Niyə bu işləri görən təşkilat obyektin 1 kilometrliyində yerləşən Məmmədoba kəndindən yox, daha uzaq, qonşu Lənkərandan və Lerikdən qum, çınqıl gətirir?
Masallı rayonunda 50-yə yaxın su bəndi (bəziləri buna sututar da deyir) var. Bu bəndlər yaz-yay aylarında rayondakı əkin sahələrinin su ilə təmin olunmasında əhəmiyyətli rol oynayır.
Ötən il dekabr ayında ölkə Prezidentinin sərəncamı ilə Masallı rayonunun ərazisində 37 ədəd su bəndinin tikintisi və təmiri ilə bağlı 3 milyon manat pul ayırıb.
İşin sifarişçisi Respublika Melorasiya və Su Təsərrüfatı ASC, icraçısı isə “Körpü binatikinti” idarəsidir.
Əldə etdiyimiz məlumatlara görə öncə bu işlərə
Mahmudavar 1-2, Hişkədərə 2-3, Miyankü, Nəzəroba kəndlərində yerləşən su bəndlərindən start verilib. Növbəti mərhələdə isə Kolatan, Qizılavar, Həsənli, Xırmandalı, Çaxırlı kəndlərindəki bəndlərdə tikinti və təmir işləri aparılacaq. İşlərin gedişi, icraçıların dedikləri, bu işdə məlumatı olanların rəyi onu deməyə əsas verir ki, ayrılmış vəsait ən yaxşı halda 6-7 bəndin təmir və tikintisinə çatacaq. Digər 30 bənddəki işləri üçünsə ən azı əlavə 15 milyon manat pul lazımdır. İndi iş gedən bəndlərdə isə inşaat işlərini 2020-ci ilin sonlarında yekunlaşdırmaq nəzərdə tutublar.
Hazırda Mahmudavar, Hişkədərə. Miyankü kəndlərindəki bəndlərdə iş gedir. Bu ərazilərdə divar bərkitmə işləri görülür. Tikinti gedən obyektlərdə 10 texnika, bir o qədər də fəhlə çalışır. Bəndlərdə təmir-tikinti işləri başa çatdıqdan sonra ətraf kəndlərin əkinçiləri su ilə daha fasiləsiz və etibarlı şəkildə təmin olunacaq.
Çətinliklər var. Hələ 1978-ci ildə Azərbaş Melorasiya və Su idarəsinə Masallıdakı Məmmədoba kəndi ərazisində 24 hektarlıq sahədə yer ayrılmışdı ki, onlar tikinti işlərində oradakı qum və çınqıldan istifadə etsinlər. Lakin hazırda, bəzi-bəzi səbəblərdən Respublika Melorasiya və Su Təsərrüfatı ASC həmin əraziyə girə bilmədiyi üçün qum və çınqılı, daha çox vəsait sərf edərək qonşu Lerik və Lənkəran rayonlarından gətirir. Nəticə bir çox yollar ağır yük maşınlarının təsirindən dağılır və sonradan onların təmiri böyük əngələ çevrilir, təmir adı ilə verilən vədlərə məhəl qoyulmur.
Dolaşan söhbətlərdən bir də odur, bəzilər belə düşünür ki, belə tikinti işlərində rəqəmlər hədsiz şişirdilər, korrupsiya hallarına yol verilir. Təxmini hesablamalar aparanda, yəni 3 milyon manatı 7-ə böləndə hər bəndin təmirinə 420 min manatdan artıq pul düşür ki, bu da kifayət qədər yüksək rəqəmdir. Yəni ciddi araşdırsalar bu su bəndlərinin altından xeyli “su” çıxa bilər.
Hələ ki, əlaqədar təşkilatlardan konkret, rəsmi münasibət bildirən yoxdur. Detalları açıqlamaq görünür çoxları üçün maraqlı və sərfəli deyil.
Bu barədə sözləri olarsa, əlaqədar təşkilatlara da yer ayırmağa hazırıq.
Araşdırmalarımız isə davam edir.
Ülvi
Layihədə nəzərdə tutulmuş sututarlar haqqında kəndlər üzrə məlumat -
Həsənli, Kubin. Xırmandalı, Çaxırlı, Qarğalıq, Eminli, Qızılavar 1-2, Mahmudavar 1-2-3-4,
Nəziroba, Hişgədərə 1-2, Sığdaş 1-2, Böyük Kolatan 1-2-3-4, Xanalion 1, Şıxlar 1, Bədəlan 1, Babaküçə, Tüklə 1-2-3, Məmmədoba, Şatıroba, Türkoba, Miyankü 1-2, Köhnə Alvadı