2-ci hissə. Əvvəlin Buradan oxuya bilərsiniz.
Bu gün yüzlərlə insanın xoşbəxtliyi “çörəkli işlərdən” çıxdığı, çoxların bu sahələrə can atdığı bir vaxtda bölgədə yaşayıb, bütün həyatını tariximizin araşdırılmasına sərf edən, həqiqi mənada fədakar bir insan var – İldırım Şükürzadə.
Hazırda bu sahədə sizi hansı mövzular maraqlandırır, nələr hədəfinizdədir?
Bölgəmiz tarixi abidələrlə zəngindir. Heç də təsadüfi deyildir ki, ötən əsrin 80-90-cı illərində Lerikdə arxeoloji tədqiqat işləri aparmış fransız alimi Jak de Morqan abidələrin çoxluğuna görə Leriki “arxeoloji cənnət” adlandırmışdır. Amma, buna baxmayaraq demək olar ki, bölgəmiz nisbətən az tədqiqi olunmuşdur. Burada tədqiqini gözləyən çoxlu sayda abidələr vardır. Tədqiq olunacaq hər bir abidədə tariximizə dair qiymətli faktlar, arxeoloji nümunələr yatır. Digər tərəfdən acınacaqlı hal odur ki, vaxtilə arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmış bir çox abidələrimiz (kurqanlar, qədim yaşayış yerləri, nekropollar) Sovet dönəmində təsərrüfat işlərindən ötrü məhv edilmişdir. Bir çox abidə demək olar ki, müəyyən adlar altında məqsədli şəkildə dağıdılmışdır. Abidələr bizim sərvətimizdir, hər bir abidə tariximizin müəyyən dövrünü özündə yaşadır. Buna görə də abidələri qoruyub gələcək nəsillərə çatdırmaq Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsində deyildiyi kimi hər bir şəxsin borcudur.
Tarix müəllimlərinə sözünüz
Tədqiqatçı-tarixçi olaraq hər hansı bir abidə, toponim haqqında yazarkən bəzən informatorların köməyinə ehtiyac duyuram. Buna görə də ilk olaraq həmin ərazidə yaşayan tarix müəllimlərinə müraciət etməli oluram. Kömək istədiyim bir çox tarix müəllimləri isə “mən bunu bilmirəm, filankəs onları daha yaxşı bilir, get ona müraciət et” deyir. Həmin an rəhmətlik Alı Mustafayev demişkən könlümdən dəli bir ağlamaq keçir. Ziyalı, xüsusilə tarix müəllimi necə ola bilər ki, yaşadığı ərazinin tarixi ilə maraqlanmasın.
Təsəvvür edin, “Lənkəran toponimləri”, “Lənkəran ziyarətgahları”, “Lənkəran bölgəsinin tarixi-memarlıq abidələri”, “Lənkəran məscidləri” kitablarının müəllifiyəm, bu kitabların bir neçəsini Lənkəran şəhərində kitab mağazası və dükanlarında satış məqsədilə qoymuşam. Qiymət də münasibdir. Lakin, həmin kitabları alan yoxdur. Sual olunur, görəsən, Lənkəranda tarix müəllimi, tarixçi alimlər (LDU), tarix fakültəsinin tələbələri yoxdurmu?
Təxmini statistikaya görə təkcə Lənkəranda 300-dən çox tarix müəllimi, 200-ə yaxın tarix ixtisası üzrə təhsil alan tələbə var. Onların hər biri bu kitablardan bir ədəd alsa.... Amma almırlar, öyrənmirlər.
Düşünürəm ki, bu artıq faciədir. Halbuki, mən tələbə olarkən hər dəfə Bakıdan rayona çanta dolu kitabla gələrdim. Görünür heç də səhv etməmişəm, çünki həmin kitablar olmasaydı bu gün mən tədqiqatçı-tarixçi kimi də tanınmazdım. Buna görə də müəllim mütaliə etməlidir, kitab, qəzet, jurnal oxumalıdır. Düzdür, internetin imkanları geniş olduğundan insanların əksəriyyəti sosial mediaya daha çox önəm verir. Amma, heç bir şey kitabı əvəz edə bilməz.
Musiqini, yumoru, siyasi lətifələri sevirsinizmi?
Əlbəttə ki, musiqini, yumoru və ümumən lətifələri sevirəm. Muğam dinləməyi daha çox xoşlayıram. Gözəl musiqidən zövq alıram. Ən çox bəyəndiyim musiqi aləti kamançadır. Lənkəranlı yumor, lətifə ustası jurnalist Azad Zülaloğlu dostumdur. Şəhərdə (əksəriyyət şəhər dedikdə Bakını başa düşür. Əslində bu doğru deyildir. Respublikamızda 77 şəhər var, onlardan biri də Bakıdır. Mən şəhər dedikdə Bakını deyil, Lənkəran şəhərini nəzərdə tuturam) tez-tez onunla rastlaşıram. Hər dəfə də yazdığı yeni lətifələrdən mənə oxuyur. Elə sizin “Cəpərüstü söhbətlər” də özgə aləmdir.
