyapı” sözü də gəlir, dil dolur bu sözlərlə. Ona görə Anadolu adamları türk telekanallarına baxıb, dili başa düşmürlər. Məsələn, hind dili ilə urdu ili oxşardır. Qandinin vaxtında paksitanlılar və hindistanlılar eyni dildə danışırdılar. İndi hindistanlılar süni sözlərlə doldurublar dili. Bir paksitanlı dostum var. Deyir, uşaq olanda hind qəzetlərini oxuyub başa düşürdüm. İndi heç nə başa düşmürəm. Hindlilər dillərini qədim kitabları Sanskritdən gələn sözlərlə qədimləşdirirlər, arxaik sözlər gətirirlər. Ermənilərdə də belə tendensiya var. Müasir erməni dilinin hay dili ilə əlaqəsi yoxdur. Ermənilərin hay dedikləri dil kilsə dili qrabar orta əsr İran dillərindən biridir ki, ölüb gedir. İndi onların böyük problemi var. Məktəbdə onu icbari keçməyi istəyirlər. Amma xeyri yoxdur. Ölü dili diriltmək mümkün deyil. Söz sırası, morfoloji baxımdan müasir erməni dili Azərbaycan dilinə daha çox oxşayır nəinki qrabara.

- Zülfüqar müəllim, bizdə də dillə bağlı müəyyən müzakirələr olur. Yəqin izləyirsiz.

- Dildə həll olunmamış məsələlər çoxdur. Təhsilin səviyyəsini görəndə inanmıram ki, dillə məşğul olan peşəkar kütləvi kadrlar çox olsun. Yaşlı nəsil də mühafizəkardır. Məncə, dil üzərində işləyən qrupda gənclər də, yeniyemtələr də olmalıdır. Dünən kiçik tərcümə ilə məşğul idim. Hiperlink sözü var ingilislərdə. Bağlantı mənasını verir. Sonra fikirləşdim ki, niyə hiperlink yazılmasın. Hiperinflyasiya ki deyirik. Azərbaycan dilinin normalarına görə terminlər bir az fərqli olub. Məsələn, terminologiya elə olub ki, elmlə məşğul olmayan adam bunu anlamaz. Və bu məqbul sayılır. Bir məsələ də var ki, biz bir az cəsarətsizik dildə. Əgər ingilislər kompüter ekranını idarə edən qurğuya “maus” deyirlərsə, biz niyə “siçan” deməyək. Utanırıq sözü işlətməyə. Rusca “mışka” deməyə utanmırıq hərçənd... Ruslar, Böyük Britaniya imperiya olduğu üçün daha cəsarətlidirlər. Dilimiz çox zəngin dildir. Bu dilə “zəngin deyil” deyən adamlar onun imkanlarını bilməyən, mütaliəsi zəif olanlardır.

Dil arzumuzdan asılı olmayaraq öz yolu ilə gedir. Amma biz də gərək sözlərlə ehtiyatlı davranaq. Adi adamlar məişətdə hansısa sözləri işlədə bilər. Onun danışdığı az adama hesablanıb. Amma bizim oxucu auditoriyamız olduğundan diqqət etməliyik.

- Bir dəfə tərcümənizdə Brodskinin şeirini oxudum. Tərcümədəki dolğunluğa, poetikliyə heyran oldum. Tərcümənin hansı təməl prinsipləri var?

- Şeir tərcüməsi haqda daha yaxşı danışa bilərəm. Belə bir söz var ki, hər tərcümə günahdır. Çünki orijinalın dolğunluğunu ifadə edə bilmir. Bu da təbiidir. Hər dilin öz imkanları var. Nəsr tərcüməsindən söhbət gedirsə, söz ehtiyatının böyük olması lazımdır, bu da mütaliədən gəlir. Tərcüməçi mütaliə etməlidir ki, yaxşı da tərcümə etsin. Poeziyada bir az başqa cürdür. Ona inanıram ki, yaxşı şeirlər hardansa ilahidən gəlir. Onu planlaşdırmırsan heç vaxt. Planlaşdırmaq olar, məsələn, kiminsə ad gününə şeir yazırsan. Bir də var ki, şeir gözləmədiyin halda gəlir. Kimin şeirini tərcümə edirsənsə, ona da o cür gəlib. Şeir tərcümə edəndə artıq dilin normalarını pozmaq olar. Yəni dəqiqlik mənasında. Mükəmməl tərcümələr var. Nizamini tərcümə ediblər, demək olar ki, dəqiqdir, sözbəsöz. Müasir poeziyanı bir az elə tərcümə etmək çətindir. Vısotskini, Bayronu çevirmək çətindir. Gərək əvvəlcə, çalışıb onların ovqatına düşəsən, dalğaya köklənəsən. Dalğaya düşdünsə tərcümə su kimi gedəcək. Tərcüməçi dili ikiqat yaxşı bilməlidir. Hətta yazıçıdan da yaxşı. Bizdə belə tərcüməçilər vardı. Yəqin indi də var. Cavan nəsli o qədər də tanımıram.

