cenub.az Nürəddin Ədiloğlunun bu barədə araşdırmasını təqdim edir
Düzü, mənim çox böyük rəğbət bəslədiyim “Cənub xəbərləri. com” saytında “Arvadı əsir düşdü, ömrü boyu gülmədi – Şah İsmayıl necə Xətai oldu?” başlıqlı yazının yayımlanması ürəyimi ağrıtdı. Söz yox ki, yazı başqa sayta istinadən verilmişdir.
14ildə 14 əyaləti məğlunb etmiş Səfəvi ŞAHINA Anadolu ellərində olan rəğbəti cilovlamaq idi...
Əsrlər boyu Azərbaycan qadınları yadellilər vətən torpağına hücum edən zaman yaraq-yasaq qurşanıb kişilərlə bərabər qanlı döyüşlərə giriblər. 1514-cü ildə iki nəhəng və qüdrətli imperiya-Osmanlı və Səfəvi xanədanı arasında baş vermiş Çaldıran savaşında Şah İsmayılın xanımı Taclı Bəyimin əsir düşməsi barədə yazılanlar uydurmadır.Şahın qadınının əsir düşməsi faktı uzun zaman (Qərbi Avropa dövlətlərinin səyi və qızışdırıcı siyasəti nəticəsində fasilərlə 100 il davam edən) müharibə aparmış iki imperiya arasında kütlələrə təsir edən təbliğat “mexanizmi” kimi istifadə olunmuşdur.
XVI əsrin əvvllərində Azərbaycanda baş verən qızılbaş hərəkatının geniş ərazilərə yayılması müsəlman – türk aləmində böyük əks-səda doğurmuşdu. Təbii ki, bu hərəkatın lideri olan I Şah İsmayılın şəxsiyyətinin ləkələnməsi üçün onun zövcəsinin adının hallandırılması döyüşkən qızılbaşlara , 14ildə 14 əyaləti məğlunb etmiş Səfəvi ŞAHINA Anadolu ellərində olan rəğbəti cilovlamaq idi...
Professor Seyidağa Onullahi müxtəlif mənbələr əsasında sübut etmişdir ki, Şah İsmayılla 20 il birgə həyat sürmüş Taclı xanım Çaldıran döyüşündə iştirak etsə də, əsir düşməmiş, Şah Təhmasib dövründə Səfəvilər sarayında yaşamış, dövlət işlərində fəal iştirak etmiş və 1540-cı ildə Şirazda vəfat etmişdi.
Çaldıran döyüşünə qızlbaş kişiləri ilə bərabər qadınlar da qatılması barədə məlumatlar Venesiya diplomatı İosofat Barbaronun, KaterinoZeno və Seqredonun əsərlərində də vardır.
Şahbəyi Taclı bəyim
Mosullu tayfasından olan Şahbəyim adlı bu qadına “Taclı” adı Şah İsmayıl tərəfindən verilmişdir. Bəzi mənbələrdə “Şahbəyi Taclı bəyim və Validə Gülzar Sultan” yazılır...
“Tarixi-Şah İsmayıl”da Çaldıran döyüşündən sonra Dərgəzinə gedən Şah İsmayılın Təbrizə Taclı xanımdan xəbər gətirmək üçün adam göndərdiyi bildirilir. Bir neçə yerdən yara almış Taclı xanım Çaldıran meydanını tərk edəndən sonra istiqaməti itirmiş, nəhayət bir səhraya gəlib çıxmışdı. Təsadüfən Mirzə Şah Hüseyn İsfahani Təbrizin iki fərsəxliyində (12 km) Taclı xanıma rast gəlir, hadisəni Durmuş xan Şamlıya xəbər verir. Bundan sonra Taclı xanım, Şah İsmayılın yanına aparılır. Mir Mahmud Xandəmir də Durmuş xan Şamlının yavəri Mirzə Şah Hüseyn İsfahaninin xan üçün ərzaq gətirərkən, Təbrizin iki mənzilliyində Taclı xanıma rast gəlib onu Şah İsmayılın yanına aparmasını bildirir. Bunun müqabilində şah onu Dövlət divanının nəzarətçisi vəzifəsinə layiq görmüşdü.
Xoca Sədəddin Əfəndi (1536-1599) qələminə məxsus “Tacüt təvarix” adlı geniş həcimli Osmanlı tarixi III Muradın(1575-1595) zamanında “işıq üzü” görsə də, əsərin ilkin variantı 1566-cı ildən sonra, yəni Sultan II Səlimin(1565 – 1575) zamanında qələmə alınmışdır .Onun babası Hafiz Məhəmməd İsfəhani Çaldıran döyüşünün canlı şahidi olmuş, I Sultan Səlim(1512 – 1520) tərəfindən oğlu Həsən Canla bərabər Təbrizdən İstanbula gətirilmişdir . “Tacüt təvarix”də müəllif babasından eşitdiklərini qələmə alıb və Taclı xanımın əsir düşməməsini qeyd edib.
