Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" layihəsinin icrasına başlayıb.
Iyul-noyabr ayları ərzində icra olunacaq layihə Şuranın 2019-cu il dördüncü qrant müsabiqəsində "Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər" istiqaməti üzrə qalib olub.
Layihə çərçivəsində Azərbaycanda yaşayan ləzgi, tat, udi, Şahdağ xalqları, avar, ingiloy, yəhudi, talış, saxur, kürd xalqlarının tarixi, dili, mədəniyyəti, müasir yaşayış tərzləri barədə konkret faktlara əsaslanan yazılar "525-ci qəzet"də dərc edilir.
Məqalələr Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Antropologiya Mərkəzinin əməkdaşları tərəfindən hazırlanır.
10 yazının mətbuat orqanı vasitəsilə oxuculara təqdim olunması prosesi başa çatdıqdan sonra həmin məqalələrdən ibarət kitabça nəşr edilərək, KİV orqanlarına hədiyyə veriləcək.
Sizə layihənin ilk yazısını təqdim edirik. Yazı ləzgi xalqı haqqındadır.
Azərbaycanda məskunlaşan xalqların hər birininin təşəkkülü və formalaşması uzun tarixi yol keçib. Azərbaycan haqqında məlumatların yer aldığı ən qədim mənbələrdə burada məskunlaşan əhalinin müxtəlif tayfaların təmsilçiləri olduqları göstərilir. Fərqli etnik mənsubluğa malik çoxsaylı tayfalar bir-birlərindən fərqlənsələr də, tarixi birgəyaşayışın müxtəlif mərhələlərində bu ərazidə etnoslararası inteqrasiyanın əsasını qoyan ümumi sosial-iqtisadi və siyasi proseslərdə iştirak ediblər.
Ölkədə məskunlaşmış iri etnik birliklərdən biri də Azərbaycanın şimal-şərqində, Samur çayının hövzəsində və Böyük Qafqaz sıra dağlarının qollarında yaşayan ləzgilərdir. Etnos özünə "ləzgiyar" deyir. XIX əsrdə ruslar Qafqaza gələndə müxtəlif statistik mənbələrdə bütün Dağıstan əhalisini "ləzgi" adlandırırdılar. Tədqiqatçıların çoxu hesab edir ki, "ləzgi" etnonimi sonrakı dövrlərə aid bir termindir, Dağıstanda hələ XX əsrin əvvəllərinədək ləzgilər özlərini "kürelilər" adı ilə tanıdırdılar. Qafqaz dillərinin məşhur tədqiqatçısı P.K.Uslar yazırdı: "Türklər bizim kimi, Dağıstan dağlılarını ləzgi adlandırırlar".
Ləzgi dili Şimali Qafqaz dil ailəsinin Nax-Dağıstan qrupuna aiddir. Bu dilin üç dialekti mövcuddur - Küre, Axtı və Quba. Azərbaycan ərazisində yaşayan ləzgilər Quba dialektində danışırlar. Müasir ədəbi ləzgi dili isə Küre dialektinin əsasında formalaşıb. Azərbaycan Respublikasında 2009-cu ildə aparılan siyahıyaalınmanın nəticələrinə əsasən ölkədə ləzgilərin sayı 180 min təşkil edir. Bununla yanaşı, ləzgilər ölkənin Quba, Xaçmaz, Qəbələ, İsmayıllı və bir sıra başqa rayonlarında da məskunlaşıblar.
Ləzgi xalqının tarixi taleyi Azərbaycan və azərbaycanlılarla sıx bağlıdır. Tarixin əksər dövrlərində, bu ərazilərin fərqli imperiyaların tərkibinə daxil olduğu dönəmlər, yaxud müstəqil Azərbaycan dövlətlərinin mövcudluğu zamanlarında ləzgilər Azərbaycan türkləri ilə eyni dövlətdə təmsil olunublar. Tarixən ləzgilərlə azərbaycanlılar arasında qarşılıqlı faydalı təsərrüfat əlaqələri qurulub. Quba, Şəki, Bakı və başqa tarixi Azərbaycan şəhərlərində ləzgi kəndliləri və sənətkarları öz məhsullarını satırdılar. Məhz bu səbəbdən ləzgilərin tam əksəriyyəti Azərbaycan türkçəsini bilir və sərbəst danışırdılar. Yalnız XIX əsrin əvvəllərində Qafqazın ruslar tərəfindən işğalından sonra ləzgilərin və Azərbaycan türklərinin yaşadıqları ərazilərdə sərhədlər çəkildi. 1860-cı ildə Bakı quberniyası və Dağıstan vilayəti arasında çəkilən inzibati sərhəd sonradan Azərbaycan SSR və RSFSR, nəhayət müasir dövrdə Azərbaycan Respublikası ilə Rusiya Federasiya arasında dövlət sərhədinə çevrildi.
