Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gizli yük, “təsərrüfatçı” generallar, düşmənə ölümcül sürpriz – I HİSSƏ


news content


Dünya siyasətində ajiotaj yaradan “Anadır” kod adlı əməliyyatın tarixçəsi

28 Oktyabr 2024

İkinci dünya müharibəsinin sonlarında almanlar ilk ballistik raket hazırladılar. İntiqam silahı (Vergeltungswaffe-2) adlanan bu raketə qısaca V-2 deyilirdi. Bizə isə rus dilindən keçən Fau-2 adı ilə daha çox tanışdır.

Raketlərdən hərbi məqsədlə 1944-cü ilin sentyabrın 6-dan 1945-ci ilin martın 27-ə kimi istifadə olundu. Amma Hitlerin bu silaha bəslədiyi böyük ümidlər doğrulmadı. İnqilabi yenilik olsalar da, hələ təkmil deyildilər. Yarısı hədəfə çatmadan sıradan çıxırdı. Çatanlar da dəqiqliyi ilə seçilmirdi. Bir çox hallarda Londonun özünə deyil, kənarına düşürdülər. İngiltərə paytaxtına istiqamətlənən 2000 raket 2700 civarında insan itkisinə səbəb olmuşdu. Yəni 120 min markaya başa gələn hər raket orta hesabla 1,35 adam öldürürdü.

Müharibənin sonlarında xeyli sayda V-2 raketləri, mütəxəssislər, texniki sənədlər sovetlərin və amerikalıların əlinə keçdi. Raketin yaradıcısı Verner fon Braun ABŞ-yə aparıldı. Sonralar sovet və Amerika raket istehsalı məhz V-2 təcrübəsi əsasında quruldu. Bu həm hərbi, həm də kosmik raketlərə aiddir. Təbii, texniki-taktiki xüsusiyyətləri get-gedə təkmilləşdirildi. 

SSRİ-də raketlərin aktuallığını daha tez anladılar və artıq 1950-ci ildə R-1 raketi orduya təhvil verildi. Amerikalılar raketlərə diqqət ayırmaqda gecikdilər və yalnız 1958-ci ildə PGM-11 raketi istifadəyə verildi. Onu, demək olar, tamamilə alman mühəndislər hazırlamışdı. 

Tezliklə aydın oldu ki, raketlər nüvə silahının ən optimal daşıyıcılarıdır. Buna görə də Qərb və Şərq arasındakı Soyuq müharibə zamanı raket istehsalı, kəmiyyəti və keyfiyyəti ən çox diqqət verilən sahə oldu. Raketlər üç hissəyə bölünürdülər: qitələrarası, strateji və taktiki. Amma daha çox uçuş məsafəsinə görə səciyyələndirilməsi populyardır: uzaq mənzilli, orta mənzilli və qısa mənzilli raketlər. 

*** 

1957-ci ilə SSRİ “Sputnik-1” adlı Yerin ilk süni peykini orbitə buraxdı. Moskvanın bu uğuru Vaşinqtonda ciddi narahatlıq doğurdu. “Raket geriliyi” mövzusu yaxınlaşan prezident seçkiləri ərəfəsində iqtidar-müxalifət diskussiyasının əsas mövzularından biri oldu. 

Əl-ayağa düşən amerikalılar artıq 1959-cu ildə “SM-65 Atlas” adlı ilk qitələrarası ballistik raketi (QBR) istifadəyə verdilər. Sovetin ilk QBR-i isə 1960-cı ildə orduya qəbul edilən R-7 oldu. Hər ikisi QBR olsa da, texniki-taktiki xüsusiyyətlərinə görə R-7 “Atlas”dan xeyli geri qalırdı. Üstəlik, R-7 xeyli baha başa gəlirdi və sovet iqtisadiyyatı onun kütləvi istehsalının öhdəsindən gəlməyə qadir deyildi. Buna görə də R-7 hələ istifadəyə qəbul olunmamış, 1959-cu il mayın 13-də Dnepropetrovskda yerləşən “Yujnoye” konstruktor bürosuna yeni QBR (R-16) üzərində işləmək tapşırıldı. 