Türk tarixinin qara səhifəsi
Çaldıran savaşını kimisi Osmanlıların şanlı zəfəri, kimisi Səfəvilərin acı məğlubiyyəti kimi qiymətləndirir. Amma bu döyüş türkün hər zaman öyündüyü şanlı tarixinin qızıl səhifəsi deyil... Ən azı ona görə ki, Çaldıran düzündə türk oğulları bir-birinə qılınc çəkmiş, sonda bu oğullardan biri (Sultan Səlim) qılıncın işə yaramadığını gördükdə qardaşına qarşı odlu silahdan –topxanadan istifadə etmişdi... Eyni zamnada bu savaşı məzhəb-təriqət savaşı adlandıranlar da yanılırlar.
Asiyadan Avropaya gedən ticarət yollarına nəzarət uğrunda mübarizə sonucda CALDIRANda iki böyük türk dövlətinin üz-üzə gəlməsi ilə nəticələndi. Sayca daha üstün olan Osmanlılar həm də odlu silahın verdiyi üstünlükdən bəhrələnərək bu döyüşdə qalib gəldilər.Türkiyə, İtaliya tarixçiləri Çaldıran savaşından sonra döyüş meydanında xeyli qızılbaş qadının meyitlərinin tapıldığını bildirirlər. Qızılbaş qadınlarının vətənpərvərliyinə və qəhrəmanlığına heyran qalan Sultan Səlim Yavuz "cəsədlərin hərbi təşrifatla dəfn edilməsi barədə göstəriş vermişdi".
Osmanlıların Səfəvilərə qarşı ideoloji savaşı Şah İsmayılın həyat yoldaşı Taclı xanımın adı ilə bağlı oldu. Osmanlı sarayının ideoloqları Taclı xanımın döyüşdə əsir alındığını və Sultan Səlimin əmri ilə Osmanlı sərkərdələrindən birinə nikahlandığını israrla bəyan etməyə başladılar. Sonradan bu "ideoloji tezis" Osmanlı tarixçilərinin əsərlərində əksini tapdı və əsrlərlə davam etdi.
"Tac-üt-təvarix"in("Tarixlərin tacı") tədqiqatçısı T. Cəfiyev də hesab edir ki, tarixən formalaşmış milli psixologiyanı nəzərə alan Osmanlı tarixşünaslığı uzun zaman ideoloji mübarizə apardığı Səfəvi dövlətinə qarşı bu saxta faktdan istifadə etmişdi.
Bu deyilənlərə yekun vuraraq onu demək olar ki, Osmanlı mənbələrində Taclı xanımla bağlı faktlar daha çox uydurmalarla zənginləşdirilmiş və əsrlər boyu Şah İsmayılı nüfuzdan salmaq məqsədinə xidmət etmişdi.
500 il əvvəlki ədavəti qızışdıran qələm sahibləri
Son illərdə ölkəmizdə nəşr olunan Güntay Gəncalpın “Səfəvilər”, İsgəndər Palanın “Şah və Sultan”, Reha Çamuroğlunun “İsmayıl” kimi kitablarında və “Möhtəşəm yüz il” kimi teleserialdaŞah İsmayılı və qızılbaşları nüfuzdan salma “mexanizmi” davam edir .
Bu gün böyük Qərb dövlətlərinin Şərqə – İslam dünyasına münasibətdə apardıqları siyasətin xristian amilinə söykəndiyi bir vaxtda İsamda iki nüfuzlu təriqət arasına müsəlman olaraq bizim özümüzün qarmaqarşıqlıq salmağa haqqımız yoxdur! Əgər nicatımız türk dünyasının birliyindədirsə, onda milli –dini hissiyyata toxunan bu cür əsərlərin nəşri və serialların yayımı qətiyyən yolverilməzdi. İçimizdə İslam sevgisi ilə türk sevgisi vahid müstəvidə olmalı, hər iki qardaş ölkənin qələm sahibləri bu amala xidmət etməlidir. Unutmaq olmaz ki, İslamın sünni-şiə təriqətləri əsrlər boyu Azərbaycanın və Türkiyənin mənəvi-əxlaqi dəyərlərinin əsasını təşkil edib.