- İndi tərcümə edilən əsərlərdən nəsə oxumusuz?

- Oxumuşam, indi dəqiq xatırlamıram. Amma filmlərə baxıram. Dublyaj çox yaxşılaşıb. Üç il qabaq bərbad idi. İndi hiss olunur ki, çox yaxşıdır. Bilmirəm nəylə bağlıdır. İctimai Televiziyanın dublyajı çox xoşuma gəlir. AzTV-də də yaxşıdır. Amma İctimai Televiziya üstələyir. Ümumən dublyaj yaxşılaşıb, son bir iki ildə.

- Maddi tərəf də var yəqin. Yaxşı qonorara yaxşı da tərcümə edirlər.

- Əlbəttə, pis pula kim yaxşı tərcümə edər.

- Zülfüqar müəllim, imperiya vətəndaşı olmaqla kiçik ölkə vətəndaşı olmaq arasında hansı fərq var? Britaniyada bunu hiss etmisiz?

- Var. Bu, həmin vətəndaşda özündən asılı olmayaraq müştəbehlik, təkəbbür yaradır ki, mən hansı xalqın nümayəndəsiyəm. Kiçik xalqlara yuxarıdan aşağı baxır. Deməzdim ki, bilərəkdən edirlər. Evdə, ailədə belə tərbiyə alırlar.

- Uilam Qoldinqin “Milçəklər tanrısı” əsərində uşaqlardan biri məhz ingilis olduqları üçün adada sivil qaydalar quracaqları ilə öyünür. Amma onların instinktləri sivilliyə qalib gəlir. 

- Əslində, yaxşı şey deyil, tənqid olunmalıdır.

- Müasir dünyada kiçik xalqlar əzilməmək, özünü qorumaq üçün nə edirlər?

- Birincisi öz dilinə, mədəniyyətinə hörmət etməlisən. Çexləri götürək. Praqada kitab mağazalarında adam daha çox olur, nəinki geyim dükanlarında. Kitab və ərzaq dükanlarında basabasdır. Çexlər öz dillərinə irili xırdalı bütün kitabları tərcümə edirlər. Kiçik xalq bu cür özünü qoruyur. Tərcümə böyük rol oynayır. Biologiya, fizika, kimya kitabları yüksək səviyyədə tərcümə olunmalıdır. Bu dərsliklərin tərcüməsinin keyfiyyəti sovet dönəmində yüksək idi. Rusiya da o kitabları özündən icad etməmişdi, Almaniyadan, Prussiyadan gəlirdi.

- Yeri gəlmişkən, yaxınlarda Mirzə İbrahimovun hekayələrini oxuyurdum. Dilinin zənginliyinə, sözlərdən istifadəsi çox gözəl idi. 

- Onlar dilin korifeyidirlər. Atam (Mərhum satirik şair Rüfət Əhmədzadə -red.) həmişə deyirdi ki, poeziyada Əhməd Cəmil, nəsrdə Əkrəm Əylisli dil baxımından etalondur.

- Siz sovet jurnalistika məktəbini keçmisiz. Peşəkarlıq hansı səviyyədə idi?

- O vaxt da yaxşı, pis jurnalist vardı. Onda jurnalistləri daha çox tanıyırdılar və daha çox hörmət edirdilər. Dilə mühafizəkar yanaşma vardı. Bizdə bir hərf səhvinə görə töhmət verirdilər. Və yaxud bir hərf səhvi tutub düzəldənə 100 rubl hədiyyə verilirdi. Bir dəfə beynəlmiləl sözü əvəzinə beynəlxalq sözünün yazıldığını görmüşdüm. “Kommunist” qəzetinin baş redaktor müavini vardı, Şamil Şahməmmdəov. Məşhur jurnalistdir. Buna görə 100 rubl mükafat yazdı. Özü də oxuyub qol çəkmişdi qəzetə. O qol çəkəndən sonra səhvi görmüşdüm. Pərt olmuşdu ki, dünən gələn birisi məndə səhv tutur. Mənə dedi, düz çıxmasa səni çıxaracam, işdən, düz çıxsa mükafat yazacam. Onda bilmirdilər ki, Rüfət Əhmədzadənin oğluyam. Sonra biləndə demişdi, ta denən, Rüfətin oğlusan, ona görə bilirsən.