Amma o zaman SSRİ-də kəşfiyyat imkanları zəif olan ABŞ-nin sovet raketlərinin nə bu texniki geriliyindən, nə sayından xəbəri vardı. Onları xüsusən R-7 narahat edirdi. Çünki ABŞ ərazisini vura biləcək yeganə sovet raketi o idi. Amma məlumat əldə edə bilmirdilər. Bilməmək isə qorxunu böyüdür. 

Üstəlik, Xruşşov blefi yaxşı bacarırdı. Gah “Raket istehsalında bütün başqa ölkələri qabaqlayırıq”, gah “Bütün potensial düşmənlərimizi yer üzündən siləcək qədər nüvə potensialımız var”, gah da “Raketləri sosiska kimi buraxırıq” deməklə amerikalıların kürkünə birə salırdı. 

Xruşşovun blefi SSRİ-də bir lətifənin yaranmasına səbəb olmuşdu. 

  • Xruşşov “raketləri sosiska kimi buraxırıq” deyəndə, SSRİ-də döyüş növbəsində cəmi dörd qitələrarası raket vardı.
  • Bəs sosiska neçə dənə idi?

*** 

1960-cı il prezident seçkilərində qalib gələn Con Kennedi ABŞ-nin SSRİ-dən “raket geriliyi”ni aradan qaldırmaq üçün ciddi planlar qururdu. Tezliklə aydın oldu ki, xüsusi canfəşanlığa ehtiyac yoxdur. Çünki raketlərin sayında və keyfiyyətində nəinki gerilik yoxdur, əksinə, 10-15 qat üstünlük var.

Amerikalılar bunu çatışmayan cəhətlərini aradan qaldırmaqla öyrənmişdilər: SSRİ Baş Kəşfiyyat İdarəsinin (QRU) polkovniki Oleq Penkovski həmin dövrdə amerikalıların xeyrinə casusluğa başlayır və sovet raketləri, o cümlədən, QBR ilə bağlı bütün məlumatları onlara ötürür. Bu, 1961-ci ilin yayında kəskinləşən Berlin böhranı zamanı Vaşinqtona özünü daha inamlı hiss etməyə, Moskvanın şantajından qorxmamağa imkan verdi. 

Berlin Soyuq müharibənin episentri sayılırdı. İkinci dünya müharibəsindən sonra şəhər dörd işğal zonasına bölündü. Kommunistlərin hakimiyyətdə olduğu Almaniya Demokratik Respublikası (Şərqi Almaniya) yarananda SSRİ özünün işğal zonasını bu dövlətə verdi və Şərqi Berlin ADR-in paytaxtı oldu. 

1958-ci il noyabrın 27-də sovet hökuməti ABŞ, Britaniya və Fransaya nota verərək, Qərbi Berlini tərk etmələrini istədi. Şərqi Almaniyanın daxilində anklav vəziyyətdə olan Qərbi Berlindən Qərb qoşunlarının çıxması buranın müdafiəsiz qalması demək idi. Moskva Qərbi Berlinin heç bir dövlətə daxil olmayan azad şəhər statusunun olacağını desə də, buna təminat yox idi.

Xruşşov 44 yaşlı Kennedini sələfi Ayzenhauerdən təcrübəsiz və qətiyyətsiz hesab etdiyindən 1961-ci ilin yayında təzyiqini artırdı. Penkovskinin məlumatları olmadan Kennedi necə davranardı, söyləmək çətindir, amma indi sovet liderinin hədə-qorxusuna aldanmadı. Gərginlik oktyabrın sonlarında “Çarli” nəzarət-buraxılış məntəqəsində dinc tank qarşıdurması ilə qansız-qadasız başa çatdı. Bu böhrandan yadigar qalan isə Soyuq müharibənin rəmzinə çevriləcək Berlin divarı oldu. 