“Qanun” nəşriyyatının Azərbaycan oxucusuna təqdim etdiyi “İsmayıl” romanında xalqımızın qürur mənbəyi olan, Azərbaycan türkcəsini dövlət dilinə çevirən, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün böyük işlər görmüş, klassik Azərbaycan şairi Şah İsmayıl Xətai kimi qüdrətli bir simaya müəllifin öz soy adına sadiq qalaraq qərəzlə ÇAMUR atması, doğrudan da, indiki zamanda millətimizə, dini etiqadımıza qarşı hörmətsizlik və sayğısızlıqdır. Amma gəlin görək, bu, milli-dini hesiyyatımıza toxunan ilk əsərdimi? Bundan öncə İsgəndər Pala məgər “Şah və Sultan” əsərində Şah İsmayıla az çirkab atmışdımı? Yaxud, çox savadsızcasına və başdansovdu qələmə alınmış “Səfəvilər” kitabında Güntay Gəncalp oxucuya Şah İsmayıl Xətaini və qızılbaşları adam əti yeyən vəhşi kimi təqdim etməsi hansı amala, ideoloji xəttə, mədəni inkişafa, “iki dövlət, bir millət” prinsipinə xidmət edir? Xətai təxəllüsü ilə gözəl və incə ruhlu şeirlər yazan, qəsidələrində Allahı, peyğəmbəri, on iki imamı vəsf edən, heca vəznini Azərbaycan ədəbiyyatına gətirən, “dili şəkərdən dadlıyam, Murtəza Əli zatlıyam” deyən bir şair necə o cür qəddar ola bilərdi?
İxtilaflara yol açan, mənəvi gərginlik yaradan bu cür uydurma əhvalatlar İslam dünyasına qənim kəsilən düşmənlərin dəyirmanına su tökmək deyil, bəs nədir?
“Möhtəşəm yüz il”-də gileyimiz
Şübhə etmirəm ki, “Möhtəşəm yüz il” serialında səfəvi hökmdarlarının, xüsusilə I Şah Təhmasibin ünvanına çox ağır təhqiredici ifadələrin yer alması da eyni nifrətdən, ideoloji qəzəbdən qaynaqlanır. 1566-cı ildə Sultan Süleymanın vəfatı münasibəti ilə Osmanlı sarayına göndərdiyi məktubda onun Avropada qazandığı zəfərlərdən söz açaraq öz sevinc hissini gizlətməyən, eyni zamanda II Səlimin canişin təyin olunmasını ölkəsində təntənəli bayram elan edən bir hökmdarın ünvanına filmdə bu qədər nalayiq ifadələr Azərbaycan tamaşaçısına həqarət deyilmi?!
Azərbaycan Tarix Institutunun direktoru, akademik Yaqub Mahmudov böyük türk hökmdarı Sultan Süleymanın həyatından bəhs edən bu serialı tarixi hadisələrin kəskin təhrif olunduğunu vurğulayaraq, əbəs yerə onu türk tarixi üçün “zəhərli film” adlandırmır! Türkiyənin o vaxt Baş naziri olmuş RəcəpTayyib Ərdoğan da bu “Möhtəşəm yüz il”i tənqid edərək, onun tarixi faktları təhrif etdiyini bildirib.
Bir sıra Avropa ölkələrində, Ukrayna və Rusiyada bu filmin nümayişi dayandırılıb, İranda isə “Möhtəşəm yüz il” serialını fars dilinə dublyaj edən bir qrup şəxs həbs olunub.
Türkiyə Milliyyətçi Hərəkat Partiyası başçısı Dövlət Baxçalı isə “Şah İsmayıl da bizim hünkarımız, Yavuz Sultan Səlim də” bəyanatı verərək hər iki tarixi şəxsiyyətə hörmətlə yanaşmağı bildirdi.