Azərbaycanda yaşayan ləzgilərin ənənəvi təsərrüfat məşğuliyyəti əkinçilikdən və maldarlıqdan ibarət olub. Onların təsərrüfat məişətinin xüsusiyyətlərinin formalaşmasına müxtəlif amillər, o cümlədən, təbii-coğrafi şərait, Azərbaycan türklərinin təsərrüfat fəaliyyəti və maddi mədəniyyəti təsir edib. Azərbaycanda yaşayan bir çox etnik qruplarla yanaşı, ləzgilərin də maldarlığa üstünlük vermələrinin əsas səbəbi məskunlaşdıqları ərazilərdə zəngin yaylaqların olması ilə bağlıdır. Onlar əsasən qoyunçuluğa üstünlük veriblər. Tarixən yayı yaylaqlarda keçirən ləzgilər payızın son aylarından yazın əvvəllərinədək qışlaqlara köçərdilər. Onların qışlaqları Azərbaycanın Mil, Muğan, Qobustan, Alazan ərazilərində yerləşib.
Ləzgilərin məskunlaşdığı düzənlikdə və qismən dağətəyi ərazilərdə əkinçilik, bağçılıq əhalinin təsərrüfat məişətində mühüm yer tutub. Əkinçiliyin genişlənməsi iri buynuzlu maldarlığın inkişafına təkan olub.
Ləzgilər sənətkarlığın müxtəlif sahələrinə də üstünlük veriblər. Azərbaycanda yaşayan ləzgilərin işləyib hazırladığı taxta məmulatlar xüsusilə seçilir. Sənətkarlığın geniş yayıldığı məskənlərdən Gil, Miral, Yuxarı Yaraq kimi kəndlər daha çox məhşurdur. Azərbaycan ləzgiləri arasında ən geniş yayılmış sənətkarlıq növlərindən biri xalçaçılıqdır. Qusar rayonunda ləzgi sənətkarlar arasında hovsuz xalçalar - sumaxların toxunması geniş yayılıb. Ləzgilərin yaşadığı Qımıl, Küsnət kəndlərində toxunan xalçalar Azərbaycan xalçaçılıq sənətində özünəməxsus xüsusiyyətlərilə fərqlənir. Bu xalçalarda ümumi Azərbaycan ornamentləri üçün səciyyəvi olan həndəsi və nəbati motivlər əksini tapır.
Azərbaycanda yaşayan ləzgilər qədim və zəngin mənəvi mədəniyyətə malikdirlər. Bu mədəniyyətin formalaşmasına tarixən mövcud olan ənənəvi dünyagörüşü, nəsildən nəsilə keçən adət və mərasimlər, zəngin xalq yaradıcılığı, dini baxışlar təsirini göstərib. Bütün müsəlmanlar kimi, onlar da islamda əsas bayramlar sayılan Qurban və Ramazan bayramlarını keçirirlər. Bunula yanaşı, Bahar bayramı hesab olunan qədim Yaran Suvar bayramı da martın son günlərində ləzgilər tərəfindən qeyd edilir. Bu zaman tonqallar yandırılır, sakinlər odun üstündən tullanırlar. Bayram xalq gəzintiləri, şənliklər, rəqslər və qonaqlıqlarla müşahidə olunur. Səhər tezdən qoyun dərisini tərsinə geyən gənclər evləri gəzərək hədiyyələr toplayırlar. Öz mahiyyətinə və keçirilmə formasına görə bu bayramın Novruz bayramı ilə oxşarlığı çoxdur.
İslamaqədərki qədim dini etiqadların izləri, təbiət ünsürlərinə və göy cisimlərinə - Günəşə, Aya, ulduzlara, şimşəyə sitayiş etmə ənənəsi ləzgilər arasında bu gün də qorunur. Qədim mərasimlərdən biri Ay günləri (ləzgicə - "asrakyar") adlanır. Mərasim yeni Ayın çıxması ilə başlayır. Bu zaman iştirakçılar çubuqdan hörülmüş aypara formasında əşyanı ay işığına şaquli vəziyyətdə çəmənliyin ortasına quraşdıraraq, onu güllərlə, kiçik ölçülü parlaq parçalarla bəzəyirlər. Ay tam çıxana qədər gənclər bu aypara ətrafında şənlənirlər.
Ləzgi folklorunun ən məşhur əsəri xalq qəhrəmanı Şarvili haqqında dastandır. Bu dastan klassik ləzgi ədəbiyyatına böyük təsir göstərib. Ləzgi ədəbiyyatının görkəmli nümayəndələrindən Yetim Emin, Süleyman Stalski kimi şairlərin adlarını çəkə bilərik. Onların yaradıcılığı Azərbaycan və ləzgi xalqlarının sıx əlaqələrinin bariz nümunəsidir. Həm Yetim Emin həm də Süleyman Stalski bir çox əsərlərini Azərbaycan dilində yaradıblar.
Hazırda ləzgilərin sıx yaşadıqları ərazilərin orta məktəblərində ibtidai sinif şagirdlərinə ləzgi dili tədris olunur, bu dildə qəzetlər nəşr edilir, radio verilişlər yayımlanır. Qusar şəhərində Ləzgi Dram Teatrı, Bakıda "Samur" Ləzgi Mərkəzi fəaliyyət göstərir.
Yazı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Antropologiya Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim edilmək üçün hazırlanıb