***

ABŞ-nin SSRİ-dən nüvə üstünlüyü təkcə QBR-lərin sayına və keyfiyyətinə görə deyildi. Onun nüvə bombası daşıya biləcək strateji bombardmançıları, nüvə başlıqlı raketlərə malik sualtı qayıqları da sovetdəkindən çox idi. Üstəlik, NATO üzvü olan Avropa ölkələrindəki bazalardan və sıçrayış aerodromlarından qalxan taktiki bombardmançılar da SSRİ-ni nüvə bombardmanına məruz qoya bilərdi. SSRİ-nin isə ABŞ-a qarşı belə imkanı yox idi. 

Bundan əlavə, ABŞ 1961-ci ildə İtaliyada 30, Türkiyədə 15 ədəd orta mənzilli “Yupiter” raketləri yerləşdirdi. 2400 km uçuş məsafəsi olan bu raketlər də SSRİ üçün təhlükə təhdid edirdilər. İzmirdə yerləşdirilən raketlərlə Moskvanın özünü də vurmaq mümkün idi. 

1957-ci ilin dekabrında Parisdə NATO-nun ilk sammiti keçirildi. Tədbirin gündəliyindəki məsələlərdən biri də üzv-dövlətlərin ərazisində nüvə silahının yerləşdirilməsi idi. Üzvlərin çoxu bundan imtina etdi, razılıq verənlər arasında Adnan Menderesin rəhbərlik etdiyi Türkiyə hökuməti vardı. 1959-cu ildə tərəflər arasında müvafiq müqavilə imzalandı. Raketlər 1961-ci ildə, Menderesin devrilməsindən və edamından sonra gətirildi. Amma bu və digər faktlar çağdaş Türkiyədə Menderesi antiamerikaçı kimi təqdim etməyə mane olmur. 

Belə bir dispariteti aradan qaldırmaq üçün SSRİ-nin iki yolu vardı. Birincisi, QBR-lərin say və keyfiyyət geriliyini aradan qaldırmaq: bu, vaxt və maliyyə tələb edirdi. İkincisi isə, malik olduğu xeyli sayda orta mənzilli raketlərin bir qismini ABŞ ərazisini təhdid edəcək yerdə yerləşdirmək idi: Xruşşovun təbirincə, amerikalıların şalvarına kirpi buraxmaq. Sovet lideri ikinci yola üstünlük verdi və nəzərini Kubaya dikdi. 

*** 

Kuba İspaniyadan müstəqillik qazanandan bəri üzərində ABŞ-nin ciddi təsiri vardı. Bu təsir, 1940-1944-cü illərdə prezident olan Fulxensio Batistanın 1952-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə qayıtmasından sonra daha da gücləndi. “Kuba ABŞ-nin daha bir ştatı idi” demək haqsızlıq olar, çünki ABŞ-nin federal hökuməti heç öz ştatlarında bu qədər hökmə malik deyildi.

1956-cı ilin sonlarında Kubada Fidel Kastronun rəhbərlik etdiyi partizan hərəkatı başladı. Əvvəlcə bir neçə nəfərdən ibarət olan partizanlar əhalinin və üzərilərinə göndərilən əsgərlərin onların tərəfinə keçməsi nəticəsində saylarını artırdılar və rejim üçün ciddi təhlükəyə çevrildilər. Vaşinqton, daxili ictimai rəyin təzyiqi nəticəsində 1958-ci ilin martında Batistaya silah satışını dayandırdı, baxmayaraq ki, Havanadakı səfir buna etiraz edirdi. Bu embarqo rejimin müqavimət imkanlarını sarsıtdı. 

Partizan hərəkatı 1959-cu il yanvarın 1-də qalib gəldi. Batista ölkədən qaçdı, yeni hökumət quruldu. Vaşinqton buna əvvəlcə loyal yanaşdı, yeni hökuməti tanıdı. Baş nazir vəzifəsini tutan Kastro ilk xarici səfərini həmin ilin aprelində ABŞ-a etdi, vitse-prezident Riçard Niksonla görüşdü.   

