Xeyli müddətdir, İranın ali dini rəhbəri Ayətullah Əli Xameneinin sağlamlıq vəziyyəti müzakirə edilir. Onun səhhətinin getdikcə ağırlaşması səbəbindən yerinə varis axtarışına çıxıldığı söylənir.
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Zeynal Əmrəliyev deyib ki, İranın yeni ali dini rəhbərinin kim olacağı maraq doğurur:
“Son günlər baş verənlər prosesin finala yaxınlaşdığını göstərir. Belə ki, İran Ekspertlər Şurasının üzvü və İsfahanın Cümə imamı Əbülhəsən Məhdəvi Xameneinin istəyi və tapşırığı əsasında 3 nəfərin namizədliyinin təsdiqləndiyini açıqlayıb.
Məhdəvinin açıqlamasından görünür ki, Xamenei sağlığında yeni dini liderin seçilməsin istəyir. Buna onu vadar edən birinci səbəb sağlamlıq vəziyyəti və yaşının çoxluğudursa, digəri isə ABŞ-dakı hakimiyyət dəyişikliyi, İrana qarşı sərt xəttin tərəfdarı olan Donald Trampın prezident seçilməsidir.
85 yaşlı Xamenei yaxşı başa düşür ki, Trampın dövründə ABŞ-ın əsas hədəflərindən biri məhz İran olacaq. Buna görə də ölkənin ali rəhbəri kürsüsünə daha gənc və çevik birinin oturması arzu ediləndir. Təbii ki, onların şəxsiyyəti olduqca gizli saxlanılır və hələ ki, ictimaiyyətə bu barədə heç bir açıqlama verilmir. Ancaq son zamanlar atasının dəstəyi ilə mövqeyini möhkəmlədən Müctəba Xameneinin həmin şəxslərdən biri olduğu böyük ehtimaldır.
Oğul Xameneinin bu posta gəlişi çətin görünsə də mümkünsüz sayılmır. Məsələ ondadır ki, ali rəhbəri seçəcək 88 nəfərdən ibarət Ekspert Şurasının bir çox nüfuzlu üzvü məhz Xameneinin özündən sonra hakimiyyəti oğluna ötürməsinə narazılıq edəcəklər. Çünki bu qrup bir ailənin güclənməsini arzu etmir. Bu, dini üləmanın ölkə üzərində kollektiv nəzarətinə böyük təhdid deməkdir. Nəzərə alaq ki, dini müxalifətə daha bir dəstək də Prezident Məsud Pezeşkiandan gələcək”.
Ekspert deyib ki, İranda ali dini rəhbərin seçilməsində prezident böyük ağırlıq sahibidir:
“Bunu 1989-cu ildə ali rəhbər seçkisi də göstərib. Ona görə də Pezeşkian maksimum dərəcədə çalışacaq ki, özü ilə münasibətləri gərgin olan Müctəba deyil, daha mülayim bir din xadimi bu posta yiyələnsin. Ancaq Xamenei SEPAH və nəzarətindəki digər silahlı qruplar vasitəsilə müxalifətin səsini kəsə bilər.
Uzun müddətdir ki, bu vəzifə üçün adı keçən İmam Rza məqbərəsinin rəhbəri və eyni zamanda ölkə prezidenti olan İbrahim Rəisi də bu il təyyarə qəzasında həlak oldu. Hazırda İran daxilində ali dini lider postu üçün 3 nəfərin arasında ciddi mübarizə gedir. Müctəbadan başqa bu vəzifə uğrunda açıq-gizli formada Məsləhət Şurasının rəhbəri Sadiq Laricani və Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni də mübarizə aparır.
Zeynal Əmrəliyev
Ali dini lideri seçən Ekspertlər Məclisinin rəhbəri Ayətullah Əhməd Cənnəti Xomeyni ailəsinin yenidən siyasətə qayıtmasını dəstəkləyir və o, Həsənin ən böyük dəstəkçilərindən biridir. Əgər yaşı çox olmasa idi Cənnəti ölkənin ali rəhbəri olmağa ən ideal və müzakirəsiz lider namizəd idi. Lakin 97 yaşlı nüfuzlu Ayətullahın özündən 12 yaş kiçik olan Xameneinin yerinə gətiriləcəyi inandırıcı deyil.
Sadiq Laricani nüfuzlu Laricani qardaşlarından biridir. Xamenei bu qardaşların siyasi fəallığını görərək onları əsas proseslərdən kənarda saxlayır və real gücü olmayan vəzifələrə gətirir. Ali dini rəhbərin baş müşaviri olan Əli Laricani isə qardaşının ölkənin 1-ci şəxsi olması üçün sıx kampaniya aparır. Onun bölgə ölkələrinə səfər edərək müxtəlif görüşlər keçirməsinin də məhz bununla əlaqədar olduğu bildirilir.
Laricani qardaşlarının bu məsələdə əsas hədəfi Prezident Pezeşkianı razı salmaqdır. Bu halda Sadiq Laricani ali rəhbərliyə daha da yaxınlaşmış olar. İstənilən halda İranda artıq müzakirə başlayıb və yaxın zamanda ölkənin yeni rəhbərinin kimliyi bəlli olacaq”.