Təxminən iyirmi ilin, bəlkə bir az da əvvəlin söhbəti olar. Yerininiz məlum, evimizin yanındakı bir kafedə dostlarla baş-başa vermişdik. Yəqin, bilənlər bilir ki, belə məclislərin şıdırğı yerində bir də gördün ən adi və mənasız –bəzən elə mənalı, dəxli yoxdur – sözün üstündə uzun-uzadı müzakirələr, mübahisələr, söz-söhbətlər, mərcləşmələr (dava-şavadan uzaq) adi haldır. Hamının ovqatının xoş yerində söz hərlənib- fırlanıb xaşın, yoxsa kəllə-paçanın daha ləzzətli olmasının, lap açığı hansının araqla daha yaxşı getməsinin üstünə çıxdı. İnsanların fikirləri və zövqləri kimi ağızlarının dadı da fərqli olduğundan ortaq məxrəcə gəlmək çox çətinləşdi, necə deyərlər, proses dalana dirəndi. Bu vaxt dostlardan biri dedi ki, onun , ümumiyyətlə, nə xaşdan, nə də kəllə-paçadan xoşu gəlir, çünki hər dəfə qəssabxanaların vitrinində ağzı ayrıq dana və ya qoyun başlarını, xüsusilə onların ağaran dişlərini görəndə əti çimkişir. Bu sözlər kəllə-paça azarkeşi olan başqa bir dostumuz üçün göydəndüşmə arqument oldu və dedi ki, qoyunun alt çənəsində diş olmadığı üçün, yəqin ki, qoyun başı görəndə ətin daha az çimkişir. Bundan sonra xaş və kəllə-paça yaddan çıxdı, mübahisənin yönü dəyişərək elmi-zooloji müstəviyə keçdi. Biri dedi, elə şey olmaz, başqası dedi yəqin qocalıb əldən düşdüyünə görə dişi tökülmüş qoyun görmüsən və s. və i.a. bu qəbildən olan hay-küy başladı və məsələ iki yerə bölünmüş məclis əhli arasında elə yaxşı bir quzu qonaqlığından mərclə yekunlaşdı. Sonra kimin haqlı olduğunu öyrənmək üçün avtoritet axtarışları başladı. Birdən kimsə dedi ki, əşi uzağa niyə gedirsiz, elə Yavərdən soruşaq, gözünü açandan kafe işlədir, ətlə oynayan adamdır, o bilər. Kafeçi gəlib qoyunun alt çənəsində dişin olub-olmaması barədə sualı dinləyəndən sonra gözünü məchul bir nöqtəyə zilləyib bir xeyli pauza verdi və sifətinə qonmuş məsum ifadənin işığında hannan-hana tam ciddi şəkildə dilləndi: "Vallah, Sovetin vaxtında var idi, indi deyə bilmərəm”.
Yavər bizim döstumuz idi, stajlı kafeçiydi. Sovetin dönəmində də, sovet dağılandan sonra da gah rayonda, gah şəhərdə kafe işlətməklə məşğul olub. Həmişə balaca obyektlərdə işləyib, qazancı elə dolaşığını ancaq görüb. Yəni, Sovet vaxtı da, ondan sonra da günü-güzəranı aşağı-yuxarı eyni olub. Di gəl, nədən beş kəlmə söhbət eləsən sözünün başında da, ayağında da nostalji bir ovqatla Sovetin vaxtına ricət eləmək şakərindən heç cür əl çəkmir, yaxud çəkə bilmirdi – daha burasını dəqiq bilmirdim. Açığı, heç özü də bilmirdi.
O vaxt Yavər kimilər tək deyildi. Ancaq onun kimi səbəbli, ya səbəbsiz, dəxli yoxdur, Sovet nostaljisiylə yaşayan çox sayda adam olsa da, indiki qədər həddini aşan bir Sovet idilliyası mövcud deyildi. Özü də qəribədir ki, bu gün belə bir yanlış ovqat təkcə yaşlılar, yəni o dövrü öz gözləriylə görənlər yox, həm də həmin dövrü ya dumanlı şəkildə xatırlayanlar, ya da heç yerli-dibli görməyənlər arasında hökm sürməkdədir.