Amma yeni Kuba hökumətinin həyata keçirdiyi islahatlar, xüsusən də milliləşdirmə ABŞ-nin maraqlarına toxunmağa başladı, çünki buradakı torpaq sahələrinin xeylisi, sənaye və xidmət müəssisələrinin isə əksəriyyətinin sahibi amerikalılar idi. Nəticədə münasibətlər get-gedə pisləşdi. ABŞ Kubaya ticarət embarqosu tətbiq etdi, prezident Ayzenhauer Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) Kastronu devirmək üçün əməliyyat hazırlamağı tapşırdı.  

1961-ci ilin yanvarında, Ağ evi tərk etmək üzrə olan Ayzenhauer administrasiyası Kuba ilə diplomatik əlaqələri kəsdi. Apreldə Koçinos körfəzi əməliyyatı keçirildi. ABŞ-nin silahlandırdığı - o cümlədən tank, zirehli maşın və minomyotlarla - 1500-ə qədər kubalı mühacir ABŞ gəmilərinin köməyi ilə Koçinos körfəzində sahilə çıxaraq Kastro rejiminə qarşı partizan müharibəsinə başlamağa cəhd etdi, amma hökumət qüvvələri tərəfindən darmadağın edildilər. 

Qardaşı Rauldan, dostu Çe Gevaradan fərqli olaraq, Fidel Kastro kommunist deyildi və özünü belə təqdim etmirdi. Amma ABŞ-ın təzyiqinə duruş gətirmək üçün SSRİ-nin köməyinə ehtiyacı vardı. Buna görə 1961-ci ilin mayında özünün kommunist, hədəfinin də sosializm olduğunu elan etdi. 

SSRİ Kuba ilə Batista dövründə pozulan diplomatik əlaqələri bərpa etsə də, ABŞ embarqosunu yumşaltmaq üçün ticarət münasibətlərini genişləndirsə də, bir qədər ehtiyatlı mövqe tutur, iqtisadi əməkdaşlıqla yanaşı hərbi əməkdaşlığa tələsmirdi. Yalnız Koçinos hadisəsi və Kubanın sosializm quruculuğunu elan etməsi Moskvanı ürəkləndirdi. 

1962-ci ilin mayında Xruşşov Bolqarıstana səfər etdi. Xatirələrində yazdığına görə, səfər zamanı daim iki sual üzərində düşünürmüş: Kubanı necə qoruyaq və ABŞ-nin raket təhlükəsindən özümüz necə qorunaq. “Və mən düşündüm: bəs biz Kuba rəhbərliyi ilə razılığa gəlib orada özümüzün nüvə başlıqlı raketlərimizi yerləşdirsək, necə olar? Amma gizlicə, ABŞ-ın xəbəri olmadan”. Xruşşov daha sonra yazır ki, gizli edilməzdisə, bizim raketlər Kubaya çatmamış ABŞ bir bəhanə ilə oraya müdaxilə edəcəkdi. 

1962-1968-ci illərdə SSRİ-nin Kubadakı səfiri olmuş Aleksandr Alekseyev yazır ki, Xruşşov noyabrın 6-da keçiriləcək aralıq Konqres seçkilərinə qədər gizliliyin qorunmasını xüsusilə mühüm sayırdı: seçkiləri uduzmaq əndişəsi Kennedini radikal addımlara sövq edə bilərdi, seçkilərdən sonra isə mövcud faktı qəbul edəcəkdi. 

Moskvaya qayıdan Xruşşov məsələni Kommunist partiyası MK-nin Rəyasət heyətinin müzakirəsinə çıxarır. Bütün üzvlər təklifi dəstəkləyirlər, yalnız Anastas Mikoyan tərəddüdünü bildirir. Mayın 28-də sovet nümayəndələri Kubaya yola düşür. Strateji Təyinatlı Raket Qoşunlarının baş komandanı marşal Sergey Biryuzovun və başqa ali rütbəli hərbçilərin daxil olduğu heyətə Özbəkistanın partiya rəhbəri Şərəf Rəşidov başçılıq edirdi. Generalların saxta adlarla təmsil olunduğu heyət, rəsmi məlumata görə, kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edəcəkdi. Rəşidov da məhz bu səbəbdən formal rəhbər idi. 