- “Kommunist” qəzetində sizin və Araz Qurbanovun parlament reportajlarını həvəslə oxuyurdum. Ordakı üslub yeniliyi, yanaşma, yumor, sərbəstlik, incə tənqid xoşuma gəlirdi.

- Bu, partiyanın verdiyi azadlıq idi. Və biz də o azadlıqdan gen-bol istifadə edirdik. Məsəlçün, dəfələrlə mənə görə söz gəlib “Kommunist” qəzetinə. Baş redaktor Tofiq Rüstəmov hərdən çağırırdı ki, Mərkəzi Komitədən zəng eləmişdilər, yazmağına yaz, amma ehtiyatlı ol. Yuxarıda da görməməzliyə vururdular... Aşkarlıq olanda atam dedi, SSRİ dağılacaq. Çünki bu dövlət qan və yalan üstündə qurulub. Aşkarlıqdırsa, həqiqət deyiləcək, həqiqət deyiləndə isə ölkə çökəcək. 1988-ci ildə atam rəhmətə getdi, üç il sonra SSRİ dağıldı.

- Siz həm də Rəşid Behbudovdan son müsahibə alan jurnalistsiz. Onun tarixçəsi maraqlıdır... 

- Moskvada Qarabağ məsələsi müzakirə olunurdu. Rəşid Behbudov Ali Sovetin deputatı kimi dəvət olunmuşdu. Ordan odlu-alovlu qayıtmışdı. Redaktorun tapşırığı ilə müsahibə aldım. Çox kəskin danışdı. Qorbaçovu, rəhbərliyi tənqid eləmişdi. Həmin gün atam rəhmətə getdi. Başım qarışdı. Səhəri gün zəng elədi ki, əzizim Zülfüqar, bəlkə verməyək bunu. Dedim, yaxşı. Jurnalistikada belə bir şey var ki, əgər müsahib istəmirsə, müsahibə getməməlidir. BBC-nin də belə prinsipi var. Ondan 3-4 ay sonra Rəşid müəllim rəhmətə getdi. Ertəsi gün müsahibə çıxdı.

- Rezonans oldu?

- Ona görə oldu ki, son müsahibəsi idi. Digər tərəfdən kəskin fikirlərə görə oldu. Redaktor sığortalandı ki, artıq rəhmətə gedib.

- Bizim jurnalistikada problemlər bəllidir. Böyük Britaniya jurnalistikasında hansı problemlər var?

- Mənə görə səviyyəcə Amerika jurnalistikası Böyük Britaniyadan geri qalır. Məncə, bu, əsasən ənənə ilə bağlıdır. Ənənə də var, tarix də, istedad da var. Britaniya mətbuatı yüksək liqadır. Bəxtim onda gətirib ki, BBC-nin Azərbaycan dili xidmətində işləsəm də, BBC-nin əsas prinsiplərini biz də rəhbər tuturduq, tərəfsizlik kimi. Düzdür, biz bəzən pozurduq onu, mənim “Çətin sual” proqramımda. Ağır müsahibələr idi. Britaniya cəmiyyəti üçün bu, adi bir şeydir. Onların məşhur jurnalisti var - Ceremi Pəksmən. Ona inkivizitor deyirlər. Nazirlər qarşısında əsir. Siyasətçilərdə belə xüsusiyyət var. Ona sual verəndə “Bilirsizmi” deyib istiqaməti dəyişir. Pəksmən isə konkretdir. Daxili işlər nazirinə eyni sualı 17 dəfə verdi. Axırda dedi, çox sağ olun, mən sizdən cavab ala bilmədim.

- Amma yəqin, onların da jurnalistikasında qərəz olur...

- Olur. “Telerqaf” qəzeti ənənəvi olaraq kral ailəsinə yaxındır. Britaniyanın Avropa İttifaqından çıxmasını istəyirlər və bu, məqalələrdə hiss olunur. “Qardian” sol meyllidir. “Tayms” elitardır. Bununla belə, vahid prinsip var ki, qərəz olmamaldır. Olsa da hiss olunmamalıdır. Bu, ustalıq məsələsidir.