“SARI GƏLİN”Ə ERMƏNİ MÖHÜRÜ VURAN TÜRK SƏNƏTÇİLƏRİ
Biz tez-tez bu gün iki ölkə arasında əməkdaşlıqdan fəxrlə danışırıq. Amma görünür, mədəniyyət tariximiz – Azərbaycan-türk tarixçilərinin, sənət dünyasının əməkdaşlığı hələ də lazımi səviyyədə deyil. Əgər bu əlaqələr yaxşı olsaydı, dünən də, bu gün də müəllifi Azərbaycan bəstəkarları olan onlarca mahnı Türkiyənin rəsmi kanallarında tamaşaçıya “ANONİM”təqdim olunmazdı. Şübhəsiz ki, bu kanalları dünyada yaşayan 50 milyon azərbaycanlı da seyr edir. “Ay mənim Arzu qızım”, “Dilbərim”, “Reyhan”, “Gülüm naz ilə baxma”, “Daşlı qala” və s. kliplərin subtitirində “söz və muzik anonim” yazılması sözsüz ki, hər bir Azərbaycan türkünü təəssüfləndirir. Və ya “Sarı gəlin”i eynən Akif İslamzadə tərzində ifa edib ona “erməni möhürü vurmaq” məgər türk sənətçilərinin mədəniyyətimizə hörmətsizliyi deyil? Niyə Mikayıl Müşfiqin “Sən Müşfiqin yanında qalginən sənə qurban” misrasından şairin adını çıxardıb təkcə Türkiyənin özəl deyil, dövlət kanallarında da oxuyurlar. Əlbəttə, bu kimi problemləri şişirtmədən müəllif hüquqları və ya hər iki dövlətin aidiyyati qurumları yoluna qoya bilərdilər... Polad Bülbüloğlu mədəniyyət naziri olanda mən dəfələrlə bu barədə KİV-də ona açıq məktub ünvanladım. Axı o Türkiyədəki nazir həmkarından bunu tələb edə bilərdi.
İndi özümüzə tolerant xalqıq deyə-deyə milli hisslərimizə toxunan“Səfəvilər” (G.Gəncalp), “Şah və Sultan”(İ.Pala), “İsmayıl” (R.Çamuroğlu) kimi b əsərlərin müəlliflərinə təşəkkürmü etməliyik?!
Professor Füzuli BAYAT “Taxt və Tabut” romanına yazdığı ön sözdə çox haqlı olaraq “Sapla samanı qarışdırmayaq” deyir: “Belə bir həssas mövzuda yazmağın ilk şərti nə şiə, nə sünni kimi düşünməkdən keçir. Yoxsa ortaya Əzizə Cəfərzadənin, Reha Çamuroğlunun, İsgəndər Palanın təəssübkeşlik ruhunda yazılmış əsərləri çıxar”
Taxt – taca görə öz doğma atasını zəhərləyib öldürən, sülaləsindən bütün kişilərin öldürülməsinə əmr verən, qardaşlarını, qardaşı oğlanlarını qətlə yetirən Sultan Səlimi oxucuya romanda Şah İsmayıldan daha üstün düşüncəyə, təfəkkürə, hərbi siyasətə malik sərkərdə kimi təqdim etməsi Reha Çamuroğlunun nə qədər qərəzkar, ixtilaf salmağa meylli, V əsr bundan öncə olan ədavəti yenidən qızışdıran qələm sahibi olduğunu sərgiləyir. Məgər R. Çamuroğlu bilmir ki, Sultan Səlim olduqca qəddar, qaniçən və qisasçı bir şəxs olduğuna görə Yavuz (qorxunc) ləqəbi almışdı. Atası Bəyazidin Səfəvilərlə sülhpərvər davranışı və Şah İsmayıla sevgi ilə yanaşması Səlimi hələ taxt-tac sahibi olmazdan öncə qəzəbləndirərdi. Ona görə Sultan Səlim hakimiyyətə keçən kimi qızılbaşlara qarşı hərəkətə keçdi. Və şiəliyin kafirliklə eyni tutulması ilə bağlı şeyxülislamın fətva verməsini tələb etdi. Sultan Səlimin əmri ilə təkcə Qaramanda 40 mindən artıq şiə öldürüldü. Qətliamda yeniçərilər iştirak etmədilər. Çünki onların yetişdirildiyi Bəktaşi təkkəsi şiəliyə yaxın məzhəb hesab olunurdu.
KİÇİK HAŞİYƏ, “QURDALAR VADİSİ” VƏ...
Yeri gəlmişkən, dünyada ən çox izlənilən və masonçuluğun iç üzünü açan “Qurdlar vadisi” teleserialının yaradıcıları Şaşmaz qardaşları şiə təriqətinə yaxın olan bəktaşilərdi. Filmin ilk seriyalarının daha uğurlu alınmasının səbəbi də məhz Həzrəti Əlinin fəlsəfəsi üzərində qurulması və filmin baş qəhrəmanı Polad Ələmdarın İmam Hüseynin haqq və ədalət uğrunda mücadiləsini özünə örnək seçməsi idi. Sonrakı seriyalar isə daha çox Sultan Səlimsayağı qan tökməklə yadda qaldı və getdikcə filmi nüfuzdan saldı.