Fidel Kastro raket təklifini bəyəndi, bəzi mənbələrə görə dərhal, digərlərinə görə müəyyən tərəddüddən və yoldaşları ilə məsləhətləşmədən sonra. İyunda Raul Kastro Moskvaya gəldi, Xruşşovla, müdafiə naziri Malinovski və Biryuzovla danışıqlar apardı. Razılıq layihəsi əldə olundu və Raul sənədi qardaşına apardı. 

*** 

Artıq iyunun 20-də Kubada Sovet Qoşunları Qrupu (QSVK) formalaşdı. Qrupa daxil idi: 

  • Strateji təyinatlı raket qoşunlarının xüsusi yaradılmış 51-ci diviziyası (üç R-12 və iki R-14 alayı);
  • Dörd əlahiddə motoatıcı alay (hər birində 2500 nəfər);
  • İki tank batalyonu (T-55 tankları ilə);
  • 42 ədəd İl-28 bombardmançı təyyarələri;
  • 144 ədəd S-75 raketinə malik 12 zenit-raket qurğusu;
  • Qırıcı aviasiya alayı (40 ədəd MiQ-21 təyyarəsi)
  • Əlahiddə helikopter alayı (33 ədəd Mi-4 helikopteri)
  • FKR-1 qanadlı “yer-yer” raketlərinin iki alayı (hər birində 8 start qurğusu).
  • 51-ci əlahiddə sahil raket alayı (“Sopka” raket kompleksləri);
  • 12 “Luna” taktiki raketləri;
  • Müxtəlif tipli 26 gəmi.

Göndəriləcək sursat arasında R-12 və R-14 üçün strateji nüvə başlıqları, FKR üçün taktiki nüvə başlıqları və İl-28 üçün nüvə aviabombaları vardı. QSVK-nin nüvə potensialı 70 meqatona bərabər idi (Xirosima və Naqasakiyə atılan iki bombanın partlayış gücü 36 kiloton olub).  Canlı qüvvənin sayı 51 min nəfər idi. İyunun əvvəllərində Novoçerkassk etirazlarını qana boğmaqla “fərqlənmiş” ordu generalı İssa Pliyev iyulun 7-də QSVK-nin komandanı təyin olundu və kod adı “Anadır” olan logistik əməliyyat başladı. 

Əməliyyat məxfi şəkildə həyata keçiriləcəkdi. Elə ona verilən ad da rəqibi çaşdırmaq üçün idi. Anadır SSRİ-nin şimal-şərq ucqarında, Çukotkada axan çayın adıdır. Bu adın verilməsi əməliyyatın sanki şimalla əlaqəsinə işarə edirdi. Gəmilərə minən şəxsi heyətə də qış geyimi, xizək, xizək çəkmələri və s. kamuflyaj verilirdi.

Kubada raketlər yerləşdirmək niyyətinin adekvatlığı və sonra baş verən böhrandan kimin qalib, kimin məğlub çıxması haqda çox mübahisə etmək olar. Amma “Anadır” əməliyyatının sovet hərb tarixinin uğurlu səhifələrindən biri olması etiraf edilməlidir. Bu, xüsusən ona görə təəccüblüdür ki, logistika heç zaman Rusiya (sovet) hərbisinin üstün cəhəti olmayıb. 

Silah-sursatın və canlı qüvvənin Kubaya aparılması mülki gəmilərə tapşırıldı. Hesablamalara görə, hər biri 2-3 reys edəcək 70-80 gəmi lazım idi. Bunu təşkil etmək isə asan deyildi. Çünki gəmilərin öncədən imzalanmış müqavilələri, götürdükləri öhdəliklər var. Amma Dəniz donanması nazirliyi tələsik xarici gəmilərlə müqavilə bağlayıb sovet gəmilərini əməliyyat üçün azad etməyi bacardı. 