- Oğlunuz da jurnalistika sahəsində çalışır.

- Tural İngiltərədə təhsil alıb. Hazırda BBC-də işləyir. Artıq dördüncü nəsildir ki, jurnalistika ilə məşğuldur.

- Zülfüqar müəllim, dünya ədəbiyyatında trend nədir? İngilis vətəndaşı nə oxuyur?

- Çətin sualdır. Milyonlarla adam baxır “Taxt tac oyunu” serialına. Ola bilsin, mən geri qalmışam, düz fikirləşmirəm, amma adamlar valehdir ona. Onu yazan adama həsəd aparıram ki, milyonlarla adamın damarını tutub. Damar tutmaq məsələsi yoxdur məndə. Amma çox istəyirəm olsun.

İngilislərdə ədəbiyyata fetiş münasibət yoxdur. Ədəbiyyata sadəcə ədəbiyyat kimi baxırlar. 60-cı illərdə ədəbiyyata maraq daha böyük idi, nəinki indi.

Kitab çapı bahadır, bizim pulla 30-40 min manat arasıdır. Nəşriyyat da hər kitabı götürmür. Qələmi ilə dolanan yazıçı azdır. Elə kitab var, gəlir gətirir, eləsi var, gətirmir.

Britaniyada ədəbi tənqid çox güclüdür. Bütün qəzetlərin ədəbiyyat bölməsi var. Yaxınlarda biri Den Braunu tənqid etmişdi ki, indi hamı o qədər çox informasiya oxuyur ki, heç kəsin gopunu oxumağa həvəs yoxdur. Məncə, ədalətsiz tənqid idi.

- İngilis ədəbi mühitinə girmək barədə düşünmüsüz?

- 25 ildir ordayam. Gedəndə başqa yol tutsaydım olardı. Amma BBC gündəlik işdir. Gündəlik efir çətin məslədir. Ədəbiyyatla məşğul olmağa vaxt qalmır. Hesab edirəm ki, Britaniyada ədəbi mühitə daxil olmaq çətin deyil. Etnik azlıqlar üçün də. Son vaxtlar elə onların kitabları mükafat alır. Çünki təzə nəfəs gəlir. Dəyər verirlər o adamlara, şirkətlər böyük pul mükafatı verirlər. Bizdə də o təcrübəni etmək olar. Gərək ədəbiyyata mükafat olsun.

- Zülfüqar müəllim, bir az da atanızdan danışın. O hadisə necə olmuşdu? Rüfət Əhəmədzadənin altı yaşı olanda Mircəfər Bağırovun iştirak etdiyi tədbirdə şeir deməsini nəzərdə tuturam. 

- Şəhriyar klubunda tədbir olub. Atam şeir deyib. Mircəfər Bağırovun xoşuna gəlib. Deyib, kimin oğludur. Biləndə ki, Zülfüqar Əhmədzadənin oğludur, üzündəki təbəssüm qaçıb.

- Niyə sevmirdi babanızı?

- Babamı ona görə sevmirdi ki, o, öz sözünü deyirdi. Babam Mərkəzi Komitənin üzvü idi. Orda Polonskinin rəhbər qoymuşdular. Onda babam da daxil olmaqla bir qrup kommunist etiraz etmişdi ki, kadr yoxdur, rusu gətirirsiniz? Mircəfərlə belə şeylərə görə arası dəydi. Həm də karyera məsələsiydi. Hər ikisi karyerist idi. Babam İstanbul Universitetində oxumuşdu, bir neçə xarici dildə danışırdı.

- Bu yaxınlarda “Mavi gözlü ögey ana” şeirlər kitabınız çap olundu. İlk kitabınız niyə bu qədər gecikdi?

- Uzun müddət şeirlərimi üzə çıxarmağa qorxmuşam, utanmışam. Sovet dövründə klublara da getmirdim. Mənə cəsarət verən nə oldu? Bir neçə dəfə şeirlərimin kiminsə xoşuna gəldiyini gördüm. Düşündüm ki, nəsə var.

- Atanıza oxuyurdunuz?

- Oxuyurdum. Münasibəti obyektiv olurdu. Bic tələbə idim, yəni pis şeiri oxumurdum. O da təqdir edirdi və sevinirdi.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10