Valehedici təbiət incisi: burada hər fəsil gözəldir, amma payız bir başqadır
Azərbaycan ərazisində öz gözəlliyi ilə seçilən təbiət incilərindən biri də Qaranohur gölüdür. Göl İsmayıllı rayonu ərazisində, rayon mərkəzindən 8 km şimal-şərqdə, dəniz səviyyəsindən 1520 metr yüksəklikdə yerləşir. Dağların arasında, sıx meşələrin ortasında qərar tutan Qaranohur gölü "Şahdağ" Milli Parkının ərazisinə daxildir. Bu ərazi Talıstan və Diyalı kəndlərinin yuxarı hissəsinə, Niyal dağının cənub yamacına düşür.
Təbii gözəlliyi ilə seçilən göl böyük turizm potensialına malikdir və getdikcə daha çox turisti özünə cəlb edir. İlin bütün fəsillərində gölün gözəlliyini görmək istəyən turistlər əraziyə axın edirlər.
Qaranohura qalxmaq üçün Talıstan kəndindən keçmək lazımdır. Burada kəndi keçib "Şahdağ" Milli Parkının girişinə kimi istənilən avtomobillə hərəkət etmək mümkündür. Parka giriş ödənişlidir - 2 AZN.
Girişdən sonra isə sizi ağır olsa da, macəralar və gözəlliklərlə dolu 5 kilometrlik bir yol gözləyir. Özünü çətinə salmaq istəməyənlər milli parkın girişində dayanan dağ maşınlarına 50-60 manat ödəyərək də gedə bilərlər.
Şəxsi avtomobilləri ilə getmək istəyənlərin daha rahat olan Diyalı marşrutundan istifadə etmələri məsləhətdir. Məsafə nisbətən uzun olsa da, bu yol Talıstan yolundan daha rahat sayılır. Amma hər iki yolda istənilən halda yolsuzluq avtomobili və sürücülük təcrübəsinin olması mütləqdir.
İnsanların əksəriyyəti çox da uzun olmayan və pulsuz başa gələn piyada yolunu seçir. Parka girdikdən sonra, təxminən 2 km maili yol getmək lazmdır. Bundan sonra isə maşın yolundan burulub, kəsə yol ilə getmək daha məqsədəuyğundur. Daim işlək olduğundan burada cığırlar aydındır və müəyyən yerlərdə yol nişanları sizə düzgün istiqamətdə olduğunuzu göstərəcək.
Çayın məcrası ilə gəlib kanyona çatacaqsınız və əsl çətin hissə bundan sonra başlayacaq. Gölə getmək üçün təxminən 600 metr sərt yoxuşu qalxmaq lazımdır. Cığır çox sərt olduğundan bir çox yerlərə tutub çıxmaq üçün köməkçi ağaclar və iplər bağlanıb.
Bununla belə yürüş təcrübəsi olmayanlar üçün yol həddən artıq ağır gələ bilər. Lakin bütün bu əziyyətdən sonra Qaranohur gölünü görəndə insan bütün yorğunluğunu unudur və və özünü nağılar aləminə düşmüş kimi hiss edir.
Gölün suyu içməli deyil. Gölü keçərək gəldiyiniz yolun əksi istiqamətində, təxminən 100 metr məsafədə bulaq var və içməli suyu oradan götürmək mümkündür. Qida ehtyatınızı isə mütləq aşağıda ikən götürməyiniz məsləhətdir. Çünki gölün ətrafında və yaxınlığında heç bir ictimai iaşə obyekti yoxdur.
Suyunuzu, yeməyinizi təmin etdikdən sonra gölün ətrafında istədiyiniz qədər vaxt keçirə bilərsiniz. Bu gözəllikdən daha çox zövq almağınız üçün çadır da qurub qala bilərsiniz. Ərazidə demək olar ki, vəhşi heyvan yoxdur. Uzağı, ərzağınızı yaxşı qorumasanız, yenot, qunduz kimi heyvanlar yeməyinizə şərik çıxa bilər.
Bütün fəsillərdə gözəl olan Qaranohur payızda bir başqa olur. Sözlə ifadə edilə bilinməyəcək gözəlliyi mütləq gedib öz gözlərinizlə görməyiniz lazımdır.
Bir vacib məqam odur ki, əgər payızda Qaranohuru sadəcə görməyə və şəkil çəkdirməyə deyil, gözəllikdən zövq almağa gedirsinizsə, mütləq həftə içi getməlisiniz. Buranın payızı daha tez düşür və qızıl payız ən yaxşı halda 3 həftə davam edir. Bu səbəbdən həftə sonları gölün ətrafında nəinki dincəlmək, heç insan əlindən şəkil çəkdirməyə də yer tapmaya bilərsiniz.