Araşdırmalarınız zamanı qarşılaşdığınız ən qəribə, maraqlı hadisə.
Cənub bölgəsində hazırda hansı tarixçini fəaliyyətini daha çox dəyərləndirirsiniz?
Hal-hazırda pedaqoji fəaliyyətlə yanaşı, eyni zamanda tədqiqatla da məşğul olan bir neçə tarix müəllimi var. Misal olaraq Ələsgər Mirzəzadə, Elşad Əmənov, Rza Rzayev (Cəlilabad), Aqşin Mistanlı (Lənkəran) və Nuranə Həmidovanın (Astara) adlarını qeyd etmək olar. Orta məktəb müəllimi olan bu şəxslər kitab və məqalələr müəllifidir. Astara rayonunun Ərçivan qəsəbə 3 saylı tam orta məktəbinin tarix müəllimi Nuranə Həmidovanın yazı üslubu demək olar ki, mənim yazı üslubumla eynidir. Pedaqoji fəaliyyət, ev işlərinin çox olması qadınların tədqiqata meyilli olmasına çox zamanlar mane olur. Amma, bütün bu çətinliklərə baxmayaraq qadın olaraq Nuranə xanım da adını tədqiqtçı-tarixçilər sırasına həkk etdirə bilmişdir. Görünür babalarımız əbəs yerə “aslanın erkəyi, dişisi olmaz” deməyiblər.
İldırım Şükürzadənin bölgənin digər tədqiqatçı-tarixçilərindən fərqi nədir?
Yaxşı olardı ki, bu sual oxuculara ünvanlanaydı. Özünü kimdənsə fərqləndirmək, üstün tutmaq heç də bəyənilən əməl deyildir. Suala cavab olaraq təvazökarlıqdan uzaq onu deyə bilərəm ki, mən digərlərindən fərqli olaraq tək yaşadığım rayonun deyil, bütövlükdə bölgənin (Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı) tarixini, tarix və mədəniyyət abidələrini, ziyarətgahlarını, məscidlərini, toponimlərini, yaşayış məntəqələrini və s. araşdırıram.
Başqa nələrə çox marağınız var?
Xobbim mütaliə və futboldur.
Bağınızda nələr var?
Bağımda naringi, limon, portağal, feyxoa, alma, armud, əzgil, heyva, fındıq, qoz, alça, nar, dəfnə, xurma, şaftalı, yapon əzgili, əncir ağacları var.
Necə edək ki, insanlar tarixi sevsin?
Tarix fənninə sevginin və marağın olmasında şübhəsiz ki, tarixçi alimlər, tarix müəllimləri üzərinə böyük pay düşür. Onlar yazdıqları kitab və məqalələrlə bu sevgini aşılaya bilərlər. Tarix humanitar (Sovet dövründə partiyalı elm deyilirdi) elm olduğundan burada çox hallarda məsələyə münasibətdə nisbilik də olur. Tarix kitabları yazılarkən faktlar, həqiqət təhrif olunmamalıdır. Çünki, fakt faktlığında qalır. Bu cür hallar tarix fənninə, tarix elminə münasibətdə özünün mənfi təsirini göstərir. Tarix dərsliklərində çoxlu sayda səhvlər vardır. Bu səhvlər hətta son zamanlar tərtib edilmiş xəritələrdə də öz əksini tapmışdır. Təsəvvür edin, bəzi kitablarda Masallı rayonunun Ərkivan qəsəbəsinin yerləşdiyi coğrafi mövqe indiki Neftçala rayonunun ərazisində verilmişdir. Bölgəmiz Atropatena dövlətinin tərkibində olduğu halda son tarix dərsliklərində, xəritələrdə bölgəmiz Albaniyanın tərkibində verilmişdir. VIII sinifdə tədris olunan Qarabağ tarixi dərsliyində Dağlıq Qarabağ Muxtar Vilayətinin 7 iyul 1923-cü ildə yaradıldığı qeyd olunsa da, onun muxtariyyər statusunun 26 noyabr 1991-ci ildə ləğv edildiyi yazılmamışdır. AMEA tərəfindən 2007-ci ildə buraxılmış “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” kitanında DQMV haqqında məlumat verilərkən nəinki onun statusunun 1991-ci ildə ləğv edildiyi yazılmamış, hətta Kəlbəcər və Laçın rayonlarının DQMV-in tərkibində olması qeyd olunmuşdur. Bu cür səhvlər “n” qədərdir. Tarix təhrif edildikdə, eyni sinif üçün müxtəlif illərdə tərtib edilmiş dərsliklərdə faktlar bir birini inkar etdikdə şübhəsiz ki, tarix elminə, tarix fənninə sevgi də aşağı səviyyədə olacaqdır.