Yaşlı nəsli psixoloji olaraq başa düşmək asandır. Onların keçmişə yönəlik baxışları istənilən halda gənclik və cavanlıq çağlarıyla assosasiya olunur deyə hər cür ağrı-acıları unutmağa, pisi atıb yaxşını tutmağa, hər xırda detala min cür al-əlvan don biçməyə meyilli olurlar. İllər ötdükcə keçmişin ən sönük səhifələrini şirin xatirəyə, ən ağır məhrumiyyətlərini az qala qəhrəmanlıq dastanına çevirmək, nə vaxtsa düşdüyü mürəkkəb və çətin situasiyalardan məharətlə çıxmaq bacarığıyla öyünmək insan romantikasının əsas cizgisi, primitiv özəlliyidir. Hətta bomboz bir ömür yaşamış adam da öz həyatını bir balaca qurdalayanda bu sayaq ən azı bir və ya bir neçə uğurlu məqam taparaq onu bəzəyib-düzəmək imkanına malikdir. Bəzən bekarçılıqdan, bəzən öz personasına vurğunluqdan, bəzən də nədənsə təskinlik tapmaqdan ötrü nəql edilən bu cür şişirdilmiş xatirələr isə ara yerdə cavanların təsəvvüründə zərərli izlər buraxır.
Artıq günümüzün folkloruna çevrilmiş əksər Sovet nağılları da məhz bu cür fantaziyaların məhsuludur. Gəlin indi həmin nağılların əsas tezislərini təxmini də olsa qruplaşdırmağa çalışaq.
Hamı bərabər yaşayırdı, hamı dolanırdı, acından ölən yox idi.
Heç bir bərabərlik-zad yox idi, sosial təbəqələşmə o səviyyəyə çatmışdı ki, imtiyazlı zümrənin mağazaları da, xəstəxanaları da, sanatoriyaları da, canım sənə desin, eyş-işrət məkanları da ayrı idi. Üstəlik, həmin quruluşun ilk illəri kimi son illərində də əsl aclıq hökm sürürdü, mağazalar bomboş idi, ən zəruri ərzaq məhsulları talonla satılırdı.
Pensiya və sosial müavinətlər sahəsindəki vəziyyət təxminən indiki kimi idi. Amma düzünə qalsa, o vaxt məmurlarla camaatın pensiyaları arasında indiki qədər fantastik fərq yox idi.
Təhsil pulsuz idi, gənc mütəxəssislər dərhal işlə, bir-iki iləsə evlə təmin edilirdi;
Düzdür, təhsil almaq üçün institutlara pul vermək lazım deyildi, amma əvəzində ora qəbul olmaq və oxumaq üçün müəllimlərə haqq ödəmək yazılmamış qaydalardan biriydi. O vaxt, xüsusilə 60-70-ci illərdən sonra ali və orta ixtisas məktəblərinin diplomlarının 60 faizdən çoxu bu yolla alınırdı. Dərhal işlə, bir neçə ilə mənzillə təmin olunmaq xoşbəxtliyi isə olsa-olsa on-on beş faiz məzunun qismətinə düşərdi.
Amma təhsillə bağlı Sovetin aktivinə yazılası və bilavasitə müsəlman respublikalarına aid bir məqam var ki, hər ötən gün daha da aktulaşdığı üçün deməsən olmur. İndi UZİ imtahanından uğurla keçib bu fani dünyaya təşrif gətirmək şansı qazanan qız uşaqlarının qaramat təfəkkürlü valideynlərin iradəsiylə məktəbdən yarımçıq çıxarılaraq ya saman çuvalına tay edilmələri, ya da erkən nikaha cəlb olunmaları həmin dövrdə mümkün deyildi. Təbii ki, qorxudan.
Ümumiyyətlə, təhsil, mədəniyyət və elm sahəsində Sovetin müsəlman respublikaları üçün etdiklərini danmaq nankorluq olardı.
Haqq-ədalət var idi;
Haqq-ədalətin iyi-qoxu da yox idi. Ədalətin ən böyük təcəssümü barədə uydurulan nağılların əsas süjeti budur ki, guya yuxarılara bir şikayət məktubu yazan kimi bütün müşgüllər həll olunurdu. Ən dramatik süjetlər isə Leninin mavzoleyinə – əli hər yerdən üzülənlərin bu son istinad nöqtəsinə göndərilən şikayət məktublarıyla bağlı quraşdırılır. İnsafən, istər müxtəlif vəzifə kürsülərində oturan həmişəcavan məmurlara, istərsə də məmləkətin birinci ölüsünə ünvanlanan saysız-hesabsız şikayətlər arasında həllini tapanlar da olurdu. Ancaq hər gün ölkə üzrə çuval-çuval desək yalan olar, vaqon-vaqon bu cür şikayət məktubları yazılsa da, onların uğur şansı, yalan olmasın, lotoreyada maşın udmaq şansına bərabər idi. Uğur qazanan bir məktubun sorağı lotoreyada udulan maşının sorağı kimi bir göz qırpımında elə əks-səda qopardırdı ki, şikayət bazarında yaranan canlanma lotoreya bazarının özünü də kölgədə qoyur, şikayət məktubları daşıyan qatarlara əlavə vaqonlar qoşmaq lazım gəlirdi.
