Ölkənin hazırkı təhsil nazirinin gəlişi ilə bəzilərinin böyük ümidləri, bəzilərinin isə pedaqoji təhsili olmadığı üçün onun bu sahədə dönüş yarada bilməyəcəyi barədə proqnozlar zaman keçdikcə qəribə mənzərələr yaradır.
Pedaqoji təhsili olmayan təhsil nazirinin təhsil sahəsində yaratmaq istədiyi islahatlar bir-birinin dalınca fiaskoya uğrayır. Öncə yeni təhsil naziri saxta diplomlara qarşı mübarizəyə başladı. Elə Masallı rayonunda bir məktəbdə 20-ə yaxın saxta diplomlu müəllim aşkarlandı. Hay-küy, mətbuatda sensasion yazılar... sonda isə “heç-heçə”yə razılaşdılar.
Daha sonra tədris müddətinin uzadılması, yəni dərs ilinin mayın 31-də yox, iyunun 15-də başa çatması barədə sərəncam verildi, lakin 3 ay keçməmiş bu qərar geri oxundu. Yəni dərs ili yenə əvvəlki vaxtda başlayıb, əvvəlki vaxtda qurtaracaq.
Nəhayət, Regional Təhsil Şöbələrinin yaradılması barədə onlarla təhsil şöbəsinin yuxusunu qaçıran prezident sərəncamı. Təklif təhsil nazirliyinin olsa da, sərəncamı Prezident imzalamışdı. 2 həftə öncə bəlli oldu ki, bu sərəncam da hələ ki, icra olunmayacaq.
Qısaca desək, təhsildə yenə köhnə hamam, köhnə tasdır.
Regional təhsil şöbələrinin ləğvi ilə bağlı sərəncamın icrasının müvəqqəti dayandırılması (yada salın - ...bizdə bir daimi çətinlik varsa, o da müvəqqəti çətinlikdir. İndi bu müvəqqəti də, o müvəqqətidən olmasın) isə bir çox suallar doğurub. Öncə təhsil nazirinin bu olayla bağlı açıqlamasından başlayaq.
Hörmətli nazir Mikayıl Cabbarov Regional Təhsil Şöbələrinin yaradılması islahatının müvəqqəti dayandırılmasının səbəbini qarşıdakı ilin büdcəsində bununla bağlı vəsait ayrılmamasını göstərib.
İndi reallığa nəzər salaq. Ölkə başçısı 4 ay öncə - iyunun 24-də sərəncam verir ki, Regional Təhsil Şöbələri yaradılsın və bu vəzifəni bir neçə nazirliyə, o cümlədən maliyyə nazirliyinə həvalə edib. Lakin maliyyə nazirliyi buna əməl etməyib. Təhsil nazirliyi isə hələ növbəti ilin büdcəsi təsdiq olunmamış bəyan edir ki, büdcədə bu məqsədlə pul ayrılmayıb. Görəsən, maliyyə nazirliyi 4 ay öncə verilmiş sərəncamdan xəbərsizdir? (Məlumat üçün bildirək ki, artıq bir neçə ildir dövlət büdcəsinin 1.7-1.8 milyard manatı təhsil xərcləri üçün ayrılır. O cümlədən rayonlara ayrılan büdcənin 70-75 faizi də təhsilin payına düşür.)
İkincisi, Regional Təhsil Şöbələrinin təşkili əlavə xərc tələb edirmi?
Ən azı 3 rayon təhsil şöbəsinin bazasında bir regional təhsil şöbəsi yaranacaqdısa, bu 3 şöbədə çalışan təxminən 100 işçinin əvəzinə 25-30 işçi saxlanılacaqdısa, 3 bina əvəzinə bir binadan istifadə olunacaqdısa, deməli, təhsil şöbələrinə çəkilən xərclər ən azı 3 dəfə azalacaqdı.
Bəs nədən bu islahatdan geri çəkildilər?
Sirr deyil ki, Regional Şöbələrin yaradılması öncə təhsil şöbələrini yerli icra hakimiyyətlərinin nəzarətindən çıxartmaq idi. Rayonlarda “daxili imkanlar” hesabına görülən işlərin isə əsas ağırlığı təhsil şöbələrinin üzərinə düşür. Yəni icra başçılar bu islahatın qəti surətdə marağında deyildilər.
Təhsil şöbə müdirlərindən tutmuş oradakı texniki işçilərədək yüzlərlə insan bu 3-4 ayı səksəkə içində yatıb-durdu - görəsən, kim gedəcək, kim qalacaq?
Ən çox sevinən isə məktəb direktorları oldu. Çünki ən gözlənilən “cəza” o idi ki, onların vəzifələri təzədən özlərinə satılacaq və hər bir direktor Regional Təhsil Şöbələri yaranandan sonra oyuna mərkəzdən başlamalı olacaqdı. İndiki variantda isə təhsil şöbə müdirlərinin məktəb direktorlarının qardaşlıq yardımına arxalanaraq öz vəzifələrini yüksək halallıq nəticəsində qoruduğu barədə söhbətlər dolaşır.
Nazir istisna olmaqla həmin qurumun digər məsul işçiləri də bu prosesin dayanmasına sevinir. Çünki hər nazir müavininin, necə deyərlər, bir neçə öz təhsil şöbəsi var idi. Amma Regional Təhsil Şöbələri yaradılsa idi, cəmi 15 belə şöbə olacaq idi ki, bunlarla da nazir yəqin ki, birbaşa özü işləyəcəkdi.
Bu təxirə salma əməliyyatına rayon maliyyə şöbələri də çox sevindi. Çünki rayon büdcələrinin az qala 70 faizi təhsilə ayrılan xərc idi. Bu islahat reallaşsaydı demək olar ki, yerli maliyyə şöbələri də ləğv olunmalı idi.
Bax beləcə, əksər təhsil məmurlarının “bəlkə də qaytardılar” arzusu cin oldu. Təhsilimiz saxtakarlıqları ilə, alış-verişləri ilə, saxta diplomları ilə, əksər savadsız, səriştəsi rəhbərləri ilə yerində qaldı.(Guya ki, Regional Təhsil şöbələri yaradılsa idi, hər şey düzələcəkdi). əksər savadsız, səriştəsi rəhbərləri ilə yerində qaldı. Onları sevindirən başqa məqam da var idi. Təhsil şöbəsində çalışan əksər işçilərin aparıcı məktəblərdə adları getsə də, oradan 12 saatın pulunu alsalar da, özləri sinfə girmirlər. Gözlənilən dəyişiklik baş versə idi, onlar bu şansı da itirəcəkdilər.
Sonda təhsilimizdən bir mənzərə. Qonşumuzun yarımcıya gedən 5 yaşlı nəvəsindən elə dərs ilinin 1-ci həftəsində 6 manat pul istəyiblər – 2 manat odun pulu, 2 manat pərdə pulu, 2 manat stolüstü pulu. Bu 6 manatları da həmin sinifdə təhsil alan 25 nəfər 5 yaşlının sayına vuranda onlara dərs deyən müəllimin 1 aylıq məvacibindən çox edir. Necə deyərlər, bu da belə.