ŞƏRQDƏ BİTƏN ORTA ƏSR
Əslində ordusunun əsas hissəsi Orta Asiyada olan Şah İsmayılı müharibəyə təhrik edən, Çaldırana gedən yolun başlanğıcını qoyan da qardaş qanı tökmək üçün susamış Səlim oldu. Bəs onun təhqiramiz farsca yazdığı məktublara türkcə cavab yazan və iki dövlət arasında məsələni sülh ilə həll etməyə cəhd edən Şah İsmayıl Xətaini “İsmayıl” romanında alçatmaqla, qızılbaşlara küfr yağdırmaqla müəllif müasir oxucuya nə deməyə çalışır? Çamuroğlu və qeyriləri niyə əsərlərində Osmanlı – Səfəvi münasibətlərini gərginləşdirən və iki qüdrətli türk imperatorluğu arasında müharibəyə rəvac verən beynəlxalq amilləri önə çəkib qabartmır?
Niyə yazmırlar ki, 150 minlik osmanlı ordusu ilə 50 minlik qızılbaş ordusunun 1514-cü ildə Çaldırandakı savaşı tarixçilərin təbirincə desək, əslində artıq bitən orta əsrlərin sonuncu cəngavərlik nümunəsinin qətlı oldu. Bu qardaş savaşı doğrudan da, müasirliklə keçmişin sonuncu savaşıydı. Və bu savaşın əslində qalibi olmadı. “Orta əsrlər Orta Şərqdə başladığı kimi, Orta Şərqdə bitdi” (A.Qaramanlı).
Bəli, əgər o zaman qərb siyasəti iki qüdrətli türk dövlətini bir-biriylə savaşmağa sövq etməsəydi, bu gün Türkiyə Avropa birliyənə qəbul olunmağa deyil, Avropa dövlətləri Türk Birliyinə üzv olmağa can atacaqdı... Bu gün də Şərqdə tökülən günahsız insanların qanına eyni beynəlxalq amillər səbəb deyilmi? Və ya PKK terrorçuları tərəfindən bu gün türk əsgərlərinin qətlə yetirilməsinin əsası 500 il əvvəl Sültan Səlimlə kürd əsilli İdris Bitlisli arasında olan anlaşma səbəb deyilmi? Şah İsmayılın baba mülkü Diyarbəkri və ətraf əraziləri İdris Bitlisliyə hədiyyə verən Osmanlı Sultanı bilavasitə Abdulla Öcalan kimi cinayətkar dəstə başçılarının fəaliyyətinə rəvac verdi.
Sözsüz ki, heç bir ölkə kimi Azərbaycan da ad-san, şöhrət naminə cəmiyyətin etiqadına, taleyinə biganə insanlardan sığortalanmayıb. Əgər bir insan mənsub olduğu dini sarsıdan “yaradıcılıqla” məşğuldursa, onun doğma Vətənə hansı sevgisindən, V əsr adı Azərbaycanla qoşa çəkilən Şah İsmayıl Xətai kimi dahi şəxsiyyətə hansı sayğısından danışmaq olar?! Çox təəssüf ki bu gün bəzi gənc yazarlar və naşirlər arasında Reha Çamuroğlu kimi qərəzli qələm sahiblərinin əsərlərini təbliğ etməkdən sanki həzz alırlar. Belələri “mən də varam” deyə gündəmdə bu cür bəsit, araqızışdıran, şou xarakterli əməllərlə qalmağı üstün tuturlar. Şah İsmayıl da, Qanuni Sultan Süleyman da, Sultan Səlim də, Nadir şah Əfşar da türk dünyasından boy verən möhtəşəm simaları olublar. Sonuncunu hətta avropalı tarixçilər Asiyanın“Makedoniyalı İsgəndəri” adlandırıblar...
Bu gün tarixin yaddaşını ələk-vələk edib ortaya çox iddihamnəmələr çıxarmaq olar. Lakin elə gerçəklər var ki, onun üzərindən əzəli-əbədi qardaşlığımız, etiqadımız, İslam dini, türk birliyi naminə sükutla keçməliyik.
Son olaraq, xalqımızın qürur qaynağı olan Şah İsmayıl Xətai haqqında qərəzli əsərləri yazanlara, qızılbaşlar tayfaları adamyeyən adlandıranlara, Türkiyədə nəşr olunan belə kitabları Azərbaycan türkcəsinə uyğunlaşdıranlara və onun böyük həvəslə ölkəmizdə yaymağa vaxt və vəsait ayıranlara üzümü tutub deyirəm: mənəvi birliyimiz, sağlam gələcəyimiz naminə İslamda məzhəb və təriqət ayrı-seçkiliyi salmayın. Sizsiz də bu ideyanı meydana atıb, onu hər cür vasitələrlə həyata keçirən, müsəlmanlar arasında ixtilaf salıb ədavəti qızışdıran xarici kəşfiyyat orqanları yetərincədir.
Nurəddin ƏDİLOĞLU.