Gəmilər dörd şimal (Kronştadt, Liepaya, Baltiysk, Murmansk) və dörd cənub (Sevastopol, Feodosiya, Nikolayev, Poti) limanlarından yola düşürdülər. Kapitanlar hara gedəcəklərini bilmirdilər. Məsələn, Qara dəniz limanlarından yola düşən gəmilərin kapitanlarına möhürlü üç paket verilmişdi və onları gəmidəki Dövlət Təhlükəsizlik Xidmətinin (KQB) nümayəndəsinin yanında açmaq tapşırılmışdı.

Birinci paket SSRİ ərazi sularına tərk edəndən sonra açılmalı idi. Orada yazılırdı: “İkinci paketi Dardaneli keçəndən sonra açın”. İkinci paketdə yazılırdı: “Üçüncü paketi Cəbəlüttariqi keçəndən sonra açın”. Nəhayət, üçüncü paketdə “Kubaya istiqamət alın” yazılırdı. 

Hərbi yüklər (kamuflyaj üçün qeyri-hərbi yüklər də vardı, kənd təsərrüfatı texnikası və s.) və canlı qüvvə gəmilərə gecə yüklənir, gecə də boşaldılırdı. Yolboyu da kamuflyaj qaydalarına ciddi nəzarət olunurdu. Şəxsi heyətə mülki geyim verilsə də, günün işıqlı vaxtı göyərtəyə çıxmaq qadağan idi. Onlar gəminin aşağı mərtəbələrində qalmalı idilər. Qara dənizdən yola düşənlər kəskin istidən, şimal dənizlərindən yola düşənlər də yırğalama üzündən dəniz xəstəliyindən əziyyət çəkirdilər. Yeşiklərə yerləşdirilən silah-sursatın üzərindən dəmir təbəqə çəkilmişdi ki, infraqırmızı şüa vasitəsilə görünməsinlər.

“Anadır” əməliyyatı üçün 85 gəmi ayrılmışdı. Onlar iyul-oktyabr aylarında Kubaya və geriyə 183 reys etdilər. Əlbəttə, bu gəmi qafiləsinin NATO ölkələrinin nəzərindən yayınması mümkün deyildi. Xüsusən ABŞ gəmiləri onları müşayiət edir, təyyarələr və helikopterlər aşağı hündürlükdə üzərindən uçurdu. Amma müəyyən şübhələri yaransa da, heç bir sübut əldə edə bilmədilər.

Əsas yükün, yəni raketlərin birinci partiyası Kubaya sentyabrın 8-də, ikincisi 16-da gəldi. Cəmi 40 raket vardı - 24 ədəd R-12 və 16 ədəd R-14 (bəzən 42 raket yazılır və bu zaman R-14-lərin sayı 18 göstərilir). Birincilərin maksimum uçuş radiusu 2080 km, ikincilərinki isə 4500 km idi. Bu o demək idi ki, Alyaska, Vaşinqton və Oreqon ştatları istisna olmaqla ABŞ-ın bütün kontinental ərazisini Kubadan vurmaq olardı. 

“Anadır” əməliyyatı nə qədər mükəmməl keçsə də, son nəticədə uğursuzluğa məhkum idi. Daşınan ölkənin eni cəmi 32-210 kilometrdirsə, cəngəllikləri yoxdursa, düşmənin isə U-2 kimi kəşfiyyat təyyarəsi varsa, bu qədər silah-sursatı, canlı qüvvəni gizlətmək mümkün deyil. 

Oktyabrın 14-də Riçard Heyzerin idarə etdiyi U-2 kəşfiyyat təyyarəsi Kubanın hava məkanına daxil olaraq cənubdan şimala 12 dəqiqə uçdu və bu müddət ərzində 928 şəkil çəkdi. Ertəsi gün şəkillər Fotoşəkillərin interpretasiyası milli mərkəzinə verildi. Buranın aparıcı əməkdaşı Dino Bruconi şəkillərdə sovet raketlərini gördü. Oktyabrın 16-da səhər milli təhlükəsizlik üzrə müşavir Makcorc Bandi prezident Con Kennediyə xəbər verdi: Kubada sovet raketləri var. 

(Davamı olacaq)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10