“Cənub bölgəsi və onun ziyalıları” virtual qrupu sizə nə verir?
“Cənub bölgəsi və onun ziyalıları” qrupu əslən Lənkərandan olan və Bakı şəhərində yaşayan S.C.Pişəvəri adına Respublika Humanitar fənnlər gimnaziyanın dil-ədəbiyyat müəllimi Ceyran Həsənova tərəfindən 21 aprel 2017-ci il tarixində yaradılmışdır. Qrupda bölgənin tarixi, abidələri, toponimləri və etnoqrafiyası ilə bağlı paylaşımlar etdiyim üçün 15 iyul 2017-ci il tarixində qrupa admin təyin edilmişəm. 12 min nəfərə yaxın üzvü olan bu qrup FB-də bəlkədə ən çox tanınan və sevilən bir qrupdur. Qrup mənim üçün bir tribunadır. Demək olar ki, hər 2 gündən bir Feyzbokda və eləcə də qrupda paylaşım edirəm. “Cənub bölgəsi və onun ziyalıları” qrupu vasitəsilə ölkəmizin müxtəlif bölgələrindən dostlar, tanışlar qazanmışam. Paylaşımlarıma alimlərin, şair-yazıçıların, ictimai-siyasi xadimlərin və digər tanınmışların münasibət bildirməsi məni daha da ruhlandırır. Qrup sanki həyatımın bir parçasına çevrilmişdir.
Mükafatlarınız varmı?
Aslan İbrahimov:- “Havzava məktəbinin müəllimləri! Siz fəxr etməlisiniz ki, İldırım Şükürzadə bu kollektivdə çalışır”
Heç bir dövlət mükafatım yoxdur. Amma, ayrı-ayrı qurumlar tərəfindən Diplomlar, Fəxri Fərmanlarla təltif olunmuşam. “Cənub bölgəsi və onun ziyalıları” qrupunun qrup üzrə keçirtdiyi rəy sorğusuna görə 01 yanvar 2018-ci il tarixində “İlin ziyalısı” nominasiyasının qalibi seçilmişəm. Düşünürəm ki, ən böyük mükafatım Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri hörmətli Aslan İbrahimovun 09 oktyabr 2018-ci il tarixində çalışdığım Havzava kənd tam orta məktəbinin pedaqoji kollektivi ilə görüşü zamanı “Havzava məktəbinin müəllimləri! Siz fəxr etməlisiniz ki, İldırım Şükürzadə bu kollektivdə çalışır” deməsi mənim üçün ən böyük mükafatdır.
İnternet sizə nə verir?
Bu gün internetsiz həyatı təsəvvür etmək qeyri mümkündür. Tədqiqatçı-tarixçi olaraq tez-tez internetin imkanlarından istifadə edirəm. Lazım olan istənilən məlumatı dərhal internet vasitəsi ilə əldə etmək olur. İnternet həyatımın bir parçasına çevrilmişdir. Bir sözlə internet mənim üçün dünyaya çıxış deməkdir.
Hazırda nələr üzərində işləyirsiniz?
Hal-hazırda “Lənkəran rayonunun tarix və mədəniyyət abidələri” və “Lənkəran rayonunun yaşayış məntəqələri” kitabları üzərində işləyirəm. Bundan başqa demək olar ki, hər gün yeni bir məqalə yazıram. Necə deyərlər iş qrafikim sıx və gərgindir. Bu mənim sanki xobbimdir. Hər dəfə bir kitabım işıq üzü gördükdə, bir məqaləm dərc olunduqda və ya Fb-də bir paylaşım etdikdə zövq alıram.
Sizi narahat edən məsələ varmı?
Yaradıcı insan kimi məni narahat edən ən başlıca çətinlik sponsor problemidir. Müəllim işlədiyimdən kitablarımı öz vəsaitimlə çap etdirmək imkanım xaricindədir. Sponsor olsa, vallah ildə 2 kitab çap. Yeri gəlmişkən kitablarımın çapından ötrü mənə maddi cəhətdən dəstək olmuş hər bir şəxsə dərin təşəkkürümü bildirirəm.
Son olaraq saytımıza nə arzu edərdiniz?
Cənubxəbərləri.com saytı sosial şəbəkədə yaxşı tanınan, sevilən saytlardan biridir. Xüsusən son vaxtlar xeyli fəaallaşıb. Saytda yerləşdirilən yazıları minlərlə insan oxuyur. Saytınızla əməkdaşlıq mənə xoşdur. Sayt bölgəmizlə bağlı olduğundan tədqiqatçı-tarixçi olaraq özüm də buradakı paylaşımlardan bəhrələnirəm. Saytınıza uzunömürlülük və uğurlar arzulayıram. Çox istərdim ki, rayonumuzun digər tarixçiləri də saytınızda tez-tezçıxış etsin. Mənə də diqqət ayırdığınıza görə sizə təşəkkür edirəm. Çox sağ olun.
Hazırladı: Zahir Əmənov