Aristotelin Azərbaycana etdiyi pislik
Heç uzağa getməyək, elə indi bəzi məmurların timsalında həmin siyasətin görüntülərini seyr edək. Görün, Aristotelin həmin vəsiyyətinə rəhbərlər necə əməl edir? Son bələdiyyə seçkilərində nə qədər el içində nəinki, hörməti olmayan, açığını desək, pis ünsür kimi tanınan bəzi adamlar bələdiyyə sədri �seçildilər�. Bu gün aparıcı vəzifələri daşıyan məmurların danışığına, rəftarına, atdığı düşüncəsiz addımlara nəzər salın, görün Arisototelin vəisiyyəti onun dediyindən də artıq həya keçir, ya keçmir?
Bir rayonda bir cavan xəstəlikdən ağlagəlməz əzab çəkirdi. 10 adam onun dərdinə yığışıb əlac etmədi. Hansı ki, həmin biganəliyin ucbatından bu yaxınlarda 22 yaşlı nişanlı qız dünyasını dəyişdi. Amma bir ziyalının üzünə durmaq lazım olanda 50-60 nəfər ziyalı, məmur növbəyə dayanır.
Danışanda Nizaminin, Füzulinin nəvəsi olmağımızla fəxr edirik. Lakin Nizaminin heykəlinin üstündə, quşların səpələdiyi çirkabları təmizləməyə qabiliyyətimiz çatmır.
Hər ölkənin güvənc yerlərindən biri təhsildir. Bu sahədə tək-tük uğurlu detallar olsa da, Azərbaycanın təhsil sistemi dünya sıralamalarında sonuncu yerlərdən birini tutur. Əgər Bakıdakı məktəblərin və Türk liseylərinin nəticələrini kənara qoysaq, daha rüsvayçı mənzərə yaranar. Necə deyərlər, təhsilin harasına əl vurursan, �qan� çıxır. Hər rayonun büdcəsinin az qala yarısını təhsil yeyir. Müharibəni uduzan Almaniya hələ quruculuğa başladığı ilk illərdə vəsaitinin nə qədər az olmasına baxmayaraq, əsas gücü təhsilə, elmə yönəltdi, nəticəsi də göz qabağındadır. Bəs bizdə?
Hələ bir neçə il öncə icra başçılarından biri təhsil şöbəsinə müdirliyi gözlənilən məktəb direktorunu qəbul edərkən demişdi ki, açığı, mənim təhsildən başım çıxmır. Bu, bəlkə də, rayon rəhbəri kimi onun ifadə etdiyi ən səmimi və ancaq çox utanc gətirən fikirdir. �Təhsildən başı çıxmayan başçı� təhsilə normal başçı təyin edə bilərmi? �Təhsildən başı çıxmayan başçı� səhiyyədən, baytarlıqdan, mətbuatdan, qloballaşmadan necə baş çıxardacaq?
Düzdür, indi icra başçılarını çox şeydə günahlandırırlar. Onlar bəzən özlərindən asılı olmayan kəm-kəsirləri də boyunlarına götürməli olurlar. Lakin intellekti olduqca aşağı, insanlarla dil tapmaq bacarığı sıfıra bərabər, adicə normal nitq qabiliyyəti olmayan, müdrik, cəsarətli və ağıllı əməlləri ilə insanları ruhlandırmağı bacarmayan, işi-gücü �danışan dilləri� müxtəlif yollarla lal etmək olan başçılara və onların tərəfdaşlarına bəraət qazandırmaq çox çətindir.
Bunların, bəlkə də, �xoşbəxtliyi� ondadır ki, əksəriyyətının mərdlik, alicənablıq, ziyalılıq haqqında çox primitiv düşüncələri var.
Maraqlı bir deyim var-qəhrəmanlıqla caniliyin sərhəddi çox yaxındır. Yəni, müəyyən bir məqamda qəhrəmanlığa layiq olan insanı, əksinə, qısa zaman kəsiyində cani, vətən xaini də saymaq olar. Məsələn, əfsanəvi qəhrəman Mehdi Hüseynzadə 2-ci Dünya Müharibəsi bitəndən bir neçə il sonra vətən xaini sayılırdı, sonrakı araşdırmalar isə onun qəhrəman olduğunu sübut etdi. Bu gün də az qala qəhrəmanlığa layiq olanları bəziləri vətən xaini kimi qələmə verməyə çalışır. Hər şey öz əllərindədir - yalancı əmrlər, saxta arayışlar, daha sonra yalançı şahidlər, peşəkarlaşmış üzəduranlar, həyasını itirmiş abırsızlar böyüklərin balaca işarəsi ilə istənilən şəxsi ləkələməyə hazırdırlar. Məhz bunun nəticəsidir ki, bizdə acizlərin, mağmunların, üzəduranların, sınmışların böyük və �şanlı� ordusu yaranıb. Ən güclü saydıqlarımız belə öz acizliklərinə bəraət qazandırmaq üçün min cür bəhanələr, �daşdan keçən� əsaslar düzəldirlər.
Elə bilirsiniz, Nəsiminin dərisini soyanların, Mirzə Fətəlini ehtiyac içində boğanların, Mirzə Cəlili kasıbçılıqdan əlyazmalarını yandırmağa məcbur edənlərin, Cəfər Cabbarlının gənc yaşında ürəyini partladanların, Müşfiqi, Hüseyn Cavidi məhv edənlərin, Elmar Hüseynov kimi jurnalisti qapısı ağzında gülləyənlərin nəvə-nəticələri aramızda azdır?
Bu millət Mirzə Ələkbər Sabir kimi nəhəngin qədrini bilmədi. Sağlığında kitabının çapını görməyən, ehtiyac içində yaşayan şair sabun satıb dolanaraq etiraf etdi ki, mən sözlə bu xalqın içini təmizləyə bilmədim, bəlkə bişirdiyim sabunla çölünü təmizləyəm. Çox təəssüf ki, indi həmin �sabun�dan da bəzi üzdəniraqlar mənəviyyatlarını çirkləndirərək cəmiyyətin öndə gedənlərini alçaltmaq üçün �istifadə edir� və emosiyalarını cilovlaya bilməyən jurnalist Elnur Astanbəyli də �Allah bu milləti çörəklə və sabunla imtahana çəkməsin� kimi qəribə bir deyimdən istifadə etməli olur.
Bu gün sındıranlar kimdir, ucaldanlar kim? Bu gün Aristotelin məsləhətindən aldığımız mənəvi yaraları necə sağaltmalıyıq?
Vaxtı ilə məşhur bir hüquqşünas belə fikir demişdi: �Qanun qartal tək uçmaq istəyənləri tısbağa tək sürünməyə məcbur edir�. Ona cavab verən digər hüquqşünas isə bildirmişdi ki, əsl humanist və ədalətli qanun isə cəmiyyəti islah edir, mənəviyyatı çirkaba bulaşanlara elə həyat dərsi keçir ki, tısbağatək sürünənlərə də qartaltək uçmağı öyrədir.
Gəlin, qartallardan tısbağa düzəltməyə tələsməyək. Zaman gələr, bu qartallara sizin də çox ehtiyacınız yaranar. Bu �qartallar� sizə batdığınız mənəvi bataqlıqdan çıxmağa yardımçı ola bilər.
Zahir