“Əmr olundu, abi-neysan,
Cansızlara bəxş etdi can;
Yenə təzələndi dövran
Nə gözəl ruzigar oldu!"
(Qasım bəy Zakir)
Məhkəmə-hüquq islahatları da başqa sahələrdə aparılan islahatlarla paralel həyata keçirilir, xalqımızı sevindirir. Örnək üçün, təzə qanun çıxıb, gələn ildən inzibati-iqtisadi məhkəmə iki yerə parçalanaraq inzibati məhkəmə və kommersiya məhkəməsi adlanacaqdır. Bu nə deməkdir? O deməkdir ki, biz pullu işləri qabaqcadan biləcəyik, aparıb verəcəyik. Yoxsa bəzən yanlış umsuqluq yaranırdı, hansısa müxalifətçini-zadı tutub məhkəməyə basırdılar, hakim də oturub gözləyirdi, konvert gəlmirdi ki, gəlmirdi. İndi bu yazıq hakim haradan bilsin ki, proses “kommerçeski” yox, inzibatidir? Qanadının altına baxmayıb ki. Gərək prokuror, dövlət ittihamçısı, lap elə vəkil yoldaş hansısa him-cimlə bunu başa salalar, onlar da bəzən acığa düşüb eləmirdilər. Nəticədə proses uzanırdı, vətəndaşlar əziyyət çəkirdilər, hətta xaricdə ölkəmizin mənfi imici formalaşırdı. Ta bundan sonra inzibati (oxu: müftə) işlə kommersiya işi ayrılacaqdır. Çox uzaqgörən addımdır. Roma hüququndan bəri dünya məhkəmə sistemi belə islahat görməyibdir. Qəbri pulla dolsun, Mənsur İbayev də gərək bu şad günlərimizin şahidi olaydı.
Hətta mən düşünürəm, islahatı burada dayandırmaq yox, daha qabağa aparmaq lazımdır, lap elə müxalifət üçün ayrıca məhkəmə yaratmaq olmazmı?
Əlbəttə, bir-iki ildən sonra bu inzibati və kommersiya məhkəmələri təzədən birləşdirilib inzibati-iqtisadi məhkəmə olacaqdır, ancaq ona qədər proses getməlidir. Baxın, Rabitə Nazirliyimizin adı son illərdə nə qədər dəyişib! Hər yeni ad qoyulduqca internetin sürəti bir bayt artır, məktublar Əhmədlidən Biləcəriyə bir aya yox, bir həftəyə gəlməyə başlayır. Hələ mən onu yazmıram ki, ATS zəhmətkeşləri qabaqlar telefon naqillərini asfaltın üstündə oturub hörürdülər, indi isə mən neçə yerdə görmüşəm: taburetkada oturub çalışırlar! Vallah, heyranedici inkişaf vardır.
Yaxud elə Müdafiə Sənayesi Nazirliyinin “Azərsilah” idarəsinə, sonra yenidən Müdafiə Sənayesi Nazirliyinə çevrilməsi islahatını götürək. Görün bunun sayəsində dünya bazarına çıxarılan tüfənglərimizin dəqiqliyi nə qədər artmışdır! Növbəti illərdə idarə yenidən “Azərsilah” adlansa, bəlkə də biz ballistik raket düzəldib Ermənistanı Yaponiyanın üzərindən keçməklə vurarıq.
Qayıdaq hüquq islahatlarına. Bunun bir qanadı da vəkillərimizi əhatə etməkdədir. Deyir bundan sonra vəkillər tək çalışa bilməzlər, mütləq hansısa vəkil bürosunda, hüquq məsləhətxanasında qeydiyyatda olmalıdırlar. Doğrudan da, düzgün vəkilsənsə niyə tənha işləyirsən? Təklik Allaha yaraşır. Tək əldən səs çıxmaz. El gücü, pul gücü. Eyni zamanda vəkillərin kolxoz quruculuğuna cəlb olunması prosesi də davamlı olmalıdır. Mən təklif edirəm, hər bir vəkil həm də prokurorluqda işə götürülsün. Həmçinin vəkil və prokurorlar inzibati, kommersiya, müxalifət, fəhlə, kəndli, kafir, müsəlman və sairə kateqoriyalar üzrə məcburən ixtisaslaşsın. Yoxsa baxırsan halal bir adamın işinə baxan prokuror sabahı gün hansısa müxalifətçinin prosesini aparır. Usta Zeynal demişkən, erməninin küpəsində qayırılan kəc murdar olur. Hər bir şeyin öz qabı vardır. Dünya əzəldən belə qurulmuşdur.
Sonda bir gülməli anekdota da münasibət bildirməyi vətəndaşlıq borcu sayıram. Köhnə-təzə müxalifətçilər arasında yenə mənasız, bambılı bir pəjmürdəlik düşübdür, kimsə başqasını agent adlandırıbdır. Üstəlik, həmin suçlanan adam sağ deyilmiş, bu baxımdan sağ qalanlar ittihamçının üstünə tökülüşüblər. Deyirlər, sən bunu rəhmətliyin sağlığında söyləsən, ağzını cırardı və sairə.
Əcaib adamlardır. Guya bizim ölkədə agent adlanmaq hansısa pis, şərəfsiz damğa imiş. Camaat belə şeylərlə fəxr edir, başının üstünə agentlik vaxtının şəkillərini vurur, toyda-yasda, nəvələrinin toplantısında həmin günlərdən xatirələr danışır. Hətta elə adam var, yol polisinə agent vəsiqəsi göstərir, maşının qabağına “mən agentəm” lövhəsi yapışdırır. Mən hələ indiyə qədər hansısa adamın kimisə satmağa, gizli agentliyə, nə bilim, üzə durub yalan danışmağa görə pisləndiyini görməmişəm. Əksinə, agent olmayanları el içində fərsiz sayıblar, qız verməyiblər, arvad eləməyiblər və sairə.
Bəlkə də bizim millət olaraq dəyərlərimizi dəqiqləşdirmək, kitab-dəftərə salmaq islahatların növbəti mərhələsi olmalıdır.