İndira Qandi baş nazir olandan bir il sonra BBC-nin müxbirləri ortokoks bir şərq ölkəsində qadın baş nazirin fəaliyyətə başlamasından sonra hansı dəyişikliklərin olduğunu işıqlandırmaq üçün Hindistana yollanırlar. Müxbirlərə yaxşı bir şey göstərmək mümkün olmadığı üçün onları məktublar şöbəsinin işiylə tanış etmək qərarına gəlir və bildirirlər ki, yeni baş nazirin ünvanına göndərilən (dəqiq rəqəm yadımda deyil, söhbət hardasa 7 sıfırlı fantastik bir saydan gedirdi) şikayət məktublarına vaxtlı-vaxtında verilən cavablar barəsində danışırlar. Jurnalistlər öz reportajında faktı belə şərh edirlər ki, əgər qısa müddət ərzində baş nazirinin ünvanına bu qədər şikayət daxil olursa, deməli, ölkə idarə olunmur.
Mənəviyyatsızlıq, əxlaqsızlıq və bu qəbildən olan şeylər yox idi;
Çox idi, özü də necə. Yaltaqlıq, itaətkarlıq, yalan və riyakarlıq misli görünməmiş miqyas almışdı. Ancaq bizim kimi qövmlərdə əxlaq və mənəviyyat ictimai kateqoriya sayılmır, bizdə əxlaqın yeganə predmeti insanların, özü də hamısının yox, yarısının qurşaqdan aşağı hissəsində baş verən gəlişmələri müzakirə edib, vay-şüvən qopartmaqdan ibarətdir. Belə əxlaq keşikçiləri Soveti bu sahədə də aydan arı, sudan duru təsvir etməkdən yorulmurlar. Sadəcə, unudurlar ki, bütün bunlar Sovetin dövründə də var idi, hələ bəlkə indikindən beş çömçə də artıq idi. Ümumiyyətlə, nə Sovet, nə də ondan əvvəl və sonra mövcud olan heç bir rejim, dünyaya hökmranlıq edən heç bir din bu qədim yolun yolçularını öz yolundan sapındıra bilməyib. Sadəcə olaraq, Sovetin dövründə mövzu tabu sayılırdı, qəzetlər yazmır, televiziyalar danışmırdı.
Həmin vaxt qəzetlər, ümumiyyətlə, heç nə yazmır, televiziyalar heç nə danışmırdı. Onların əsas işi cəmiyyətin neqativlərini hədsiz pafos və yalançı şüarlarla ört-basdır eləməkdən ibarət idi. Ancaq bütün bunlar bu yazının mövzusu deyil. Çünki bizdə Sovet nostaljisinin yalnız iki istiqaməti var – dolanışıq və yalançı namus-qeyrət təəssübkeşliyi. Bu toplum, nə yazıqlar ki, özünü qalan bütün həyati prinsiplərin fövqündə görür, onlara baş qoşmağı mənasız məşğuliyyət sayır.
Əslində, Sovetin çox zay quruluş olduğunu isbatlamaq üçün bu boyda yazıya ehtiyac yox idi. Bircə cümlə də kifayət edərdi: yaxşı quruluş heç vaxt yüngül bir təkanla dağıla bilməzdi.
Deyəsən, adamlara qarşı bir az haqsızlıq elədik, onları həddən ziyadə qınadıq. Sadəcə, unutduq ki, indi Sovetin bir Eldorado kimi təqdim olunması nağıllarının əsas müəllifləri xalq deyil, ona rəhmət oxutduranldır.
P.S. Sovet özünü fəhlə-kəndli hökuməti adlandırdığı üçün onun qanunlarında həqiqətən xalqın maraqlarına uyğun saysız-hesabsız müddəalar əks olunmuşdu. Amma burda qanunlar əməl olunmaq üçün yox, pozulmaq üçün qəbul edilirdi. Bu, Sovetin dünya idarəçilik sisteminə gətirdiyi ən dəhşətli yeniliklərdən biriydi. Ona görə dəhşətli ki, onun bütün dəyərləri bir günün içində məhv olub tarixin arxivinə qovuşsa da, məhz bu "dəyər” hələ də yaşayır və gün-gündən daha eybəcər çalarlarla zənginləşir. Təbii ki, əsasən onun bətnindən qopan ölkələrdə.
P.P.S. Mərc həvəskarlarının nəzərinə: qoyunun alt çənəsində diş olmur.
adalet.az